Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz məktəbə getməyə başladı. Onu paytaxta qızlar pansionatına yolladılar və sonrakı on iki ilini orada keçirdi. Çox yaxşı şagird idi. Nizam-intizamı, dini ibadətgahda olan sərtliyi sevirdi. Zanbaq güllərinin ətrindən, çılpaq və kimsəsiz dəhlizlərdən, kölgəli bağçadan zövq alırdı. Xoşuna gəlməyən şeylər isə bura gələn insan kütləsi və yetim qalmış uşaqlar idi. Və bir də dərs otaqlarından gələn iydi. Hər dəfə rahibələrə güləndə qaçıb binanın çardağında, başsız heykəllərin arasında, sınıq-salxaq mebellərin arxasında gizlənərdi. Belə vaxtlarda o, səs çıxartmadan günahlarını yuyurdu. Hər altı aydan bir əmisi Euxeniodan məktublar alırdı. Məktublarda o, qıza məsləhətlər verir, özünü yaxşı aparmasını deyir, valideynlərinin ruhlarını şad etməsini diləyirdi. Yazırdı ki, onlar həyatda yaxşı xristianlar idi və əgər sağ olsaydılar qızın bütünlüklə özünü dinə həsr etdiyindən çox məmnun qalardılar. Yəni qız monastırda qalsa daha yaxşı olar. Lakin Analia əmisinə buna hazır olmadığını aydın başa salmışdı, baxmayaraq ki, daxilində dindar həyat sürmək xoşuna gəlirdi. Tənhalığın arxasında gizlənirdi, həyatda olan bütün nemətlərdən qaçırdı, bəlkə də bu yolla o, xoşbəxt olmağa can atırdı. Ancaq onun daxili instinkti himayədarının məsləhətlərinə qulaq asmırdı.
Əmisinin bu hərəkətlərinin ailəvi bağlılıqdan deyil, daha çox mənimsədiyi torpaqlardan irəli gəldiyindən şübhələnirdi. Onun soylədiklərinə etibarı yox idi. Fikirləşirdi ki, hardasa ona tələ qurur.
Analianın on altı yaşı tamam olanda ilk dəfə əmisi ona baş çəkməyə gəldi. Baş Rahibə qızı öz otağına çağırıb onları bir-birlərinə təqdim etdi. Çünki, o vaxtdan, arxa küçələrdə hindu qadının evində yaşadığı illərdən bəri hər ikisi çox dəyişmişdi.
– Görürəm ki, bacıların sənə yaxşı baxırlar, Analia, -əmisi əlində qəhvə içə-içə- . Sən sağlam və hətta gözəl görünürsən, dedi.- Sonuncu məktubumda sənə yazmışdım ki, bu yaşından etibarən qardaşımın göstərdiyi nəsihətnamədə öz xərclərin üçün aylıq maaş alacaqsan. Qoy onun ruhu şad olsun.
– Nə qədər?
– Yüz peso.
– Valideyinlərimin mənə qoyduqları elə budu?
– Yox, əlbəttə ki yox. Bilirsən ki, ev sənə məxsusdur, ancaq kənd təsərrüfatı qadın işi deyil. Özü də bugünkü inqilablar və işsizlik zəmanəsində. Sənə hələlik aylıq maaş verəcəm və sonradan hər il məbləği artıracam. Sonra isə baxarıq.
– Nəyə baxarıq, əmi?
– Baxıb görərik ki, sənə daha çox nə uyğun gəlir.
– Mənim seçim hüququm hansılardı?
– Torpaq sahələrini idarə etmək üçün sənə kişi lazım olacaq. İllərdi bunun əziyyətini özüm çəkirəm. Sənə deyim ki, bu heç də asan iş deyil. Ancaq bu mənim borcumdur. Qardaşımın son saatlarında ona söz vermişəm və indiyə qədər də sənə görə sözümə əməl eliyirəm.
– Əmi, bundan sonra borcunuzu yerinə yetirməyə ehtiyac qalmayacaq. Mən ərə gedəndən sonra torpaq sahələrimi özüm idarə edəcəm.
– Ərə gedəndə? Rahibə ana, qız ərə gedəndə dedi? Məgər onun nişanlısı var?
