Markes və uçan boşqablar

blank

1969-cu il iyulun 20-də “Apollo 11” missiyasının modulu “Sakitlik dənizi” adlı bazalt tərkibli kraterə endi. Bu, min illər boyu meteoritlərin təsirinə məruz qalan Aydakı quru dənizlərdən biri idi. Ora iki astronavt – Neil Armstronq və “Buzz” (Vıj-vıj) ləqəbli Edvin Aldrin ayaq basaraq peykin səthində xatirə lövhə yerləşdirdilər. Üzərində isə bu sözlər yazılmışdı: “Burada Yer planetin sakinləri ilk dəfə olaraq Aya ayaq basıb. Biz bəşəriyyət adından sülh gətirmişik”.

blank

Altı yüz milyon tele-izləyici qarşısında atılan addım sanki elmi fantastik proqramdan götürülmüşdü. Bu hadisəni izləyən yaşlı nəsil 1938-ci il oktyabrın 30-da “Hellouin” bayramı ərəfəsində aparıcı Orson Uelsi yaxşı xatırlayır. Radioda “Dünyaların müharibəsi” haqqında danışan aparıcı yadplanetlilərin Amerika Birləşmiş Ştatlarına hücum etməsini elan etməklə Nyu-Cersi ştatında yaşayanları əməllicə inandırmışdı. Digər ölkələrdə yadplanetlilərlə bağlı mövzuya laqeyd qalmayanlar hələ də belə filmlərə inanırdı. Elə bununla bağlı kolumbiyalı yazıçı Qabriel Qarsia Markes ən çox sevdiyi “Monqoların işğalı” və “2001: Kosmik odissey” filmlərini misal gətirirdi. Birincisini ilk dəfə Kolumbianın “Barrankilla” Teatrında bazar günləri səhərələr təşkil olunan seanslarda, daha dəqiq söyləsək 1938-ci ildə görmüşdü. İkincisi isə 1968-ci ildə premyerası olan Stenli Kubrikin çəkdiyi filmdir. Bu hadisə “Apollo 11” kosmik gəmisinin göyərtəsində olan Mayk Kollinsin Ayın qaranlıq tərəfi ilə hərəkət edərkən kosmosun dərinliklərindən gələn qəribə bir musiqiyə bənzər “Vuu-vuu” səslərinin radioda yaranmış sükutun pozduğu andan düz bir il əvvəl baş vermişdi.

blank

Elə həmin vaxtlar Qarsia Markes uçan boşqablar haqqında danışan tanınmış bir adama çevrilmişdi. Aya enmə tarixi hadisəsindən sonra İspaniyanın “Təpəgöz” (Cíclope) elmi-fantastik jurnalı 16-cı nömrəsində yadplanetlilərlə bağlı bir neçə nəfərdən müsahibələr götürmüşdü. Onlardan biri də Qabriel Qarisia Markes idi. Yazıçı müsahibəsində uzaq sivilizasiyalar və kosmik gəmilər haqqında danışırdı:

– Uçan boşqablar barədə nə düşünürsünüz?

– Mən UNO-lar haqqında ümumi şeylər deyə bilərəm. Düşünürəm ki, bu cür kosmik gəmilər başqa planetlərdən gəlir. Ancaq onların aldığı istiqamət Yer deyil.

– Siz başqa planetlərdə həyatın mövcudluğuna inanırsınız?

– Həyatın yalnız bizim planetdə olduğu fikrini deyənlər çox təkəbbürlüdürlər. Məncə biz Kainatda itmiş xırda bir kənddə yaşayırıq və gecələr rəngbərəng işıqlarda başımızın üstündən keçən UNO-lar bizə bizim toyuq-cücəyə baxdığımız kimi baxırlar.

blank

Müsahibədən iki il əvvəl çap olunmuş “Yüz ilin tənhalığı” əsərində yazıçı kiminsə öləcəyini yaxud da nəyinsə pis sonluqla bitəcəyindən xəbər verən göydəki uçan boşqabları təsvir edir. UNO-ları ilk dəfə görən əsərin qəhrəmanı Ursula İquaran idi. Həmin gecə polkovnik Aureliano Buendia hökümətə tabe olduğunu sənəddə imzaladıqdan sonra özünü sinəsindən vurmuşdu: “Onu xaincəsinə öldürdülər – Ursula öz-özünə dedi – və onun gözlərini bağlamaqla keç kəs ona həqiqəti demədi”.

