Təhrik

Təhrik - web

Latınca belə bir ifadə var: “Zibilin arasından dişilə qızıl çıxartmaq”. Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm: məqsədimə catmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz.

Qustave Flaubert, Louise Koletə məktub

1

Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaqçün aşağı, supermarketə düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asaraq qəzet oxuya-oxuya mətbəxdə oturub səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu.

Öz həyatını ədəbiyyata həsr etmişdi. Onun bütün maraqları, dostluq əlaqələri, məqsədləri, maddi durumu- nun artma mümkünlükləri, gündüz və gecə vaxtı evdən çıxması məhz ədəbiyyat naminə arxa plana atılmışdır. Onun işinə stimul verə bilməyəcək bütün şeylərdən zəhləsi gedirdi. Hüquq fakültəsini bitirmiş savadlı bir kadr kimi, onun bu sahədə bir çox yüksək vəzifələrə keçmək şansı vardı. Bu isə ondan, işinə məsuliyyətlə yanaşmağı tələb edirdi. Ancaq Alvaro daha çox adi bir idarədə, adi hüquq məsləhətçisi vəzifəsinə üstünlük verdi. Tutduğu vəzifə ona səhər vaxtlarını öz sevimli işinə həsr etmək imkanı yaradırdı və onu, yazıdan ayıran bütün məsuliyyətdən azad edirdi. Eyni zamanda yaşamaq üçün ona kifayət qədər maddi qazanc yetirirdi.

O, ədəbiyyatı özünə məşuq sayırdı. Deyirdi ki, ya sən ona tam sədaqət göstərirsən ya da o səni tərk edəcək. Tertium non datur. Bütün digər incəsənət növləri kimi ədəbiyyat da səylə çalışmağın və zamanın işidir deyə, öz-özünə düşünərək məhəbbət haqqında zülümkar bir fransız moralist yazıçının məhşur fikrini xatırlayırdı. Alvaro düşünürdü ki, insana stimul verən ilham ilğım kimidir: bütün dünya ondan danışır, ancaq heç kəs onu görmür. Buna görə də hesab edirdi ki, yaradıcılıq cəmi bir faiz ilhamdan, doxsan doqquz faiz isə zəhmətdən ibarətdir. Əks təqdirdə, sonda, bu ilham yazıçını tərk edər, pərəstişkarın, oxucunun tərəfinə keçərdi.

Bəli, hesab edirdi ki, ədəbiyyat oxucunun tərəfindədir. Və sonda belə bir nəticəyə qəldi ki, öz dövrünün tanınmış yazıçılarından az bir hissəsi özlərini ona həsr edirlər. Ətrafda sivil və stimul verici cəmiyyətin azlığı, işləmək əhval-ruhiyyəsi yaradan zəngin fantaziyanı nümayiş etdirməyə köməklik göstərən şəraitin olmaması bu mənzərəyə dumanlıq gətirirdi. Alvaro bu cür hadisələrə təsir göstərməkdə özünü borclu sayırdı. Bunun üçün o, dünyanı fəth edə biləcək bir əsər barəsində düşünməli idi ki, digər sənət adamları da bu təşəbbüsünü davam etdirsinlər.

Bilirdi ki, yazıçının istedadı onun ədəbiyyatı nə dərəcədə tanımasında üzə çıxır. Hər bir yazıçı hər şeydən əvvəl oxucu olmalıdır, oxumağı sevməlidir. Klassik yazıçıların fundamental tərcümə əsərlərini tanısın deyə, bir neçə kitaba ötəri nəzər saldı. Ancaq o, bu əsərlərə şübhə ilə yanaşırdı və hesab edirdi ki, tərcümə oriji- naldan aşaği səviyyədə dayanan bir mətndir. Çünki bu, əsəri yenidən quran tərcüməçinin istinad etdiyi müəllif yazısıdır. Amma buna baxmayaraq tərcüməçi mətni kasıblaşdırmır, onu qurutmur əksinə, sonsuz sayda dolğun və həqiqi formada öz interpretasiyalarıyla onu canlandırır. İnanırdı ki, ədəbiyyat nə qədər zəif olsa da ədəbi olmalıdır, çünki onun elementləri, onun möcüzələri, ziddiyyətləri, onda olan söz oynatmaları, bütün bunlar olmadan biz ədəbi sözünü işlədə bilmərik. Güman edirdi ki, oxumaq informativ xarakter daşıyan bir aktdır.

Əsl ədəbiyyat odur ki, oxuduğunu bir daha oxuyasan.
Həqiqətən də ədəbiyyat boşluqdan, mənasızlıqdan unudulub. Ancaq belə bir qərar ona qarşı heç bir mənfi fikir oyatmağa əsas vermir, əksinə, əsas odur ki, biz klassiklərimizdə bizə lazım olanı tapaq. Ona görə tapaq ki, həmin o bizə lazım olan şey bizim ən çirkin həqiqətimizin, ən intim arzularımızın, bizim özümüzün göstəricisinə çevrilsin. Əsas, bu ənənəni yenidən qurmaq və onu davam etdirməkdir. Keçmişimizdən, unutqanlığımızdan onu dartıb çıxartmaq bahasına! Əsas, möhkəm şəcərə qurmaqdır. Əsas, ata-babalarımızı tapmaqdır -əsərinin konsepsiyasını qurmaqdan əvvəl Alvaro uzun müddət bu barədə düşünürdü.

Bir neçə janrı nəzərdən keçirdi. Bir vaxtlar hesab edirdi ki, şer tamamilə nəsrdən üstün janrdır. Lirik po- ema deyib öz-özünə təkrar edirdi. Amma bu ona bir qədər çətin qəldi və belə bir əsərin yaradılması fikrindən daşındı. Əgər hansısa bir əsərdə klassiklərin adlandırdığı ilham varsa bu lirik poema janrında daha çox duyulur.

