Tərcümə

Təhrik

Xavier Serkas

Təhrik

Latınca belə bir ifadə var: “Zibillikdən dişiylə qızıl çıxartmaq”. Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm: məqsədimə catmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz.

Qustave Flaubertin  Louis Koletə məktubundan

1

Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaqçün aşağı, supermarketə düşürdü. Qayıdan kimi cemləyağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asa-asa və qəzet oxuya-oxuya mətbəxdə səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu.

Alvaroöz həyatını ədəbiyyata həsr etmişdi. Onun bütün maraqları, dostluq əlaqələri, məqsədləri, maddi durumunun artma imkanları, gündüz və gecə vaxtı evdən çıxması, bütün bunlar məhz ədəbiyyat naminə arxa plana atılmışdı. İşinə stimul verə bilməyəcək bütün şeylərdən zəhləsi gedirdi. Hüquq fakültəsini bitirmiş savadlı bir kadr kimi, onun bu sahədə bir çox yüksək vəzifələrə keçmək şansı vardı. Bu isə ondan işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Ancaq Alvaro daha çox adi bir idarədə, sadə hüquq məsləhətçisi vəzifəsinə üstünlükverdi. Tutduğu vəzifə ona səhər vaxtlarını öz sevimli işinə həsr etmək imkanı yaradırdı və onu yazıdan ayıran bütün məsuliyyətdən azad edirdi. Eyni zamanda, yaşamaq üçün ona kifayət qədər maddi qazanc yetirirdi.

O, ədəbiyyatı özünə məşuq sayırdı. Deyirdi ki, ya sən ona tam sədaqət göstərirsən, ya da o səni tərk edəcək. “Tertium non datur”. Bütün digər incəsənət növləri kimi ədəbiyyat da səylə çalışmağın və zamanın işidir deyir, öz-özünə belə düşünərək məhəbbət haqqında zülmkar bir fransız moralist yazıçının məhşur fikrini xatırlayırdı. Alvaro düşünürdü ki, insana stimul verən ilham ilğım kimidir: bütün dünya ondan danışır, ancaq heç kəs onu görmür. Buna görə də, hesab edirdi ki, yaradıcılıq cəmi bir faiz ilhamdan, doxsan doqquz faiz isə zəhmətdən ibarətdir. Əks təqdirdə, sonda bu ilham yazıçını tərk edər, pərəstişkarın, oxucunun tərəfinə keçərdi.

Bəli, hesab edirdi ki, ədəbiyyat oxucunun tərəfindədir. Və sonda belə bir nəticəyə qəldi ki, öz dövrünün tanınmış yazıçılarından az bir hissəsi özlərini ona həsr edirlər. Ətrafda sivil və stimulverici cəmiyyətin azlığı, işləmək əhval-ruhiyyəsi yaradan zəngin fantaziyanı nümayiş etdirməyə köməklik göstərən şəraitin olmaması bu mənzərəyə dumanlıq gətirirdi. Alvaro bu cür hadisələrə təsir göstərməkdə özünü borclu sayırdı. Bunun üçün o, dünyanı fəth edə biləcək bir əsər barəsində düşünməli idi ki, digər sənət adamları da bu təşəbbüsü davam etdirsinlər.

Bilirdi ki, yazıçının istedadı onun ədəbiyyatı nə dərəcədə bilməsindən qaynaqlanır. Hər bir yazıçı hər şeydən əvvəl oxucu olmalıdır, oxumağı sevməlidir. Klassik yazıçıların fundamental tərcümə əsərlərini tanısın deyə, bir neçə kitaba ötəri nəzər saldı. Ancaq o, bu əsərlərə şübhə ilə yanaşırdı və hesab edirdi ki, tərcümə orijinaldan aşağı səviyyədə dayanan bir mətndir. Çünki bu, əsəri yenidən quran tərcüməçinin istinad etdiyi müəllif yazısıdır. Amma buna baxmayaraq tərcüməçi mətni kasıblaşdırmır, onu qurutmur, əksinə, sonsuz sayda dolğun və həqiqi interpretasiyalarıyla onu canlandırır. İnanırdı ki, ədəbiyyat nə qədər zəif olsa da ədəbi olmalıdır, çünki onun elementləri, onun möcüzələri, ziddiyyətləri, onda olan söz oynatmaları, bütün bunlar olmadan biz “ədəbi” sözünü işlədə bilmərik. Güman edirdi ki, oxumaq informativ xarakter daşıyan bir aktdır.

Əsl ədəbiyyat odur ki, oxuduğunu bir daha oxuyasan.
Həqiqətən də ədəbiyyat boşluqdan, mənasızlıqdan unudulub. Ancaq belə bir qərar ona qarşı heç bir mənfifikir oyatmağa əsas vermir, əksinə, əsas odur ki, klassiklərimizdə bizə lazım olanı tapaq. Ona görə tapaq ki, həmin o bizə lazım olan şey bizim ən çirkin həqiqətimizin, ən intim arzumuzun, özümüzün göstəricisinə çevrilsin. Əsas bu ənənəni yenidən qurmaq və onu davam etdirməkdir. Keçmişimizdən, unutqanlığımızdan onu dartıb çıxarmaq bahasına! Əsas, möhkəm şəcərə qurmaqdır. Əsas, ata-babalarımızı tapmaqdır. Əsərinin konsepsiyasını qurmazdan əvvəl Alvaro uzun müddət bu barədə düşündü.

Bir neçə janrı nəzərdən keçirdi. Bir vaxtlar hesab edirdi ki, şeir tamamilə nəsrdən üstün janrdır. Lirik poema deyib,öz-özünə təkrar edirdi. Amma bu, ona bir qədər çətin qəldi və belə bir əsərin yaradılması fikrindən daşındı. Əgər hansısa bir əsərdə klassiklərin adlandırdığı ilham varsa, bu, lirik poema janrında daha çox duyulur.

Ancaq necə deyərlər o, bunu etmək iqtidarında deyildi. Sonda isə onu zəmanənin tələblərinə uyğun gəlməyən köhnəlmiş baxışlar, istifadədən qalmış bir anlayış olduğunu düşündü. Lirik poema… bu, bir anaxronizmdir.

Sonradan epik poema yazmağın mümkünlüyünü götür-goy etməyə başladı.Burada hiddət, həyəcan, dram şübhəsiz çox-çox azdır. Niyyətini həyata keçirə biləcək mətnlər az deyildi. Ancaq nəzm, onun oxucu auditoriyasını azalda bilərdi. Mətn – müəllifin bütün dünya ilə qurduğu dialoqdur. Əgər bu iki tərəfdən biri yoxa çıxırsa, dialoq prosesi bir növ eybəcərləşir və mətn öz effektini itirir.

Fikirləşdi ki, nəsr formasında epopeya yazmağa bir cəhd etsin. Ola bilsin ki, novella məhz bu cür yaranıb, – deyə özlüyündə düşündü: nəsr şəklində epopeya kimi. Birdən-birə o, nəsrlə yazılan mətni nəzm səviyyəsinə qaldırmağın vacibliyini fikirləşdi. Nəsrdə işlənən hər bir ifadə şeirdəki musiqiliyə, onu oxunaqlı edən sözlər arasındaki harmoniyaya malik olmalıdır. Bir sözlə, nəzmlə yaradılmış mətnin nəsrdən üstün olması onu qəzəbləndirdi. O, bunu heç cür qəbul etmək istəmirdi.

Bir novella yazmaq qərarına gəldi. Novella müasirlikdə yaranır. Bu, müasirliyi, reallığı ifadə etmək üçün əlində olan bir vasitədir. Ancaq bu zəmanədə novellalar yazıla bilərdimi? Onun yaşadığı əsr özünün reallıqlarını üzə çıxarırdı. Ən şöhrətli novelistlər bu hadisələri olduğu kimi təsvir etməyin mümkün olmadığını deyirdilər. Onlar ehtimal edirdilər ki, novella janrı parçalanaraq məhv olacaq. Belə bir ölüm hökmünə qarşı vaxtilə ardıcıl şəkildə iki apellyasiya irəli sürülmüşdü. Onlardan biri janrın böyüklüyünü, vacibliyini qoruyub saxlamağa çalışsa da, mənfi qüvvə idi, ürəyində əvvəl verilmiş ölüm hökmüylə razılaşırdı. O birisi bu qərara qarşı çıxsa da, müsbət qüvvə idi, ancaq bu mübarizəyə baş qoşmurdu. Birincisi ədəbi janrlardan parçalanaraq məhvə doğru getmiş, ikincisi isə, belə təzyiqlərə məruz qalsa da, hekayə, novella kimi kiçik janrlarda özünə yer tapmışdı. Həcmcə kiçik olsa da, insan həyatını və reallığı əhatəli və bütöv bir formada özündə cəmləşdirə biləcək bu janr heç bir maneələrdən çəkinmirdi. Məqsədsiz yaranan sənət ölümə məhkum olmuş bir sənətdir.

Dövrün bu çətinliklərinə baxmayaraq novella yazmağı davam etdirmək lazım idi. Bəzi yazıçılar artıq bunu etiraf etmişdilər. Heç bir vasitə reallığın mürəkkəbliyini dəqiq və zəngin təfərrüatı ilə özündə cəmləşdirə bilməz. Məhv olmağa gəldikdə, bunu alman filosofu Hegel belə hesab edirdi ki, o, bir hadisə tək cərəyan edir.

Ancaq janrın məhvinin qarşısını almaq üçün onun inkişaf etdiyi, çiçəkləndiyi dövrə qayıtmaq lazımdır, məhz XIX əsrə, Flaubertin dövrünə.

2

Alvaro yazacağı əsərin məzmununu fikirləşməyə başladı. Bir neçə mövzuya toxundu. Bu, həddən artıq geniş və qarışıq alınsa da götür-goy etmədən birinin üzərində dayandı. Sonda düşündü ki, mövzunun seçilməsi mənasız bir işdir. Ədəbiyyatda istənilən mövzu yaxşıdır. Əsas məsələ onu ifadə etməyi bacarmaqdır. Mövzu isə sadəcə olaraq yazmaq üçün bir bəhanədir.

Dörd kiçik personajdan ibarət qeyri-adi epopeya yazmaq qərarına gəldi. Onlardan biri əsərin qəhrəmanı, novella yazan və qarşısına çıxan maneələrdən dönməyən yazıçıdır. Bu novella daxili novelladır və maddi çətinlikdən əziyyət çəkən gənc bir ailədən bəhs edir. Evdə tez-tez gedən dava-dalaşdan bezən ər-arvad uzun müddət götür-goy edib yaşadıqları binada qalan yazıçı qaşqabaqlı və qaradinməz bir qocanı öldürmək fikrinə düşürlər. Alvaronun yazdığı novella bu yazıçıdan başqa daha üç personajı da etdirir: ailəni saxlamaqdan ötrü əzab-əziyyətlə səhərdən axşamacan işləyən ər-arvad və binanın sonuncu mərtəbəsində yaşayan bir qoca. Alvaronun yaratdığı yazıçı öz əsərini yazdığı vaxt, qonşuluqda yaşayan gənc ailənin sakit həyatını da qarışdırır və coşdururdu: sakit və qayğısız günləri mübahisələrə, dava-dalaşlara çevirir, aralarında gedən münaqişələri ötəri, müvəqqəti barışıqlarla əvəz edirdi. Bir gün yazıçı öz qonşularıyla liftdə rastlaşır. Qənc ailə əlində cod bir parçaya bükülmüş uzunsov bir əşya aparırdı. Nədənsə yazıçı gördüyü əşyanın balta olduğunu düşünür. Qapısının ağzına çatdıqda belə bir fikrə qəlir ki, həmin bu ailə aylıq faizə dolanan qocanı baltalayacaq. Bir neçə qün sonra yazdığı novellanın son nöqtəsini qoyur. Qapıçı arvad elə həmin səhər yazıçının və gənc ailənin yaşadığı binadakı qocanın meyidini aşkara çıxarır. Qocanı baltayla qətlə yetirmişdilər. Polisin dediyinə görə, qətlin səbəbi oğurluq imiş. Pis vəziyyətdə qalmış yazıçı qatillərin kim olduğunu təkzib etmir və qocanın qətlində özünün günahkar olduğunu düşünür. Peşmanlıq içində hiss edir ki, onları cinayət törətməyə vadar edən səbəb, məhz onun novellası olmuşdur.

Əsərin ümumi planını qurduqdan sonra, Alvaro özünün ilk cızma-qarasını yazır. Əsərin quruluşunu saat mexanizmi kimi dəqiq yaratmağa can atır. Heç nə, heç bir hadisə təsadüfi olmamalıdır. Hər bir personaj üçün ayrıca kataloq yaradır. Bu kataloqlarda dəqiqliklə personajların keçirdikləri bütün tərəddüdün, nostalji hisslərin, düşüncələrin, gündəlik gördükləri işlərin, arzuladıqları şeylərin, buraxdıqları səhvlərin ümumi qeydlərini saxlayır. Tezliklə görür ki, ən əsası, həm də ən çətini bu hadisəni ecazkar bir tərzdə, novella şəklində qurmaqdır. Əsərin qəhrəmanı qonşuların həyatını qəribə bir formada dəyişir və onların törətdiyi cinayətdə təqsirkar çıxır. Könüllü olaraq və ya əksinə, yaradıcılığa olan güclü meylindənmi, ya bilməyərəkdən müəllif bu qətlin qarşısını almaq üçün bunu vaxtında başa düşmədiyindən, bilmədiyindən, ya da bilib istəmədiyindən məsuliyyət daşıyır.

İndi Alvaronun fikri-zikri öz işindədir. Onu işdən ayıran heç bir şeylə məşğul olmur. Personajları daima onu müşaiyət edirlər: onunla işləyirlər, gəzirlər, yatırlar, dururlar, yeyirlər, içirlər, arzulayırlar, televizora baxırlar, onunla nəfəs alırlar, onunla ayaqyoluna gedirlər. Yüzlərlə vərəq, müşahidələrlə, qeydlərlə, əhvalatlarla, düzəlişlərlə, personajların və onların yaşadığı evin, otaqların, hərəkət etdiyi küçələrin təsvirlərilə doludur. Kağız üçün yığıb saxladığı qovluqlar get-gedə artır. Kifayət qədər materialın olduğuna inandıqdan sonra novellanın ilk səhifələrini işləyir.

3

Alvaro novellanı işləməyə başladığı gün həmişə olduğu kimi tezdən düz saat səkkizdə yataqdan qalxıb soyuq duş qəbul etdi. Evdən çıxarkən sol əliylə yarıaçıq qalan qapının tutacağından yapışdı, nəyisə yaddan çıxarmış kimi duruxdu və çıxdı.

