Təhrik – Xavier Serkas

(povest)

Latınca belə bir ifadə var: “Zibillikdən dişiylə qızıl çıxartmaq”. Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm: məqsədimə catmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz.

Qustave Flaubertin Louis Koletə məktubundan 

1

Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaqçün aşağı, supermarketə düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asa-asa və qəzet oxuya-oxuya mətbəxdə səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu.

Alvaro öz həyatını ədəbiyyata həsr etmişdi. Onun bütün maraqları, dostluq əlaqələri, məqsədləri, maddi durumunun artma imkanları, gündüz və gecə vaxtı evdən çıxması, bütün bunlar məhz ədəbiyyat naminə arxa plana atılmışdı. İşinə stimul verə bilməyəcək bütün şeylərdən zəhləsi gedirdi. Hüquq fakültəsini bitirmiş savadlı bir kadr kimi, onun bu sahədə bir çox yüksək vəzifələrə keçmək şansı vardı. Bu isə ondan işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Ancaq Alvaro daha çox adi bir idarədə, sadə hüquq məsləhətçisi vəzifəsinə üstünlük verdi. Tutduğu vəzifə ona səhər vaxtlarını öz sevimli işinə həsr etmək imkanı yaradırdı və onu yazıdan ayıran bütün məsuliyyətdən azad edirdi. Eyni zamanda, yaşamaq üçün ona kifayət qədər maddi qazanc yetirirdi.

O, ədəbiyyatı özünə məşuq sayırdı. Deyirdi ki, ya sən ona tam sədaqət göstərirsən, ya da o səni tərk edəcək. “Tertium non datur”. Bütün digər incəsənət növləri kimi ədəbiyyat da səylə çalışmağın və zamanın işidir deyir, öz-özünə belə düşünərək məhəbbət haqqında zülmkar bir fransız moralist yazıçının məhşur fikrini xatırlayırdı. Alvaro düşünürdü ki, insana stimul verən ilham ilğım kimidir: bütün dünya ondan danışır, ancaq heç kəs onu görmür. Buna görə də, hesab edirdi ki, yaradıcılıq cəmi bir faiz ilhamdan, doxsan doqquz faiz isə zəhmətdən ibarətdir. Əks təqdirdə, sonda bu ilham yazıçını tərk edər, pərəstişkarın, oxucunun tərəfinə keçərdi.

Bəli, hesab edirdi ki, ədəbiyyat oxucunun tərəfindədir. Və sonda belə bir nəticəyə gəldi ki, öz dövrünün tanınmış yazıçılarından az bir hissəsi özlərini ona həsr edirlər. Ətrafda sivil və stimulverici cəmiyyətin azlığı, işləmək əhval-ruhiyyəsi yaradan zəngin fantaziyanı nümayiş etdirməyə köməklik göstərən şəraitin olmaması bu mənzərəyə dumanlıq gətirirdi. Alvaro bu cür hadisələrə təsir göstərməkdə özünü borclu sayırdı. Bunun üçün o, dünyanı fəth edə biləcək bir əsər barəsində düşünməli idi ki, digər sənət adamları da bu təşəbbüsü davam etdirsinlər.

Bilirdi ki, yazıçının istedadı onun ədəbiyyatı nə dərəcədə bilməsindən qaynaqlanır. Hər bir yazıçı hər şeydən əvvəl oxucu olmalıdır, oxumağı sevməlidir. Klassik yazıçıların fundamental tərcümə əsərlərini tanısın deyə, bir neçə kitaba ötəri nəzər saldı. Ancaq o, bu əsərlərə şübhə ilə yanaşırdı və hesab edirdi ki, tərcümə orijinaldan aşağı səviyyədə dayanan bir mətndir. Çünki bu, əsəri yenidən quran tərcüməçinin istinad etdiyi müəllif yazısıdır. Amma buna baxmayaraq tərcüməçi mətni kasıblaşdırmır, onu qurutmur, əksinə, sonsuz sayda dolğun və həqiqi interpretasiyalarıyla onu canlandırır. İnanırdı ki, ədəbiyyat nə qədər zəif olsa da ədəbi olmalıdır, çünki onun elementləri, onun möcüzələri, ziddiyyətləri, onda olan söz oynatmaları, bütün bunlar olmadan biz “ədəbi” sözünü işlədə bilmərik. Güman edirdi ki, oxumaq informativ xarakter daşıyan bir aktdır.

Kitabı Rakuten Kobo saytından əldə edin.

Leave a Reply