– Bu sizin ağlınıza hardan gəldi, senyor. Bu, yəqin onun danışıq tərzidir.
Analia Torres ayağa qalxdı, ətəyini səliqəyə salıb, yüngülcə başını əyərək otaqdan çıxdı. -Bununla əmisinə etirazını bildirdi.
Baş Rahibə ona bir fincan da qəhvə süzərək dedi ki, bu davranışın yeganə səbəbi qızın qohumlarıyla illərlə görüşmədiyindən irəli gəlir.
– Analia Torres yeganə şagirddir ki, heç vaxt tətilə çıxmayıb və yeni ildə həmişə hədiyyəsiz qalıb. -Rahibə səsinin quru ahəngilə izahat verdi.
– Mən nəvaziş nümayiş etdirən kişilərdən deyiləm, ancaq sizi əmin edirəm ki, qıza hörmət edir və onsuz darıxıram. Mən onun istəklərini bir ata kimi yerinə yetirəcəm. Ancaq siz haqlısız, Analianın nəvazişə ehtiyacı var. Qadınlar sentimental olurlar.
Otuz gündən sonra qızın əmisi yenidən kollecdə göründü, ancaq bu dəfə qızla görüşmədi. Baş Rahibəyə oğlunun qızla məktublaşmaq istədiyini bildirdi. Xahiş etdi ki, məktubları qıza çatdırsın. Bəlkə belədə qohumluq əlaqələri möhkəmlənər.
Məktublar mütəmadi olaraq gəlməyə başladı. Çox sadə, ağ kağızda və qara mürəkkəblə yazılmış məktublar müxtəlif mövzulardan bəhs edirdi. Biri kənd həyatından danışır, ilin fəsillərindən və mal-qaradan, digəri dünyasını dəyişmiş şairlərdən və onların həyat haqqında düşüncələrindən. Hərdən zərflərin içində kitab, yaxud rəsm əsəri də olurdu. Analia özünə söz vermişdi ki, o məktubları oxumayacaq. Çünki əmisiylə bağlı olan şeylərdə təhlükə olduğunu düşünürdü. Digər tərəfdən pansionatda olan darıxdırıcı ab-hava onu məktubları oxumağa və arzulamağa sövq edirdi. Pansionatın damında gizlənirdi, indi orada xəyallara dalmırdı, əmisi oğlunun ona yazdıqlarını oxuyurdu. Məktubda hətta hərflərin yazılış formasını, şəklini yaddaşında saxlayırdı. Əvvəl onlara cavab məktubu yazmırdı, sonradan yazmağa başladı. Məktubların məzmunu Boyuk Rahibəyə gülünc gəlirdi. O, əlinə düşən bütün məktubuları açıb oxuyurdu. Qızla oğlanın aralarında yaxnlıq yaranan kimi, məktubu şifrələməklə sevgidən danışmağa başladırlar.
Analia Torres ona məktublar göndərən əmisi oğlunu xatırlamırdı. Çünki əmisigildə yaşayanda oğlanı paytaxta, kollecə oxumağa göndərmişdilər. Əmin idi ki, oğlan eybəcər, bəlkə də xəstə və bədheybətin biridir. Çünki belə hissiyyatlı və ağıllı olan birisi çətin ki, bu iki cəhəti özündə cəmləşdirə bilsin. Xəyalında əmisi oğlunun xarici görünüşünü çəkməyə çalışırdı. Bəstəboy və kök, sifəti çopur, saçları seyrək… Ancaq mənfi cəhətlərini nə qədər tapıb üzə çıxartsa da onu bir o qədər də artıq sevməyə başlamışdı. Əsas qəlbin istəyi idi. Öz-özünə sual edirdi: “Görəsən, nə qədər eybəcərliyə dözə biləcək.”