Yaz günəşinin aydın, zərif şəfəqləri küçələrə səpələnmişdi. Supermarketə girib ətrafa göz gəzdirdi. Səhərin bu çağında orda adətən heç kəs olmurdu. Şöbələri gəzdikdən sonra altı yumurta və bir qədər meyvə götürdü. Kassanın qarşısındakı kiçik növbə uzanmağa başlayanda balaca və beli bükülmüşbir qocanın arxasında özünə növbə tutdu. Bu, senyor Montero idi. Senyor Montero Alvaronun yaşadığı binanın sonuncu mərtəbəsindəki mənzildə yaşayırdı. Ancaq onların əlaqəsi liftdə qarşılaşmalar və salam-sağoldan o yana keçməmişdi. Qoca tələsmədən aldığı malların qiymətini hesablatdırmaq üçün kassanın qarşısına yığırdı. Bu zaman Alvaro onun bədən qurluşunu, o qədər də nəzərə çarpmayan qozbel bədənini, əllərinin üstündə qabarmış damarlarını, içəri batmış alnını, iri çənəsini və qəribə förünən profilini gözdən keçirirdi. Alvaronun növbəsi çatanda, dərhal əlindəkiləri kassirə uzatdı və onu tez yola salmasını xahiş etdi. Supermarketdən çıxdı, günəşli küçələrlə qaçmağa başladı. Təngnəfəs halda özünü binanın giriş qapısına çatdırdı. Qoca lifti gözləyirdi.

–Sabahınız xeyir! –Alvaro nəfəsini boğaraq rəsmi mehribanlıqla dedi. –

–Sabahınız  xeyir!- qoca mızıldandı. Araya sakitlik çökdü. Liftin qapıları açıldı, içəri daxil oldular. Alvaro danışmağa söz tapmırmış kimi, qocanın eşidəcəyi səslə sözə başladı:

– Necə də gözəl bir səhərdir! Deyəsən bahar gəlir… Belə deyib, mənasız yerə qocaya göz vurdu. Yerinə düşməyən hərəkəti xoşagəlməz olsa da qoca üzündəki zəhrimarını zorla yığışdıraraq gülümsəməyə çalışdı. Ancaq bu heç də söhbətin davamına təsir etmədi, liftə soyuq və sərt bir səssizlik çökdü.

Evə çatdıqda Alvaro düşündü ki, son mərtəbədə yaşayan bu senyor onun novellasındakı qoca obrazı üçün ideal bir prototipdir. Onun acı sakitliyi, əldən-dildən düşmüş canı, zahiri görünüşü işinə yarayırdı. Bütün bu cəhətlərin hamısı onun personajının tələblərilə üst-üstə düşürdü. “Bu mənim işimi asanlaşdıracaq”,- deyə o, düşündü. Belə qənaətə qəldi ki, əsərdə real bir modeli əks etdirsə, uydurulmuş personajı həqiqətə uyğun və evfekt verə biləcək xüsusiyyətlərlə bəzəmək daha asan olar. Seçilmiş personajın fəaliyyət və xüsusiyyətlərini əsas götürməklə kifayətlənər. Belə olsa lazımi nəticə verə bilməyən, boşluqda yaranan solğun təxəyyülün zəif sıçrayışlarına ehtiyac qalmaz. Bunun üçün o, senyor Monteronun keçmiş və indiki həyatıyla dərindən tanış olmalı, onun bütün fəaliyyəti, gəlir mənbəyi, ailəsi və dostları barəsində düzgün və ətraflı məlumat toplamalı idi. Elə bir şey yox idi ki Alvaroda maraq oyatmasın. Hər bir şey xəyalında yaratdığı personajı qurmağa, onu təhrif etməyə, eybəcərləşdirməyə və ya əksinə, onu bəzəməyə, tamamlamağa kömək edirdi. Oxucu bütün bu xırdalıqlara fikir verməyə də bilər və onları novellada göstərməyin elə bir səbəbi yox idi. Ancaq Alvaro üçün bütün bu xırdalıqlar vacib idi. Bunlar, hadisələr arasında olan bağlılığı əldə etmək üçün özül yaradırdı. Və bu özül üzərində ətrafdakı təəssüratı, real insanları təhrif olunmayan formada özündə cəmləşdirir və personajın həqiqətə uyğun olmasını təmin edirdi. Bütün bunları əsas tutaraq qoca kimi, ailəsinin də axtarılmasına ehtiyac duyulurdu. Burada həmçinin onun həyatı barədə mümkün qədər düzgün informasiyanın əldə edilməsi vacib idi. Digər tərəfdən, bu ailənin qapı-gonşusunun olması onun işini qeyri-adi formada asanlaşdırardı. Çünki onları nəinki istədiyi vaxt və diqqətlə izləyə bilər, eyni zamanda uğur əldə edərək onların söhbətlərinə, ailədə gedən müzakirələrə qulaq asa bilərdi. Və bütün görub-eşitdiklərini asan, canlı şəkildə, heç bir təhrifə yol vermədən novellasında əks etdirərdi. Mənzil divarları nazik olduğundan bütün qonşuların, ondan bir mərtəbə yuxarıda və onun mərtəbəsində yaşayanların söhbətləri aydın eşidilirdi. Ancaq səslər ona qarışıq çatırdı. Yalnız binada səssizlik bərpa olunanda, yaxud da qonşuların qışqırığı ümumi səs-küyü üstələyəndə nəsə məlumat əldə etmək olardı. Bütün bunlar görülən işin sona çatdırılmasını şübhə altına alırdı.

Ancaq yuxarıda sadalananların qarşısında bir maneə dayanırdı: Alvaro blokda yaşayan qonşuları demək olar ki, tanımırdı. Pusmaq imkanı olsa da, ona yaxın olan üç mərtəbədən ikisi bu səs əlaqəsini kəsirdi.

Birində sifətini sızanaq basmış cavan müxbir qız yaşayırdı. Hər dəfə axşam düşən kimi müəmmalı fikirlərlə Alvaronu işdən ayırırdı. O biri mənzildə isə heç kəs yaşamırdı. Kirayə pulunu verə bilmədikləri üçün beş ay bundan qabaq dul bir qadın həddi-buluğa çatmış qızıyla mənzili tərk etmişdi. Bununla belə, əsərintələblərinə cavab verə biləcək ailə onun üçün münasib olan mənzildə yaşayırdı.

Birdən hamamxananın kiçik pəncərəsi yadına düşdü. Bu, binanın işıqlı həyətinə açılan nəfəslik idi. Alvaroorda təbii ehtiyaclarını ödəyəndə tez-tez qonşuların söhbətlərini eşidirdi. Bu səslər açıq pəncərədən çox aydın gəlirdi. Belə olan halda bu cür yeni vasitədən istifadə etməklə nəinki eşitməni yaradan çətinliklər aradan qalxar, eyni zamanda maraqlı şəxslərin sayı artardı. Beləliklə o, öz mərtəbəsində yaşayan bütün qonşuların söhbətlərini eşitmək imkanına malik idi. İstənilən məlumatı əldə etmək üçün lazım olan subyekti seçib, bütün diqqətini ona yönəltmək kifayət edərdi.

Ancaq qoca Montero və öz qapı qonşuları barədə məlumatı kimdən toplaya bilərdi? Cavab şübhə doğurmurdu: qapıçı qadın binada yaşayanların həyatındakı bütün sirləri bilən yeganə şəxs ola bilərdi. Ancaq qadını şübhələndirmədən baş verənləri öyrənmək heç də asan deyildi. O, arıq, hündürboy, sərt davranışlı sözgəzdirənə qarşı ikrah hissi duysa da, nəyin bahasına olursa-olsun onun etibarını qazanmalı idi.

Qonşuluqda o qadın barədə yaman söz-söhbətlər gəzirdi. Bəziləri iddia edirdilər ki, qapıçı qadının müəmmalı keçmişi ona ləkə gətirir və o,bundan heç vaxt yaxa qurtara bilməyəcək. Digərləri isə deyirdilər ki, bu heç də keçmiş deyil, indinin özündə də hamı onun nəinki qonşu binanın qapıçısıyla, eyni zamanda məhəllənin qəssabıyla tez-tez görüşdüyünü bilirdi. Danışırdılar ki, onun həqiqi qurbanı – boyda ondan balaca, mülayim, köktəhər və tez-tez tərləyən kişi – əri idi. Əriylə o, təkəbbürlü və nifrətlə davranırdı. Onları yaxşı tanıyanlar deyirdilər ki, ərinin daim geyindiyi fəhlə gödəkcəsi, cındırı çıxmış şalvarı və gücsüzlüyü, yaxud da kefsizliyi, ər-arvad arasında olan tələblərin yerinə yetirmək iqtidarında olmadığını göstərirdi. Bütün bunlarzorakılığın son həddinəcən arvadın keçırdiyi həyəcanını artırırdı. Qonşular barəsində gəzən söz-söhbətlərə, şayiələrə fikir verməsə də, Alvaro qapıçı qadınla arasında baş verən yaxınlıqdan və onu yaradan səbəbdən qaça bilməzdi. Aydın məsələydi ki, o, qadını cəzb edirdi. Artıq bir neçə dəfə pilləkəndə, ya da liftdə onunla üzləşəndə qadın Alvaronu utandırmaq, təəccübləndirməkdən ötrü diqqətini cəlb etməyə çalışmışdı. Çünki bu baxışları ancaq bu cür başa düşmək olardı. Hətta bir neçə dəfə arvadının sədaqətinə inanan əri səhərlər işdə olanda evinə kofe içməyə dəvət etmişdi onu. Bu açıq-saçıq işarələr qadının Alvaroda yaratdığı ikrah hissini daha da şiddətləndirirdi.

Ancaq bundan istifadə etməliydi.

Ertəsi gün Alvaro əmin olanda ki qadının əri işdədir, istədi bir ona baş çəksin. Gəldi və sol əliylə astadan qapınıdöydü. Bu zaman yadına düşdü ki, səbəbsiz yerə gəlmişdi. Tez bəhanə axtarmağa çalışsa da bir şey alınmadı. Özünü itirdi, artıq pilləkənləri qaçaraq yuxarı qalxmaq istəyirdi. Birdən qapı açıldı. Arvad gülümsündü və bu zaman onun ağzındakı səliqəli, yaraşıqlı dişləri göründü.Bəxtiyar görünən qadın arıq və yapışqanlı əlini ona uzatdı. Soyuq, azacıq da nəm olan əlini tutanda Alvaroya bir anlıq elə gəldi ki, əlində qurbağa tutub.

Qapıçı qadın onu içəri dəvət etdi. Qonaq otağında, divanda əyləşdilər. İndi arvad əsəbi görünürdü. Divanın qarşısındakı masanın üzərindən güldanı və bir bəzək əşyasını götürdü, gələn qonağa kofe hazırlamaq üçün mətbəxə keçdi. Alavaro onsuz da hələ qapının ağzında gəlməyinə peşiman olmuşdu. İndi də fikirləşdi ki, kofeni içən kimi dərhal çıxıb gedəcək.

Qadın əlində iki fincan kofeylə qayıtdı. Gəlib Alvaronun düz yanında oturdu və aravermədəndayanmağa başladı. Verdiyi sualları da elə özü cavablandırırdı. Birdən özündən xəbərsiz, qeyri-ixtiyari əlini Alvaronun sol ayağının üstünə qoydu. Alvaro özünü elə apardı ki, guya buna fikir vermir, sadəcə əlindəki fincanı düz saxlaya bilmədiyindən kofe yüngülvari çalxalandı. Bu zaman o, qəfil ayağa qalxdı və dodağının altında nəsə mızıldadı. Sonrada kofeyə görə qadına minnətdarlığını bildirdi.

Artıq qapının ağzında idi. –Bir daha hər şeyə görə çox sağ olun, vaxt eliyib bir gün yenə gələrəm, – deyəndə ürəyində öz yalanına güldü. O olsun, bir də qapıçı qadının yanına gəlsin. Ay-hayy!

Evə çatan kimi keçib stulda əyləşdi. Bu zaman içində bir rahatlıq duydu, ancaq az keçməmiş bu rahatlıq hissi tezliklə narahatlıqla əvəz olundu. Düşündü ki, qapıçının həyasızlığı, onda yaratdığı ikrah hissi uzun müddət ağır əziyyətlə gördüyü işi təhlükə altında qoymağa əsas verməməlidir. Arvaddan alacağı informasiyanın dəyəri, bunu əldə etmək üçün verəcəyi qurbanların dəyərindən yüksəkdə idi. Bundan əlavə, onunla yenə görüşməyi vacib bildiyindənözunü məcburən buna hazırladıvə belə nəticəyə gəldi ki, qadında xoşagəlməyəncəhət sadəcə olaraq xarici görünüşüdür… Səhərisi gün yenidən qadının yaşadığı mənzilin qapısı ağzındaydı. Bu dəfə artıq tanışlıq üçün bəhanə axtarmağa ehtiyac qalmırdı. Düşdüyü vəziyyətlə razılaşan Alvaro qarşısına qoyduğu məqsədə çatmaq üçün yenidən cəhd göstərməli idi.

Alvaro iləqapıçı qadın sınıq-salxaq çarpayıda uzanmışdılar. Çarpayının baş tərəfində divara mıxla bir xaç bərkidilmişdi. Şəhvani ehtirasın içində oynaşdıqları bir vaxtda qəflətən çarpayının başından asılmış xaç qopub Alvaronun başına düşdü. Bundan diksinib əsəbiləşən Alvaro nəsə deməkdən, sərt danışmaqdan çəkindi.

İndi otaq yarıqaranlıq idi. Günəşin sarı rəngə çalan şüaları döşəməyə, çarpayıya, divarlara sanki pələng dərisinə bənzər naxışlarsalmışdı. Şüaların arasından havayaaxan siqaret tüstüsü bu naxışları daha da qatılaşdırırdı. Alvaro qonşulardan danışmağa başladı. Söhbət əsnasında, guya yeri düşmüşkən deyirdi ki, bu binada onun üçün daha müəmmalı, daha maraqlı şəxs senyor Monterodur. Əsas məqsəddən xəbəri olmayan qadın, Alvaronun söhbətlərindən uzaq idi. Ancaq Alvaro hələ də danışırdı. Etiraf etdi ki, senyor Monteronun həyatı onda maraq oyatmışdı. Qadın Montero haqqında məlumat verərək bildirdi ki, (onun səsi Alvaronun qulağına get-gedə xoş təsir bağışlayırdı) arvadını itirdikdən sonra qoca bir neçə il olar ki, indi yaşadığı mənzilə köçmüşdür. Sonra da əminliklə dedi ki, kişinin səksən yaşı olar. O, vətəndaş müharibəsində vuruşub. Müharibə qurtardıqdan sonra bir müddət hərbidə qalsa da, ancaq heç vaxt rütbəsi qalxmayıb. Yeni hərbi nizamnaməni lazımınca yerinə yetirdiyinə görə vaxtından qabaq tərxis olunmuşdur. Bunun üçün də hərbçilərə sözün əsl mənasında nifrət edirdi. Qapıçı hətta onun heç bir qonaq qəbul etmədiyini də bilirdi. Vaxtaşırı Cənubi Amerikadan bir qadından məktublar alsa da, başqa yaxınlarının olduğundan xəbəri yox idi. Onun yeganə həvəsi şahmata idi.

