Rok, bluz və onun ifaçıları

Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq qurluşu dövrünə gedib çıxır. Amerikalılar zənciləri Afrikadan zorla tutub, gəmilərlə bütün Sakit okeanı üzərək öz torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür, sağ qalanlarsa, tez bir zamanda materikə ayaq basmalarını arzulayırdılar. Ancaq onları nə gözlədiyini hələ təsəvvürlərinə belə gətirmirdilər. Bu zaman onlar ömürlük köç etdikləri yerlərə özləri ilə mədəniyyətlərini də daşıyırdılar. Zənci qullar plantasiyada əziyyətli işlər gördükcə vətən həsrətli mahnılar oxuyur, bununla həm də vaxtlarını öldürürdülər. Onların oxuduğu mahnıların musiqisi bluz idi. Məhz buna görə bluz kədərli musiqi sayılır. Çünki onlar kökündən qoparılan ağac kimi yad yerlərə gətirilərək ağ insanlar üçün işləməyə məhkum edilmişdilər. Bluz musiqisi cəmi beş notdan ibarətdir. Buna “pentatonika” deyilir. Pentatonika bluza özünəməxsus bir çalar gətirir. Gitara isə bu çaları daha da rövnəqləndirir.

Bildiyimiz kimi, rok və jazz bluzdan ayrılmış janrlardır. Bütün rok ifaçıları öz karyeralarına başlamazdan əvvəl bluzun sirlərini öyrənirlər. Bu janrın öncülləri qara dərili Robert Johnson, John Lee Hooker və başqaları olub. Zəncilərdən sonra ağ insanlar da bluza maraq göstərmişlər. Ona görə də bluz “ağ” və “qara” olur. Demək olmaz ki, qaradərili ifaçılar ağdərililərdən daha yaxşıdır. Bu, onların istedadından, özünü musiqiyə həsr etməsindən, ona bağlı olmasından asılıdır. Bir çox ağdərili ifaçılar tanıyıram ki, indiyədək onların adları dillər əzbəridir. Bunların sırasında ağdərili Stevie Ray Vaughan, Gary Moore, Eric Clapton, qaradərililərdən isə B.B. King, Albert King, Chuck Berry və başqalarını misal çəkə bilərəm. Bu ifaçılar bluzun kralları sayılır.

B.B. Kingin məhşur “Lucille” guitarasının öz tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə əlbəyaxa olurlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra çıxmağa tələsir. Birdən işfaçının yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli alətini xilas edir və o vaxtdan adını “Lucille” goyur…

Bluz ancaq gitarada ifa olunur. Heç bir musiqi aləti bu janrın incəliklərini gitara kimi çatdıra bilməz. XX əsrin əvvəllərinə qədər akustik gitara səsinin zəifliyındən orkestrdə özünə yer tapa bilmirdi. O zaman ən çox zərb və nəfəs alətləri dəbdə idi. Ancaq 1952-ci ildə Amerikada iki gitara istehsalçısı – Fender “Telekaster”i, Gibson isə “Les Paul”u buraxdı. Bir qədər sonra Fender 1954-cü ildə özünün məhşur “Stratocaster” modelinin istehsalına başladı. O zamandan gitara yenidən dəbə düşdü. Bir çox musiqiçilər akustik alətlərini kənara qoyub, elektrogitaraya keçdilər. Bir qədər sonra, 60-cı illərin sonlarından başlayaraq, “distortion” səsi kəşf olundu. Elə bu andan rokun tarixi başlayır.

Jimi Hendrix, yəqin çoxunuz onu tanıyırsınız, bu solaxay ifaçı, o dövrdə qeyri-adiliyi ilə seçilirdi. Jimi “Woodstock” meydanında verdiyi konsertlərilə məhşurlaşmışdı. Onun “All along the watchtower”, “Little wing” mahnılarını bu gün də gitara ifaçıları konsertlərində öz repertuarlarına daxil edirlər.

