Alovlu gecə – Xuan Rulfo

– Sən ki məndən yuxarıdasan, danış, qarşıda bir işarə, işıq gələn yer görürsənmi?

– Heç nə görünmür.

– Bir şey qalmayıb, indi çatırıq.

– Hə, amma heç nə eşidilmir.

– Yaxşı bax.

– Heç bir şey görmürəm.

– Eh… İqnasio, yazıqlar olsun sənə.

Yolla gedənlərin zülmətli kölgəsi yerdəki daşların üstündən aşaraq yoxuşdan enişə doğru irəliləyirdi, sanki qobu öz məcrasıyla axırdı. Bu, yerində durmadan sağa-sola əsən bir kölgə idi.

Göyün üzündəki on dörd gecəlik ay yerdəkilərə yol göstərirdi.

– İqnasio, artıq yavaş-yavaş kəndə çatırıq. Sənin ki qulaqların yaxşı eşidir, diqqətlə qulaq as, itlərin hürüşməsini eşitmirsən? Yadına sal, bizə demişdilər ki, Tonaya dağın arxasındadır. Gör neçə saatdır ki, dağı aşıb arxada goymuşuq. Yadına sal, İqnasio.

– Hə, ancaq kənddən əsər-əlamət belə görmürəm.

– Mən artıq yoruluram.

– Qoy məni yerə.

Kişi yarı uçulmuş bir divara söykənib, kürəyinə aldığı oğlunu yerində rahatladı ki, sürüşüb yerə düşməsin. Ayaqları heydən düşüb qatlansa belə oturub dincəlmək istəmirdi. Neçə saat əvvəl oğlunu belinə almaqda kişiyə kömək etmişdilər, bunun üçün də bilirdi ki, oturub nəfəsini dərsə, təzədən özü tək başına bunu edə bilməyəcək. Odur ki, bütün bu vaxtı bir yerdə dayanmadan oğlunu belində aparırdı.

– Özünü necə hiss edirsən?

– Pis.

Kişi indi az danışır, daha çox sususrdu. Arada yuxulayır, hərdən də elə bil üşüdürdü. Titrəyirdi. Sağa-sola ləngərlədikcə oğlu at belində olan cəngavərlərin gəzdirdiyi tikanlı çəkmələr kimi atasını ayaqlarıyla incidirdi. Əlləriylə də kişinin boynundan elə yapışmışdı ki, sanki onu boğacaqdı.

Oğlu dilini dişləməsin deyə dişlərini bir-birinə sıxırdı. Arada ağrısı səngiyəndə atasının qayğısına qalırmış kimi soruşurdu:

– Yorulmamısan?

– Bir az -deyə, belinin ağrısından az qala nəfəsi kəsilən kişi zorla cavab verirdi. Birinci atasına deyirdi: ¨Qoy məni yerə… Özün get. Sabah özümü yaxşı hiss edən kimi sənə çataram¨. Yol boyu bunu dəfələrlə demişdi, indi isə sanki vecinə deyildi. Ay öz yerində dayanıb qarşıdan boylanırdı. Gur işığıyla onların gözlərini, üzlərini aydınladır, arxada qoyduqları kölgəni dartıb uzadırdı.

– Artıq hara getdiyimi görmürəm -kişi deyinirdi.

Ancaq heç kim ona cavab vermirdi.

– Eşidirsən məni İqnasio? Sənə deyirəm ki, yaxşı görmürəm.

O isə cavabında susurdu…

Ayağı büdrəyə-büdrəyə yoluna davam etdi. Yenidən güc toplasın deyə, arada belini dikəldirdi, sonradan belindəkini rahatlayaraq qollarıyla ondan möhkəm yapışıb irəlilədikcə dizləri əsir, yenidən büdrəyirdi.

– Bu yol o yol deyil. Bizə demişdilər ki, Tonaya hündür təpənin arxasındadır. Amma burdan Tonayanı nə görmək olur, nə də ordan gələn səsləri eşitmək. Nəyə görə oranı gördüyünü demək istəmirsən, İqnasio, sən axı məndən hündürdəsən.

– Ata, endir məni.

– Özünü pis hiss edirsən?

– Hə.

– Nəyin bahasına olursa olsun, səni Tonayaya çatdıracam. Orda sənə baxan taparam. Deyirlər həmin kənddə bir həkim yaşayır. Səni onun yanına götürəcəm. Gör neçə saatdı belimdə daşıyıram səni, heç qoyarammı ki, işini bitirsinlər.

Yerində səntirləyib yırğalandıqdan sonra iki üç addım atıb, bir daha belini düzəltdi.

– Səni Tonayaya çatdıracam.

– Burax məni.

Onun səsi lap astadan gəlirdi. Az qala pıçıltıyla danışırdı:

– Uzanıb yatmaq istəyirəm.

– Belimdə yat. Səni yavaşca apararam.

Mavi rəngə çalmağa başlayan ay buludsuz səmada hündürə qalxırdı. Tər basmış kişinin üzü indi ayın işıltısı altında daha aydın görünürdü. Baxışları isə yerlə sürünürdü. Boynundan yapışan oğlunun yanında artıq başını əyə bilmirdi.