Luis Torreslə Analia arasında məktublaşma düz iki il çəkdi. İki ildən sonra qızın sombrero üçün saxladığı sandıq məktublarla doldu. Qəlbi isə artıq oğlanın əlində idi. Qızın beynindən bir sual keçdi. Bəlkə bu əmisinin planı olub və bu münasibətdən sonra ona məxsus olan bütün torpaqları əmisi oğlu ələ keçirəcək? Həmin anda bu fikirləri başından çıxartdı və hətta özünün belə xırdaçı olduğundan utandı da. On səkkiz yaşın tamamında Baş Rahibə qızı pansionatın yeməkxanasına çağırdı və dedi ki, yanına gələn var. Analia Torres gələn adamın kim olduğunu başa düşdü və hətta qaçıb çardaqda heykəllərin arxasında gizlənmək istədi. Xeyli vaxtdan bəri təsəvvüründə canlandırdığı insanı görəcəyindən sanki dəhşətə gəlmişdi. Yeməkxanaya daxil olanda yerində donub qaldı. Qarşısındakı oğlan onu məyus etmədi.
Luis Torres qızın xəyalında yaratdığı kimi heç də balaca boy və eybəcər deyildi. Əksinə, o, görkəmcə xoşsifət oğlan idi. Uşaq ağzına bənzər kiçik ağzı var idi. Səliqəli qara bığları, uzun kiprikli aydın baxışları vardı. Gözlərində parıltı yox idi. Kilsədəki keşişlərə bənzəyirdi, bir az da ağıldan kəm görsənirdi. Analia bu zərbədən özünə qayıtdı və qərara gəldi ki, əgər onun ürəyi xəyalındakı qozbeli qəbul edibsə, üzündən öpərkən burnuna lavanda ətri hopduran bu cavan, alicənab oğlanı da sevə bilər.
Analia evliliyin birinci günündən Luis Torresə qarşı ikrah hissi keçirməyə başladı. Yumşaq çarpayıda oğlan qızı özünə sıxanda o, başa düşdü ki, sevdiyi insan xəyalında canlandırdığı birisidir və bu ehtirası heç zaman reallığa, evliliyə gətirə bilməzdi. Öz hissləriylə mübarizə aparırdı. İlk növbədə münasibətlərini yerli-dibli kəsir və nədəsə çətinliklə üzləşəndə etirazlar edirdi. Çalışırdı ki, qəlbinin dərinliyində olan hissləri özündən uzaqlaşdırsın.
Luis mülayim, hətta maraqlı insan idi. Tələbləriylə qızı narahat etmirdi, özünü tənhalığa və sakitliyə çəkmirdi. Analia etiraf edirdi ki, əgər münasibətləri qarşılıqlı olsaydı, bu nigahda xoşbəxtlik tapmaq olardı. İki ildə sevdiyi oğlanı özündən kənarlaşdırmağa elə bir ciddi səbəb yox idi. Öz emosiyalarını sözlə ifadə edə bilmirdi və əgər bunu bacarsaydı belə danışmağa heç kimi yox idi. Xəyalındakı oğlanı əriylə uyğunlaşdıra bilmədiyindən özünü gülünc vəziyyətə qoymuşdu. Qız məktublarla bağlı danışmaq istəyəndə Luis mövzudan qaçırdı. O, qızın ağzını qapayıb sonra da bir öpücüklə söhbəti bağlayırdı. Yəni nigahda olan bu cavanların məktublaşmaları barədə söhbətlərin xatırlanması ailəyə lazım deyildi. Etibar, hörmət, birgə maraqlar və ailənin gələcəyi daha vacib idi. Aralarında intim münasibət demək olar ki, yox idi. Gün ərzində hər kəs öz işiylə məşğul olurdu. Gecələr isə qaz tükündən olan yorğan-döşəkdə belə Analiaya elə gəlirdi ki, indicə boğulacaq. Hərdən tez-tələsik qucaqlaşırdılar. Qız hərəkətsiz halda uzanmış, kişiylə münasibətə məhkum olmuş kimi, o isə, cəld və kobudcasına, bədənin tələbini ödəyirmiş təki davranırdı. Luis üstünlüyü ələ alır, qız isə qaranlıqda gözləri açıq, sanki baş verənlərə etiraz edirdi. Analia bütün vasitələrlə çalışırdı ki, ərinin onda yaratdığı ikrah hissinə qalib gəlsin, ərini sevməkdən ötrü, hətta beynində olan fikirlərini təmizləsin ki, yoldaşı onlara toxunmasın. Dua edirdi ki, keçirdiyi ikrah hissləri ötəri olsun. Ancaq aylar ötdükcə rahatlıq tapmaq əvəzinə münasibətləri düşmənçiliyə, hətta sonradan nifrətə keçdi. Bir gecə yuxusunda eybəcər bir kişi görmüşdü. Onun mürəkkəbə bulaşmış qara barmaqları qızın saçlarını tumarlayırdı.