Ancaq necə deyərlər o, bunu etmək iqtidarında deyildi. Sonda isə onu zəmanənin tələblərinə uyğun gəlməyən köhnəlmiş baxışlar, istifadədən qalmış bir anlayış olduğunu düşündü. Lirik poema… bu bir anaxronizmdir.

Sonradan epik poema yazmağın mümkünlüyünü götür-goy etməyə başladı. Burada hiddət, həyəcan, dram şübhəsiz çox-çox azdır. Niyyətini həyata keçirə biləcək mətnlər az deyildi. Ancaq nəzm, onun oxucu auditoriasını azalda bilərdi. Mətn müəllifin bütün dünya ilə qurduğu dialoqdur. Əgər bu iki tərəfdən biri yoxa çıxırsa, dialoq prosesi bir növ eybəcərləşir və mətn öz effektini itirir.

Fikirləşdi ki, nəsr formasında epopeya yazmağa bir cəhd etsin. Ola bilsin ki, novella məhz bu cür yaranıb, –öz-özündə düşündü– nəsr şəklində epopeya kimi. Birdən-birə o, nəsrlə yazılan mətni nəzm səviyyəsinə qaldırmağın vacibliyini fikirləşdi. Nəsrdə işlənən hər bir ifadə şerdəki musiqiliyə, onu oxunaqlı edən sözlər arasındaki harmoniyaya malik olmalıdır. Bir sözlə, nəzmlə yaradılmış mətnin nəsrdən üstün olması onu qəzəbləndirdi. O, bunu heç cür qəbul etmək istəmirdi.

Bir novella yazmaq qərarına gəldi. Novella müasirlikdə yaranır. Bu, müasirliyi, reallığı ifadə etmək üçün əlində olan bir vasitədir. Ancaq bu zəmanədə novellalar yazıla bilərdimi? Onun yaşadığı əsr özünün reallıqlarını üzə çıxarırdı. Ən şöhrətli novellistlər bu hadisələri olduğu kimi təsvir etməyin mümkün olmadığını deyirdilər. Onlar ehtimal edirdilər ki, novella janrı parçalanaraq məhv olacaq. Belə bir ölüm hökmünə qarşı vaxtilə ardıcıl şəkildə iki apellyasiya irəli sürülmüşdü. Onlardan biri janrın böyüklüyünü, vacibliyini qoruyub saxlamağa çalışsa da, mənfi qüvvə idi, ürəyində əvvəl verilmiş ölüm hökmüylə razılaşırdı. O birisi də bu qərara qarşı çıxsa da, müsbət qüvvə idi, ancaq bu mübarizəyə baş qoşmurdu. Birincisi ədəbi janrlardan parçalanaraq məhvə doğru getmiş, ikincisi isə, belə təzyiqlərə məruz qalsa da, hekayə, nouvelle kimi kiçik janrlarda özünə yer tapmışdı. Həcmcə kiçik olsa da, insan həyatını və reallığı əhatəli və bütöv bir formada özündə cəmləşdirə biləcək bu janr heç bir maneələrdən çəkinmirdi. Məqsədsizlikdən yaranan sənət ölümə məhkum olmuş bir sənətdir.

Dövrün bu çətinliklərinə baxmayaraq novella yazmağı davam etdirmək lazım idi. Bəzi yazıçılar artıq bunu etiraf etmişdilər. Heç bir vasitə reallığın mürəkkəbliyini dəqiq və zəngin təfərrüatı ilə özündə cəmləşdirə bilməz. Məhv olmağa gəldikdə, bunu alman filosofu Hegel belə hesab edirdi: o, bir hadisə tək cərəyan edir.

Ancaq janrın məhvinin qarşısını almaq üçün onun inkişaf etdiyi, çiçəkləndiyi dövrə qayıtmaq lazımdır. Məhz XIX əsrə, Flaubertin dövrünə qayıtmaq gərəkdir.

2

Alvaro yazacağı əsərin məzmununu fikirləşməyə başladı. Bir neçə mövzuya toxundu. Bu, həddən artıq geniş və qarışıq alınsa da götür-goy etmədən birinin üzərində dayandı. Sonda düşündü ki, mövzunun seçilməsi mənasız bir şeydir. Ədəbiyyatda istənilən mövzu yaxşıdır. Əsas məsələ onu ifadə etmək tərzindədir. Mövzu isə sadəcə olaraq onu yazmaq üçün bir bəhanədir.

Dörd kiçik personajdan ibarət qeyri-adi epopeya yazmaq qərarına gəldi. Onlardan biri əsərin qəhrəmanı, no- vella yazan və qarşısına çıxan maneələrdən dönməyən yazıçıdır. Bu novella daxili novella, maddi çətinlikdən əziyyət çəkən gənc bir ailədən bəhs edir. Evdə tez-tez gedən dava-dalaşdan bezən ər-arvad uzun müddət götür-goy edib yaşadıqları binada qalan, həmişə qaşqabaqlı və qaradinməz bir qocanı öldürmək fikrinə düşürlər. Bu yazıçıdan başqa Alvaronun yazdığı novella daha üç personajı göstərir: ailəni saxlamaqdan ötrü əzab-əziyyətlə səhərdən axşamacan işləyən ər-arvad və binanın sonuncu mərtəbəsində yaşayan qoca. Alvaronun yaratdığı personaj öz əsərini yazdığı kimi, qonşuluqda yaşayan gənc ailənin sakit həyatını qarışdırır və coşdururdu: sakit və qayğısız günləri mübahisələrə, dava-dalaşlara çevirir, aralarında gedən mübahisələri ötəri, müvəqqəti barışıqlarla əvəz edirdi. Bir gün yazıçı öz qonşularıyla liftdə rastlaşır. Qənc ailə əlində kobud parçaya bükülmüş uzuntəhər bir əşya aparırdı. Nədənsə yazıçı gördüyü əşyanın balta olduğunu düşünür. Qapısının ağzına çatdıqda belə bir fikrə qəlir ki, həmin bu ailə aylıq faizə dolanan qocanı baltalayacaq. Bir neçə qün sonra yazdığı novellanın son nöqtəsini qöyur. Qapıçı arvad elə həmin səhər yazıçının və gənc ailənin yaşadığı binadakı qocanın meyidini aşkara çıxarır. Qocanı baltayla qətlə yetirmişdilər. Polisin dediyinə görə, qətlin səbəbi oğurluq idi. Pis vəziyyətdə qalmış yazıçı qatillərin kim olduğunu təkzib etmir və qocanın qətlində özünün günahkar olduğunu düşünür. Çaşqınlıq içində hiss edir ki, onları cinayət törətməyə vadar edən səbəb məhz onun novellası olmuşdur.