Hava qaralanda yaşarmış gözlərilə gördü ki, narıncı işığa boyanan UNO-lar göydə fırlanaraq özündən sonra işıq zolağı yaradırdılar, bu zaman Ursula başa düşdü ki, bu, ölümə işarədir”. (Qarsia Markes, 1995: 288)

Sonradan bu naməlum obyektləri Ursulanın ölümündən bir neçə saat sonra Santa Sofia de la Piedad görmüşdü.

Santa Sofia de la Piedad yaxın vaxtlarda öləcəyini dəqiq bilirdi, çünki bu günlərdə təbiətdə qəribəliklərlə üzləşmişdi – qızıl gülər gül ətri vermirdi, əlindən yerə düşən balqabaq toxumları geometrik cəhətdən dəqiq düzülərək dəniz ulduzuna bənzər forma almışdı və gecələrin birində narıncı rəngə çalan disk şəkilli aparatların ard-arda uçaraq göydən keçdiyini görmüşdü. (471)

UNO-larla üzləşən sonuncu qəhrəman Amaranta Ursula idi. Çarpayıda uzanaraq əmisi oğlu Aureliano Babiloniyanın seksual gücünə təslim olmuşdu: “Ehtirasın caynağına düşmüş qız fövqəladə bir qüvvənin qarın nahiyəsini iflic edərək daxilinə öz toxumlarının yeritdiyini hiss edirdi. Qızın müqavimət göstərməsinə baxmayaraq ölümün o tayında gözəgörünməz şarlarda onu gözləyən yadplanetliləri görmək yanğısı tamamilə darmadağın olmuşdu” (536).

Maraqlısı o idi ki, uçan boşqabları görənlərin hamısı qadın idi. Belə bir nəticəyə gəlmək olur ki, gözəlliyi ilə seçilən Remediosun yadplanetlilər tərəfindən oğurlanması Allahın möcüzəsi deyil. Buendia, Amaranta və Fernanda del Karpionun yaşadıqları evin üzərinə düşən işığın yerin cazibəsini pozaraq qızıl gülün qönçəsində gizlənən ləçəklərin ətrafa səpələdiyini gözümün önündə canlandırıram. Evdəkilər bu yad texnologiyanın qarşısında nə edəcəklərini bilmir, ilahi gözəlliyə sahib olan Remedios Stiven Spilberqin filmlərində olduğu kimi yuxarıya doğru sovrulan mələfələrin arasında cazibəsizlik burulğanına düşür. “Sizcə UNO-lar hardan gəlir və onları kim idarə edir?”. Müsahibimiz davam edir:

– Uçan boşqabların içərisində oturan məxluqlar bizdən fərqli olaraq daha uzunömürlüdürlər. Biz onları maraqlandırmırıq, çünki onlar kainatın bütün bölgələrini gəzdikdən sonra min illər bundan əvvəl artıq bizi tədqiq ediblər. Onlar bizi özümüzdən nəinki çox bilir, hətta hara qədər gedəcəyimizdən belə xəbərdardılar. Əslində Yer kosmosla səyahət edən bu canlılar üçün bir limandır.