Kişi özü təvazökarlıqdanuzaq olsa da, əla bir oyunçu olduğunu iddia edirdi. Hansısa bir şahmat klubunun təsis olunmasında iştirak etmişdi. Klub indi yaşadığı evdən uzaq olduğundanMontero oyunlarda hər dəfə iştirak edə bilmirdi. O, elə yaşda deyildi ki, hər hansı bir uğurundan danışsın. Bu isə onun xarakterini daha da acılaşdırmışdı…Söhbətdən aydın oldu ki, o qoca ancaq bu qadınla ünsiyyət saxlayırdı. Çünki hər gün evdə təmizlik işləri görmək, yemək bişirmək və ümumiyyətlə, ev işlərini görmək üçün Monteronun evinə qalxırdı. Ancaq heç vaxt onunla yaxınlıq etməmişdi, belə bir şey heç qoca üçün də maraqlı deyildi. Qapıçı qadınla arasında hörmət-izzət saxladığını bilirdi, ancaq sərt olduğunu və digər qonşularla ünsiyyəti olmadığını, hamıya qarşı inamsızlığının səbəbini isəbaşa düşəbilmirdi.

–Təsəvvür edirsən,- arvad dedi. Xitabda “siz”dən sürətlə “sən”ə keçməsi onların arasında verbal yaxınlığa səbəb oldu. Bir anda belə bir yaxınlıq Alvaronu intim yaxınlıqdan da artıq narahat etməyə başladı.- Hər dəfə divardan asdığı şəklin arxasındakı seyfdən mənə zəhmət haqqımı verir. Deyir ki, banklara etibar etmir. Əvvəllər pulu harda gizlətdiyini bilmirdim, ancaq sonradan seyfi möhkəm yerdə gizlətdiyindən lovğalanaraq onun yerini mənə göstərdi.

Alvaro pulun çox olub-olmadığını soruşanda qadın: –İnanmıram ki, aldığı təqaüd çox ola,-dedi.

Yarıqaranlıq otaqda, ağappaq mələfənin arasından arvadın çılpaq bədəni görünürdü. Onun baxışları tavana zillənmişdi və xəyallara dalmış kimi elə sakit danışırdı ki, Alvaro onu tanımırdı. Birdən Alvaroya tərəf çevrildi, yanağını yastığa qoydu. – Onun gözləri xəstə gözlərinə oxşayırdı– və onu öpdü. Bu, daha çox, özünü ələ alıb finişə çatmaqda olan idmançının son qüvvəsini toplamasına bənzəyirdi. – Alvaro özlüyündə belə düşündü.

Qadın eyş-işrətdən razı qalmış halda üzünü yastığa basdı. Alvaro bir siqaret yandırdı. Yorğun idi, lakin yenə də qonşulardan danışmağa başladı. Onların haqqında hər şeyi bilmək həvəsində olduğunu bildirdi: bəs necə, iki il bu binada yaşayasan, ancaq onları üzdən belə tanımayasan, bu az qala cinayət idi. Arvad üzünü yastıqdan aralayıb, dikəldi və çevirib bir siqaret yandırdı. İki qonşunun adını çəkdi. İki qadından danışdı. Dedi ki, bu yaxınlarda onlar kirayə pulunu verə bilmədikləri üçün çıxıb getmək məcburiyyətində qalıblar. Dahasonra iki lətifə danışdı. Gülməli olacağını zənn etsə də, çox yersiz alındı. Alvaro düşündü: “On veut bien être méchant, mais on ne veut pas être ridicule”. İndiki vəziyyətdə yerinə düşən bir görüş Alvaronun yadına düşdü. O, bu xatirədən zövq aldı. Xırda-xırda duyduğu ləzzət ona böyük bir həzz vəd edirdi. Belə hesab edirdi ki, həyat saysız-hesabsız görüşlərdə cəmləşir və o, bir komplikasiyadır.

Qadın danışmaqda davam edirdi. Bu zaman onun sifəti süni bir məmnunluq ifadəsi aldı. İndi o,ikinci mərtəbədə yaşayan Kasareslər ailəsindən danışırdı.– Xoşbəxt nigah təəssüratı bağışlayan sadə və mehriban davranışlı, orta maddi gəliri olan cavan bir ailə idi. İki uşaqları var.–Alvaro qadından onların haqqında danışmasını təkidlə xahiş etdi. Qadın dedi ki, ərinin yaşı otuz beşdən yuxarı olmaz. O, Seat kampaniyasında axşam növbəsində işləyir. İşihardasa axşam saat dörddəndüz gecə on ikiyə kimidi. Arvadı isə evə və uşaqlara baxır. Qadın onları məzəmmət edərək (qonşulardan elə danışır ki, elə bil onların həyatının bir hissəsidir) deyirdi ki, maddi durumları yaxşı olduğu halda uşaqlarına lazımi səviyyədə təhsil vermirlər. Ola bilsin şəhərin belə bahalı yerində yaşadıqları üçün artıq xərclərə yol vermək istəmirlər. Alvaro qadının səsində qonşulara qarşı kin-küdurətinin olduğunu hiss etdi.

Alvaro tez çarpayıdan qalxıb heç bir söz demədən paltarını geyinir. Arvad xalatını çilpaq bədəninəalaraq yenə onun yanına gəlib-gəlməyəcəyini soruşur. Alvaro yox, – deyib, güzgünün qarşısında qalstukunu düzəldir. Sonra qapının gözlüyündən baxır görsünki,blokda kimsə gözə dəyir, ya yox. Bu zaman arxasında dayanan qadın ondan bir daha yanına gələcəkmi,-deyə xəbər alır. Alvaro – kim bilir,- deyib mənzili tərk edir.

Liftin düyməsini basıb gözlədi. Qapı açılıbiçəri keçmək istəyəndə bazardan qayıdansenyora Kasaresi gördü və ona yol verdi. Senyoranın əli dolu idi, üstəlik özüylə götürdüyükiçikbazarlıq arabacığı da yanında idi. Alvaro cəld ona kömək etdi. Senyora mənzilinin qapısını açmağa çalışanda o, qonşusunun əlindəki salafan paketlərdən bir neçəsini yerdən götürdü.

– Çox sağ ol Alvaro, – qonşu qadın dostcasına ona minnətdarlığını bildirdi və qonşusunun köməyindən məmnunluğunu ifadə edən təbəssümlə ona baxdı. Alvaro da öz növbəsində ona bir-iki xoş söz söylədi. Senyora Kasaresin ona “sən” deyə, müraciət etməsindən heç biri təəccüblənmədi. Qonşular ilk dəfəydi ki,belə şirin söhbət edirdilər.Senyora Kasares evdar qadın olduğunu dedi. Alvaro isə özünün subay həyatından danışdı. Onlar gülümsəyərək bir-birinə təbəssüm bəxş etdilər.

İrene Kasares ortaboylu, çox təmiz və səliqə ilə geyinən incə bir qadındır. Onun hərəkətləri elə bil əvvəlcədəndüşünülmüş, yüz ölçülüb bir biçilmişdi,həm də süni deyildi. Ola bilsin senyora təbiətən nizam-intizamlıdır. Üzünün həddən artıq mülayim, sadə ifadəsi, jestlərinin və sözlərinin xoş təsir bağışlaması onu daha da şirin, yapışıqlı görsədirdi. Aydın gözləri olan qadının gözəlliyi sadə idi. Bu qadında nə isə bir eleqantlıq, özünə hörmət hissi vardı.  O, bunları hiss etdirmək istəməsə də, xarici görünüşündən bunları duymaq elə də çətin deyildi.

Alvaro qonşusu iləxoşüzlə davranırdı.Ona istədiyi sualları verir və ətraflı da cavab alırdı. Onlar pilləkənin qarşısında bir qədər söhbət etdilər. Söhbətarası Alvaro qonşularla ünsiyyət saxlamadığından təəssüf hissi keçirdiyini dedi. Boş, mənasız həyat sürənlərə öz iradını bildirdi. Qadının etibarını qazanmaqdan ötrü bilərəkdən, bir qədər də zarafatyana qapıçı arvadın qarasına danışdı. Bu zaman senyora Kasares evdə işinin çox olmasını bəhanə gətirərək tələsdiyini dedi və onlar sağollaşdılar…

Alvaro duş qəbul edəndən sonra yeməyini hazırladı və nahar etdi. Saat üçdən sonra qapının gözlüyündən Senyor Kasaresin işə gedəcəyini gözlədi. Bir qədər sonra Enrike Kasares dəhlizdə göründü. Alvaro da onun arxasınca çıxdı, qonşular salamlaşdılar və liftin düyməsini basıb gözlədilər. Alvarosöhbətəbirinci başladı, dedi ki, bu gün onun xanımıyla söhbət etmişdir. Sonra da ordan-burdan danışdılar. Deyəsən, söhbətləri tutmuşdu, senyor Kasares gülümsünürdü. Alvaro fikir verdi ki, o, çox kök görünür, amma ona mülayim adam təsiri bağışlayırdı. Alvaro ondan zavoda necə və nə ilə gedəcəyini soruşdu. “Avtobusla”,- deyə Kasares cavab verdi. Alvaro onu avtomobilində aparmağı təklif etsə də, Kasares ona əziyyət vermək istəmədiyini bildirdi. Alvaro təkid etdikdən sonra axırda Kasares razılaşdı.

Onlar ara vermədən söhbətləşirdilər. Alvaro da ona özü aqqında məlumat verdi, dedı ki, hüquq kontorunda məsləhətçi-hüquqşünas işləyir. Elə özü də işə onun kimi axşamlar gedir. Kasares öz işindən danışarkən onun stimulverici, lakin çox vaxtaparıcı olmasından gileyləndi. Bir qədər də işininxüsusiyyətlərindən danışdı. Və heç də lovğalıq etmədən tutduğu vəzifənin sayəsində avtomobil sahəsindəki biliklərini nümayiş etdirdi. Seat kompaniyasına çatdıqda Kasares, bu uzun yolu əziyyət çəkib işə gətirdiyinə görə ona minnətdarlığını bildirdi. Sonra uzaqlaşdı. Becərilmiş kəndli tarlasına bənzəyən avtomobil parkıyla getdi…

Həmin gecə Alvaro yuxuda ağ atlarla birlikdə yaşıl çəmənlik boyu yol getdiyini gördü. Kiminsə və ya nəyinsə görüşünə gedirdi. Özünü yenicə göyərən otların üzərində uçantəhər hiss etdi. Sanki dərin bir suyun üzərində ayaq üstə dayanmışdı. Təpənin zərif yamacıyla qalxırdı. Nə ağac var idi, nə kol nə də… yalnız yenicə bitmiş ot… Təpənin başında qızıl tutacaqlı ağ qapı göründü. Qapını açdı, nəyi axtarıb güddüyünü bilsə də, kimsə, ya nəsə onu geri dönməyə sövq etdi. Ayaq üstə yarıaçıq qalmış qapıda üzü yaşıl çəmənliyə doğru, sol əli qapının qızıl tutacağında qaldı.

4

Artıq zəhmətinin bəhrəsi görünməyə başlamışdı. Əvvəlcədən müəyyənləşdirilmiş quruluşda, nümunə üçün yazılmış bəzi əlyazmalarda və dizaynda olan çatışmazlıqlara baxmayaraq, novella yavaş-yavaş yazılırdı. Ancaq Alvaro istəyirdi ki, gördüyü iş əsərin vacib bildiyi ümumi qurluşuna, oradakı personajlara və hadisələrətəsir etməsin. Özü də real modellərin olması, bir tərəfdən onun işini asanlaşdırıb və təxəyyülünün yeni impuls götürməsini təmin edirdisə də, digər tərəfdən hekayənin inkişaf xəttini mütləq dəyişdirə bilərdi. Buna baxmayaraq inanırdı ki, bu metod, müəllifin hər hansı bir müdaxiləsi olmadan gördüyü işi əsər səviyyəsinə qaldıra bilər, elə Alvaronunistədiyidə bu idi. Bir tərəfdən reallığın uydurulmuş səhnələrin yaradılmasına imkan verən təsvirə meyillik təhrifə meyillilik deməkdirsə,o zaman belə hesab edirdi ki, hisslərin estetik zövqə can atması kobud bir səhvdir. Əsl təsvir təqlid olunmayan təsvirdir.Digər tərəfdən, hadisələri eyni tonda, ahəngdə nağıl etmək gərək idi. Sanki hadisələri danışan şəxs söylədiklərinin hamısını başa düşmür, sonradan nə baş verəcəyini bilmir. Alvaro bu prinsipləri əsas tutur əsərin strukturunu müəyyən etdiyindən sevinirdi.

Vanna otağında dayanıb qonşudan gələn səslərə qulaq asmağın effektliyini də sınadı. Çox zaman qonşuların söhbətləri bir-birinə qarışsa da işıqlı həyətə açılan kiçik nəfəslikdən gələn bu səslər çox aydın idi. Və Kasareslər ailəsindəki söhbətləri ayırmaq Alvaro üçün çox asan olurdu. Tək ona görə yox ki, səhərlər digər mənzillərdə səs kəsilirdi və yalnız qab-qacaq səsi eşidilirdi, həm də ona görə ki, – Alvaro bunu sonradan aşkar etmişdi, -Kasaresgilin pəncərəsi onun pəncərəsinin düz yanında idi. Buna görə də, oradan gələn səslər çox aydın eşidilirdi.

Alvaro unitasda oturaraq səslərə qulaq asırdı. Onları aydın eşitmək üçün az qala nəfəsini içinə çəkib saxlayırdı. Mənzillərdən gələn səs-küyün içində Kasareslərin səhərlər yuxudan necə qalxdıqlarını, bir azdan uşaqları oyadıb, yuyunmağa göndərdiklərini, güzgünün qarşısında dayanaraq özlərini qaydaya saldıqlarını, sonra səhər yeməyini hazırlayıb onu necə iştahla yediklərini (ardıcıl icra olunan bu hərəkətləri o həm də intuisiya ilə hiss edirdi) eşidirdi. Sonradan ata uşaqları kollecə ötürüb, tez də evə qayıdırdı. O zaman ər-arvad evi birgə yığışdırır, təmizləyir, arabir zarafatlaşırdılar, bazara da bir yerdə gedir, xörəyi də köməkli hazırlayırdılar. Gecənin sakitliyində qadının ləzzətlə güldüyünü eşidirdi. Yarıqaranlıq otaqdan eşidilən ehtiraslı pıçıltılar, həyəcanlı nəfəsalmalar, şəhvətin odlu, sürəkli səsləri altında çarpayının ara verməyən cırıltısı və qəfil səssizlik… Səhərlərin birində isəduşun şırıltısına qarışmış qəh-qəhəli gülüşlərlə bir yerdə çimdiklərini eşitdi. Başqa bir gün isə xanımı ev işləri gördüyü zaman ehtirasını boğa bilməyən senyor Kasares qəflətən, onuqucağına basaraq nəfəsi kəsilə-kəsilə soyundurmağa çalışırdı. Qadın əvvəlcə ərinin qolları arasından guya çıxmağa çalışsa da (Alvaro bunları eşitdiyi sözlərdən, hərəkətlərdən duyur, təsəvvüründə canlandırırdı.) heç dəqiqə ötməmiş oyanan bədəni ilə ona təslim oldu.

