Yadımdadı məktəbdə oxuyanda 3 musiqi alətini sevirdim – saksofon, gitara və piano. Bu alətlərin səsi qulaq pərdələrimi titrədəndə ruhum dincəlirdi. Necə oldusa Sabunçu rayonu mədəniyyət mərkəzində (sonradan o binanı uçurdular) piano dərslərinə yazıldım və 3 il sərasər bu alətdə məşğul oldum. O zamanlar evimizdə sınıq bir piano vardı. Yadımdadı “Polonez” çalırdım. Pis ifa etmirdim. Sonda müəlliməm dedi ki, Mamed təqaüdə çıxıram və daha uşaq hazırlaşdırmayacam. Beləcə mənim piano dərslərim başa çatdı. İndi bu alətdən heç xoşlamıram. Məni daha çox simli alətlər cəlb edir. Saksofonda məşğul olmaq istəyi heç vaxt olmasa da aləti sevirdim. Bu adi uşaq marağı idi, bilirdim ki, nəfəs alətləri mənlik deyil.

Yadımdadır, televizorda “Wayne’s world” (Ueynin dünyası) filmi nümayiş olunurdu. Orada Ueynin ağ Stratokasterdə çalması indiyədək yadımdadı. Bu səhnə məndə gitaraya olan həvəsimi birə-beş artırdı. Çox sevdim bu aləti. Mən böyüdüm və necə oldusa özümə ağ rəngli Stratokaster aldım. Uşaqlıq arzum yerinə yetdi. İndi mən hər gün onda məşğul oluram…

Leave a Reply

You cannot copy content of this page