Əsərin ümumi planını qurduqdan sonra, Alvaro özünün ilk cızma-qarasını yazır. Əsərin quruluşunu saat mexanizmi kimi dəqiq yaratmağa can atır. Heç nə, heç bir hadisə təsadüfi olmamalıdır. Hər bir personaj üçün ayrıca kataloq yaradır. Bu kataloqlarda dəqiqliklə personajların keçirdikləri bütün tərəddüdün, nos- talji hisslərin, düşüncələrin, gündəlik gördükləri işlərin, arzuladıqları şeylərin, buraxdıqları səhvlərin ümumi qeydlərini saxlayır. Tezliklə görür ki, ən əsası –həm də ən çətini– bu hadisəni ecazkar bir tərzdə, novella şəklində qurmaqdır. Əsərin qəhrəmanı qonşuların həyatını qəribə bir formada dəyişir və onların törətdiyi cinayətdə təqsirkar çıxır. Könüllü olaraq və ya əksinə, yaradıcılığa olan güclü meylindənmi, ya bilməyərəkdən müəllif bu qətlin qarşısını almaq üçün bunu vaxtında başa düsmədiyində, bilmədiyində ya bilib istəmədiyində cavabdehlik daşıyır.

İndi Alvaronun fikri-zikri öz işindədir. Onu işdən ayıran heç bir şeylə məşğul olmur. Personajları daima onu müşayyət edirlər: onunla işləyirlər, gəzirlər, yatırlar, içirlər, arzulayırlar, televizora baxırlar, onunla nəfəs alırlar, onunla ayaqyoluna gedirlər. Yüzlərlə vərəq, müşahidələriylə, qeydlərlə, əhvalatlarla, düzəlişlərlə, personajların və onların yaşadığı evin, otaqların, hərəkət etdiyi küçələrin təsvirlərilə doludur. Kağız üçün yığıb saxladığı qovluqlar get-gedə artır. Kifayət qədər materialın olduğuna inandıqdan sonra novellanın ilk səhifələrini işləyir.

3

Alvaro novellanı işləməyə başladığı gün həmişə olduğu kimi tezdən düz saat səkkizdə yataqdan qalxıb soyuq duş qəbul etdi. Evdən çıxarkən sol əliylə yarıaçıq qalan qapının tutacağından yapışdı, nəyisə yaddan çıxarmış kimi duruxdu və çıxdı.

Yaz günəşinin aydın, zərif şəfəqləri küçələrə qonmuşdu. Supermarketə girib ətrafa göz gəzdirdi. Səhərin bu vaxtı orda adətən heç kəs olmurdu. Şöbələri gəzdikdən sonra altı yumurta və bir qədər meyvə götürdü. Çek kassasının qarşısındakı kiçik növbə uzanmağa başlayanda balaca və beli bükülü bir qocanın arxasında özünə yer tutdu. Bu, senyor Montero idi. Senyor Montero Alvaronun yaşadığı binanın sonuncu mərtəbəsindəki mənzildə qalırdı. Ancaq onların əlaqəsi liftdəki qarşılaşmalarıyla və salam-sağolla məhdudlaşırdı. Qoca aldığı malların qiymətini hesablatdırmaq üçün onları kassanın qarşısındakı yerə tələsmədən boşaldırdı. Alvaro isə onun bədən qurluşunu, onun o qədər də nəzərə çarpmayan qozbel bədənini, qoca əllərindəki qabarmış damarlarını, içəri batmış alnı, iri çənəsi və mürəkkəb profilini gözdən keçirirdi. Alvaronun növbəsi çatanda, tez əlindəkiləri kassirə uzatdı və tez olmasını xahiş etdi. Supermarketdən çıxdı, günəşli küçələrlə qaçmağa başladı. Təngnəfəs halda özünü binanın giriş qapısına çatdırdı. Qoca lifti gözləyirdi.

-Sabahınız xeyir, –Alvaro nəfəsini boğaraq rəsmi mehribanlıqla dedi. -Sabahınız xeyir, –qoca mızıldandı.
Aralarına sakitlik çökdü.
Liftin qapıları açıldı. Daxil oldular. Alvaro fikirləşə-fikirləşə uca səslə başladı:

-Necə də gözəl bir səhərdir! Görünür bahar gəlir. Həəə… –və qocaya yersiz, yerinə düşməyən göz vurdu. Burada qoca gülümsədiyini hiss etdirmək istədi və üzündəki zəhrimarı yığışdırdı. Ancaq yenidən sərt səssizlik hökm sürdü.