Torreslər ailəsi qızın atasının mülkündə yaşayırdılar. Bura əvvəllər uçuq-sökük, tör-töküntü idi. Abadlıqdan əsər əlamət belə yox idi. Buralarda oğrular, cinayətkarlar gəzirdi. Amma indi ev əsas yola yaxın idi. Yaxınlıqdakı kənddə hər il bayram şənlikləri keçirilirdi.
Luis qanuni olaraq torpaq sahələrinin rəhbəri idi, amma əslində bu işləri yerinə yetirən atası Euxenio idi. Luis tarla işlərilə məşğul olan deyildi, onun bu işləri görməyə hövsələsi çatmırdı, darıxırdı. Nahardan sonra ata oğlu ilə birlikdə kitabxana otağında olanda Analia əmisinin təsərrüfat işlərindən – heyvandarlıqdan, toxum səpinindən dələn gəlir haqqında olan söhbətlərini eşidirdi. Bəzən qız onların söhbətinə müdaxilə edəndə onlar qıza guya diqqətlə qulaq asır, amma sonradan öz bildiklərini edirdilər. Hərdən Analia atın belinə minib çapanda kişi olmadığına heyfsilənirdi.
Uşağın doğulması Analianın ərinə olan münasibətlərinə yüngüllük gətirmədi. Onsuz da Luisin işləri başından aşırdı. Uşağı dünyaya gətirəndə Analia evdə otağını dəyişdi. Orada yalnız bir çarpayı vardı.
Uşağın bir yaşı tamam olanda anası hələ də öz otağının qapısını açarla bağlayırdı və əriylə bir yerdə tək qalmaqdan çəkinirdi. Luis fikirləşirdi ki, artıq qadından nəvaziş görməlidir. Bunu görməyəndə qapını çırpmaqdansa qərarını verməlidir, verdi də. Analia onu heç vaxt belə qəddar qörməmişdi. Heç bir söz demədən ərinə tabe oldu. Sonrakı yeddi ildə münasibətləri o qədər pisləşmişdi ki, düşmənə çevrilmişdilər. Kənardan mədəni, kübar göründüklərindən başqalarının yanında özlərini mehriban ər-arvad kimi aparırdılar. Onların davakar, dözülməz münasibətlərindən uşaq əziyyət çəkir, gecələr oyanıb yerinin içində ağlayırdı. Analia tam səssiz həyat tərzi keçirirdi və yavaş-yavaş daxildən qurumağa başlayırdı. Luis isə daha ürəyiaçıq və sadəlövh idi. Özünün bəzi vərdişlərini unudub içkiyə qurşandı. Gecələr evə gəlmirdi. Luis pis ər olduğunu dilinə gətirəndə Analia bunu əlində bayraq edərək ərindən tamamilə uzaqlaşmağa bəhanə tapdı. Luis tarla işlərinə olan marağını itirən kimi Analia onu ələ keçirdi. Bazar günləri əmisi Euxenio yeməkxanada Analia ilə söhbətlər edir, verdikləri qərarları götür-qoy edirdilər. Bu zaman Luis yatır və oyananda ürəyi bulanırdı. Axşamlar isə dostlarıyla əyyaşlığa gedirdi. Analia oğluna tərbiyə verir, kitab oxumaq vərdişi aşılayırdı. Yeddi yaşı tamam olanda Luis onu təhsil almaq üçün paytaxtdakı kollecə göndərmək istədi, ancaq Analia özünü qabağa verərək ərini bu fikirdən daşındırmağa nail oldu. Oğlunu kənd məktəbinə apardı. Uşaq bazar ertəsindən cüməyə qədər orada qalırdı. Şənbə və bazar günləri arxasınca maşın göndərir, evə gətirirdilər, ta növbəti birinci günə qədər valideynlərilə olurdu. Təhsilin birinci həftəsi Analia oğlunda oxumağa o qədər maraq görmüşdü ki, hətta yanında saxlamaq fikrinə belə