Alvaro diqqətlə qulaq asırdı. Bütün bu söhbətlərin onun üçün elə də yararlı olmaması onu hövsələdən çıxarırdı. O, bir neçə boş kaset almışdı. Qonşu pəncərələrdən gələn bütün səsləri, əl-üzyuyanın yanındakı elektrik açarına səs yazan aparatı birləşdirərək lentə köçürmək istəyirdi. Ancaq bütün bunlarınhamısını köçürməyin nə faydası? Yazdıqlarının çox kiçik hissəsi novellaya yarayırdı. Və bu Alvaronu çox təəssüfləndirirdi. O, ailələrdə baş verən mübahisələrin kəsilməsindən təəccübləndi. Hər bir cütlük çətin dövrlərdən keçir. Bu fikri əsas tutaraq istəyirdi ki, onlar da bu keçidlərə cavab versinlər. Yazdığı kitab indi-indiöz yoluna düşürdü. İndi əsərin süjet xətti aydın görünməyəbaşlamışdı və özüllər də möhkəmlənirdi. İndi elə bir yerdə idi ki, əsərin ideyasının açılmasına təkan verə biləcək qüvvəyə ehtiyac duyulurdu. Ailədə gedən xirda söz-söhbətlər novellanı davam etdirmək üçün işini asanlaşdırırdı. Buna görə də, pəncərədən gələn gülüşlər, gecə pıçıltıları Alvaronu elə qıcıqlandırırdı ki, az qalırdı onda allergik reaksiya yaratsın. Deyəsən, Kasareslər Alvaronun novellasına görə dava etmək fikrində deyildilər.

Növbəti gün yenidən Enrike Kasaresin evdən çıxmasını gözlədi. Yenə də liftdə qarşılaşdılar,söhbət etdilər və Alvaro avtomobili ilə onu zavodacan aparacağını bildirdi. Günortadan ötmüş, saat dördün ürəksıxıcı istisi, onların zavodun borularla havaya buraxılan qara tüstüsü, dumanı söhbətlərinə mane ola bilmədı. Siyasətdən də danışdılar. Kasares hökümətin qarasına danışırdı. Ötən seçkilərdə səs verməyə getdiyini,indi isə bundan peşman olduğunu etiraf edirdi. Alvaro düşündü ki, qonşusunun əhvalı get-gedə pozulur və o daha da coşurdu. Kasares dövlətin ağlasığmaz hərəkətlərindən, alçaqlığındancana doyduğunu da açıqca bildirdi. Özü də, dedi ki, bütün bunlar əsasən, seçicilərə, işçilərə qarşı edilir. Alvaro nəzakətli bir formada onun dediklərilə razılaşdığını bildirirdi. Söhbətlərinin bu yerində hər ikisi də susdu. Maşın zavodun avtomobil parkında dayandı. Kasares maşından düşməyə tələsmirdi. Alvaro hiss etdi ki, o, sözünü bitirməyib, nəsə demək istəyir. Əllərini əsəbi-əsəbi ovuşduraraq onu narahat edən şəxsi problemini bir hüquqşünas,həm də yaxın qonşusu kimi ona açmaq və ondan məsləhət almaq istəyir. Alvaro ona yardım etməkdə məmnunluq duyduğunu bildirdi. Ətraflı söhbət etməyi növbəti günə saxladılar. Enrike Kasares ona dərin təşəkkürünü bildirdi və qonşusu ilə sağollaşdı. Alvaro qonşusunuqızmar günəşin od ələdiyi meydançada uzaqlaşana qədər seyr etdi.

Növbəti gün səhər saat on ikidə Kasares Alvaronun evində qonaq oldu. Onlar böyük otaqda yumşaq kürsülərdə yerlərini rahatladılar. Alvaro ondan bir şey içmək istədiyini soruşdu. Kasares mədəni şəkildə onun təklifini rədd etdi. Alvaro qonşusunun üzündəki həyəcan və sıxıntını azaltmaqdan ötrü yaxınlarda yay məzuniyyətinə çıxacağından söhbət saldı.Kasares isə öz hayında idi,bu söhbətin ona dəxli olmadığından darıxdığını hiss etdi. Artıq keçirdiyi sıxıntını gizlətmirdi.

– Yaxşı olar ki, mətləbə keçək. Səninlə səmimi olmaq istəyirəm, – dedi.

Alvaro isəözlüyündə düşündü ki, onun bu ailəyə “siz” deyə müraciətdə davam etməsinə baxmayaraq, Kasareslər artıq ona “sən” deməyə öyrəşmişdilər. Bu onu narahat etmirdi. Qonşusu deyirdki,əgər mən bura gəlmişəmsə… çünki çaşqınlıq içindəyəm və sənə inanıram. Sözün düzü, mən bunu etməzdim, əgər sən məndə etibar hissi oyatmasaydın.

Kasaresin gözlərində səmimiyyət sezilirdi. Alvaro boğazını arıtladı. Onun bütün diqqəti qonşusunda idi. Enrike Kasares izah etdi ki, çalışdığı kompaniya idarə işçilərinin sabit heyətini müəyyənləşdirməyə başlamışdır. İş yerlərinin ixtisara salınması ona heç də yaxşı bir şey vəd etmirdi. Artıq onun işdən azad edilməsi prosesinə başlanmısdır. Qəzetlərdə işçilərin tətilə çıxdığını oxumuşdu. Həmkarlar İttifaqı müəssisəvə nazirliklə əlaqəsini kəsmişdi. Bu cür vəziyyətə düşmüş işçilərin aqibəti həddən artıq acınacaqlı idi. Onun vəziyyəti bir qədər fərqli idi. Kasares öz vəziyyətini fərdiləşdirmək üçün xırda detallarla danışdı. Dedi ki, ərizənin geri götürülməsinin nə dərəcədə mümkün olub-olmadığını bilmir. Saysız-hesabsız qanun və göstərişlərin arasında itib-batmamaqçün vəkilə ehtiyacı var. Bunları deyib sonda əlavə etdi:

  • Əlbəttə, nə qədər lazımdırsa ödəyərəm.

Alvaro hər hansı birrazılıq, yaxud təkzib jesti ifadə etmədən oturduğu yerində düşüncəyə dalmış kimi səssiz  qaldı. Qonağı isə çiyinlərindən ağır daşı atmış kimi rahatca nəfəs aldı. Dedi ki, bax indi bayaq təklif etdiyi pivə olsaydı məmnuniyyətlə içərdi. Alvaro mətbəxə keçdi və iki şüşə pivə gətirdi. Bir yerdə içdilər. Kasares yükdən azad olmuş kimi tam rahat idi.Dedi ki, zavoddan aldığı maaş ailənin yeganə dolanışıq yeridir, əgər belə olmasaydı heç onu narahat etməzdi.Enrike Kasares xahiş etdi ki, aralarındakı söhbəti heç kimə danışmasın. İstəmirdi arvadı bundan xəbər tutsun və narahat olsun. Alvaro onun işinə ətraflı baxacağına söz verdi və onu əmin etdi ki, hər hansı bir nəticə əldə edən kimi həmin dəqiqə ona xəbər verəcək. Sağollaşdılar.

5

Novellanın yazılmasıbir müddət ləngidi. Alvaro Enrike Kasaresin məsələsinə baxmaq üçün bütün gücünü səfərbər etməli oldu. Bütün lazımi informasiyanı əldə etdikdən sonra işi diqqətlə öyrəndi, hər şeyi bir daha nəzərdən keçirdi, digər analoji hallarla tutuşduraraq müqayisələr apardı. Belə düşündü ki, ən pis halda, yəni işdən çıxmalı olsa belə, müəssisənin ona verəcəyi kompensasiya Kasaresin kiçik məvacibdən iki dəfə artıq olacaqdı.

Vəziyyətə aydınlıq gətirdikdən sonra bu məsələdə iki yol seçdi:

a) Əgər ərizəni geri götürsə, ola bilər ki, onu işdə saxlasınlar və ya çox kiçik bir maddi ziyan dəysin, –bu fərziyyənin gerçək olması o zaman baş verər ki, müəssisə işdən azad edilmiş işçini geri götürmə məcburiyyətində olmadığını əsaslandıran qanuni bir sənəd göstərə bilər. Belə olan halda da, –Alvaro fikrində davam etdi – Kasares mənə minnətdar olar. Ancaq bununla bərabər pulu və vaxtımı itirmiş olaram və buna baxmayaraq xırda zəhmət haqqı almaq niyyətim yoxdur.

b) Əgər hadisələrə ciddi müdaxiləsiolmasa, onların təbii yolla cərəyan etməsinə şərait yaratsa, yenə də gonşusu ilə hörmət-izzətiöz yerində qalacaqdı. Belə ki o, Alvaronun onun probleminə göstərdiyi diqqətini, əziyyətini başa düşüb qiymətləndirməli idi. Bundan əlavə Alvaro canyananlıq edib qonşusuna sərf etdiyi bütün vaxtına görə ondan bir qəpik də olsun almazdı. Digər tərəfdən əmin idi ki, qonşusunun yeganə gəlir mənbəyi olan işini itirməsi sözsüz, ailənin münasibətlərinə də öz təsirini göstərəcək və korlanmış münasibətlərin mənfi nəticəsini izləməsinə imkanı yaranacaqdı. Novellasına görə o, bunu əldən vermək istəməzdi. Belə bir hal Alvaronun işini qeyri-adi bir formada asanlaşdırar və əsəri işləyib sona çatdırmasına böyuk şans verərdi.

Kasareslə görüş vaxtını təyin etdi. Gördüyü işlər barədə ona məlumat verdi, nazirlikdə və Həmkarlar İttifaqındakı araşdırmaların nəticəsini ortaya qoydu, məsələyə analoji misallarla aydınlıq qətirdi, bəzi hüquqi xırdalıqları başa saldı, sonda bu dedikləri o qədər də inamlı səslənməsə də, fikrini belə tamamladı:

– İnanmıram ki, şikayətin qəbul edilməsinə bir şans ola.
Enrike Kasaresin sifətində intizar sezilirdi, ancaq tezliklə bu emosiya ümidsizliyə çevrildi. Qalstukunun düyününü boşaltdı. Dirsəyini dizinə söykəmiş halda sanki cətinliklə nəfəs alırdı. Araya sakitlik çökdü. Kasaresin gözləri qaşındı. Alvaro bütün gücü ilə ona dəstək olacağını söylədi. Onların arasında münasibət yenicə qurulurdu. Bunu davam etdirməli idilər. O, qonşusuna ürək-dirək verdi,dedi ki başqa vaxtlarda olduğundan da sakit olmalıdır. Kişinin mərdliyi, dözümü belə vaxtlarda üzə çıxır, odur ki, həyəcanlanmağa dəyməz. Qonşusunu ruhlandırmaq üçün onu da əlavə etdi ki, hər şeyə çarə tapılar.

Kasares mətbəxin pəncərəsindən baxırdı. Bu zaman pəncərənin altına bir göyərçin gondu. Alvaro fikir verdi ki, qonşusu sarsıntı keçirir. Kasares ona verdiyi əziyyətə görə üzr istəyib minnətdarlığını bildirdi və qapıya doğru irəlilədi. Alvaro alicənablıqla ona heç bir minnətdarlığın gərək olmadığını söylədi. Qapıda dostcasına əlini onun çiyninəqoyub möhkəm olmasını tapşırdı. Kasares qonşusunun mənzilini başını köksünə əymiş halda tərk etdi.

Həmin anda Alvaro əl-üzyuyanın yanına balaca bir masa, oturacaq və maqnitofon gətirdi. Onu masanınüzərinə qoydu. Dəftər-qələmi də yanında idi. Ayaq üstə qalmasın deyə, özünə oturacaq gətirdi. Nə vaxt ki qulaqasma seansına başlayırdı, bina sanki səs-küylü qarışqa yuvasınadönürdü. Bu səs-küydən bir şey anlamaq üçün elə səsə öyrəşmək gərək idi. O da artıq öyrəşmişdi. İndi qonşu ailədəki bütün səsləri çox aydın eşidirdi. Kişi qadına vəziyyəti başa salırdı. Deyirdi ki, artıq çıxış yolu yoxdur və onlar bununla razılaşmalıdılar. Arada su borusundan yayılan səs dialoqu kəsdi. Alvaro kasetiin düyməsini basıb, ağzından bir söyüş çıxartdı. Ara sakitləşəndən sonra bərpa aparatı yenidən işə saldı və qadının ərinə necə təskinlik verdiyini eşitdi: “Hər şeyin çarəsi var həyatda”. Kişi də cavabında mızıldadı ki, Alvaro da bu sözlərlə onu sakitləşdirmişdi. Qadın Alvaronun bütün bunlara nə aidiyyatı olduğunu soruşdu. Kişi etiraf etdi ki, gonşusundan məsləhət almağa getmişdi. Çünki, bilirdi ki, qonşusu vəkildir və buna görə də ondan kömək istəyirdi. Qadın buna etiraz etmədi. Dedi ki, Alvaroya etibar etmək olar. Kişi onun ürəyiaçıq, mədəni bir insan olduğunu söylədi, onu da dedi ki, yad ola-ola onun işinə bu qədər maraq göstərib, kömək etmək istəməsi əsl alicənablıqdır və ona bu qədər başağrısı verdiyi üçün utanır. Kasares arvadına onu da dedi ki, mənə görə bu qədər vaxt itirdi, çalışdı, əvəzində bir qəpik də istəmədi… Bu zaman digər qonşu mənzildən bir musiqi səsi eşidildi. Üzü sızanaqlı qəzet müxbiri Bryus Sprinqstinə qulaq asırdı.

Alvaro bu səsdənqıcıqlanmadı. Əksinə, mahnı ona ləzzət elədi. Fikirləşdi ki, təzəcə yazdığı lent yazısından novellasında istifadə edə bilər. Müəyyən parçaları işləyib təkmilləşdirdikdən sonra dialoq canlı olmasıyla, öz pauzalarıyla, tərəddüdlərilə çox əla alındı. İlk uğurunu davam etdirmək üçün vanna otağında səsyazan aparat quraşdıracağını qərara aldı. Və düşündü ki, evdə olmadığı vaxtlarda aparat bütün danışıqları qeydə alacaqdır. Özü də gələn həftə söz-söhbət daha da qızışmalıydı.

Növbəti gün yenidən novellanın redaktəsinə başladı. Ailə barəsində olan süjet xəttini heç bir çətinlik çəkmədən beynində qururdu. Hadisələr indi asanlıqla yazılırdı. Ancaq qoca Montero tərəfdən belə optimist düşünməyə əsas tapmaq olmurdu. Cavan ailədən fərqli olaraq, Alvaro burada hər hansı bir çıxış nöqtəsindən məhrum idi. Bunlarsız onun təxəyyülü bataqlıqda çabalayırdı. Hadisələr kimi personajları da sona çatdırmaq üçün reallığa ehtiyac vardı. Bununla belə, qocayla mümkün qədər tez əlaqəyə girmək lazım idi. Bu yaranacaq çətinlikləri malalayacaqdı. Ancaq əsas problem onunla dostluq əlaqəsi qurmaqdan ibarət idi. Düzdür, onunla tez-tez aşağıda, supermarketdə üz-üzə qəlirdi və onların əlaqəsi yalnız “salam”dan ibarət idi. Onun sərt xarakteri mehribançılıq yaratmağa mane olurdu.

