Ay işığı

Qustavo Adolfo Bekker

AY İŞIĞI

Bilmirəm danışacağım əhvalat hekayəyə, yoxsa əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır.

Başqası bu ideyanı götürüb bəlkə də kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə bir az əylənib vaxt keçirə bilsinlər.

O, bir zadəgan ailəsindən idi. Top-tüfəng səsinin, döyüşdə çalınan cəngi zamanı əsgərlərin çıxardığı qəribə səslər arasında anadan olmuşdu. Müharibə vaxtlarında gözünü perqamentdən çəkmədən sonuncu nəğməsini oxuyaraq döyüşçüləri ruhlandırırdı.

Onu tapmaq istəyənlər yaşadığı geniş sarayda, rəiyyətin bəslədiyi dayçalar, ona xidmət göstərən qulluqçuların əhilləşdirdiyi yırtıcı quşlar arasında axtarmalı deyildilər. Onu hətta bekarçılıqdan nizələrini itiləyən əsgərlər arasında da görmək mümkün olmazdı.

—Manrike hardadır? Sizin senyor haradadır? -Hərdən anası narahatlıqla xəbər alar, suallar verərdi.

—Bilmirik, -xidmətçilər də belə cavab verərdi, – yəqin Penya monastırındakı qəbirlərin yanında oturub olülərin danışıqlarına qulaq asır. Yaxud da körpüdə arkanın arasından ötüb keçən çayın dalğalarına baxır. Bəlkə də çökək bir qayada uzanıb ulduzları sayır, göydə axan buludları seyr edir, suyun ləpələrini alışdıran ay işıgına baxır. Başqa sözlə, o, hamının olduğu yerdə olmurdu.

Həqiqətən də, Manrike tənhalığı sevirdi, hətta o qədər sevirdi ki, öz kölgəsini belə görmək istəmirdi. Çünki kölgəsi onu daim izləyirdi. Oxumağa davam et

Ümidsiz sevgi məktubları

İsabel Ayende

ÜMİDSİZ SEVGİ MƏKTUBLARI

Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi və iki həftədən sonra atası buna dözməyərək özünü tapanca ilə sinəsindən vurdu. Bir neçə gün iztirab çəkən kişinin dilindən arvadının adı düşmürdü. Qızın əmisi Euxenio ailənin bütün mülkünə sahib çıxaraq balaca qızcığazı öz qanadı altına aldı. Uşaq altı yaşına qədər hindu qadının ətəyindən yapışa-yapışa böyüdü. Sonradan yaşı çatar-çatmaz məktəbə getməyə başladı. Onu paytaxta qızlar pansionatına yolladılar və sonrakı on iki ilini orada keçirdi. Çox yaxşı şagird idi. Nizam-intizamı, dini ibadətgahda olan sərtliyi sevirdi. Zanbaq güllərinin ətrindən, çılpaq və kimsəsiz dəhlizlərdən, kölgəli bağçadan zövq alırdı. Xoşuna gəlməyən şeylər isə bura gələn insan kütləsi və yetim qalmış uşaqlar idi. Və bir də dərs otaqlarından gələn iydi. Hər dəfə rahibələrə güləndə qaçıb binanın çardağında, başsız heykəllərin arasında, sınıq-salxaq mebellərin arxasında gizlənərdi. Belə vaxtlarda o, səs çıxartmadan günahlarını yuyurdu. Hər altı aydan bir əmisi Euxeniodan məktublar alırdı. Məktublarda o, qıza məsləhətlər verir, özünü yaxşı aparmasını deyir, valideynlərinin ruhlarını şad etməsini diləyirdi. Yazırdı ki, onlar həyatda yaxşı xristianlar idi və əgər sağ olsaydılar qızın bütünlüklə özünü dinə həsr etdiyindən çox məmnun qalardılar. Yəni qız monastırda qalsa daha yaxşı olar. Lakin Analia əmisinə buna hazır olmadığını aydın başa salmışdı, baxmayaraq ki, daxilində dindar həyat sürmək xoşuna gəlirdi. Tənhalığın arxasında gizlənirdi, həyatda olan bütün nemətlərdən qaçırdı, bəlkə də bu yolla o, xoşbəxt olmağa can atırdı. Ancaq onun daxili instinkti himayədarının məsləhətlərinə qulaq asmırdı. Oxumağa davam et

Məhkum olunmuş qadın

Visente Blasko Ibanyez

MƏHKUM OLUNMUŞ QADIN

On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi.

