Tərcümə

Məhkum olunmuş qadın

On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi.

Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, bütün dəlmə-deşiklərini əzbərdən bilirdi. Onun günəşi göy üzünün kiçik bir hissəsinin göründüyü yuxarıdakı dəmir barmaqlıqları olan pəncərə idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin edirdi.

Ömürlük cəzasını çəkdiyi vaxtda sonuncu dəfə Madriddə onun ətürpədici işinə baxılırdı. O, aylarla həbsxanada çəkdiyi cəza ilə sanki ömrünü məzara gömürdü. Dörd tərəfdən əhatə olunmuş daş divar arasında çürüyən canlı cəsədə bənzəyirdi.

Onun heç xoşlamadığı şey təmizlik idi. Hər gün süpürülən, dümdüz yerdə altına saldığı qalın mələfə nəmişliyi özünə çəkərək sümüklərinə işləyirdi. Kameranın divarlarında, ortalıqda gözə bircə qırıq da toz dəymirdi. Elə bil təmizlik kampaniyası da qəsdinə durmuş, onu rahat cəza çəkməkdən məhrum edirdi. Tam tənhalıqdı. Əgər, ora hardansa bir siçan girsəydi o, sevincək öz yeməyini onunla bölərdi və hətta bu gəmiriciylə söhbət də edərdi. Əgər, küncdə bir hörümçək görsəydi, vaxt itirmədən onu əhlilləşdirməyə başlayardı.

Bu məzarda ayrı bir həyat yaşamaq istəmirdi. Bir gün bir sərçə pəncərəyə qonub içəri boylanaraq cik-cirik edirdi. Elə bu məqamda işığın və məkanın uyarsızlığı rəngi saralmış, zəifləmiş, yayın cırhacırında üşüyən Rafaeli bayıra çəkirdi. Başına bağladığı yaylıq, böyrəyini sarıdığı adyal bədənini heç qızdırmırdı. Yəqin dustağın saralmış sümüklü sifəti və qəribə geyimi quşu hürkütdü. Bir tərəfdən də içəridən gələn iydən azad uzaq olmaq üçün quş dərhal qanadlarını çırparaq uçub getdi…

Qibtə etdiyi yeganə şey həbsxana yoldaşlarının gəzinti zamanı etdikləri söhbətlər idi. Onlar heç olmasa mavi səmanı seyr edə bilirdilər, onun kimi havanı pəncərədən udmurdular. Ayaqları qandallı deyildi və gəzərək istədikləri dustaqlarla söhbət edə bilirdilər.

Əbədi cəza, bunu Rafael kəşf etmişdi. Belə bir cəzaya məhkum olunduğundan, bayırda gəzənlərə nifrət edirdi. Vəziyyətinin yüngül olmasını istəyirdi. Ciddi rejimdə olan dustaqlar bayırdakılara, azadlıqdan zövq alanlara nifrət edirlər: Ax, onların hamısı məhkum olunmalıdır!

Bədbəxtliyin sonuncu mərtəbəsində idi. Bir dəfə qaçmağa cəhd göstərmişdi. Ümidsizlik içində yeri qazıb çıxmaq istəsə də nəzarətçilər ona mane oldular. Mahnı oxumaq istəyəndə icazə vermirdilər. Anasının ona öyrətdiyi və az-maz yadında qalan sözləri monoton tərzdə astadan oxumaq istəyəndə səsini kəsirdilər. Özünü dəliliyə vurmuşdu nədi? Sakit! Onlar Rafaeli olduğu kimi görmək istəyirdilər, sağlam və əqli yerində! Başı pozuq adamı həbsxanada görmək istəmirdilər.

Dəli?! Yox, o, elə olmaq istəmirdi, ancaq qandallı ayaqlarıyla bir yerdə hərəkətsiz qalmaq ömrünü kəsirdi onun. Gecələr gözlərini yumanda hərdən qarabasmalar görürdü. İşığı tez-tez yandırıb söndürmək ona pis təsir edirdi və on dörd ayda bu vəziyyətə heç uyğunlaşa bilməmişdi. Yuxularında onu öldürmək istəyən tanımadığı düşmənlər Rafaelin həyatını kəlləmayallaq etmişdi. Buna görə də əziyyət çəkirdi.

Gündüzlər keçmişini düşünürdü. Onun huşsuz yaddaşı həyatının səhifələrini bir də vərəqləmək istəyirdi.