Zəng səsi eşidildi. Madyan qapıda göründü. Alvaro dedi ki məşğuldur. Qapıçı qadınözünü içəri elə dürtdü ki, Alvaro onun evə keçməsinə mane ola bilmədi.

– Çoxdandır bir-birimizi görmürük,- deyə, qapıçı qadın dərindən ah çəkdi. Bu zaman üzündə yenə yalançı bir təbəssüm peyda oldu. İstədi aralarında olub-keçən münasibəti sözarası yadına salsın,  ancaq düşündü ki, bu elə də yaxşı alınmayacaq. Odur ki,-sən məni bir az unutmusan, deyib, işvə ilə üzünə baxdı.

Alvaro bir az yumşaldi. Bundan ürəklənən qadın şirin dilini işə saldı:
– İşlərin necə gedir?

  • Pis,- deyə Alvaro ağır-ağır cavab verdi.

Qapıçı artıq diqqətini ondan çəkmişdi. Mənzili bir baxışa gözdən keçirib guya qeyri-adi, sözgəlişi xəbər aldı ki, niyə, nə baş verib?

– At iyi qəlir -Alvaro mızıldandı.

O, ayaq üstə, özü də narahat dayanmışdı.Ayağının birini qoyub, o birini götürürdü. Özünü elə aparırdı ki, güya Alvaronun kobud cavablarını eşitmirdi. Və qəflətən, həm də canıyananlıqla dedi:

-Qulaq as, sənin mənzilin nə gündədi! Mənə elə gəlir ki, burada qadın əlinin səliqəsiyoxdur.- Sonra da əlavə etdi: -İstəsən sənə yardım əlimi uzada bilərəm.

–Bundan savayı məni heç nə narahat etməz, -Alvaro qəflətən açılan şampan qapağı kimi partladı. Onun etiraz bildirən sözlərində bir qədər sinilik, mülayimlik, qorxu vətəhqir hiss olunurdu.

Qadın bunlara əhəmiyyət vermirmiş kimi təəccüblə ona baxdı:

– Sənə nəsə olub?

–Hə…

–Yaxşı da, özündən çıxma, de görüm, axı nə baş verib…

Alvaro ağzından od püskürdü:

–Day cana yığılmışam, – bu sözləri o, qışqıraraq dedi.

Qadın əvvəl ona təəccüblə, sonra isə bulanıq bir hiddətlə baxdı və:

– Mənə elə gəlir ki, belə davranışa layiq deyiləm, – dedi. Mən sadəcə halına acıdım, bir də istədim ki, bacardığım şəkildə sənə kömək edim. Əgər məni görmək istəmirsənsə, bunu açıqca deyə bilərdin.

Qapıya tərəf getdi. Sol əli ilə qapının tutacağından yapışıb açdı, nə fikirləşdisə, yarıaçıq qapıdan qayıdıb, az qala yalvarıcı səslə dedi:

– Mənə bax, əminsən ki, heç nə istəmirsən?

Alvaro səbrini güclə basıbdilinin ucundakı söyüşü geri qaytararaq alçaq tonda, amma əsəbi səslə :

– Əminəm,- dedi.

Qadın qapını çırpdı. Alvaro otağın ortasında ayaq üstə qalmışdı, onun sol ayağı əsirdi.

Həyəcanlı-həyəcanlı iş otağına qayıtdı. Bir neçə dəfə dərindən nəfəs aldı və tez bir zamanda sakitləşdi. Qapıçıyla ikinci görüşündə arvadın ona qoca Monteronun şahmata olan həvəsindən danışdığını xatırladı.

Alvaro öz-özünə dedi ki, bu istiqamətdə hücuma keçmək lazımdır. Ömründə bir dəfə də olsun şahmatla maraqlanmamışdı və heç oyunun qaydalarını da bilmirdi. Ancaq bu səhər yaxınlıqdakı kitabxanaya üz tutdu. Bir neçə kitab əldə etdi. Novellanın redaktəsini arxa plana atmalı oldu. Götürdüyü kitabları bir neçə günə qan-tər içində oxuyub başa çıxdı. Daha sonra peşəkar şahmat oyunçuları üçün nəzərdə tutulmuş kitablara üz tutdu. Müəyyən nəzəri biliklərə nail oldu. İndi onun yalnız təcrübəsi çatmırdı. Artıq çoxdan bəri əlaqəsi kəsilmişdostlarıyla bir neçə görüş təyin etdi. Onlar bu təklifi məmnuniyyətlə qəbul etdilər. Heç bir səbəb olmadan kəsilmiş dostluq münasibətlərini bərpa etmək üçün şahmat yaxşı bir bəhanə idi.

Alvaro görüşə əlində çamadanla gəlirdi. Çamadanın içində müxtəlif əşyalar vardı: bir neçə qələm, topa ağ kağız, kitablar, qeyd dəftərçəsi… Ancaq bu görüşlərdə Alvaro onlarla nə bir kəlmə kəsirdi, nə də yanına qoyulan qədəhdən bir qurtum su da içmirdi. Dostları adi musiqiyə də qulaq asa bilmirdilər. Çünki Alvaro deyirdi ki, səslər, fikrini cəmləməyə mane olur. Salam-kalamdan başqa aralarında elə bir söz-söhbət olmurdu. Oyun bitən kimi Alvaro bir bəhanə gətirib onlarla tələsik sağollaşıb ayrılırdı.
Görəndə ki artıq rəqibləri ona müqavimət göstərə bilmirlər, dostlarınecə deyərlər, daha ona lazım olmurdu. Və öz oyununu təkmilləşdirməkdən ötrü özünə yeni rəqib axtarmağa başladı. Bunun üçün o, yeni bir kompüteraldı. Səhərdən axşamacan, hətta gecənin orta çağında belə ekranın qarşısındançəkilmirdi. Çox az, həm də pis yatırdı. Gecədən yarımçıq qoyduğu oyununu davam etdirmək üçün səhər tezdən durmalı olurdu.

6

Bu gün yenə də həmişəki kimi saat səkkizdə qalxıb soyuq duş qəbul etdi və qocanı görmək ümüdi ilə supermarketə düşdü, ancaq onu görmədi. Meyvə şöbəsində xırda oğurluqlar edə-edə portağallara, armudlara, zənbillərdəki kiçik limon təpəciklərinə baxdı. Satıcıdan çiyələyin nə vaxt gətiriləcəyini soruşdu. Bu anda gocanı gördü. Satıcının cavabı elə ağzındaca qurudu. Çünki Alvaro artıq kassaya doğru irəliləyən Monteronu qaralamışdı. Dükandan çıxarkən onunçün qapını açdı. Evə qayıdan baş qırsaqqız olub qocanın yaxasından yapışdı. Havadan danışdı, pilləkənlərin çirkli olmasından, bütün binadakıları bezdirərək sifarişləri evə çatdıran satıcılardan qeybət elədi. Elə hey mövzunu tez-tez dəyişirdi, biri bitməmiş, o birinə keçrdi. Onun simpatiyasını qazanmaqçün qapıçı qadının da qarasına yarıciddi, yarızarafat nələrsə danışdı. Qoca əvvəl ona soyuq baxışlarla baxdı, sonra isə onun ev işlərinə kömək edən bu qadını təriflədi. Onu da dedi ki, bu qadının sayəsində pilləkəni həmişə təmiz olur. Binanın girişinə çatanda Alvaro söhbəti dəyişdi. Aldığı kompüterdən danışdı və dedi ki, ondan şahmat oynamaq üçün istifadə edir.

-Özünü tərifləmək olmasın, ancaq mən doğrudan orta səviyyəli oyunçudan yaxşı oynayıram, – deyə Alvaro guyaözündən razı tərzdə dedi.

Qocanın sifətində istehzalı bir təbəssüm yarandı.- Yaxşı görək!-deyə qoca Montero dilləndi.

Alvaro qısa şəkildə şahmata aid terminlər işlədərək, bu sahədə bəzi uğurlarından lovğa-lovğa danışdı. Qələbəsini artırmaq üçün hələ bir neçə başqa variantıda şərh etdi. Kompüterində şahmat oyununun on beş mərhələdən ibarət olduğunu və onbeşinci mərhələdə ona hansısa cüzi müqavimət göstərildiyindən fəxrlə danışdı. Qonşusunun özündən razı halda danışmasından az təəccüblənən və çox qıcıqlanan Montero özünün də şahmat oynadığını elan etdi. Alvaro buna çox məmnun olduğunu bildirdi (əslində onunla yaxınlıq yaratdığına sevinirdi). Ertəsi gün qoca Monteronun evində görüşməyə razılaşdılar.

Alvaro evə gələn kimi qonşusu ilə söhbətindən özünü qane olmuş kimi, həm də narahat hiss etdi. Qane olması onunla əlqədardı ki, nəhayət, qocanın evinə yolu açılmışdı Narahatçılığının səbəbi isə, özünü lazım olduğundan da artıq tərifləməsi idi. Və bu da qurduğu əməliyyatı təhlükə altına ata bilərdi. Bilmək olmaz, qocaMontero daha parlaq oyun nümayiş etdirərdi və əgər qonşusu onun işini bitirsəydi, o, məhəllənin gopçusu kimi tanınacaqdı. O zaman nəinki şahmatın öyrənilməsinə və ümumiyyətlə novellanın yazılmasına sərf etdiyi vaxtı, eyni zamanda qocanın etibarını da itirmiş olardı, onunla bütün əlaqələri kəsilərdi və hətta novellasının yazılması təhlükə altına düşərdi.

Uduzmaq təhlükəsindən qorxaraq oyun açılışlarını təkrarlamağa başladı. Bu vaxt qapı döyüldü. Alvaro gələnin qapıçı qadın olduğunu güman edib, yerindən belə qalxmadı. On dəqiqə sonra qapı yenə də həyasızcasına döyülürdü. Əsəbi-əsəbi gözlükdən baxmadan qapını açdı.

-Salam! – üzü sızanaqlı müxbir idi-. Bura bax, narahat etdiyimə görə üzr istəyirəm, ancaq evdə özümə yemək hazırlayırdım, birdən gördüm ki, kartofum qurtarıb. Gec olduğu üçün əminəm ki supermarket bağlıdır. Və öz-özümə dedim ki, Alvaro məni əliboş qaytarmaz. Çünki o ehtiyatlıdır.

Alvaro sakitcə onu dinləyirdi. Hiss etdi ki, mədəsi ağrıyır. Ağrı həmişə onun mədəsini nişan alırdı.

–Alvaro,-müxbir ehtiyacın tələb tonunda yenidən dilləndi  – üç-dördü bəsimdi.
–Heç biri də yoxdu.
–Bəs yağ?

–Yoxdu

–Yaxşı, onda mənə bir az duz ver.

Müxbir mətbəxə doğru yol aldı. Alvaro bir paket duzu götürüb ona təklif etdi və özü də qapıya doğru getdi. Bir əli qapıdan tutmuş halda otağın ortasında dayanmış qıza baxdı. Qızın üzündəki ifadə eynilə qədim roma xarabalıqlarını görən adamın ifadəsinə bənzəyirdi. Bir anlıq qız onun gözündə bu vaxta qədər düşündüyündən də cavan göründü. Yaşlı qadın davranışına baxmayaraq gəcn idi. Hardan ağlına gəldi ki, bu qız müxbirdir? Onda belə bir əminlik vardı ki, bu qız hələ təhsil alır, çünki ona iyirmidən artıq yaş vermək olmazdı. “On veut bien être méchant, mais on ne veut pas être ridicule.” Onu gülünc yerinə qoymaq, etik normalara sığmayan bir hərəkətlə sırtıqcasına evə soxulması əla bir lətifə mövzusu idi.

-Bura bax! – kinayəylə – sən axır vaxtlar yaman utanmazlıq edirsən, haa…-Qız dərindən nəfəs aldı və təzyiqlə nəfəsini buraxıb gülümsər halda dedi .

–Səndən fərqli olaraq mən vaxtımı evdə öldürmürəm.-
Alvaro qızardı. Müxbir ona qapını açmaqda kömək etdi və sağollaşdı. Alvaro yarıaçıq qalmış qapıda dayanıb,sol əli qapının tutacağında, sağ əlində isə duz paketi… Nə fikirləşdisə,duzu başınavurdu. Sonra onuayaqyolu çanağına boşaltdı və suyu buraxdı. Yenidən öz yazı masasının arxasına keçdi. Qapıçı qadının yarıaçıq qapının arasında qaldığı gözünün qabağına gəldi. Canından soyuq tər axdı. Yuxuda gördüyü yaşıl çəmənlikdəki qızıl tutacaqlı ağ qapı yadına düşdü. İçində güldü və fikirləşdi ki, bütün bu uyğunluqlardan işlədiyi novellada istifadə edəcəkdir.

Qapının zəngi yenidən çalındı. Bu dəfə o, ayaqlarının ucunda qapıya yaxınlaşıb nəfəsini içinə çəkibgözlükdən baxdı. İrene Kasares təkərli bazarlıq zənbiliylə dayanmışdı.. Alvaro dəhlizdəki güzgünün qabağında qarışıq saçını qaydaya saldı, qalstukuna düyün vurub boynuna keçirdi.

Qapını açdı və ikisi də mehribancasına, gülərüzlə salamlaşdılar. İrene Kasares Alvaronun narahat etmədiyini bilsə dəiçəri keçmək istəmədi. Qonşusu isə onu təkidlə evə dəvət etdi.Üzbəüz əyləşdilər. Araya sükut çökdü. Sonra qadın dedi ki, ərinə etdiyi köməyə görə minnətdarlığını bildirməyə gəlmişdir. Dedi ki, əri ona hər şeyi danışıb və heç bilmir ki, bunun əvəzini necə ödəsin (Alvaro əlilə ürəkaçıqlıq jesti göstərdi. Bunu elə etdi ki, elə bil pul barəsində o qətiyyən düşünməmişdir). Bundan sonra da yaxın qonşu və dost kimi ona etibar edə biləcəklərini bildirdi. Bu zaman o, qadının mülayim və sakit təbiətli biri olduğunun fərqinə vardı. Onun iri mavi gözləri vardı, səsi aydın idi və bütün bədənindən otağa təravət yayılırdı. Geyimi ilə kasıb şahzadəni xatırladırdı.