blank

“Apollo 11” modulunun pilotu Maykl Kollins Ayın qaranlıq tərəfindən keçərkən sirli səsin eşitdiyini NASA-ya xəbər verəndə texniki heyət bunun kənardan radio vasitəsilə bir müdaxilə olduğunu bildirdilər. O dəqiqə yadplanetlilərin mesajı fərziyyəsi təkzib edildi. Ancaq 20 il sonra təxminən bir topa sənədlərin arasında azıb qalmış tədqiqatçılardan fərqli olaraq Qarsia Markes Aydan gələn məlumatın şifrəsini aça bilmişdi. O, bu barədə, “General öz laberintində” adlı səkkizinci romanında yazmışdı. Kolumbiyalı yazıçı sübut etməyə çalışırdı ki Simon Bolivar bir qulyabanı olmuşdur, yəni onun şəxsiyyəti ay bədirlənəndə pozulurdu. Bunun üçün yazıçı XIX əsrin ilk 30 ilindəki Ayın fazalarını öyrənməyə başlamışdır. Bunu əsərdə də görmək mümkündür. Manuela Saens general Oliriyə yazdığı məktubların birində deyir ki, 25 sentyabrın gecəsi Bolivara hücum ediləndə ay bədirlənmiş boşqabdakı şorba kimi narıncı rəngə çalırdı. Başqa bir gecə 1830-cu ilin mayın 8-də prezident Bolivar Quaduasda istefa verəndə də göydə yumru ay müşahidə olunurdu.

Bu, Markes üçün kosmik fəzada uçmaq kimi bir şey idi. Çünki onun yazdıqlarında bir çəkisizlik, cazibə qüvvəsinə tabe olmayan bir azadlıq hissi duyulurdu və o, bunu qeyri ixtiyari şəkildə, ədəbiyyat naminə edirdi. O, bilirdi ki, Birləşmiş Ştatlarla Sovetlər birliyi arasında gedən raket yarışması uğursuzluğa düçar olub. Markes 1977-ci ilin mart ayında “El Espectador” qəzetinə müsahibə verərkən RTİ Telekanalına demişdi: “Nə qədər ki, kəhkəşanda insana rast gəlməmişik kosmik fəzanın fəthi uğursuzluqla bitəcək. Bu, ədəbiyyatın, incəsənətin problemidir. Nə qədər ki, ədəbiyyat və incəsənət oxuculara, tamaşaçılara həyatın problemini çatdıra bilmir bəşəriyyətin problemi öz həllini tapmayacaq”. Müsahibə zamanı Qarsia Markes qollarını çiyin səviyyəsinə qaldırır və əlində kub formasında bir şey tuturmuş kimi bir-birlərinə yaxınlaşdırır. Və bu zaman deyir: “Əgər bu ölçüdə bir marslı tapsaydım, elə bu andaca kosmosun fəthi inanılmaz bir gerçəyə çevrilərdi və hamı bunun necə olduğunu bilmək istəyərdi”.

– Bəzi alimlərin nəinki UNO, hətta yadplanetli fenomenini inadlı şəkildə inkar etməsini necə izah edirsiniz?

blank

– Məsələ ondadır ki, bəşəriyyət kimyagərlərin necə bir biliyə sahib olduğunu anlaya bilmir. Və indi biz elə bir elmin qarşısında dayanmışıq ki, laboratoriyanı ağlın mətbəxi hesab edən həmin məxluqlar nəyisə doqma saymazdan əvvəl onu şüşə qabın içinə yerləşdirirlər. Bizimkilər mürtəce alimlərdir, çünki marslıları görə bilmədiyi üçün onların mövcudluğunu inkar edirlər. Onlar heç özlərinə sual vermirlər ki, daxilimizdə bizi müharibəyə səsləyən o mikroblar Marsdanmı gəliblər? Hələ ki elm kimya kimi gözüaçıq deyil, təcrübəyə əsaslanır, insanlar əbləhlər krallığının sakini olaraq qalacaq. Biz hələ bundan sonra da uçan boşqablara ağzıaçıq formada baxacağıq. Bibliyada adı çəkilən, keçmişdəki kimi bizimlə səhər yeməyinə oturan həmin məxluqların gerçək olmadığını iddia edəcəyik. Çünki biz planetin ən ucqar kəndində yaşayanlardan biriyik, kainatın ən geridə qalmış canlılarıyıq.

“Cíclope” jurnalı, 16-cı buraxılış, 1969-cu il

İspan dilindən tərcümə etdi: Məmməd Məmmədli

blank
blank

Comments

Leave a Reply

You cannot copy content of this page