Tələbəlik illərimdə özümü skeptik sayırdım. Hesab edirdim ki, bu, ən düzgün yoldur. Bu, məni ateistlərə yaxın etsə də ateist etmirdi. Əgər Allahın mövcudluğunu sübut edə bilmirəmsə, özü də heç zaman sübut edə bilməyəcəmsə onu necə inkar edə bilərəm? Bu, mənim məntiqimə sığmır. Normal insanların da məntiqinə sığmamalıdır, çünki məntiq bizim hamımızda eynidir. Görünür, ateistlərdə başqa cürədir. Amma skeptik olduğum üçün ilahi varlığı da qəbul etmirdim. Sözün açığı, mən dindən aralı gəzirdim.

Ümumiyyətlə, mən öz-özümə suallar verib, onlara cavab tapmağa çalışan biriyəm. Boş vaxtlarımda fikirləşirəm, xüsusən də gecələr. Nə üçün gecələr? Çünki hamı yatanda sənə heç kəs mane olmur. Bu zaman insan daha yaxşı düşünür. Elə bu mətni də gecə yazdım. Əlqərəz…

Bir gün, daha doğrusu bir gecə qarşıma növbəti bir sual qoydum. Allah var, yoxsa yox? Bir skeptik ilahi qüvvə qarşısında fikrini dəqiqliklə bildirə bilməz axı… Necə yəni, 50% inanıram, 50% isə inanmıram. Məgər Allahın varlığı, yoxluğu bizim inamımızdan asılıdır? Həmin gecə mən skeptik düşüncələrimi qoydum bir kənara. Yadıma nisbilik nəzəriyyəsi düşdü. Başladım hər bir şeydə nisbilik axtarmağa. Nümunələr gətirməyə çalışdım. Pis və yaxşı anlayışların nisbi olduğunu söylədim. Çünki bir şey əgər pisdirsə, əks tərəfdən ona baxanda o bizə yaxşı görünür və s. Yəqin ki, fikrimi çatdıra bildim. Doğrudan da hər şey nisbidir. Və əgər hər şey nisbidirsə nə üçün hansısa bir materiyanın mövcudluğu, deyək ki, armudu stəkan, nisbi deyil? Ola bilərmi ki, armudu stəkan mövcud, eyni zamanda mövcud olmasın? Tutaq ki, bu da belədir. Bəlkə o, paralel dünyada mövcud deyil. Zarafat edirəm. Məgər inam nəyisə dəyişdirir? Bu, bir az gülməli alınır. Bu yolla görmək istəmədiyin adamı yox etmək olar. Deməli, məsələ inamda deyil. Bu zaman belə bir fikir də yadıma düşdü: Əgər nəyəsə möhkəm inansan, o mütləq yerinə yetəcək. Əslində çoxumuz bunu təcrübədən keçirmişik. Bəli, bu belədir. Ancaq bu, yenə də nisbiliyə gətirib çıxarır. Fikrimi tuta bildiniz? Burada yadıma daha bir şey düşdü. Məgər sizdə olmayıbmı ki, arzuladığınız və inandığınız həyata keçməsin? Olub, buna əminəm. Deməli, nə deyirsiz deyin, məsələ inamda deyil. Məsələ bilirsiz nədədir? Mən zikr edərkən müxtəlif variantları nəzərdən keçirirdim və mənə elə gəldi ki, az qala sualın cavabını tapacaqdım. Mən Allahın mövcudluğunu aşkar etmişdim, sanki onun yerini müəyyənləşdirmişdim az qala. Bu zaman canıma elə qorxu düşdü ki, dayandım və özümə söz verdim ki, daha bu barədə düşünməyəcəyəm. Anladım ki, Allah heç zaman özünün harada olduğunu bizə bildirməz. Onu qəbul etmək isə çətin olduğu qədər də asandır.

Leave a Reply

You cannot copy content of this page