Alvaro gəldiyinə və dediyi sözlərə görə ona öz minnətdarlığını bildirdi. İnandırmağa çalışdı ki, onun yerində başqa adam olsaydı o da belə edərdi. Alvaro onun çəkmədiyini bilsə də ona siqaret təklif etdi. Özü də birini yandırdı. Onlar siqaretin ziyanından, yaratdığı təhlükədən, tütünə qarşı mübarizə aparan kompaniyalardan söbət etdilər. Alvaro dedi ki, əvvəllər bir neçə dəfə tərgitməyə cəhd göstərmişdir. Nəticə isə göz qabağında idi. Köhnə vərdişlərdən əl çəkmək çox çətindir. Qadın isə onu artıq beş il bundan qabaq böyük iradə və inamla dəf etdiyini bəyan etdi. Bir qədər sonra getməli olduğunu dedi. Dedi ki, evdar qadının boş vaxtı olmadığından o,bir yerdə çox qala bilmir. Ayağa qalxdılar.Alvaro nəzakətlə qeyd elədi ki, əmək bazarındakı vəziyyətdən xəbərdardır və öz əlaqələrindən istifadə edib xanımın əri üçün bir şey fikirləşər. Az gəlirli iş, işsiz qalmaqdan yaxşıdır. Bu sözlərdən təsirlənən xanım həyəcan dolu səmimi baxışlarla ona təşəkkür etdi. Az qala pıçıltı ilə dedi ki, bu onların ailəsi üçün çox vacibdir. Qorxudan zənbil tutmuş əlləri rəqs edirmiş kimi əsəndə qadın vəziyyətin nə dərəcədə çarəsiz olduğunu dərk etdi. Qapını açdı, sol əlilə tutacaqdan tutub yarıaçıq qalmış qapının arasından geriyə döndü, nəsə əlavə etmək üçün bir söz demək istəyirdi. Alvaro da öz növbəsində verdiyi vədləri tələsik təkrarladı, elə bil ki, qadının tez getməsini istəyirdi. Onu da əlavə etdi ki, bir gün onları qonaq çağıracaq. Alvaronun bu sonuncu cümləsi ona görüş vaxtının müəyyənləşdirilməsində tam sərbəstlik verirdi. Senyora Kasares onun bu təklifini qəbul etdi.

Bir axşam ofisdən qayıdanda Alvaro özünü yorğun hiss etdi. Şam yeməyi hazırlaya-hazırlaya öz-özünə düşündü ki, son vaxtlar gərgin işləyir. Bəlkə də bir neçə günlük məzuniyyət onun xeyrinə olardı. Şam elədi və televizorun qarşısında əyləşdi. Yerinə girməyə hazırlaşanda, təxminən gecə saat on ikidə, kiminsə gonşusunun qapısını qurdaladığını eşitdi. Daha sonra zərbə səsləri gəldi. Bu səs daxildən qapı zəncirinin bayır tərəfdən təzyiqə məruz qaldığını göstərirdi. Alvaro cəld qapıya yaxınlaşıb gizlincəgözlükdən baxdı. Kasareslər ailəsi yarıaçıq qapının o tərəf-bu tərəfində dayanıb mübahisə edirdilər. Səsləri aşağıdan gəlsə də az-az nəsə ayrıd etmək olurdu. Alvaro söhbətin heç olmasa müəyyən bir hissəsini aparata yazmağı ürəyindən keçirdi.

Tələm-tələsik maqnitofonu axtardı, tapan kimionu girişdəki elektrik açarına birləşdirdi. lenti qoyubonu işə saldı.

Qadın yavaş səslə ərininevə belə gec gəlməsindən boğaza yığıldığından gileylənirdi. Söhbətlərindən anlaşılanlar bu idi: Qadın sərt şəkildə bildirdi ki, əgər özünü belə aparacaqsa gedib başqa yerdə gecələsin. İçdiyi şərabın təsirindən ağzı söz tutmayan kişi az qala yalvararaq onu evə buraxmağı xahiş edirdi (bu zaman elə bil dili damağına yapışırdı, sözlər ağzından əzilə-əzilə tökülürdü). Etiraf etdi ki, dostları ilə oturub içiblər. Dərhal da əlavə etdi ki, məgər onun bütün günü evdə boş-bekar gözlərini televizora dikmək istəyir? Donuz kimi yeyib bundan da artıq kökəlməsinimi arzulayır?

Bir müddət səs-səmir gəlmədi. Alvaroya yalnız əsəb-həyəcan içində ah-uf hənirləri nəfəs-səsləri çatırdı. Tam sakitlik yaranandan sonra qadın qapını açdı.Alvaro maqnitofonu elektrik cərəyanından ayırdı, əlinə alıb dəhlizdən vanna otağına keçdi. Çanaqda oturub lenti işə saldı. Gərginlikdə olan əzələləri boşalmış, yorğunluq canından çıxmışdı.

Bu zaman kişi səsini qaldırdı, elə bil yenidən dirçəldi. Qadın dedi ki, uşaqlar yatır, qonşular da eşidər, bir az aşağı tonda danış. Kişi qışqırdı ki, onun vecinə deyil, nə qonşular, nə də ki uşaqları doğan fahişə. Deyird, artıq bezib, onun giç-gic məsləhətlərinə qulaq asdığı üçün belə bir vəziyyətə düşüb. Əgər onunla evlənməsəydi, əgər əfəllənib onun toruna düşməsəydi, ona bu sözləri başqa birisi deyərdi. Zəhləsi getdiyi bu şəhərə gəlməsəydi, sevdiyi bir işlə məşğul olardı. Zəhrimara qalmış bu ailəsini saxlamaq üçün, pula görə hər işin altına girməzdi.

Kişi birdən də səsini kəsdi. Fırlanan lentin sonuncu səsiqadın iniltisi oldu. Alvaro diqqətlə qulaq asırdı. Fırlanan kasetdə səsinin eşidiləcəyindən qorxub öz bədəniylə üstünü örtdü. Qadın səssizotaqda ağlayırdı. Bu zaman xırda nəfəslikdən gələn inilti gecə vaxtı kiminsə qulaq asdığı radio səsinə qarışdı. Ancaq kimsə daha möhkəm zarıyırdı. Bu kişi idi. Pəltək kimi qeyri-müəyyən sözlər danışırdı. Alvaroya bu səslər anlaşılmaz pıçıltılar kimi çatırdı.

Daha sonra yaxınlıq, etiraflar, şirin sözlər eşidildi. Tamaşanın axırı idi.
Maqnitofonu şəbəkədən ayırdı, əlinə alıb qonaq otağına keçdi və lenti başa yığdı. Mədəsindən gələn səs-küy ona aclığıdan xəbər verirdi. Mətbəxə keçdi. Özünə çörəkarası kotlet hazırladı, bir az da pendir və yağ götürdü. Hamısını məcməiyə yığıb bir pivə də açdı. Götürüb maqnitofonun yanında özünə yer elədi. Elə ac idi ki, yediyini çeynəməmiş, diri-diri ötürürdü. Tezbazar yeyib qurtarıb bir neçə dəfə lentə qulaq asdı. Əla bir material əldə etdiyini düşündü. Borcunun yerinə yetirilməsindən razı halda çarpayıyauzandı. Həmin dəqiqə də söndü, düz yeddi saat…

Bu gecə o, yenidən yaşıl çəmənlikdə gəzirdi. Orada ağ atlar kişnəyirdi. Onlar elə ağ idilər ki, Alvaro hətta bir az qorxdu. Uzaqda bir təpə gördü və ona elə gəldi ki, böyük bir mağaranın içindədir. Çünki səma elə bil daşdan idi. Ayaqlarına güc vermədən təpənin yamacıyla qalxırdı. Orada heç kim yox idi, nə bir quş, nə də adi bulud. Dəhşətli bir külək qalxdı və onun uzun saçları üzünü və gözlərini tutdu. Birdən yadına düşdü ki, çilpaqdır. Bununla belə soyuğu hiss etmirdi. İstədiyi ancaq heç bir quş olmayan təpənin yaşıl zirvəsindəki qızıl tutacaqlı ağ qapıya çatmaq idi. Gördü ki nəm otun üzərində bir qələm, bir kağız, xarab olmuş yazı makinası və tıqqıltı səsi verən bir maqnitofon var. Qapını açanda artıq başa düşdü ki, bu qapıdan keçə bilməyəcək. Və buna baxmayaraq qapının o biri tərəfində nəyi axtarıb güddüyünü bilirdi. Ancaq kimsə, nəsə onu geri dönməyə məcbur edirdi.

Ayaq üstə üzü yaşıl çəmənliyə doğru çönərək sol əliyarıaçıq qalmış qapının qızıl tutacağında qaldı.

7

Növbəti gün qocanın evinə gəldi. Solğun divarları olan otaqda masanın üzərindəşahmat lövhəsi göründü. Bu lövhədəfiqurlar yerbəyer düzülmüşdü.  Montero deyəsənonu çoxdan gözləyirdi. Alvaro evə daxil olandaəldən düşmüş qoca rəqibi onun əlini sıxarkən bir anlığa özünə əminliyini itirdi. Qoca ona içməyə nəsə təklif etdi. Alvaro minnətdarlıq jestilə onun təklifini nəzakətlə rədd etdi. Onlar masanın ətrafında üz-üzə əyləşdilər.

Alvaro bilirdi ki, öz niyyətinə çatmaq üçün çətinliklə də olsa tarazlıq yaratmalıdır: bir tərəfdən onun oyunu qocanı darıxdırmamalı,kifayət qədər səviyyəli olmalı idi. Qocanın gözlənilməz qələbəsi Alvaronun bütün ümidlərini puça çıxartdı. O, bütün oyun ərzində özünü şah vəziyyətində saxlamalı, ondan üstün olmasını nümayiş etdirməli idi. Özü də bunu elə etməli idi ki, qocada onunla yenidən mübarizəyə girişməyə həvəs qalsın. Digər tərəfdən uduzmalı idi, eynini açmaq üçün və bu yolla aralarında xoş bir münasibətin qurulması naminə uduzmalı idi, ən azı bu birinci görüşdə.

Qocanın vəziyyətdən çıxması onu təəccübləndirmədi. Alvaro düşünərək oynadı; ilk gedişlər gözlənilməz olmadı. Qoca dərhal hücuma keçdi. Bu manevr Alvaroya tələskənlik kimi görünsə də fikrini cəmləməkdə onu kifayət qədər ləngitdi. Müdafiə olunmağa çalışdı, ancaq daxilində tüğyan edən hirs onu sərbəst oynamağa qoymurdu. Rəqibinin özünə inamı, əmin olması oyununda da özünü biruzə verirdi və bu Alvaronu daha da qıcıqlandırırdı. Bundan təlaşa düşərək, çətin vəziyyətdə olan atını xilas etmək üçün onu geri çəkib əvəzində bir piyadanı qurban verməli oldu. Özünü çox narahat hiss edirdi, Montero isə fürsəti əldən buraxmırdı. Qoca laqeyd bir tərzdə şərh etdi ki, onun bu sonuncu gedişi çox riskli oldu və ona baha başagələ bilərdi. Qocanın özündənrazı jestlərindən yaxa qurtarmaq üçün Alvaro “ayağa qalxmağa” çalışdı. Qocanın bir neçə təhlükəsiz gedişlərindən sonra Alvaro nəhayət, dərindən nəfəs almağa macal tapdı və hətta öz fiqurlarını yerbəyer etdi. Monterodan bir piyada qopardı və oyunun tarazlığını bərpa etdi. Bu vaxt Montero səhvə yol verdi: sıxışdırılmış ağ fil artıq Alvaronun əlində idi. Güman etdi ki, bu fiqurun ona verdiyi üstünlük onu səthi oynamağa vadar edəcək – əgər sonradan pis vəziyyətə düşmək istəmirdisə – və bununla qoca bu gedişi Alvaronun hücumu kimi deyil, adi bir təsadüf kimi qiymətləndirə bilərdi. Alvaro qəsdən elə oynadı ki, fil vəziyyətdən çıxsın. Oyun artıq sabitləşmişdi.

Bu dəfə Alvaro ünsiyyət qurmağa çalışdı; qoca suallara başı ilə cavab verirdi. Cavablar aydın deyildi,elə bil sualları başdan etmək üçün verirdilər. Qoca gördü ki, bu heç də asan rəqib deyil. Və bu səbəbdən onun bütün diqqəti oyuna yönəlmişdi. Bir də ki, qocaya tələsmək sərf etmirdi. Əgər rəqibi ona belə diqqəti yayındıran suallar verirdisə də, onun müdafiəsinin ikiqat möhkəmləndirilməsi heç bir təəccüb doğurmurdu.

Qoca oyunu uddu. Bu qələbə sevincindən məmnunluğunu gizlədə bilmirdi. Bundan sonra o, səmimiyyətlə mat vəziyyətində qalan fiqurların mövqelərini şərh etməyə başladı. Qurduğu son hücumunu bir daha göstərmək üçün fiqurları yenidən düzdü. Bəzi xırdalıqları müzakirə etdilər və mümkün olan bir neçə variantlar irəli sürdülər. Qoca onu pivə içməyə dəvət etdi. Alvaro düşündü ki, alkaqol adamı dilləndirən bir şeydi və insanın bütün sirrini açır. Yadına düşdü ki, bura gələndə özlüyündə ehtiyatlı olacağına söz vermişdi. Uduzduğuna görə dilxor olduğunu bəhanə gətirərək pivədən imtina etdi və növbəti həftə üçün yeni görüş təyin etdilər.

8

Həmin gündən etibarən bütün əlavə məşğuliyyətini novellanın yazılmasına qurban verməli oldu. Tez qurtarmağa can atdığı işi yalnız ailədə davamlı olaraq baş verən söz-söhbətlər üzündən durdururdu. Bu mübahisələri yaradan gecəyarı evə sərxoş halda gəlmələr və bunların arxasında dayanan nəvazişlər, şirin sözlər, pçıltılı etiraflar, istəklər di. Alvaro bu səs yazmada elə bacarığa yiyələnmişdi ki, üzücü və çox zaman təkrarlanan mübahisələrdə “iştirak” etməyə ehtiyac duymurdu. Sadəcə öz otağına qayıdıb işini davam etdirmək üçün səsyazan aparatı işə salmaq kifayət edirdi. Digər tərəfdən onların münasibətlərinin belə korlanması Kasareslər ailəsinin xarici görkəmində öz izini goymuşdu: qayğısız görkəm verən Enrikenin dolu bədəni indi donuza oxşayan əcaib formaya düşmüşdü; qadının təravətli yanaqları yorğunluğun, əsəbiliyin təsirindənbənizi qaçmış, solğun vəziyyətdə idi.

Alvaro müxbirin ondan bir də kartof və duz istəməməsinə təssüflənmirdi. Ancaq qapıçı qadınla əlaqənin kəsilməsi təhlükəsindən qorxsa da onunla üzləşmək düşündüyü kimi çətin olmamalı idi. Bunun üçün də onunla yenidən barışmalıydı.

Ona baş cəkmək üçün aşağı düşdü. Görüşdülər. Alvaro qadını başa saldı ki, bəzi anlarda insan özündən çıxır və bu zaman özünə nəzarəti itirir. Belə hallarda insanın humanizm pərdəsi arxasında gizlənən ən murdar cəhətləri üzə çıxır. Bunun üçün də qapıçı qadından onu bağışlamasını istəyirdi. Etiraf etdi ki, o, kişiyə yaraşmayan hərəkət etmişdir.