Evə çatdıqda Alvaro düşündü ki, son mərtəbədə yaşayan bu senyor onun novellasındakı qoca obrazı üçün ideal bir personajdır. Onun acı sakitliyi, əldən düşmüş qocalığı, zahiri görünüşü. Bütün bu cəhətlərin hamısı onun personajının tələblərilə üst-üstə düşürdü. “Bu mənim işimi asanlaşdıracaq”, deyə düşündü. Belə qənaətə qəlirdi ki, əsərdə real bir modeli əks etdirsə, uydurulmuş personajı həqiqətə uyğun və evfekt verə biləcək xüsusiyyətlərlə bəzəmək daha asan olar. Seçilmiş personajın fəaliyyəti və xüsusiyyətlərini əsas götürməklə kifayətlənər. Lazımi nəticə verə bilməyən, boşluqda yaranan solğun təxəyyülün zəif sıçrayışlarına ehtiyac qalmaz. Bunun üçün o, senyor Monteronun keçmiş və indiki həyatıyla dərindən tanış olmalı, onun bütün fəaliyyəti, gəlir mənbəyi, ailəsi və dostları barəsində düzgün və ətraflı məlumat toplamalı idi. Elə bir şey yox idi ki Alvaroda maraq oyatmasın. Hər bir şey xəyalında yaratdığı personajı qurmağa onu təhrif etməyə, eybəcərləşdirməyə və ya əksinə onu bəzəməyə, tamamlamağa kömək edirdi. Oxucu bütün bu xırdalıqlara fikir verməyə də bilər və onları novellada göstərməyin elə bir səbəbi yox idi. Ancaq Alvaro üçün bütün bu xırdalıqlar vacib idi. Bunlar, hadisələr arasında olan bağıllığı əldə etmək üçün özül yaradırdı. Və bu özül üzərində ətrafdakı təəssüratı, real insanları təhrif olunmayan formada özündə cəmləşdirir və personajın həqiqətə uyğun olmasını təmin edirdi. Bütün bunları əsas tutaraq qoca kimi ailənin də axtarılmasına ehtiyac duyulurdu. Burada həmçinin onun həyatı barədə mümkün qədər düzgün informasiyanın əldə edilməsi vacib idi. Digər tərəfdən bu ailənin qapı-gonşu olması onun işini qeyri-adi formada asanlaşdırardı. Çünki onları nəinki istədiyi vaxt və diqqətlə izləyə bilər, eyni zamanda uğur əldə edərək onların söhbətlərinə, ailədə gedən müzakirələrə qulaq asa bilərdi. Və bütün görub-eşitdiklərini asan, canlı şəkildə, heç bir təhrifə yer vermədən novellasında əks etdirərdi. Mənzil divarları nazik olduğundan bütün qonşuların, ondan bir mərtəbə yuxarı və onun mərtəbəsində yaşayanların söhbətləri asanlıqla eşidilirdi. Ancaq səslər ona qarışıq çatırdı. Yalnız binada səssizlik bərpa olunanda yaxud da qonşuların qışqırığı ümumi səs-küyü üstələyəndə nəsə məlumat əldə etmək olardı. Bütün bunlar görülən işin sona çatdırılmasını şübhə altında goyurdu.

Ancaq yuxarıda sadalananların qarşısında bir maneə dayanırdı: Alvaro blokda yaşayan qonşuları demək olar ki, tanımırdı. Pusmaq imkanı əldə etsə də, ona yaxın olan üç mərtəbədən ikisi bu səs əlaqəsini kəsirdi.

Birində sifətini sızanaq basmış cavan müxbir qız yaşayırdı. Hər dəfə axşam düşən kimi müəmmalı fikirlərlə Alvaronu işdən ayırırdı. Başqa bir mənzildə heç kəs yaşamırdı. Kirayə pulunu verə bilmədikləri üçün oranı beş ay bundan qabaq dul bir qadın, itini çox istəyən, həddi-buluğa çatmış qızıyla tərk etmişdi. Bununla belə əsərin tələblərinə cavab verə biləcək ailə onun üçün münasib olan mənzildə yaşayırdı.
Birdən hamamxanadakı kiçik pəncərə yadına düşdü. Bu, binanın işıqlı həyətinə açılan nəfəslik idi. Alvaro orda təbii ehtiyaclarını ödəyəndə tez-tez qonşuların söhbətlərini eşidirdi. Bu səslər açıq pəncərədən çox aydın gəlirdi. Belə olan halda bu cür yeni vasitədən istifadə etməklə nəinki eşitməni yaradan çətinliklər aradan qalxar, eyni zamanda maraqlandığı şəxslərin sayı artardı. Beləliklə o, öz mərtəbəsində yaşayan bütün qonşuların söhbətlərini eşitmək imkanı əldə etmişdi. İstənilən məlumatı əldə etmək üçün lazım olan subyekti seçib, ona bütün diqqətini ayırmaq kifayət edərdi.

Ancaq qoca Montero və öz qapı qonşuları barədə məlumatı kimdən toplaya bilərdi? Cavab şübhə doğurmurdu: qapıçı qadın binada yaşayanların həyatındakı bütün sirləri bilən yeganə şəxs idi. Ancaq qadını şübhələndirmədən baş verənləri öyrənmək heç də asan deyildi. O, arıq, hündürboy, sərt davranışlı sözgəzdirənə qarşı ikrah hissi keçirsə də, nəyin bahasına olursa-olsun onun etibarını qazanmalı idi.

Qonşuluqda o qadın barədə yaman söz-söhbətlər gəzirdi. Bəziləri iddia edirdilər ki, qapıçı qadının müəmmalı keçmişi ona ləkə gətirir və ondan heç vaxt yaxa qurtara bilməyəcək. Digərləri isə deyirdilər ki, bu heç də keçmiş deyil. Belə ki, hamı onun nəinki qonşu binanın qapıçısıyla eyni zamanda məhəllənin qəssabıyla tez- tez görüşdüyünü bilirdi. Hamı deyirdi ki, onun həqiqi qurbanı –boyda ondan balaca, mülayim, köktəhər və tez-tez tərləyən kişi- əri idi. Əriylə o, təkəbbürlü və nifrətlə davranırdı. Onları yaxşı tanıyanlar deyirdilər ki, ərinin daim geyindiyi fəhlə gödəkcəsi, cındırı çıxmış şalvarı və onun gücsüzlüyü, yaxud da kefsizliyi, ər-arvad arasında olan tələblərin yerinə yetirmək iqtidarında olmadığını qöstərirdi. Bütün bunlar arvadın keçırdiyi həyəcanını artırırdı, zorakılığın son həddinəcən. Qonşular barəsindəki bu şayiələrə fikir verməsə də, Alvaro qapıçı qadınla onun arasında baş verən yaxınlıqdan və onu yaradan səbəbdən qaça bilməzdi. Aydın məsələydi ki, o, qadını cəzb edirdi. Artıq bir neçə dəfə pilləkəndə və ya liftdə onunla üzləşəndə Alvaronu utandırmaq, təəccübləndirməkdən ötrü diqqətini cəlb etməyə çalışmışdı. Çünki bütün bu baxışları ancaq bu cür başa düşmək olar. Hətta bir neçə dəfə arvadının sədaqətliyinə inanan əri səhərlər işdə olanda evinə kofe içməyə dəvət etmişdi onu. Bu açıq-saçıq işarələr qadının Alvaroda yaratdığı ikrah hissini daha da şiddətləndirirdi.

