Dünyanın məşhur gitaraları

Gitara dünyada ən populyar çalğı alətidir. Təkcə ABŞ-da ildə 2.5 milyon gitara satılır. Belə bir deyim var: Gitaraçını xoşbəxt edən nədir? Cavab isə heç kimin ağlına belə gəlməz: Daha yeni bir gitara. Məhz buna görə istər peşəkar, istərsə də həvəskarlar özlərinə hər dəfə yeni bir gitara alırlar.

Bildiyimiz kimi rok və bluz tarixində məhşur gitaraçıların məhşur gitaraları olub. Çünki hər bir gitaranın da insan kimi ya kədərli, ya da cəlbedici bir taleyi olur.

B.B. Kinqin məhşur “Lucille” gitarasının da öz tarıxçəsi vardır. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə bir-birinə keçir, hətta əlbəyaxa olurlar. Axırda iş o yerə çatır ki, klubda yanğın törədirlər. Hamı bayıra qaçır. Birdən B.B. Kinqin yadına düşür ki, bahalı “Gibson” markalı gitarasını içəridə unudub. Tez geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını “Lucille” goyur.

Cimmi Peycin “Les paul” gitarası da öz məhşurluğu ilə yadda qalıb. “Led Zeppelin” qrupunun yaradıcısı olan bu virtuoz gitaraçının karyerası boyu əlindən 1500 gitara keçib. Onun “Nömrə bir” və “Nömrə iki” adlandırdığı gitaraları 59-cu ilin “Gibson Les Paul” gitaralarıdır. Belə güman olunur ki, hazırda o dövrədə buraxılan bu modellərdən yalnız 1000 ədədi işlək vəziyyətdədir.

Cimi Hendriksin məşhur “Monterey” stratokasteri çox qısa bir həyat sürüb. Bu gitaranı o, Monterey festivalında  “Wild thing” mahnısını ifa etdikdən sonra tamaşaçıların gözü qarşısında yandırmışdır. Bu, rok tarixində ən yaddaqalan hadisələrdən biri oldu. Tamaşaçılar elə düşünürdülər ki, Cimi gitarasını sındırmaqla kifayətlənəcək amma o, gözlənilməz hərəkəti ilə hamını heyrətləndirdi.

Erik Klapton “Fender” markalı “Blackie” adlandırdığı stratokasterini 1973-cü ildə almışdı və uzun illər onu əlindən yerə qoymadı. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və sonra hərracda 1 milyon dollara satdı. Əldə olunan vəsait Klaptonun yaratdığı “Narkotik və alkoqol alüdəçiliyinə qarşı mərkəz”ə yönəldildi.

İfaçının daha bir “The fool” adlı Gibson SG markalı “psychedelic” gitarası da olub. Klapton onu 1964-cü ildə almışdır, ancaq səhnəyə çıxmazdan öncə onu rənglətdirdi. Gitaranı rəngləyən usta bu işi yaxşı görmədiyindən boyalar biri-birinə qarışdı. Bu vəziyyətdə o, çox qəribə görünürdü. Sonralar bu gitara bir neçə ifaçının əlindən keçib, 90-cı illərə qədər isə gitaranın sahibi amerikalı müğənni və bəstəkar Todd Rundqren olub.

“The red special”, “The fireplace” və ya “The old lady” – adları müxtəlif olsalar da söhbət “Queen” qrupunun gitaraçısı Brayn Meyin  bir gitarasından gedir. O zaman ifaçının gitara almağa pulu yox idi. Ona görə də belə qərara gəlir ki, özünə mükəmməl bir alət düzəltsin. İfaçı gitarasını atasının köməkliyi ilə 1963-1964-cü illərdə düzəltmişdir. Alətin düzəldilməsində o, evlərindəki masa, köhnə soba, anasının toxuculuqda işlətdiyi mil və köhnə motosiklet detallarından istifadə edib. Bu gitara o dövr üçün ona 18 funt sterlinqə başa gəlir. B.Meyin düzəltdiyi gitaranın səsi başqa qitaraların səsinə bənzəmir, özünəməxsusluğu ilə seçilirdi. Brayn gitarasını məktəbə aparanda sinif yoldaşlarından biri onu öz gitarasıyla dəyişməyi təklif etsə də o, razılaşmır.

Brayn Mey uzun illər öz sevimli gitarasından ayrılmır və indi də ifaları ilə tamaşaçıların qəlbini coşdurur.

Məmməd MƏMMƏDLİ

Leave a Reply