Qadın onun xahişini böyük məmnuniyyətlə qəbul etdi. Alvaro tələsik dedi ki, son vaxtlar şəxsi karyerasında həddindən artıq gərgin günlər yaşayır. Düşdüyü vəziyyət nəinki onun əhvalsızlığının səbəbi olmuşdur, eyni zamanda işinə son dərəcə diqqətlə yanaşmağı tələb edirdi. Buna görə də aralarındakı münasibəti davam etdirmək mümkün olmamışdır. Münasibətlərində yaranmış soyuqluq qədər heç nə onu belə kədərləndirməzdi, ancaq gərginlik azalmayınca dostluğu arxa planda saxlamağa məcburdur. Və fikrini tamamlayaraq söylədi ki, aralarındakı münasibət səmimi olduğu üçün onlara heç nə mane ola bilməz. Alvaronun bu gözəl nitqindən məftun olan qadınbütün acıları unutduğunu və onu bağışladığını dedi.

Çempionat qoca Monteronun evində davam etdi. Alvaro fikir verirdi ki, hər şey qocanın nəzarəti altında baş verir: ağ və ya qaralarla oynadığını o qərarlaşdırır, hücumunu o qurur və oyundakı üstünlük daima onun tərəfində olur. Qələbələrin sayca çoxluğu da onda idi. Alvaronun əldə etdikləri isə yalnız məğlubiyyətlər idi. Elə onları bir-birilə görüşdürən də məhz məğlubiyyətlər olmuşdu. Onların söhbəti yavaş-yavaş öz sərhədlərini genişləndirərək şahmatdan kənar, digər mövzuları da əhatə etməyə başladı. Alvaro fikir verdi ki, qoca yaşına görə həddən artıq içirdi O, buna təəccüblənirdi Alkaqolu çox qəbul etməsi onun danışığında hətərən-pətərənliyə gətirib çıxarırdı.

Qoca əsasən siyasətdən danışırdı. Deyirdi ki, həmişə sağ partiyaya səs vermişdir. Belə hesab edirdi ki, demokratiya zəif xalqların yoluxduğu xəstəlikdir. Bu xəstəlik onu tələb edir ki, aparıcı qüvvələr sayılan elita xalqın formasız çoxluğunda öz cavabdehliyindən imtina etsin. Və elitasız xalq itib-batmış bir xalqdır. Bir də ki, qeyri real bir fikri əsas tuturdu: ictimai səs vermə hüququ; qapıçının verdiyi səs hansısa bir vəkilin verdiyi səslə bir ölçülmürdü. Alvaro bu fikirlə razılaşırdı. Qoca dövləti tənqid etməyə başladı. Azğınlıqla sağ partiyaları hədəfinə almışdı. Hesab edirdi ki, öz prinsiplərini unutmuşdular, məqsədlərindənəl çəkmişdilər. Onun məzəmmətlərində ədavət hissi Alvaronu sarsıdırdı.

Qoca özünün hərbi keçmişindən də danışırdı. Brunete və Ebra döyüşlərində vuruşmuşdu. Həyəcanla şəhidləri, mərmilərin yaratdığı toz dumanını və qəhrəmanı yada salırdı. Günləin birində uzaqdan da olsa, general Valeranı görmüşdü; başqa bir gün hələ hərbi təhsilini bitirməmiş bir kiçik leytenantın qucağında necəcan verdiyini də xatırladı. Onu ön cəbhə xəttindən təhlükəsiz məntəqəyə çatdırdıqları zaman qanaxmadan dünyasını dəyişmişdi. Hadisəni danışanda keçmiş cəbhəçinin gözləri yaşardı.

Bütün bu söhbətlərdən Alvaro başa düşdü ki, başqalarına olan acıq qocada konkret insanlara deyil,dünyaya qarşı idi. Mərdliyinə qarşı edilən xəyanətin onda bu cür reaksiya verməsi təbii idi.

Onun yeganə qızı Argentinada yaşayırdı. Arabir onunla məktublaşırdı.Qoca bütün həyatı boyu yığdığı pulları nəvələri üçün saxlayırdı. Bir gün içkinin təsirindən, kefinin kök vaxtı varislərinin adını çəkərək qürurla dedi ki, bu sadə həyatında heç kimin təsəvvür edə bilməyəcəyi qədər var-dövlətə malikdir. Qətiyyətlə bildirdi ki, banklara etibar etmir. Bu vaxt qəfil qalxdı və üzərində təbiət mənzərəsi əks olunan şəklin arxasında, divarın içində bacarıqla hörülmüş, içi pulla dolu olan gizli dəmir seyfi qutunu göstərdi. Həmin anda qocanın gözləri parıldayırdı.

Alvaro bütün bu eşidib-gördüklərindən yamanca sarsılmışdı, elə bil şokdaydı. Bir neçə saniyədən sonra Alvaronun donu açıldı və dedi ki, o da nə vaxtdı pulunu bankdan çıxarıbmöhkəm bir yerdə gizlətmək barədə fikirləşir. Ancaq heç cür qərara gələ bilmir, çünki yerin təhlükəsiz olacağına əmin deyil. Qoca böyük bir vəcdlə qutunun üstünlüklərindən danışdı, elə bil mal satırdı və onun idarə olunma mexanizminin asan olmasını nümayiş etdirirdi. Onu əmin etdi ki, bu, bankdan qat-qat etibarlıdır və o, qutunun ağzını yalnız evdən çıxanda bağlayır.

Elə həmin gün Alvaro Kasareslər ailəsini şam yeməyinə dəvət etdi.Onlar düz saat 9-da gəldilər. Özü də yaman geyinib-kecinmişdilər. Qadının əynində dəbdən düşmüş, amma olduqca səliqəli paltar var idi,
saç düzümü də zərif və zövqoxşayan idi. Yanağına çəkdiyi boya dərisini solğun göstərirdi. Kişi isə özünü dar şalvara dürtmüşdü. Qarnı elə iri idi ki, pencəyinin yuxarı düyməsi bağlanmırdı. Açıq yaxasından güllü-güllü köynəyi görünürdü.

Alvaro Kasareslərə tamaşa etdikcə gülməkdən özünü güclə saxlayırdı. Ancaq həmin anda onu da başa düşdü ki, Kasareslər özlərinin ən dəbdəbəli paltarlarını geyinməklə maddi durumlarını nümayiş etdirmirdilər, onlar sadəcə olaraq, qonşunun dəvətini qəbul edib,hörmət əlaməti olaraq səliqəli geyimdə qəlmişdilər. Bunu başa düşəndə Alvaronun onlarahətta yazığı da gəldi, ürəyində mərhəmət hissi oyandı. Qonaqlar Alvaronun təklif etdiyi içkini içə-içə musiqiyə qulaq asarkən, Alvaro onların utancaqlıq, narahatçılıqlarını aradan qaldırmaq üçün söhbət etməyə mövzu axtarırdı. Masa arxasında əyləşənə qədər demək olar ki, hər şeydən danışdılar. Alvaro fikir verdi ki, qadın əsəbdən titrəyən barmaqlarıyla siqareti bir-birinin ardınca yandırır, hər hansı bir fikir söyləməkdən çəkinirdi.

Yemək vaxtı kişi ucadan danışıb-gülürdü Onun bu hərəkəti Alvaroya qeyri-təbii göründü, çünki qonşularının yaşadığı vəziyyəti nəzərə alsa, bu cür danışıb-gülmək elə də yerinə düşmürdü. İreneyə gəlincə o, ərinin özünü bu cür aparmasından, əhval-ruhiyyəsindən narahat görünmürdü. Buna baxmayaraq Alvaro ər-arvadın ona hörmət etdiyini bildiyindən, mövzudakı sərbəstliyi bir qədər cilovlamağı qərara aldı və söhbətin istiqamətini lazımi tərəfə yönəltdi. Məhəllələrindən danışdı, qonşular arasında olan münasibətlərdən söhbət açdı. Qapıçıların dalınca məzəli şəkildə zarafatlar etdi. Söhbət hərlənib-fırlanıb qoca Monteroyanın üstünə gəldi, o danışdı ki, uzun çəkən oyunlardan, onunla etdiyi söhbətlərdən sonra aralarındakı sərtlik, etibarsızlıq,soyuq münasibət tədricən yumşalmağa başlalayıb. Bununla belə, onda müşahidə etdiyi qəribə rəftarı, xarakterində olan bəzi xüsusiyyətləri dədilinə gətirdi. Masa arxasında kofe və konyak içdikləri zaman dolayısı yolla, elə də açıq hiss edilmədən qonşusunun iş durumunu öyrənməyə çalışdı. Bu zaman ər-arvad elə bil təzədən qəm dəryasında batdılar. Senyor Kasares dedi ki, heç nə dəyişməmişdir, hər şey əvvəlki kimi davam edir. Çəkdiyi əziyyətə görə Alvaroya necə minnətdar olduqlarını ifadə edə bilmirdilər. Alvaro isə bunun qarşılığında qonşu və dost borcunu yerinə yetirdiyini bildirdi. Dedi ki, işlə bağlı bir neçə axtarışlar etmişdir, ancaq nəticə hələ ki, sıfır idi. Onun fikrincə məsələ hələ bir müddət yaxşılığa doğru qetməyəcəkdir, ancaq hər hansı bir vakant yer tapsa mütləq xəbər verəcək.

Uzun çəkən qonaqlıqdan, söhbətlərdən sonra ayrılanda növbəti çərşənbə axşamı üçün görüşlərini razılaşdılar. Bundan sonra sağollaşdılar.

9

Alvaro bu həftə ərzində bütün iş-gücünü atıb işlədiyi novellanı sona çatdırmağa çalışdı. İndi artıq gecələr dəyazırdı. İşdən qayıdan kimi duş qəbul edib, yüngül bir yemək yedikdən sonra yenidən iş otağına çəkilirdi. Novella sona yaxınlaşdıqca yazılma ritmi yavaş-yavaş ləngiyirdi. Ləngiyirdi, ancaq novellanın istiqamətində heç bir yanlışlığayol verilməmişdi. Qocanın evinə qalxdığı günlərdə səhərlərini itirməməkçün yerinə tez girirdi və obaşdan qalxırdı. Onun yuxudan belə erkən qalxması, şahmat masası arxasına keçən qədər ona beş saat işləmək imkanı verirdi. Kasareslər ailəsində baş verən mübahisələr günü-gündən daha da şiddətlənirdi və hər dəfə onları görəndə Alvaro üçün bunu hiss etmək heç də çətin olmurdu. Alvaronun mənzili onların arasındakı ədavəti daha da artırmışdı…

Bu axşam onlar həmişəki kimi təmtəraqla geyinməmişdilər. Əksinə, onların sadə geyimi aralarında olan dostluğun daha da möhkəmlənməsinə dəlalət edirdi və Alvaroya, davranışında nəinki təbii olmasına şərait yaradırdı, eyni zamanda, özlərilə gətirdikləri qəzəbi əritməyə imkan verirdi. Alvaro yenidən söhbətin ipini əlinə aldı, ancaq onu istədiyi istiqamətə yönəltmək üçün xeyli güc sərf etdi. Söhbətin mövzusu yenidən Montero oldu. Yenidən onun qəribəliklərindən danışdılar. Alvaro onun içi pulla dolu olan dəmir seyfinin yerini gördüyünü və mexanizminin sadəliyini qeyd etdi. Onu da dedi ki, həmin qutuda içində heç kimin təsəvvür edə bilməyəcəyi qədər pul var. Bunun ardınca da qocanın səhhətinin zəif olmasından, cəmiyyətdən tam təcrid olub tənha yaşamasından marahat olduqlarını bildirdilər. Alvaro onun  evdən çıxdığı və qayıtdığı vaxtı dəqiq müşahidə etdiyini də dedi. Gündəlik həyat tərzinin saat əqrəbi kimi dəqiq işlədiyini vurğuladı. Və sonda qocanın dəmir qutunun kilidini yalnız evdən çıxanda bağladığından xəbərdar olduğunu da açıqca bildirdi.

Bütün bu söhbətlərdən sonra ailədən gözlədiyi reaksiyanı görmədi. Alvaronun monoton danışıqlarında fasilə yaranan kimi mövzunu o dəqiqə dəyişirdilər. Əvvəl fikirləşdi ki, buna zaman tələb olunmur, ancaq nə vaxt ki onları qonaq çağırır söhbəti yenə bu mövzunun üstünə gətirirdi. Kasareslərinsəbu mövzuya etinasızlığı təmkinsizliklə əvəz olunmağa başlayırdı. Bir gün ər-arvad ona guya zarafatyana yalvardılar ki, bu kişidən əl çəksin. Alvaro güldü, həm də bir qədər pərt oldu və üzr istədi:“mənə elə gəlir ki, o, çox cəlbedici bir insandır”, deyərək qocaya olan marağını gizlədə bilmədi. Bir dəfə ona olan marağı “təqibetmə maniyası” adlandıraraq həminki mövzuya işarə etdilər.O daələ salındığını zənn edib acı bir istehza ilə cavab verdi, bununla elə bil üstünə gələn hücumu dəf edirdi. Bir dəfə isə qonşular üzü sızanaqlı müxbiri də özlərilə gətirdilər. Gətirdilər ki, onların bu kiçik yığıncağına yenilik qatılsın. Ancaq Alvaro bu müxbiri heç həzm edə bilmirdi və demək olar ki, onunla bir kəlmə də kəsmədi. Qapıdan çıxarkən Kasareslər bir müddət pilləkəndə müxbirlə söhbət etdilər. Alvaroya görə narahat olduqlarını söylədilər, xüsusilə də son zamanlar heç yaxşı olmadığını, gözlərinə pis dəydiyini dedilər. Bildirdilər ki, bu cür tənhalıq hamını bu vəziyyətə salar.

-Tənhalıq dəliliklə müşaiyət olunur,- bunu kişi dedi, və elə bil ki, əvvəlcədən nə deyəcəyini düşünmüşdü.

Araya sükut çökdü. Qız gözlərini zilləyib onlara qulaq asırdı. Gözləri elə iri idi ki, iki göy almayabənzəyirdi.

-Ona deyəsən nəsə olub, – bunu da Kasaresin arvadı əlavə etdi.

Alvaro əvvəl ailəyə qarşı qurduğu planın baş tutmamasına görə narahat deyildi, onu qıcıqlandıran səbəb həm də onlar arasında olan münasibətlərin yaxşılaşması idi. Evlərində gedən dava-dalaşlar artıq kəsilmişdi. Onları qonaq çağırması isə ailəyə daha da təskinlik gətirirdi. Ancaq daha dəhşətli olan başqa bir şey var idi: öz novellasına uyğun bir sonluq verə bilmirdi və belə bir finalı görmək istəyəndə müəyyən çətinliklər onu yazmaq həvəsindən salırdı. Mütləq bir çıxış yolu tapmalı idi.

Ancaq əksinə oldu. Çıxış yolu özü onu tapdı. Səhər tezdən nəsə yazmağa çalışdı, lakin heç nə alınmadı. Payız günəşinin altında xəzəllə örtülmüş küçələrdə gəzintiyə çıxdı. Evə qayıdanda binanın girişində Kasareslərin lifti gözlədiklərini gördü. Əllərində bir neçə sellofan paket götürmüşdülər. Paketin birində cod bir parçaya bükülmüş uzunsov bir əşya vardı. Əşyanın ucu gövdəsinə nisbətən daha enli idi. Nədənsə Alvaro həmin  əşyanın balta olduğunu düşündü. Alnından soyuq tər axdı. Kasareslər gülümsəyərək onunla salamlaşdılar. Bu cür mehribançılıq Alvaronu çaşdırdı və onların qeyri-təbii olduqlarını zənn etdi. Dedilər ki şəhər tezdən bazarlıqdan qayıdırlar. Pilləkəndə günün xoş olmasından danışdılar və sağollaşdılar.