düşmüşdü. Oğlu məktəbdən çox razı idi. Öz müəllimindən, məktəb yoldaşlarından həvəslə danışırdı. Gecələr yatanda artıq yerini batırmırdı. Üç aydan sonra qiymət dəftəriylə birgə müəlliminin yazdığı kiçik məktubla anasını sevindirdi. Məktubda uşağın yaxşı davranışı barədə xoş sözlər yazılmışdı. Analia onu diqqətlə, əlləri əsə-əsə oxuyarkən güldü. Oğlunu qucaqlayıb hər bir şeyi öyrənmək üçün onu sorğu-suala çəkdi. Yataq otaqları necədir, uşaqlara yeməyə nə verirlər, gecələr soyuq olurmu, nə qədər dostu var, müəllimi necə insandı və bu kimi suallarla söhbətə tutdu. İndi qəlbi daha rahat oldu və artıq oğlunu məktəbdən çıxarmaq fikrindən daşındı. Sonrakı aylarda da uşaq yaxşı qiymətlərlə evə qayıdırdı. Analia bu qiymət kitabçasını bir xəzinə kimi qoruyub saxlayırdı. Bir dəfə oğluyla bütün sinfə marmelad göndərmişdi. Analia gec-tez oğlundan ayrılacağını düşünürdü. Fikirləşirdi ki, bir neçə ildən, uşağının ilkin təhsilindən sonra onu şəhərə oxumağa göndərməli olacaq. O zaman oğlunu ancaq yay tətillərində görə biləcək.
Bir axşam kənddə dava düşmüşdü. Həmin gün çox içmiş Luis Torres sərxoş halda atını minib özünü taberna yoldaşlarına göstərirdi. Bu zaman at onu yerə çırpıb iki ayağının arasına bir şıllaq atdı. Doqquz gündən sonra Torres ağrıdan zarıya-zarıya şəhər xəstəxanasında canını tapşırdı. Başının üstündə olan həyat yoldaşı ona heç vaxt məhəbbət göstərmədiyinin təəssüfünü çəkərək ağlayırdı. Amma digər tərəfdən onun ölməsi üçün dua etdiyindən ürəyi rahatlıq tapmışdı. Ərini basdırmaq üçün öz qapısına qayıtmazdan öncə Analia özünə ağ paltar aldı və onu çamadanda gizlətdi. Kəndə matəm libasında qayıtdı. Üzünə tül çəkmişdi ki, heç kim onun gözlərini görə bilməsin. Tabutu torpağa basdıranda oğlu da yanında idi. Yas mərasimi qurtaranda Analia ilə hələ də yaxşı münasibət saxlayan əmisi, altmış yaşlı Euxenio öz gəlninə təklif etdi ki, torpaqları ona bağışlayıb şəhərə oğlunun yanına getsin və bu yolla keçmişdə olan bütün qəmini, kədərini unutsun.
– Mənim yazıq Luisim və sən heç vaxt xoşbəxt olmadınız.
– Haqlısız əmi. Luis ilk gündən məni aldadırdı.
– Qızım, o hər zaman sənə hörmət edirdi. Səninlə təmkinli davranırdı. Luis yaxşı ər idi. Bütün kişilərin kiçik macəraları olur, amma bu indi vacib deyil.
– Mən bunu demək istəmirdim. O, mənə çarəsi olmayan bir yalan söyləyirdi.
– Nədən danışdığını bilmirəm heç bilmək də istəmirəm. Hər halda düşünürəm ki, oğlunun yanında olmaq hər ikiniz üçün yaxşı olar. Heç nəyə ehtiyacın olmayacaq. Mən mülkü idarə edəcəm. Qoca olsam da hələ ki, canım suludu.
– Mən burda qalacam, oğlumla bir yerdə. O mənə torpaq işlərində kömək edəcək. Son illər evdən çox tarlada işləmişəm. Yeganə fərq odur ki, indi mən qərarlarımı təkbaşıma, heç kimlə məsləhətləşmədən verəcəm. Nəhayət bu torpaqlar təkcə mənə məxsus oldu. Sağ olun, Euxenio əmi.
