Məğlubedilməzlər

Hər zaman deyirəm Cu Citsu bizim üçün yalnız idman növü deyil, biz bundan zövq alırıq. Cu Citsu bizim həyat tərzimizə çevrilib. Məşqimiz də özünəməxsus bir saatda başlayır, axşam saat 20.00-da. Bu vaxtı ancaq işidən sonra idman xəstələri gəlir. Uşaqlardan çoxu ailəlidir. Buna baxmayaraq onlar gəlirlər, gün ərzində keçirdiyi stressdən qurtulmaq üçün. Yarışlarda da qrupumuz yaxşı nəticələr göstərir, çünki biz məğlubedilməzlərik.

green beltYeri gəlmişkən, keçən həftə İlqar Bayramov və mən yaşıl kəmərə layiq görüldük. Təşəkkürlər, məşqçimiz Elçin Hüseynov və federasiyamızın prezidenti Mirəli Seyidov.

İndi isə göyə doğru!

Beş dəqiqə?

Hə, beş dəqiqə. Çünki siqaret çəkirəm. Nəsə düz gəlmir, siqaret və idman. Hələ ki, infarkt keçirməmişəm gərək atım bu zibili. Rafiq isə (göy kəmər) maşallah, deyir hələ indi başlamışam.

Deyirəm bu cu citsu doğrudan da şamat oyununa bənzəyir. Əgər sən rəqibin işlətmək istədiyi fəndi qabaqcadan görürsənsə o, səni təslim edə bilməyəcək. Yox əgər görmürsənsə gözləmədiyin bir anda əlini yerə vuracaqsan. Rafiq də axırda məni belə təslim etdi. Mən başa düşmürdüm o neyləyir, buna görə də hücumu davam etdirirdim. Nəhayət o an gəlib çatdı və mən təslim oldum. İndi bu döyüşə təkrar baxanda görürəm ki, sən demə o, elə döyüş başlayandan bu fəndi işlətməyə çalışırdı.

İki narıncı kəmərin mübarizəsi

Rəşadla mən Ciu Citsu ilə noyabrda, başqa sözlə desək bir gündə məşğul olmağa başlamışıq. Əslində o, məndən iki gün əvvəl “şahmat” oynamağa başlayıb. Başa düşdüz də, Ciu Citsu döyüş növünü braziliyalılar şahmat adlandırır. Ancaq bunun elə bir əhəmiyyəti yoxdur (Rəşadın məndən iki gün əvvəl məşqə başlamasını nəzərdə tuturam).

Rəşad mənim ən yaxın məşq yoldaşlarımdan biridir. Əksər uşaqlar isə adətən iki yaxud da üç ay məşğul olandan sonra gəlmirlər. Beləliklə bizim qrupun üzvləri müəyyən vaxtdan bir yenilənir. Ola bilsin bu idmana maraqları ölür. Ancaq Rəşad belə deyil. O da, mənim kimi youtubedən fəndlər öyrənir, döyüşlərə baxır, başqa sözlə Ciu Citsu onun həyat tərzinə çevrilib. Bu bizi birləşdirən ümumi cəhətdir. Fərqli cəhətimiz ondan ibarətdir ki, o məndən güclüdür lakin mən ondan daha çevikəm. Texniki səviyyəmiz mən deyərdim ki, eynidir.

Döyüşə fikir versəz görərsiz ki, başlayan kimi mən side control, yəni yandan kontrol edib rəqibin sol əlini boynuna dolamağa cəhd edirdim. Fikrimdə ona boğucu fənd işlətmək idi. Birinci dəfədən alınmadı. Bir az sonra yenə bu fəndi işlətmək istədim və bu dəfə başa düşdüm ki, belə şey Rəşadla alınmayacaq. Onun boynu çox yoğun idi. Mənim qolum isə bunu etməyə sadəcə çatmadı. Sonda döyüşü ənənəvi olaraq işlətdiyim ağrıdıcı fəndlə bitirdim.

Onu da etiraf edim ki, həmişə Rəşad mənə qalib gəlirdi. İndi isə mənim növbəm çatdı. Xatırladım ki, biz şahmat oynayırdıq.

