Tərcümə

Dənizdə

Günorta saat iki idi ki, birdən qapı döyüldü.

—Antonio! Antonio!

Antonio yataqdan dik atıldı. Bu onu dənizə çıxmağa çağıran balıqçı yoldaşı və yaxın dostu Fernandonun səsiydi.

Həmin gecəni az yatmışdı. Saat onu bir idi, amma o, yataqda məyusluqla vırnıxaraq hələ də gündəlik qayğılardan danışan yazıq arvadı Rufina ilə söhbət edirdi. İşləri heç belə pis getməmişdi. Bu nə yaydır! Keçən yay tuneslər Aralıq dənizini sonsuz sayda, sürü ilə keçmişdilər. Ən uğursuz günlərdə belə 200-300 arroba öldürülürdü.

Və Antonio kimiləri ağıllı iş görüb pul ehtiyatlarını yığdılar və öz hesablarına yeni bir balıqçı qayığı alaraq adi dənizçilərin asılığından azad oldular.

Ancaq balıq qıtlığı gəldi. Balıq torları yalnız yosun çıxarırdı, yada xırda balıq tuturdu ki, onu da bazara aparmağına dəyməzdi. Görünür, tuneslər bu il başqa istiqamətdə üzürdülər və heç bir balıqçı birini də belə tutmağa nail olmamışdı.

Rufina bu situasiyadan həyəcanlı idi. Evdə pul yox idi. Çörəksatana borclu idilər, dükanda borcları vardı və hətta yelkənli qayığın tikilməsi üçün yığdığı bütün pulları onlara borca verən senyor Tomas da daima onları hədələyirdi ki, əlli duronun bir hissəsini ona qaytarsınlar. Antonio paltarını geyinə-geyinə doqquz yaşlı balaca oğlu Antonikonu yuxudan oyatdı. O səriştəli bir balıqçı kimi dənizdə atasına kömək edirdi.

—Görən bəxtiniz bu gün necə gətirəcək. – Arvad yatağın içindəcə deyinirdi. – Mətbəxdə bir boxça yemək ehtiyatı qoymuşam. Dükanda artıq mənə borca heç nə vermirlər.

—Kəs səsini, ay arvad, bax elə dünən bir tunes görüblər. Deyilənə görə çəkisi otuz arrobadan artıqdır. Təsəvvür elə ki onu tutmuşuq… Ən azı altmış duro…

Antoniko artıq paltarını geyinmişdi. Çiynində ərzaqla dolu boxça, bir əlində isə tuneslərin ən sevimli yemi olan xırda balıqlarla dolu olan zənbili tutaraq dənizə çıxmaq üçün hazır dayanmışdı.

Ata və oğul evdən çıxaraq çimərliyə doğru üz tutub balıqçı gəmiləririn yan aldığı limana gəlib çatdılar. Fernando yelkənləri qaydaya salaraq onları qayıqda gözləyirdi. Qayıq lövbərdən azad olundu və küləyin gücündən qabarmış ispan yelkəni balıqçıları dənizin dərinliklərinə doğru sürükləməyə başladı. Kiçik körfəzin mülayim səthi ilə yavaş-yavaş üzürdülər, sonradan su dalğalanaraq qayığı yırğalamağa başladı. Açıq dənizdə idilər.

Hər tərəfdən qaramtıl rəngə çalan dənizin səthində dalğaların üzərindən aşaraq get-gedə uzaqlaşan balıqçı qayıqları sanki ucu iti ilğımlar idi. Fernando səmanın dənizlə qovuşduğu mənzərəyə baxırdı.

—Antonio külək istiqamətini dəyişir.

—Görürəm.

—Bir azdan dəniz heç də sakit olmayacaq.

—Bilirəm. Ancaq irəli! Gəl dənizi süpürən qayıqlardan uzaqlaşaq.