Ancaq bundan istifadə etməliydi.
Alvaro səhərisi gün əmin olanda ki əri işdədir, istədi bir ona baş çəksin. Gəldi və sol əliylə astadan qapını

döydü. Bu zaman yadına düşdü ki, səbəbsiz yerə gəlmişdir. Tez bəhanə axtarmağa başlasa da bir şey alınmadı. Duruxdu. Artıq pilləkənləri qaçaraq yuxarı qalxmaq istəyirdi. Birdən qapı açıldı. Arvad ağzındakı səliqəli düzülmüş dişləriylə gülümsündü, arıq və yapışqanlı əlini ona uzatdı. Söyuq idi, bir az da nəm. Alvaroya bir anlıq elə gəldi ki, əlində qurbağa tutub.

Qapıçı onu içəri dəvət etdi. Qonaq otağında, divanda əyləşdilər. Arvad əsəbi görünürdü. Divanın qarşısındakı masanın üzərindən güldanı və bir bəzək əşyasını götürdü, gələn qonağa kofe hazırlamaq üçün mətbəxə keçdi. Bu zaman Alavaro gəlməyinə peşiman oldu. Fikirləşdi ki, kofeni içən kimi çıxıb gedəcək.

Qapıçı əlində iki fincan kofeylə qayıtdı. Gəlib Alvaronun düz yanında oturdu. Dayanmadan danışırdı. Ver- diyi suallara elə özü cavab verirdi. Birdən özündən xəbərsiz əlini Alvaronun sol ayağına qoydu. Alvaro özünü elə apardı ki, guya buna fikir vermir, sadəcə əlindəki fincanı düz saxlaya bilmədiyindən kofe yüngülvari çalxalandı. Qəfil qalxdı və nəsə mırıldadı. Sonradan kofeyə görə minnətdarlığını bildirdi.

Artıq qapıda –Bir daha hər şeyə görə çox sağ olun,- dedi. Sonradan deyəndə ki, “bir gün gələcəm”, bu, bir az yalan səsləndi.

Evə çatan kimi oturdu. Bu zaman rahatlıq duydu, ancaq bu rahatlıq hissi tezliklə narahatlıqla əvəz olundu. Qapıçının həyasızcasına onda yaratdığı ikrah hissi uzun müddət ağır əziyyətlə gördüyü işi təhlükə altında qoymağa kifayət qədər əsas verməməlidir. Arvaddan alacağı informasiyanın dəyəri, bunu əldə etmək üçün verəcəyi qurbanların dəyərindən yüksək idi. Bundan əlavə -özundə cəsarət tapmaq üçün fikrini tamamladı– qadını hər bir yerdə birini digərindən fərqləndirən cəhət sadəcə olaraq xarici görünüşüdür. Səhərisi gün yenidən qapıçının yaşadığı yerə qayıtdı. Bu dəfə artıq tanışlıq üçün bəhanə axtarmağa ehtiyac qalmırdı. Düşdüyü vəziyyətlə razılaşaraq Alvaro qarşısına qoyduğu məqsədə çatmaq üçün birtəhər cəhd göstərmək istədi.

Sınıq-salxaq çarpayıda uzanmışdılar, Alvaro və qapıçı arvad. Taxta çarpayının baş tərəfində mıxla bir xaç bərkidilmişdi. Belə bir vəziyyətdə hər ikisinin duyduğu ehtirasdan yaranan sərt itələşmələrin nəticəsində çarpayının başından asılmış xaç qopub Alvaronun başına düşdü. Ancaq Alvaro hər hansı bir fikir söyləməkdən çəkindi.

İndi otaq yarıqaranlıq idi. Sarı rəngə çəlan günəş şüaları döşəməni, çarpayını, divarları pələng dərisinə bənzər bir naxışla rəngləyirdi. Şüaların arasından göyə sovrulan siqaret tüstüsü daha da qatılaşırdı. Alvaro qonşulardan danışmağa başladı. Deyirdi ki, onun üçün daha müəmmalı, daha maraqlı şəxs senyor Monterodur. Qane edilmiş görünən qapıçı, Alvaronun dediklərindən uzaq idi. Ancaq Alvaro hələ də danışırdı. Etiraf etdi ki, senyor Monteronun həyatı onda maraq oyatmışdı. Qapıçı başa saldı ki, (onun səsi Alvaronun qulağına get-gedə xoş təsir bağışlayırdı) arvadını itirdikdən sonra qoca bir neçə il olar ki, indi yaşadığı mənzilə köçmüşdür. Əminliklə deyə bilərəm səksən yaşı olar -dedı. Vəntəndaş müharibəsində vuruşub. Müharibə qurtardıqdan sonra bir müddət hərbidə qalıb. Ancaq heç vaxt rütbəsi qalxmamışdır. Yeni hərbi nizamnaməni lazımınca yerinə yetirdiyinə görə vaxtından qabaq tərxis olunmuşdur. Bunun üçün də sözün əsl mənasında hərbçilərə nifrət edirdi. Qapıçı hətta onun heç bir qonaq qəbul etmədiyini də bilirdi. Vaxtaşırı cənubi amerikadan bir qadından məktublar alsa da, başqa yaxınların olmasından xəbəri yox idi. Onun yeganə həvəsi şahmata idi.