Bir neçə xəstəliyinə görə, birinci həbsindən sonra doğma kəndinə qayıtmasını xatırlayırdı. Camaatın meydandakı tabernanın ətrafına yığışması, özünün bütün rayonda qazandığı nüfuzu, adı yadına düşdü. Hamı ona heyrətlə baxırdı: “Rafael necə də möhkəm adamdı!” Kəndin ən gözəl qızı onun qadını olmağa hazır idi. Bu, onun “mülayim nəvazişli” münasibətinə görə deyildi, məhz hiss etdirdiyi qorxunun qazandırdığı hörmətə bağlıydı. Bələdiyyə işçiləri onun əlinə silah verib kəndin gözətçisi təyin etdilər. Kobudluğundan və zəhmətindən istifadə edib seçkilər zamanı səs toplayırdılar. O, sözün əsl mənasında hökmranlıq edirdi. Başqa bir quldur dəstəsini ovucunun içində, yumruğunda saxlayırdı. Onlar da yorulmuşdular, artıq müdafiə oluna bilmirdilər. Çünki bunun sonu həbsxana ilə qurtarırdı. Axırda onları Rafaelin qabağına gətirdilər.

Aman Allah! Qüruru təhlükə altında idi: “Gərək bunun qulağının dibini qızışdıram. O mənim çörəyimi əlimdən alır”. Təsadüfən gözlənilən an gəlib çatdı. Ona tüfəngin qundağıyla elə goydu ki, bir də səsi çıxmasın, yeriməsin.

Eh, bu da axırı… Kişilərin başına gələn şeylərdi! Sonu da həbsxana həyatı. Orada keçmiş yoldaşlarını tanıdı. Hökm çıxarılandan sonra əvvəl incitdiyi dustaqlar bütün vasitələrlə ondan qisas alırdılar. Həmən dəhşətli hökm və lənətə gəlmiş o gözətçilər… On dörd aydı ki, bütün bunlara dözürdü. Kaş Madriddən ölüm hökmü gələydi. Bəlkə də artıq yoldadı.

İndi Rafaelin heç bir dəyəri yox idi. Xuan Portela, göycək Fransisko Esteban və etdiyi bütün qəhrəmanlıqlar haqqında düşünürdü. O qəhrəmanlıqlar ki romanslar kimi dildən-dilə düşürdü. Onları eşidəndə fərəhlənirdi. İndi bunlar düşdüyü vəziyyətə heç cürə kömək etmədi.

Bəzən gecələr yerə sərdiyi adyaldan dik atılırdı, elə bil kimsə gizlindən ona atəş açırdı. Və bu zaman onun qandalları kədərli səslər çıxarırdı. Uşaq kimi qışqırırdı və həmin anda da qışqırmağına sanki peşiman olur, səsini içində boğurdu. Onun daxilində gışqıran başqa bir Rafael idi. O Rafael ki indiyə qədər onu tanımamışdı. O Rafael qorxur, kövrəlir, ağlamsınırdı. Keçibuynuzu bitgisindən və əncirdən hazırlanmış içkini içmədən sakitləşmirdi. Həmin içkiyə orda kofe deyirdilər.

Özünə ölüm arzulayan əvvəlki Rafaeldən yalnız bir dəri, bir sümük qalmışdı. Yeni Rafael isə artıq özünü qəbristanlığın içində görən birisi idi. Düşünəndə ki on dörd ay keçib və hər şeyin sonu çatıb, dəhşətə gəlirdi.

Qorxağın biri olmuşdu. Hiss edirdi ki, bədbəxtlik ona lap yaxınlaşıb. O, bədbəxtliyi hər yerdə, qapının pəncərəsindən maraqla boylananların üzündə, indi hər axşam ona baş çəkən həbsxananın rahibində də görürdü. Elə bil həbsxana kamerası ancaq söhbət eləmək və siqaret çəkmək üçündür. Pis, çox pis!

Ona verilən suallar narahatçılıqdan başqa bir şey deyildi. Yaxşı xristyandırmı? Əlbəttə, padre. Rahiblərə hörmət edirdi. Heç zaman onlar haqda pis fikirdə olmamışdı. Bütün qəlbi ilə kralı müdafiə etmək üçün dağlara çəkilmişdi. Bir də ki, onu kəndin rahibi göndərmişdi.

Sonra rahib ona İsadan danışdı. Allahın oğlu olaraq o da Rafael kimi çətin vəziyyətə düşmüşdü. Və belə müqayisə yazıq şeytanı daha da coşdururdu. Necə də qürurludur!… Baxmayaraq ki, bu qədər oxşar əlamətlər göstərirdi, ancaq hökmün mümkün qədər gec yerinə yetirilməsini arzulayırdı.

Dəhşətli xəbər düz başının üstündə sanki bir şimşək kimi çaxdı. Madriddə hökm artıq çıxarılmışdı. Ölüm hökmü sürətlə, teleqrafla gəlirdi. Rahibə deyəndə ki bir arvadın uşağı anasını görmək üçün həbsxananı dörd dolanır, görüşmək istəyir, çox tərəddüd etmədi. O qadın kənddən çıxanda “məsələ” artıq bitmişdi…

Ona əvf oluna biləcək haqda xəbər verəndə o, bütün səfillər kimi bu ümiddən dəlicəsinə yapışdı. Bu əfv məgər onun başına gələ bilməzdimi? Niyə də ki olmasın? Bir də ki, istəsə bu fərmanı Madriddə oturan o xanım imzalaya bilərdi.