Səhər açıldı. Üfüqdəki seyrək buludların arasından boylanan, yenicə qalmış və hələ də qırmızı rəngə çalan günəş dənizin üzərində üçbücağa bənzər alovlu bir fiqur çəkirdi, sular isə qaynayaraq yanğını xatırladırdı. Antonio sükandan yapışıb qayığı idarə edir, dostu dor ağacının yanında, doqquz yaşlı oğlu isə qayığın burnunda dayanaraq dənizi müşahidə edirdi. Bir neçə saat ötdü. Hava kifayət qədər qızmışdı. Antonio çəlləkdən su içmək üçün arabir qayığın ensiz gövdəsindəki ambara düşürdü.

—İndi isə, -Antonio sevincək dedi,- gəlin qəlyanaltı edək. Fernando, boxçanı gətir görək.

Hərəsi iri bir çörək parçası və baş soğan götürdülər. Güclü külək əsirdi. Qayıq dalğaların arasında yırğalanırdı.

—Ata! -Qayığın burnunda dayanmış Antoniko qışqırdı. -Balıq! Tunes!

Bunu eşidəndə necə diksindilərsə yedikləri çörəklə soğan göyərtəyə düşdü və ikisi də qayıqdan boylandılar.

Hə, doğurdan da tunes idi. Az qala suyun üzünə çıxan tunesin məxmər rəngə çalan qara beli kök və nəhəng görünürdü. Balıqçıların tez-tez danışdıqları o balıq bəlkə də elə bu idi. Təəccübdən Antonionun üzündə qəribə bir emosiya sezildi. Və tələsik balıq tutanı götürüb, ucundakı barmaq qalınlığında qarmağı suya atdı.

Birdən dəniz qaynamağa başladı və suya yarı batmış qayıq sanki ağır çəkidən azad olaraq dənizə təkan verib suyun üzərində tullanantəhər oldu. Dor ağacı cırıldayır, göyərtə qayıqçıların ayağı altından sanki qaçmaq istəyirdi. Qarşılarındakı maneə qəflətən geri çəkildi və qayıq yerindən sıçrayaraq öz yoluna davam etməyə başladı. Balıqtutandan dartdıqda suyun üzərində qarmaq göründü. Ancaq qarmaq qalın olsa da ortadan qırılmışdı. Fernando heyfslənərək başını buladı.

—Antonio bu balıq bizim əvvəl tuduqlarımızdan deyil. Qoy çıxıb getsin. Allahımıza şükür edək ki, qırılan qarmaq oldu. Yoxsa suyun dibinə qarmaq yox biz gedəcəydik.

—Çıxıb getsin? -Balıqçı qışqırdı.- Bilirsən onun qiyməti neçədir?

Qayığı döndərərək balıqla qarşılaşdıqları yerə qayıtdılar. Antonio axtarıb yeni, ancaq bu dəfə daha böyük və enli bir qarmaq tapdı. Ona bir neçə xırda balıq keçirərək sükanı buraxmadan özünün iti qarpunundan yapışdı.

Qayıq yenidən yırğalanmağa başladı. Bu dəfə bu dəhşətli bir tərzdə baş verdi. Tunes qayığı dartıb sürüyərək onu dalğaların üzərində dəlicəsinə rəqs etməyə məcbur edirdi.

Dənizin suyu qaynayırdı. Birdən qayıq böyrü üstə çökdü. Elə bil ki, gözəgörünməz bir məxluq əliylə qayıqdan yapışmışdı. Göyərtənin yarıdan çox hissəsi suyun içində idi.

Həmin təkan qayıqçıların hərəsini bir tərəfə atmışdı. Sükanı əlindəən çıxmış Antonio suyun içindəydi. Bu zaman şappıltı eşidildi və həmin anda qayığın düz yanında, suyun səthində nəhəng quyruğu ilə iri köpüklər yaradan bir balıq peyda oldu. Antonio elə bil düşmənini görmüşdü, odur ki yubanmadan əlindəki qarpunla balığa azğınlıqla bir neçə zərbə endirdi. Dəniz qana bulandı və balıq qırmızı suların arasında gözdən itdi.

Nəhayət Antonio dərindən ah çəkdi. Bütün bunlar bir neçə saniyənin içində baş verdi. Az qala suyun dibinə getmişdilər. İslanmış göyərtəyə baxdı və sakitcə dor ağacını qucaqlayan Fernandonu gördü.