Təvazökarlığını unudaraq əla bir oyunçu olduğunu iddia edirdi. Hansısa bir şahmat klubun təsis olunmasında iştirak etmişdi. Klubun rəhbərliyi indi yaşadığı evdən uzaq olduğundan oyunlarda hər dəfə iştirak edə bilmirdi. O, elə yaşda deyil ki, hər hansı bir uğurdan danışsın. Bu isə onun xarakterini daha da acılaşdırmışdı. Aydın idi ki, o qoca ancaq bu arvadla ünsiyyət saxlayırdı. Çünki hər gün evdə təmizlik işləri görmək, yemək bişirmək və ümumiyyətlə başqa hər hansı bir ev işləri görmək üçün Monteronun evinə qalxırdı. Ancaq heç vaxt onunla yaxınlıq etməmişdi -belə bir şey heç qoca üçün də maraqlı deyildi. Qapıçıyla arasında müəyyən bir hörmət saxladığını bilirdi, ancaq sərt olduğunu və digər qonşulara qarşı inamsız olduğunu heç düşünmürdü.

Təsəvvür edirsən, –arvad dedi. Müraciətdə “siz”dən sürətlə “sən”ə keçməsi onlar arasında verbal yaxınlığa səbəb oldu. Bir anda belə bir yaxınlıq Alvaronu fiziki yaxınlıqdan da artıq narahat etməyə başladı. Hər dəfə di- vardan asdığı şəklin arxasındakı seyfdən mənə zəhmət haqqımı verir. Deyir ki, banklara etibar etmir. Əvvəllər pulu harda gizlətdiyini bilmirdim, ancaq sonradan seyfi möhkəm yerdə gizlətdiyi üçün lovğalanaraq axırı onu mənə göstərdi.

Alvaro pulun çox olub-olmadığını soruşdu. -İnanmıram ki, aldığı təqaüd çox ola.

Yarıqaranlıq otaqda, ağappaq mələfənin arasından arvadın çılpaq bədəni görünürdü. Onun baxışları göyə mıxlanmışdı və xəyallara dalırmış kimi elə sakit danışırdı ki Alvaro onu heç tanımırdı. Alvaroya tərəf çevrildi, yanağını yastığa qoydu –onun gözləri xəstə gözlərinə oxşayırdı– və onu öpdü, yastığı. Bu daha çox, özünü ələ alıb finişə çatmaqda olan idmançının son qüvvəsini toplamasına bənzəyirdi –Alvaro öz-özündə belə fikirləşdi.

Qapıçı razı qalmış üzünü yastığa basdı. Alvaro bir siqaret yandırdı. Yorğun idi, lakin yenə də qonşulardan danışmağa başladı. Onlar haqqında hər şeyi bilmək həvəsində olduğunu bildirdi: iki il bu binada yaşayasan, ancaq onların üzünü belə tanımayasan, bu bir cinayətə bənzəyir. Arvad üzünü çevirib bir siqaret yandırdı. İki qonşunun adlarını çəkdi. İki qadından danışdı. Deyirdi ki, bu yaxınlarda onlar kirayə pulunu verə bilmədikləri üçün çıxıb getmək məcburiyyətində qalmışdılar. Daha sonra iki lətifə danışdı. Gülməli olacağını zənn etsə də, çox yersiz çıxdı. Alvaro düşündü: “On veut bien être méchant, mais on ne veut pas être ridicule”. Düşdüyü vəziyyətdə yerinə düşən bir görüş Alvaronun yadına düşdü. O, bu xatirədən zövq aldı. Xırda-xırda ləzzət ona böyük bir həzz vəd edirdi. Çünki hesab edirdi ki, həyat saysız-hesabsız görüşlərdə cəmləşir. Həyat bir komplikasiyadır, deyə düşündü.

Qapıçı danışmaqda davam edirdi. Bu zaman onun sifəti süni bir məmnunluq ifadəsi aldı. İkinci mərtəbədə yaşayan Kasareslər ailəsindən danışdı. Xöşbəxt nigah təəssüratı bağışlayan sadə və mehriban davranışlı, orta maddi gəliri olan cavan bir ailə idi. İki uşaqları var. Onları xatırladığını söylədi və qapıçı qadından onlar haqda danışmasını təkidlə xahiş etdi. Qapıçı dedi ki, ərinin yaşı otuz beşdən yuxarı olmaz. O, Seat kampaniyasında axşam növbəsində işləyir. İşə hardasa axşam dörddə başlayır, düz saat on ikiyə kimi. Qadın isə evə və uşaqlara baxır. Qapıçı onları məzəmmət edərək (qonşulardan elə danışır ki, elə bil onların həyatının bir hissəsidir) deyirdi ki, maddi durumları yaxşı olduğu halda uşaqlarına lazımi səviyyədə təhsil vermirlər. Ola bilsin şəhərin belə bahalı yerində yaşadıqları üçün artıq xərclərə yol vermək istəmirlər. Alvaro qapıçının səsində qonşulara qarşı kin-küdurətin hiss olunduğunu duydu.

Alvaro tez çarpayıdan qalxıb heç bir söz demədən paltarını geyinir. Arvad çilpaq bədənini xalatla örtərək bir daha yanına gələcəyini soruşur. Alvaro -yox- cavabını verir və güzgünün qarşısında qalstukunu düzəldir. Qapının gözlüyündən baxır, əmin olmaq istəyir ki, blokda heç kəs yoxdur. Qapıçı ondan bir daha gələcəyini soruşur. Kim bilir, deyib çıxır.

Liftin gəlişini gözlədi. Qapı açılanda daxil olmaq istədi, ancaq gördü ki, senyora Kasares bazarlıqdan qayıdır.

Çünki əli boş deyildi. Üstəlik hələ özüylə bazarlıq üçün kiçik arabacıq da götürmüşdü. Binanın giriş qapısıyla əlləşdiyini görən Alvaro ona kömək etməyə tələsdi. Qapını açıb qonşusunun əlindəki salafan paketlərdən bir neçəsini yerdən götürdü.