Dünyası dörd divar arasında keçirdiyi yeknəsəq həyatla məhdudlaşırdı. Kameranın hər yerini, bütün dəlmə-deşiklərini əzbərdən bilirdi. Onun günəşi göy üzünün kiçik bir hissəsinin göründüyü yuxarıdakı dəmir barmaqlıqları olan pəncərə idi. Sümüyünə işləyən topuğundakı zəncir və qandallarla hərəkət etdiyi səkkiz addımlıq kamera Rafaelin dünyasının sərhədlərini təyin edirdi.

Ömürlük cəzasını çəkdiyi vaxtda sonuncu dəfə Madriddə onun ətürpədici işinə baxılırdı. O, aylarla həbsxanada çəkdiyi cəza ilə sanki ömrünü məzara gömürdü. Dörd tərəfdən əhatə olunmuş daş divar arasında çürüyən canlı cəsədə bənzəyirdi.

Onun heç xoşlamadığı şey təmizlik idi. Hər gün süpürülən, dümdüz yerdə altına saldığı qalın mələfə nəmişliyi özünə çəkərək sümüklərinə işləyirdi. Kameranın divarlarında, ortalıqda gözə bircə qırıq da toz dəymirdi. Elə bil təmizlik kampaniyası da qəsdinə durmuş, onu rahat cəza çəkməkdən məhrum edirdi. Tam tənhalıqdı. Əgər, ora hardansa bir siçan girsəydi o, sevincək öz yeməyini onunla bölərdi və hətta bu gəmiriciylə söhbət də edərdi. Əgər, küncdə bir hörümçək görsəydi, vaxt itirmədən onu əhlilləşdirməyə başlayardı. Oxumağa davam et

Mavrın qisası

Visente Blasko Ibanyez

MAVRİN QİSASI

Üçüncü vaqonda gedənlərin demək olar ki, hamısı Marietanı tanıyırdı. O matəm libasına bürünmüş gözəl bir qadın idi. Qucağında südəmər körpəsiylə, ətrafdakıların baxışlarından və söbhətindən yayınaraq kiçik bir pəncərəyə yaxın oturmuşdu.

Kəndli qadınlardan bəziləri ona maraqla, digərləri nifrətlə baxırdılar. Vaqonda oturanların hamısı onun başına gələnləri nağıl edərək ondan danışırdırlar.

Marieta ilk dəfəydi ki, ərinin vəfatından sonra evdən çıxmağa cəhd etmişdi. O gündən üç ay keçmişdi, hələ də ərinin kiçik qardaşından qorxurdu. O cəsur qorxmaz və odlu silaha həris olan iyirmi beş yaşlı qəddar bir oğlan idi. Bütün rayon camaatı onu görəndə dəhşətə gəlirdi. Kübar bir ailənin oğlu ona nifərt bəsləyən adamlardan çəkinərək ucqar kəndlərdə, dağlarda yaşamağa başlamışdı.

Marieta ilk baxışdıan həyatından razı və sakit görünürdü. Əhvalı qəmgin olsa da necə də gözəldi, sanki şahzadəydi. Onu görənlər qızın cazibədarlığı qarşısında heyran qalırdılar.

Pepetin ailəsi Marieta ilə nigah bağlamasına nə qədər etiraz etsə də Pepeti fikrindən döndərə bilmədi. Varlı ola-ola kasıb qızla evlənmək axmaqlıq idi. Bundan başqa hamı bilirdi ki oğlanın adaxlısı qoca bir cadügar arvadın qızı idi və anasının bütün pis əməllərinin ona keçməsi heç kimdə şübhə oyatmırdı. Oxumağa davam et

Dənizdə

Visente Blasko Ibanyez

DƏNİZDƏ 

Günorta saat iki idi ki, birdən qapı döyüldü.

—Antonio! Antonio!

Antonio yataqdan dik atıldı. Bu onu dənizə çıxmağa çağıran balıqçı yoldaşı və yaxın dostu Fernandonun səsiydi.