İlk bir neçə həftədə Analia özünün dul həyatında yerdəyişmələr etdi. Əri ilə yatdığı mələfələri yandırdı. Çarpayını böyük otağa sürütdədi. Bu arada mülkü idərə etmə qaydaları haqqındakı kitabları dərindən öyrəndi. Ağlına heç bir ideya gəlmirdi. Amma, artıq suallar verməyən bir köməkçi axtarmağa başladı. Görəndə ki hər şey qaydasındadı, çamadanda gizlətdiyi ağ paltarını axtardı, ütüləyib əyninə geyindi və sombrero qutusunu əlinə alaraq maşına minib kənd məktəbinə getdi.
Analia saat beşdə vurulan son zəngi gözlədi. Dərs qurtaran kimi bütün şagird ordusu bayıra çıxdı. Onların arasında oğlu da vardı. Anasını görən kimi quruyub qaldı. Axı ilk dəfə idi ki, anası arxasınca məktəbə gəlirdi.
– Sinif otağını mənə göstər, müəllimini görmək istəyirəm.
Analia qapının ağzında oğluna dedi ki, gedib bayırda gəzsin. O şəxsi söhbəti ikilikdə aparmaq istəyirdi. İçəri daxil oldu. Bu, böyük, tavanı hündür olan bir sinif otağı idi. Divarlardan xəritə və biologiya dərsinə aid şəkillər asılmışdı. Uşaqların təri divarlara çökmüşdü. Bu, Analiaya qızlar pansionatında olan iyi xatırladırdı. Uşaqlığı yadına düşdü. Ancaq nəfəs aldıqca sinif otağında duyduğu iy daha çox xoşuna gəlirdi. Partaların üstündə uşaqların kitab-dəftərləri vardı. Yerə kagız-kuğuz tökülmüşdü. Müəllim otaqda idi. O təəccüblə qadına baxdı, ancaq ayağa qalxmadı. Qoltuqağacları bir qədər özündən aralı olduğundan, yan-yörəsindəki oturacaqlar onu götürməyə mane olurdu. Analia oturacaların arasıyla özünə yol açaraq ona yaxınlaşdı.
– Mən Torresin anasıyam. -Tanışlıq üçün ağlına bundan başqa bir şey gəlmədi.
– Axşamınız xeyir, xanım. Bizə şirniyyat və meyvə göndərdiyiniz üçün təşəkkür edirəm.
– Gəlin bu sözləri kənara qoyaq. Bunun üçün gəlməmişəm. Oğluma görə gəlmişəm ki, mənə onun necə oxuduğundan, dərslərə hazırlığından danışasınız, -deyib əlindəki sombrero qutusunu masanın üstünə qoydu.
– Bu nədir?
O, qutunu açdı və içərisindən uzun illər qoruyub saxladığı sevgi məktublarını çıxartdı. Müəllim məktubları tanıdı.
– Siz mənə itirdiyim on bir ilimi borclusunuz…
– Necə bildiniz ki, onları mən yazmışdım. – Onun səsi tutqun, boğuq idi.
– Ailə həyatımı qurduğum gündən başa düşdüm ki, ərim bunları yaza bilməzdi. Oğlumun qiymət dəftərini gördüyüm andan xəttinizi tanıdım. İndi bu xəttə baxanda məndə heç bir şübhə qalmır. Mən sizi on alti yaşımdan yuxularımda görürdüm…
– Luis Torres mənim dostum idi. O məndən məktubları yazmağı xahiş edəndə düşündüm ki, bu heç də pis iş deyil. İlk üç məktubu yazdım. Sonradan siz cavab yazanda artıq mən dayana bilmədim… Bu iki il həyatımın ən gözəl anları idi. Hər dəfə cavab məktublarını səbirsizliklə gözləyirdim. Məni bağışlayın.
– Bu sizdən asılıdır, -Analia belə deyərək qoltuqağaclarını ona ötürdü.
Müəllim onları qadından alıb ayağa qalxdı. Hər ikisi səs-küylü həyətə çıxdılar. Orada günəş hələ də üfüqdə qızarırdı.
İsabel Alyende
İspancadan çevirdi: Məmməd MƏMMƏDLİ
“ULDUZ” Jurnalı – avqust 2016
Leave a Reply