-Çox sağ ol Alvaro, –dostcasına ona minnətdarlığını bildirdi və hətta düşdüyü situasiyadan güldü də. Alvaro pis vəziyyətə düşməsin deyə, ona təriflər söylədi. Senyora Kasaresin ona -sən- deyə müraciət etməsi heç bir-birlərini təəccübləndirmədi də. Birinci dəfə idi ki, bir-birlərilə belə söhbət edirdilər. Liftə çatanda o artıq yerində deyildi, yuxarı qalxmışdı. Senyora Kasares evdar qadın olmasından danışdı, Alvaro isə özünün subay həyatından. Sonra isə hər ikisi güldülər.
İrene Kasares ortaboylu, çox təmiz və səliqə ilə geyinən incə bir qadındır. Onun hərəkətləri elə bil əvvəlcədən düşünülmüş hərəkətlərdir, ancaq süni deyil. Ola bilsin onun təbiəti nizam-intizamlıdır. Üzünün həddən artıq mülayim, sadə ifadəsi, jestlərinin və sözlərinin xoş təsir bağışlamasından daha da şirin görünür. Aydın gözləri var, gözəlliyi isə sadədir. Ancaq bu qadında nə isə bir eleqantlıq, bir mənlik hissi var. Onun xarici görünüşü bunları vulqar bir tərzdə gizlədir.

Alvaro gülərüz görünməyə çalışdı. Suallar verdi və verdiyi suallara da cavab aldı. Pilləkənin qarşısında bir qədər söhbət etdilər. Alvaro qonşularla ünsiyyət saxlamadığından təssüf hissi keçirdiyini dedi. Boş, mənasız həyat sürənlərə öz iradını bildirdi. Qadının etibarını qazanmaqdan ötrü zarafatyana qapıçı arvadın dalınca danışdı. Senyora Kasares evdə işinin çox olmasını bəhanə gətirərək tələsdiyini dedi və onlar sağollaşdılar.

Alvaro duş qəbul etdi, yeməyini hazırladı və onu yedi. Saat üçdən sonra qapının gözlüyündən Senyor Kasaresin işə getdiyini gözlədi. Bir qədər sonra Enrike Kasares evdən çıxdı. Alvaro da onun dalınca çıxdı və onlar liftin gəlişini birlikdə gözlədilər. Salamlaşdılar. Alvaro söhbətə özü başladı: dedi ki, bu gün onun xanımıyla söhbət etmişdir. Boş, mənasız həyat sürənlərə öz iradını bildirdi. Onun etibarını qazanmaqdan ötrü qapıçı arvadın dalınca zarafatlar etdi. Senyor Kasares ciddi şəkildə güldü. Alvaro fikir verdi ki, ilk baxışdan daha kök görünür. Bu ona mülayimlik təsüratı bağışlayırdı. Zavoda necə getdiyini soruşdu. “Avtobusla”, deyə Kasares cavab verdi. Alvaro onu avtomobillə ötürməsini təklif etsə də, Kasares etiraz etdi. Alvaro təkid etdikdən sonra axırda Kasares razılaşdı.

Aralarındakı söhbət nəhayət axarına düşdü. Alvaro danışdı ki, hüquq kontorunda məsləhətçi hüquqşünas işləyir. Elə özü də işə onun kimi axşamlar gedir. Kasares öz işindən danışarkən onun stimulverici lakin çox vaxt üzücü olmasından gileyləndi. İşin nədən ibarət olmasından danışdı. Və heç bir qürur hissi keçirmədən tutduğu vəzifənin sayəsində avtomobil sahəsindəki biliklərini nümayiş etdirdi. Seat kampaniyasına çatdıqda Kasares, onu əziyyət çəkib işə gətirdiyinə görə minnətdarlığını bildirdi. Sonra uzaqlaşdı. Becərilmiş kəndli tarlasına bənzəyən avtomobil parkıyla getdi.

Həmin gecə Alvaro yuxuda ağ atlarla birlikdə yaşıl çəmənlik boyu yol getdiyini gördü. Kiminsə və ya nəyinsə görüşünə gedirdi. Özünü yenicə bitmiş otların üzərində uçantəhər hiss etdi. Sanki dərin bir suyun üzərində ayaq üstə dayanmışdı. Təpənin zərif yamacıyla qalxırdı. Nə ağac var idi nə kol nə də guş, yalnız yenicə bitmiş ot. Təpənin başında qızıl tutacaqlı ağ qapı göründü. Qapını açdı, nəyi axtarıb güddüyünü bilsə də, kimsə ya nəsə onu geri dönməyə sövq etdi. Ayaq üstə yarıaçıq qalmış qapıda üzü yaşıl çəmənliyə doğru, sol əli qapının qızıl tutacağında qaldı.

4

Artıq zəhmətinin bəhrəsi görünməyə başlanmışdı. Əvvəlcədən müəyyənləşdirilmiş quruluşunda, nümunə üçün yazılmış bəzi əlyazmalarda və dizaynda olan çatışmazlıqlara baxmayaraq, novella yavaş-yavaş yazılırdı. Ancaq Alvaro istəyirdi ki, gördüyü iş əsərin vacib tutduğu ümumi qurluşuna, oradakı personajlara və hadisələrə

təsir etməsin. Özü də real modellərin olması, bir tərəfdən onun işini asanlaşdırıb və onun təxəyyülünün yeni impuls götürməsini təmin edirdisə də, digər tərəfdən hekayənin inkişaf xəttini mütləq dəyişdirə bilərdi. Buna baxmayaraq inanırdı ki bu metod, müəllifin hər hansı bir müdaxiləsi olmadan gördüyü işi əsər səviyyəsinə qaldıra bilər, bu da Alvaro üçün ən əsası idi. Bir tərəfdən reallığın uydurulmuş təsvirinin yaradılmasına imkan verən təsvirə meyillik təhrifə meyillilik deməkdirsə -özü də hesab edirdi ki, hisslərin estetik zövqə can atması kobud bir hadisədir. Əsl təsvirilik təqlid olunmayan təsvir olunmadır- digər tərəfdən hadisələri eyni neytral tonda nağıl etmək gərək idi. Sanki hadisələri danışan şəxs söylədiklərinin hamısını başa düşmür, sonradan nə baş verəcəyini bilmir. Alvaro bu prinsipləri əsas tutaraq öz-özünə sevinirdi.