Bütün qəbir qazanlara vəkillər, keşişlər, müxbirlər baş çəkirdilər. Bü ziyarətlər ya hansısa maraqdan irəli gəlirdi, yaxud da öz vəzifələrini icra edirdilər. Onlar yalvarıcı tərzdə suallar verirdilər, guya ki, meyit basdıranlar dustaqları xilas etmək iqtidarında idilər:

—Necə bilirsiz? Sizcə əfv fərmanı imzalanacaq?

Növbəti gün əli-ayağı bağlı halda inəyi kəsimxanaya aparan kimi, onu da öldürmək üçün öz kəndinə aparacaqdılar. Məhkum olunmuş və heç kimə lazım olmayan Rafael orda idi, öz kamerasında. Onun çıxmasını gözləyən və vaxtını bütün günü həbsxana qapısının ağzında keçirən, mal pəyəsindən çıxmış cavan, uzun ətəkli, şişman dodaqlı, çatmaqaş bir qız idi və bu qız ərini görmək arzusunda idi.

Qız orda olmağıyla hamını təəccübləndirmişdi. Onun çaşqın baxışlarından kədərdən çox kütlük yağırdı. Kobud bədəni və iri döşləri olan qız arabir gözünün yaşını tökürdü. Rafaelin sonunun belə olacağını bilirdi. Kaş ərindən uşağı olmayaydı!

Həbsxananın keşişi qadını sakitləşdirməyə çalışırdı. Özünə başqa bir kişi tapar, o zaman bəlkə xoşbəxt olarsan, deyirdi. Qadını ruhlandırmağa çalışırdılar. Hətta söhbət elə alındı ki, onun birinci sevgilisindən də danışdılar. Qızın dediyinə görə oğlan yaxşı insan idi. Rafaeldən qorxduğu üçün qıza yaxın durmurdu. Amma indi yavaş-yavaş kənddə qıza yaxınlaşırdı. Elə bil ona nəsə demək istəyirdi…

—Yox. Kişini hər zaman tapmaq olar. -Özünə toxtaqlıq verirmiş kimi təbəssümlə, sakit bir tərzdə dedi. -Ancaq mən əsl xristianam. Əgər başqa kişi tapsam istiyərəm ki, bu Allahın əmriylə olsun.

Keşişin və yan-yörəsində olan işçilərin üzündəki təəccübü görəndə, reallığa qayıdıb yenidən göz yaşları tökməyə başladı.

Axşam düşəndə xəbər gəlib çatdı! Bəli, Rafaelə əhv fərmanı imzalamışdılar. Rafaelin təsəvvürünə gətirdiyi Madriddəki həmən o nəcib qadının uzun-uzadı teleqramlardan və xahişlərdən sonra qəlbində mərhəmət hissi oyanmış, dustağın ömrünü uzatmaq qərarına gəlmişdi. Bu fərman həbsxanada böyük səs-küyə səbəb oldu, sanki orada yatanların hamısına azadlıq verilmişdi.

—Arvad, sevin, -keşiş dustağın qadınına dedi. -İndi sənin ərini öldürməyəcəklər, dul qalmayacaqsan.

Qız eşitdiyi sözlərdən yerində quruyub qaldı. Tərəddüd içində idi.

—Yaxşı, -qız nəhayət dilləndi -nə vaxt çıxacaq?

—Çıxmaq?! Dəli olmusan? Heç vaxt! Ərinin həyatını xilas etdiyin üçün rahat ola bilərsən. İndi o, Afrikaya gedəcək. Cavan və güclü olduğu üçün hələ iyirmi il də yaşayacaq.

Qadın ilk dəfə olaraq hönkür-hönkür ağlamağa başladı. Ancaq onun göz yaşlarına səbəb kədər deyil, ümidsizlikdi.

—Arvad, gedək. -Keşiş qıcıqlı halda dedi. -Bu, artıq Allaha inamsızlıq göstərməkdir. Onun həyatını xilas etdilər, başa düşürsən? Artıq ölüm hökmü üstündən götürülüb… Amma sən yenə də şikayətlənirsən.

Qadın göz yaşlarını sildi. Onun gözləri nifrət dolusu baxışlarla parladı.

—Yaxşı, öldürməyin onu… İndi rahatam. O xilas olundu, bəs mən?

Uzun sürən sakitlikdən sonra öz-özünə danışırmış kimi əlavə etdi:

—İndi məhkum olunan bədbəxt mənəm…

Visente Blasko Ibanyez

İspancadan çevirdi,

Məmməd Məmmədli

Standart

Məhkum olunmuş qadın” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.