Həmin gecəni az yatmışdı. Saat onu bir idi, amma o, yataqda məyusluqla vırnıxaraq hələ də gündəlik qayğılardan danışan yazıq arvadı Rufina ilə söhbət edirdi. İşləri heç belə pis getməmişdi. Bu nə yaydır! Keçən yay tuneslər Aralıq dənizini sonsuz sayda, sürü ilə keçmişdilər. Ən uğursuz günlərdə belə 200-300 arroba öldürülürdü.

Və Antonio kimiləri ağıllı iş görüb pul ehtiyatlarını yığdılar və öz hesablarına yeni bir balıqçı qayığı alaraq adi dənizçilərin asılığından azad oldular.

Ancaq balıq qıtlığı gəldi. Balıq torları yalnız yosun çıxarırdı, yada xırda balıq tuturdu ki, onu da bazara aparmağına dəyməzdi. Görünür, tuneslər bu il başqa istiqamətdə üzürdülər və heç bir balıqçı birini də belə tutmağa nail olmamışdı.

Rufina bu situasiyadan həyəcanlı idi. Evdə pul yox idi. Çörəksatana borclu idilər, dükanda borcları vardı və hətta yelkənli qayığın tikilməsi üçün yığdığı bütün pulları onlara borca verən senyor Tomas da daima onları hədələyirdi ki, əlli duronun bir hissəsini ona qaytarsınlar. Antonio paltarını geyinə-geyinə doqquz yaşlı balaca oğlu Antonikonu yuxudan oyatdı. O səriştəli bir balıqçı kimi dənizdə atasına kömək edirdi. Oxumağa davam et

Təhrik

Xavier Serkas

Təhrik

Latınca belə bir ifadə var: “Zibillikdən dişiylə qızıl çıxartmaq”. Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm: məqsədimə catmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz.

Qustave Flaubertin  Louis Koletə məktubundan

1

Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaqçün aşağı, supermarketə düşürdü. Qayıdan kimi cemləyağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asa-asa və qəzet oxuya-oxuya mətbəxdə səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu.

Alvaroöz həyatını ədəbiyyata həsr etmişdi. Onun bütün maraqları, dostluq əlaqələri, məqsədləri, maddi durumunun artma imkanları, gündüz və gecə vaxtı evdən çıxması, bütün bunlar məhz ədəbiyyat naminə arxa plana atılmışdı. İşinə stimul verə bilməyəcək bütün şeylərdən zəhləsi gedirdi. Hüquq fakültəsini bitirmiş savadlı bir kadr kimi, onun bu sahədə bir çox yüksək vəzifələrə keçmək şansı vardı. Bu isə ondan işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Ancaq Alvaro daha çox adi bir idarədə, sadə hüquq məsləhətçisi vəzifəsinə üstünlükverdi. Tutduğu vəzifə ona səhər vaxtlarını öz sevimli işinə həsr etmək imkanı yaradırdı və onu yazıdan ayıran bütün məsuliyyətdən azad edirdi. Eyni zamanda, yaşamaq üçün ona kifayət qədər maddi qazanc yetirirdi. Oxumağa davam et

Alovlu gecə

Xuan Rulfo

ALOVLU GECƏ

–Sən ki məndən yuxarıdasan, danış, qarşıda bir işarə, işıq gələn yer görürsənmi?

–Heç nə görünmür.

–Bir şey qalmayıb, indi çatırıq.

–Hə, amma heç nə eşidilmir.

–Yaxşı bax.

–Heç bir şey görmürəm.

–Eh… İqnasio, yazıqlar olsun sənə.

Yolla gedənlərin zülmətli kölgəsi yerdəki daşların üstündən aşaraq yoxuşdan enişə doğru irəliləyirdi, sanki qobu öz məcrasıyla axırdı. Bu, yerində durmadan sağa-sola əsən bir kölgə idi.

Göyün üzündəki on dörd gecəlik ay yerdəkilərə yol göstərirdi.

–İqnasio, artıq yavaş-yavaş kəndə çatırıq. Sənin ki qulaqların yaxşı eşidir, diqqətlə qulaq as, itlərin hürüşməsini eşitmirsən? Yadına sal, bizə demişdilər ki, Tonaya dağın arxasındadır. Gör neçə saatdır ki, dağı aşıb arxada goymuşuq. Yadına sal, İqnasio.

–Hə, ancaq kənddən əsər-əlamət belə görmürəm.

–Mən artıq yoruluram.

–Qoy məni yerə. Oxumağa davam et