Jimi Hendrix Vaşinqtonda anadan olub. Onun valideyinləri afroamerikalı idi. Valideyinlərinin içkiyə qurşanmağı və evdəki dava-dalaşlar Hendrixin sonrakı həyatında təsirsiz ötüşmədi. O, özünü tənha hiss edirdi. Bu tənhalıqdan bezən oğlan gitaranı özünə dost seçmişdi. 60-cı illərin əvvəllərində “Upsetters”, “Curtis Knight” və “Squires” kimi yerli qruplarda çıxışlar etməyə başlamışdır. O, bir çox məhşur ifaçılarla çalışırdı. İçkiyə qurşanmış J. Hendrix həm də narkotik alüdəçisi idi. 20 albomundan 3-ü – “Are you Experienced?” (1967), “Bold as Love” (1967) və “Electric Ladyland” (1968) sağlığında çıxmışdı. Jimi Hendrix dünyasını dəyişəndə onun cəmi 27 yaşı vardı.

Hə, onu deyirdim axı. Elektrogitaranın kəşfindən sonra rok musiqisi o dövrün cavan nəslini fanatlara çevirdi. Hamı konsertlərə gedir, vaxtlarını maraqlı keçirirdilər. Stadionlarda o qədər insan toplaşırdı ki, adam əlindən tərpənmək olmurdu…

Hər bir gitara fanatı bilir ki, Carlos Santana əvvəl “Gibson”da çalırdı indi isə “PRS” markasından imzalanmış gitarasında ifa edir. Gary Moore “Gibson”, Jimmy Page “Gibson”, Eric Clapton “Fender”, Jeff Beck “Fender”, Steve Vai “İbanez”, Eric Johnson “Fender”, George Benson “İbanez” gitara istehsalçılarını seçmişlər. Amma sizə onu deyim ki, o zamanlar çeşid o qədər də böyük deyildi. Buna baxmayaraq, həmin istehsalçılar indiyədək populyarlığını qoruyub saxalaya bilmişlər.

Eric Clapton “Fender” markalı “Blackie” adlandırdığı stratocasterini 1973-cü ildə almışdı və bu gitara, uzun illər onun əlindən düşmədi. Həmin aləti o, 2004-cü ilə qədər qorudu və bundan sonra hərracda onu 1 milyon dollara satdı.

Eric Clapton müğənni, bəstəkar, bütün dövrlərin ən məhşur gitaraçılarından biridir. Musiqiçilər arasında “Slowhand” (asta barmaq) kimi tanınır. Doğurdan da o, musiqisində Yngwie Malmsteen kimi sürət nümayiş etdirməsə də “Rolling Stone” jurnalında bütün dövrlərin 100 ən yaxşı gitaraçısı arasına ikinci yeri tutur. Onun bütün yaradıcılığı boyu ifaları dəyişikliyə məruz qalıb, ancaq musiqisi bluza köklənib.

Ümumiyyətlə, rok musiqisini bir janr kimi ayırmaq mümkün deyil. Çünki tarixə nəzər yetirsək görərik ki, Jimi Hendrix, Steve Vai, Eric Johnson, Buckethead biri-birindən tamamilə fərqlənir. Bu sənətkarların çox fərqli çalğı üslubu vardır.

Dövr dəyişdi, 80-ci illərdə pop musiqisi yarandı. Onun da öz kralları var. Ancaq təəssüf edirəm ki, rok indi o qədər də sevilmir. Azərbaycanda belə musiqiyə heç cavanlar maraq göstərmir. Yaşlılar isə daha çox rokun nostaljisi ilə yaşayırlar. Düşünürəm ki, vaxtilə rokun ürəkləri fəth edən gözəlliyi, cazibəsi kül altında qalmış köz kimi qəlbləri yenidən isidəcək…

Məmməd MƏMMƏDLİ

Leave a Reply