– Bütün bunları səninçün etmirəm. Hamısı rəhmətlik ananın xətrinədi. Sən onun oğlusan, mən də bunları ona görə edirəm. Səni burda qoyub getsəydim, yaralarını sağaltmaq üçün həkim yanına aparmasaydım anan o dünyada məni bağışlamazdı. Mənə ümid verən məhz anandı, sən yox. Sənə isə çətinliklər, vicdan əzabı, utanclıqdan başqa verməyə borcum yoxdur.

Danışdıqca alnını tər basır, bir tərəfdən də gecənin mehi onu qurudurdu. Amma qurumuş tərin yerinə təzədən tər gəlirdi.

– Belim əyilsə belə vurulan yaraları sağaltmaq üçün səni Tonayaya çatdıracam. Amma əminəm ki, sağalan kimi yenidən pis əməllərinə qayıdacaqsan. Özün bilərsən, artıq bu mənim vecimə deyil. Təki sən uzaqlara gedəsən, mən də sənin haqda heç nə bilməyim. Təki sən … Çünki sən artıq mənim oğlum deyilsən. Lənət olsun damarlarından axan qana! Eşidirsən, mənə aid olanları lənətləyirəm. Sənə verdiyim o qan, qoy böyrəklərində çürüsün! Səni, başqalarını təqib edərək evinə soxulduğun günlərdən, onları qarət edən zamanlardan, öldürdüyün, özü də yaxşı insanları öldürdüyün vaxtlardan lənətləmişəm. Səni xaç süyüna salıb, sənə ad verən o Trankilino var haa, onun da payına düşür etdiklərin pisliklər. Elə o vaxtdan demişəm: ¨Bu mənim oğlum ola bilməz¨.

– Eşit, əgər nəsə görürsənsə, yaxud da eşidirsənsə … Çünki mən sənin altında özümü kar kimi hiss edirəm.

– Heç nə görmürəm.

– Səninçün lap pis, İqnasio

– Suzundan yanıram.

– Döz. Artıq kəndə yaxınlaşırıq. İndi çox gec olduğundan camaat evin işıqlarını söndürüb. Amma ən azından hürən itlərin səsini eşitməlisən.

– Mənə su ver.

– Buralarda su yoxdur. Daş-kəsəkdən savayı heç nə yoxdur. Bir azca da döz. Əgər olsaydı belə bundan ötrü səni yerə qoymazdım. Heç kim sonradan səni bu çöllükdə təzədən belimə almağa kömək etməz. Mən isə təkbaşına bunu edə bilmərəm.

– Çoxlu su içib yatmaq istəyirəm.

– Yadımdadı, sən elə körpəlikdə də belə idin. Yuxudan ayılan kimi yeyib, bir də yatırdın. Anan da, südü qurtardığından sənə su verirdi. Mədən heç vaxt dolmurdu. Özü də çox qəzəbli və həyasız uşağıydın. Heç vaxt səndə olan o qəzəbin beyninə vuracağını bilməzdim. Təəssüf ki, belə də oldu. Anan, qoy ruhu şad olsun, istəyirdi ki, sən güclü böyüyəsən. Hər zaman inanmışdı ki, böyüyəndə ona dayaq olacaqsan. Səndən başqa onun heç kimi yox idi. Sənin o birisi qardaşın dünyaya göz açan kimi zavallını öldürdü. O sağ qalsaydı, sən önu öldürəcəkdin.

Kişi hiss etdi ki, belində apardığı oğlu dizlərini boşaltdı və ayaqları o yan bu yana yellənməyə başladı. Ona elə gəldi ki, irəlilədikcə oğlunun bütün bədəni hönkürtüdən tərpənir. Kişinin başının üstündən elə bil göz yaşları tökülürdü.

– İqnasio, ağlayırsan? Ananın xatirəsi səni kövrəltdi? Ancaq sən onun üçün heç nə etməmişdin. Əvəzində bizə əziyyət verirdin. Elə bilirdin sənə göstərdiyimiz nəvaziş xəncərdi, onu ürəyinə sancmışıq. İndi görürsən? Səni yaralayıblar. Dostların hardadı bəs? Yoxdular. Hamısını öldürüblər.

Amma onların heç kimi yox idi, kimsəsiziydilər. Bilirəm, onlar belə deyərdilər: ¨Üzrxaqlıq edəcəyimiz bir kəs yoxdur¨. Amma sən, İqnasio …

Kənd artıq görünürdü. Ay işığında evlərin damları ağarırdı. Ona elə gəldi ki, oğlunun ağırlığı dizlərini açmağa mane olur. Özünü zorla birinci evə çatdırıb, zindan kimi ağır yükünü səkidəki hündür daşın üzərinə qoydu.

Axır ki, boynundan yapışan oğlunun qollarından azad oldu. Elə bu zaman hər tərəfdən itlərin hürüşməsini eşitdi.

– İqnasio, bəs sən bu itlərin səsini eşitmirdin? -dedi-. Sən yenə də məni ümidsiz qoydun.

Xuan Rulfo

İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ

“ULDUZ” Jurnalı – yanvar 2019

Leave a Reply