96 litr tər tökəndən sonra

Orange BeltNəhayət ki, səkkiz aylıq məşqlərdən sonra və 96 litr tər tökəndən sonra Jiu Jitsu üzrə ilk kəmərimi aldım. Özüdə ikisini birdən, sarı və narıncı kəmər. Soruşa bilərsiz nəyə görə məhz doğsan altı litr. Deyim, cavabı sadədir. Mən hər dəfə məşqə gedəndə özümlə bir litirlik su götürürəm və məşq zamanı içirəm. Özünüz hesablayın, həftədə üç dəfə məşqimiz olur. Bir vuraq üç, onu da vuraq dördə, alınan cavabı da vuraq səkkiz aya. Mmm… 96 litr, bu az deyil.

İrəlidə məni yaşıl kəmər gözləyir. Bunun üçün də mən hardasa 150 litr su içməliyəm. Nəysə… Məşqlərimiz davam edir və mən də bundan zövq alıram. Mənimlə bir yerdə kəmər alan uşaqları təbrik edirəm. Xüsusi təşəkkürlər mənim məşqçim Sansey Elçinə və Jiu Jitsu Federasiyasının Prezidenti Mir-Əli Seyidova.

Məmməd vs Məmməd

M vs M 1Bu dəfə də məşq hər zaman olduğu kimi kreativ keçdi. Hər dəfə yeni bir şey icad eliyən Fuad (göy kəmər) bu dəfə də bizə bədən qızışdırıcı hərəkətlər eləməyə göstəriş verirdi. Fırlanaraq zal boyu qaçmaq, meymunvari yerimək, dörd nəfərin üzərindən mayallaq aşmaq. Biz bundan bezmirik, əksinə xoşumuza gəlir, çünki bizi hər dəfə yeni sürprizlər gözləyir. Sonra məşqi bizim sansey Elçin aparır. O da qeyri adiliyinə görə Fuaddan seçilmir. Sansey Elçin bizə tapşırıq verərkən hansı fənddən yaxud hərəkətdən sonra nəyi edəcəyini yaxşı bilir. Bir sözlə təcrübəli məşqçidi. Hamımız ondan razıyıq. Bu gün məşq ağır keçmədi. Sadəcə o qədər məni yerə çırpdılar ki, lap içim töküldü.

Nəysə, məşq qurtardı. Ancaq bir az vaxtımız var idi. Fürsətdən istifadə edib adaşım olan Məmmədlə güləşmək istədim. Bizim zalda üç dənə Məmməd var. Beləliklə iki dənə Məmməd güləşməyə başladı. Kamerayla digər məşq yoldaşımız Rüfət çəkirdi.

Mən Məmmədlə çox güləşmişəm. Ona görə də bir-birimizi yaxşı tanıyırdıq. O məni hər dəfə guard-a keçirməyə çalışır. Birinci döyüşdə də o bunu elədi. Mənim vəzifəm indi guard-dan çıxmaqdı. Hiss eliyəndə ki, o ayaqlarını açdı tez çıxdım və onu osaekomi-də saxlamağa başladım. Onu deyim ki, Məmməd çox “flexible” oğlandı. Bunu 1:20-ci dəqiqədə görmək olar. O ayaqlarıyla mənim başımı tutur. Bu isə mənim planımda deyil. Bir təhər başımı çıxardıram. Videonun 1:40-cı dəqiqəsində mən onu ağrıdıcı fəndə salmağa hazırlaşıram. Gözləyirəm və məqam çatanda onun qolunu bururam.

İkinci döyüşdə o yenə məni guard-a keçirir. Bu dəfə mən təhlükəni hiss etsəm də onun sürətli reaksiyasını gözləmirdim. Nəhayət o məni təslim edir.

Üçüncü döyüşdə isə mən onu guard-a keçirməyə çalışıram. Ancaq bu məndə yaxşı alınmır. Mən nəzarəti itirməyə başlayıram və o tez məni osaekomi-də saxlayaraq eyni zamanda boynumu sıxmağa başlayır. 3:35-ci dəqiqədə mən blok yaradıram və o məni artıq sıxa bilmir. Tez fürsətdən istifadə edib onu çevirirəm və boğucu fəndi tədbiq edirəm. Bunu mən ilk dəfədir ki edirdim. Alındı!