—Antonio fikirləşdim ki, boğuluruq. Hətta dəniz suyundan da uddum. Zəhrimara qalsın bu balıq! Ancaq ona yaxşıca zərbələr endirdin. Bir azdan suyun üzünə çıxacaq.

—Bəs uşaq?

Ata bunu həyəcanla, təlaş içində soruşdu, sanki cavabı eşitməkdən qorxurdu. Göyərtədə yox idi. Antonio oğlunu ambarda tapacağına ümid edərək qayığın gövdəsinə endi. Ayağı dizəcən suya girdi. Ambar dənizin suyu ilə dolmuşdu. Bu kimin ağlına gələrdi? Darısqal və qaranlıq yerdə əliylə kor-koranə axtarmağa başladı, ancaq su çəlləyindən və balıq qarmağından başqa heç nə tapmadı. Təzədən dəli kimi göyərtəyə qayıtdı.

—Uşaq!… Uşaq!… Mənim Antonikom!

Fernando heç nə demədi.

Uzaqda, qayığın az qala batacağı yerdə suyun üzündə nəsə görünürdü.

—Hə ordadı!

Ata özünü suya atdı və var qüvvəsiylə həmin istiqamətdə üzdü. Bu anda Fernando tələsik yeləkənləri rifləyirdi. Antonio üzüb əmin olanda ki, gördüyü qayığın avarıdı, artıq gücdən düşmüşdü.

Dalğalar onu qaldırdıqca bundan istifadə edib, daha uzağa boylanmaq üçün bədənini sudan bayıra çıxarırdı. Hər tərəf su idi. Dənizdə ancaq o, ona doğru yaxınlaşan qayıq və qanlı ləkənin üzünə təzəcə çıxmış bir qövs görünürdü. Tunes artıq ölmüşdü… Ancaq o buna sevinmirdi. Heyvanın əvəzində gözünün ağı-qarası olan oğlunun həyatı!.. Aman Allah!.. Məgər çörəyi bu yollamı qazanırlar?

Fernando onu tutub qayığa qoymalı idi.

Antonio, neyləyək?

O, cavab vermədi.

—Dərd çəkmə, ay kişi. Bütün bunlar həyatda olan şeylərdi. Uşaq elə yerdə həyatdan getdi ki, orada bütün bizim yaxınlarımız ölüb və biz də elə orada öləcəyik.

Bir neçə saat keçdi.

Uzaqda kiçik liman artıq görünməyə başlamışdı. Axşam düşürdü. Günəşin zəif şüaları sahildəki evcikləri qızılı rəngə boyayırdı.

Sahilin mənzərəsi Antonioda kədər və qorxu hissi oyatdı.

—Arvadım mənə nə deyəcək? Mənim Rufinam nə deyəcək? -Bədbəxt inildəyirdi.

Evdə ailəsinin qulu olan bütün igid və iradəli kişilər kimi əsirdi. Sahildəki giləvar qayığı şən və canlı melodiyalarla qarşılayırdı. Palmaların altında ipəkdən hazırlanmış günəş çətirləri, kiçik sombrerolar, istirahət edən camaatın açıq və diqqəti cəlb edən paltarları hərəkət edirdi.

Limanda balıqçılar bir yerə yığışırdılar. Onların baxışları balığı yedəyinə alan qayığa yönəlmişdi. Ancaq Antonio gah anbarın qapısına gah da hündürboy, arıq, küləkdən ətəyi ayaqlarına yapışan qarayanız qadına baxırdı.

Nəhayət limana çatdılar. Alqış səsləri eşidilirdi. Hamı bu nəhəng balığı yaxından görmək istəyirdi.

Rufina camaatın arasından özünə yol açaraq başını aşağı əymiş və üzündəki key ifadə ilə dostlarının təbriklərinə qulaq asan ərinə yaxınlaşdı.

—Bəs oğlun? Hardadı mənim uşağım?

Yazıq kişi başını daha da aşağı əydi.

Visente Blasko Ibanyez

İspancadan çevirdi, Məmməd Məmmədli

ULDUZ-2006/2

Standart

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.