Əsəbi-əsəbi tezbazar qapısını açdı. Evə girən kimi kresloda yerini tutdu və əsəbdən titrəyən əllərilə bir siqaret yandırdı. Kasareslərin baltadan nə üçün istifadə edəcəklərinə heç şübhə etmirdi. Elə həmin anda novellasının nə cür bitəcəyini də yəqin etmişdi. Bu zaman öz-özündən soruşdu ki, görəsən novellanı başa çatdırmaq, qocanın ölümünə dəyərmi və onun qətlindən sonra artıq yüz faiz ailəni gözləyən həbsdən qaçmaq mümkün olacaqmı? Yox. Çünki bu işdə təcrübələri olmadıqları üçün mütləq səhvə yol verəcəklər, bununla da polisin nəzərindən yayına bilməyəcəklər… Çiyinlərində bir ağırlıq, boğazında sıxılma hiss edirdi. Fikirləşdi ki, bu dəqiqə Kasareslərə zəng vurub onları niyyətlərindən çəkindirəcək və başa salacaq ki, bu, sadəcə dəlilikdir. Deyəcək ki, bu maxinasiyada günahkar yalnızAlvaro özüdür. Onları əmin edəcək ki, çox böyük səhvə yol verirlər, özlərinin və uşaqlarının həyatlarını korlayırlar. Ən yaxşı halda belə, polis bu cinayətin üstünü aça bilməsə belə, onlar vicdan əzabı çəkməyəcəklər? Bundan sonra uşaqlarının gözlərinə necə baxacaqlar? Ancaq ola bilsin ki, artıq gec idi. Onlar artıqbuna qərar vermişdilər. Yaxşı, bəs o, Alvaro da görəsən öz qərarını qəbul etmişdimi?Yazdığı novellanın üzərindən xətt çəkməyə hazır idimi? Və əgər özünü qurban verirsə, nəyə görə başqalarını da qurban verməsin? Nəyə görə qoca Monteroya, Kasareslərə qarşı özündən də artıq rəhmli olsun?

Bu zaman qapının zəngi çalındı. Hardasa günorta idi, o isəheç kimi gözləmirdi. Bu vaxt onukim axtara bilər, görəsən? Qorxudan sarsıldı. Amma bu sarsılma  yüngülcə oldu və keçib-getdi, elə bil olacaq hadisə ilə razılaşdı. O, səhv etmişdi. Kasareslər qocanı yox, məhz onu öldürəcəkdilər. Bir göz qırpımında fikirləşdi ki, bəlkə Kasareslər işdən qovulma ərizəsini vaxtında geri qaytarmağın mümkün olduğunu bilib, ancaq o müəyyən səbəbdən bunu etmək istəməyib, onların bütün həyatını dağıdıb və onları alçaqcasına qocanı öldürməyə vadar edib. Ancaq onlar Alvaronu öldürsəydilər,təkcə dağılmış həyatlarının yeganə səbəbkarından qisas almayacaqdılar, eyni zamanda onun puluna da sahiblənə bilərdilər, özü də halallıqla. Çünki beyninə axan qatı dumanı qovmağa çalışdığı indiki dəqiqələrdə yadına saldı ki, ailə ilə görüşlərin birində o da öz pulunu qoca Montero kimi möhkəm bir qutuda saxlamaq istədiyini etiraf etmişdi.

Qapının gözlüyündən baxdı. Həqiqətən də qonşusu pilləkəndə gözləyirdi, ancaq əlləri boş idi. Qapını açdı. Enrike Kasares qeyri-müəyyən bir formada mızıldandı ki, evdə pəncərə düzəldir, bunun üçün də ona bir vintaçan lazımdır. Xahiş etdi ki, əgər lazım deyilsə, vintaçanını bir-iki saatlığa ona versin. Bu axşam gec də olsa mütləq qaytaracaq. Alvaro onu içəri dəvət tsə də qonşu dayandığı yerdəcə gözlədi. Belə olanda o, çevrilib otağına qayıtdı və bir necə saniyədən sonra vintaçanla qayıtdı. Enrike Kasares vintaçanı götürəndə Alvaro onun əllərinin titrədiyinə fikir vermədi.

Axşamtərəfi qadın vintaçanı qaytardı. Bir neçə dəqiqə söhbət etdilər. Çıxmaq istədikdə -mənzilin qapısı yarıaçıq vəziyyətdə idi və qadın sol əlilə qapının tutacağından yapışmışdı- arxaya çevrilib elə tərzdə sağollaşdı ki, elə bil bir-birlərini bir daha görməyəcəkdilər. Bu, Alvaroya həddən artıq təntənəli göründü:

–Hər şeyə görə çox sağ olun…

Heç vaxt qorxunun, nə də səsin olması barədə heç düşünməmişdi. Və yəqin bu dəfə onların mövcudluğu onu belə təəccübləndirdi. Ancaq ən maraqlısı qeyri- müəyyən inam idi ki, heç kim və heç nə ona sona çatmağa mane ola bilməzdi. Yamyaşıl çəmənliklə addımlayırdı. Otların, meyvəli ağacların qoxusu ətrafa yayılmışdı. Hətta peyin iyi də gəlirdi. Ancaq buna baxmayraq nə ağac görürdü, nə də ki peyin, təkcə yaşıl ot idi gözlərinin qarşısında. Bir də daşlı səmaya doğru kişnəyən ağ, mavi və qara rəngli atlar. Təpənin zərif yamacı ilə qalxırdı. Əsən quru küləkdə onun çılpaq bədənindəki tükləri biz-biz idi. Gəzdiyi yaşıl çəmənliyi artıq arxada goymuşdu. Təpənin yaşıl zirvəsində boz rəngli, metal səsi çıxaran quşlar uçuşurdu. Əslində isə onlar donmuş tikanlar idi… Təngnəfəs halda zirvəyə çatdı və onda bildi ki, artıq heç nə və heç kim ona o biri tərəfə baxmağa mane ola bilməz. Sol əlilə ağ qapının qızılı tutacağından yapışdı, açdı və baxdı…

10

Növbəti gün qocanın supermarketdə görünməməsi onu heç təəccübləndirmədi. Bu səhər onunla bir oyunu vardı, ancaq Alvaro heç evindən çıxmadı. Soyuq kofe içə-içə siqaret çəkirdi ki, birdən qapını döydülər. Qapıçı qadın idi. Üst-başı qana bulaşmışdı. Onun zarıldamasından və üzündəki dəhşətli ifadədən qocanın cəsədini tapdığını başa düşmək Alvaro üçün çətin olmadı. Bilirdi ki, qapıçı qadın hər gün onun evini təmizləməyə qalxırdı… Alvaroonu kreslosunda oturtdu və sakitləşdirməyə çalışdı. Sonra isə polisə zəng vurdu.

Bir azdan bir müstəntiq gəldi. Üç nəfər polis onu müşayiət edirdi. Onları Monteronun evinə apardılar. Alvaro meyiti görmək istəmədi. Qapıçı dayanmırdı, elə hey danışırdı və zarıyırdı. Bir qədər sonra gələn nazik bığlı, orta yaşlı bir kişi əlindəki fotokamerayla otağı və meyiti bir neçə  istiqamətdənçəkməyə başladı. Bundan sonra meyitin üstünü dərhal ağ mələfə ilə örtdülər. Qonşular qapının ağzına yığışmışdılar. Bəziləri hətta içəriyə, dəhlizə soxulmuşdu. Alvaro sarsıntı keçirirdi. Qapıçı qadın bir az sakitləşsə də danışmaqda davam edirdi. Deyirdi ki, yazığı deyəsən bıçaqlamışdılar. Alvaro insan kütləsinin arasında Kasaresləri axtardı, tapmadı, lakin onu qəribə baxışlarla izləyən qorxmuş müxbir qızı gördü. Bir nəfər adamların arasından evə doğru özünə yol açdı. Lakin evin girişində posta qoyulmuş polis işçisi onu saxladı. Boz rəngli palto geyinmişdi bu cavan oğlan görkəmindən və eynəyindən hiss olunurdu ki, ali təhsilli idi. Alvaro yəqin etdi ki, cavan oğlan müxbirdir. Oğlan onu içəri buraxmağı tələb etdi. Ancaq polis, ona heç kimi içəri buraxmamaq tapşırığı aldığını dedi. Bir az sonra müxbirin digər yoldaşları da gəldilər. Vəziyyətdən xəbərdar olduqdan sonra pilləkəndə oturub, bəziləri dəsürahıbəndə söykənərək ucadan danışa-danışa müstəntiqin işini qurtarmasını gözlədilər. Qonşular da heç dağılışmaq istəmirdilər, elə bil dəfn mərasiminə gəlmişdilər.

On beş dəqiqədən sonra müstəntiq mənzildən çıxdı. Müxbirlər onu görən kimi itələşə-itələşə əhatəyə aldılar. Müstəntiq onlara hadisə yerində şəkillər çəkməyə icazə verdi, meyitin məruz qaldığı zərbələrə görə onun hansınöv olduğunu açıqladı, əmin etdi ki bədənin üzərindəki çoxsaylı yaralar vintaçanla edilmişdir. Müstəntiqin sözlərinə görə qətl dünən axşam radələrində törədilmişdir. Təhrik? Heç bir fərziyyə irəli sürmək istəmirdi, ancaq divarda, şəklin arxasında olan qutu açılmış və qarət olunmuşdu. Belə bir hal heç bir şübhə doğurmurdu. Çox güman ki, qatili bu addımı atmağa vadar edən səbəb qarət idi. Cəsədin qonaq otağında olması onu göstərmirmi ki, mərhum onu tanıyırdı? Çünki qoca qatilə evə girməyə şərait yaratmışdır. Müstəntiq təkrar etdi ki, əvvəlcədən hər hansı bir fərziyyə irəli sürmək yersiz olardı. Çünki deyilən bütün fərziyyələr fərziyyə olaraq qalır. Hələlik, əlavə ediləsi bir şey yox idi.

Alvaro evinə qayıtdı. Qonaq otağında pəncərəyə söykənərək aşağı, həyətə baxdı. Bir siqaret yandırdı və sağ əlilə gözlərini ovuşdurdu. Bir az başı ağrıyırdı, ancaq bayaqkından daha sakit görünürdü. İstintaqın nə ilə qurtaracağını əvvəlcədən bilirdi. Müxbirin dediyi kimi, çox güman ki, mərhum qatili tanıyırdı. Yalnız qocanı tanıyan şəxs evin içinə belə asanlıqla daxil ola bilərdi. Binanın bütün sakinləri qocanın qaşqabaqlı, qaradinməz olmasından xəbərdar idi. Hamı – qapıçı, Kasareslər, müxbir qız, bəlkə də digər qonşular da yaxşı bilirdilər ki, yalnız o, qoca ilə belə yaxınlığa nail olmuşdu. Səhərlər bütün günü saatlarla onunla şahmat oynayırdı və söhbətləşirdilər. Qapıçı nəyə görə Alvaronun ondan informasiya çəkdiyini başa düşəcəkdi. İndi, Kasareslər nə üçün onun daima Montero barəsində danışdığını anlayacaqdılar. Elə, müxbir qız da qonşular arasında onun baxışlarının qəribəliyinə görə şübhələnib Kasareslərin dediklərini təsdiqləyəcəkdi. Bundan əlavə, orda vintaçan var idi. Heç kim inanmaz ki, Kasareslər onu günahlandırmaqdan ötrü vintaçanı götürüblər, çünki ideya həddən artıq ağılsız idi. Bütün şübhə Alvaronun üstündə qərar tuturdu. Etmədiyi cinayətdə günahlandırılacaqdı. Bu,çox gülünc idi. Burda yadına düşdü: “On veut bien être méchant, mais on ne veut pas être ridicule”. Ancaq yox. Əgər kimsə polisə xəbər verəcəksə, bu, o olmayacaq. Çünki Kasareslər bilirdilər ki, o, onları satmaz. Ondan vintaçan istəmişdilər. “Hər şeyə görə çox sağ olun” sözləri Alvaronun yaxşı yadında idi. Həyatlarını puç edən Alvaronun qurduğu planlarının üstünü açmışdılar. İndi bütün bunların əvəzini çıxırdılar. Elə buna görə Enrike Kasaresin işilə bağlı daha Alvarodanheç nə soruşmurdular. Onda başa düşdü ki, bu bir gizli ədalətsizlik idi, cinayətdə onun əli var idi və o, günahkar idi. Həqiqətən də ailə bir növ ondan asılı idi, bir növ onun icra edən əli olmuşdu. Qocanın qətlində əsl günahkar o idi, Alvaro. İrene və Enrike Kasares onun əlində bir marionet idilər. İrene və Enrike Kasares onun prototipləri idilər.

Bunun artıq heç bir əhəmiyyəti yox idi. Gec-tez polis onu cinayətdə günahlandıracaq. Bunun da vaxtı çatacaq. İndi ən vacibi novellanı sona çatdırmaqdır, polis onu dindirib saxlamamış…Görəsən, onun nə qədər vaxtı qalıb?

Yenidən pəncərədən bayıra baxdı. Günün altında bir uşaq yelləncəkdə yellənirdi. Uşaq üzünü çevirəndə Alvaro Kasaresin kiçik oğlunu tanıdı. Ona elə gəldi ki, uşaq ona baxır.

Növbəti gün indiyə qədər yazdıqlarının hamısını başdan-ayağa oxudu. Hesab etdi ki, ilk yazdığı variant səhvlərlə doludur. Üslub seçimi, hadisələrə baxışı, personajlarından tələb etdiyi davranış maneraları – bunlar hamısı təhrif olunmuşdu. Ancaq özlüyündə düşündü ki, əgər səhvlərini görsəydi, bəlkə gördüyü iş əbəs yerə getməzdi. Səhvləri üzə çıxarmaq, müəyyən mənada onları aradan qaldırmaq deməkdir. Topladığı materialları nəzərdən keçirdi və fikirləşdi ki, kifayət qədər çoxdur. Buna görə də novellanı bir növ yenidən yazmaq lazım idi. Ancaq bunu etmək üçün apardığı qeydləri, müşahidələri yenidən işləməyə ehtiyac olmayacaq. Sadəcə, artıq işləmiş olduğu novellanı bir daha işləyəcəkdir. Bəzi fraqmentlər, misal üçün, giriş hissə indi ona xırdaçılıq təsiri bağışlayırdı. Çünki yeni kontekstdə qurulmuş mətn əsərə yeni bir rəng qata bilərdi. Sonda başa düşdü ki, novellasında özünün əksini, parodiyasını qurmuşdur. Onda başladı yazmağa:

“Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaqçün aşağı, supermarketə düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asa-asa qəzet oxuyur, mətbəxdə səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu…”

İspancadan çevirdi,

Məmməd Məmmədli

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.