MƏMMƏD VS MƏMMƏD

M vs M 1Bu dəfə də məşq hər zaman olduğu kimi kreativ keçdi. Hər dəfə yeni bir şey icad eliyən Fuad (göy kəmər) bu dəfə də bizə bədən qızışdırıcı hərəkətlər eləməyə göstəriş verirdi. Fırlanaraq zal boyu qaçmaq, meymunvari yerimək, dörd nəfərin üzərindən mayallaq aşmaq. Biz bundan bezmirik, əksinə xoşumuza gəlir, çünki bizi hər dəfə yeni sürprizlər gözləyir. Sonra məşqi bizim sansey Elçin aparır. O da qeyri adiliyinə görə Fuaddan seçilmir. Sansey Elçin bizə tapşırıq verərkən hansı fənddən yaxud hərəkətdən sonra nəyi edəcəyini yaxşı bilir. Bir sözlə təcrübəli məşqçidi. Hamımız ondan razıyıq. Bu gün məşq ağır keçmədi. Sadəcə o qədər məni yerə çırpdılar ki, lap içim töküldü.

Nəysə, məşq qurtardı. Ancaq bir az vaxtımız var idi. Fürsətdən istifadə edib adaşım olan Məmmədlə güləşmək istədim. Bizim zalda üç dənə Məmməd var. Beləliklə iki dənə Məmməd güləşməyə başladı. Kamerayla digər məşq yoldaşımız Rüfət çəkirdi.

Mən Məmmədlə çox güləşmişəm. Ona görə də bir-birimizi yaxşı tanıyırdıq. O məni hər dəfə guard-a keçirməyə çalışır. Birinci döyüşdə də o bunu elədi. Mənim vəzifəm indi guard-dan çıxmaqdı. Hiss eliyəndə ki, o ayaqlarını açdı tez çıxdım və onu osaekomi-də saxlamağa başladım. Onu deyim ki, Məmməd çox “flexible” oğlandı. Bunu 1:20-ci dəqiqədə görmək olar. O ayaqlarıyla mənim başımı tutur. Bu isə mənim planımda deyil. Bir təhər başımı çıxardıram. Videonun 1:40-cı dəqiqəsində mən onu ağrıdıcı fəndə salmağa hazırlaşıram. Gözləyirəm və məqam çatanda onun qolunu bururam.

İkinci döyüşdə o yenə məni guard-a keçirir. Bu dəfə mən təhlükəni hiss etsəm də onun sürətli reaksiyasını gözləmirdim. Nəhayət o məni təslim edir.

Üçüncü döyüşdə isə mən onu guard-a keçirməyə çalışıram. Ancaq bu məndə yaxşı alınmır. Mən nəzarəti itirməyə başlayıram və o tez məni osaekomi-də saxlayaraq eyni zamanda boynumu sıxmağa başlayır. 3:35-ci dəqiqədə mən blok yaradıram və o məni artıq sıxa bilmir. Tez fürsətdən istifadə edib onu çevirirəm və boğucu fəndi tədbiq edirəm. Bunu mən ilk dəfədir ki edirdim. Alındı!