Hamamda dayanıb qonşudan gələn səslərə qulaq asmağın effektliyini də sınadı. Çox zaman qonşuların söhbətləri bir-birinə qarışsa da işıqlı həyətə açılan kiçik nəfəslikdən gələn bu səslər çox aydın idi. Və Kasareslər ailəsindəki söhbətləri ayırmaq Alvaro üçün çox asan olurdu. Tək ona görə yox ki, səhərlər digər mənzillərdə səs kəsilirdi və yalnız qab-qacaq səsi eşidilirdi, həm də ona görə ki, Alvaro bunu sonradan aşkar etmişdi, Kasaresgilin pəncərəsi onun düz yanında idi. Buna görə də oradan gələn səslər çox aydın eşidilirdi.

Alvaro ayaqyolu çanağında oturaraq səslərə qulaq asırdı. Onları aydın eşitmək üçün nəfəsini dərib saxlayırdı. Binanın səs-küyünə qarışmış halda Kasareslərin səhərlər yuxudan necə qalxdıqlarını, bir azdan uşaqları dur- quzub, yuyunub, güzgünün qarşısında dayanaraq özlərini qaydaya saldıqdan sonra səhər yeməyini hazırlayıb onu necə yediklərini eşidirdi. Sonradan ata uşaqları kollecə ötürürdü və tez evə qayıdırdı. O zaman hər ikisi evi yığışdırır, təmizləyir, arabir zarafatlaşırdılar, bazarlığa gedirdilər, yemək hazırlayırdılar. Gecənin sakitliyində qadının ləzzətlə güldüyünü eşidirdi. Yarıqaranlıq otaqdakı pıçıltılar tədricən həyəcanlı nəfəsalmalarla əvəz olunurdu. Sonradan gərginləşən inilti, çarpayının ritmik cırıltısı və qəfil səssilik. Bir səhər onların gəh-qəhə çəkərək bir yerdə çimdiklərini eşitdi. Başqa bir gün isə xanımı ev işləri gördüyü zaman senyor Kasares ona hücum çəkmişdi. O isə əvvəl yoldaşına etiraz etsə də, həmin anda heç bir müqavimət göstərmədən ona tabe olmuşdu.

Alvaro diqqətlə qulaq asırdı. Bütün bu söhbətlərin onun üçün yararsız olması onu hövsələdən çıxarırdı. Bir neçə boş kaset almışdı. Qonşu pəncərələrdən gələn bütün səsləri, əlüzyuyanın yanındakı elektrik açarına səs yazan aparatı birləşdirərək aldığı lentə köçürmək istəyirdi. Ancaq bütün bu lazımsız materialı köçürməyin nə faydası? Yazdıqlarının çox kiçik hissəsi novellaya yarıyırdı. Və bu onu çox təəssüfləndirirdi. Alvaro ailədə baş verən mübahisələrin kəsilməsindən təəccübləndi. Hər bir cütlük çətin dövrlərdən keçir. Bu fikri əsas tu- taraq istəyirdi ki, onlar da bu normaya cavab versinlər. Yazdığı kitab indi öz yoluna düşmüşdü. İndi əsərin süjet xəttini quran özüllər daha da möhkəmlənməyə başlamışdı. İndi elə bir zaman idi ki, əsərin ideyasının açılmasına təkan verə biləcək qüvvəyə ehtiyac duyulurdu. Ailədə gedən xirda söz-söhbətlər novellanı davam etdirmək üçün işini asanlaşdırırdı. Buna görə də pəncərədən gələn gülüşlər və gecə pıçıltıları Alvaronu elə qıcıqlandırırdı ki, az qala onda allergik reaksiya yaratsın. Deyəsən Kasareslər Alvaronun novellasına görə dava etmək fikrində deyildilər.

Növbəti gün yenidən Enrike Kasaresin evdən çıxmasını izlədi. Yenə də liftdə qarşılaşdılar. Söhbət etdilər və Alvaro onu zavodacan ötürməyi təklif etdi. Axşam saat dördün ürəksıxıcı istisi, onların zavodun tüstü borularıyla havaya buraxdığı qara duman barəsində olan söhbətinə mane olmadı. Siyasətdən də danışdılar. Kasares höküməti tənqid etdi. Ötən seçkilərdə səs verməyə getdiyini dedi. İndi isə bundan peşman olduğunu etiraf edirdi. Alvaro düşündü ki, qonşusunun əhvalı get-gedə pozulur və o daha da coşurdu. Kasares dedi ki, bu ağlasığmaz bir şeydir, necə ki bu dövlət belə alçaqlıqlar edir, əsasən də onlara səs verənlərə qarşı, işçilərə qarşı. Alvaro nəzakətli bir formada onun dediklərilə razılaşdığını bildirirdi. Bir qədər sakit qaldılar. Maşın zavodun avtomobil parkında dayandı. Kasares maşından düşməyə tələsmirdi. Alvaro fikirləşdi ki, nəsə əlavə etmək istəyir. Əllərini əsəbi-əsəbi ovuşduraraq onu narahat edən şəxsi problemdə hüquqşünas və yaxın qonşu kimi ona məsləhət verməkdə kömək etməsini soruşdu. Alvaro ona yardım etməkdə məmnunluq duyduğunu bildirdi. Növbəti gün üçün razılaşdılar. Dərin minnətdarlıqla Enrike Kasares onunla sağollaşdı. Alvaro onu axşamın yandırıcı günəşi altında açıq meydanda uzaqlaşdığını seyr etdi.

Növbəti gün səhər saat on ikidə Kasares Alvaronun evində qonaq oldu. Hər ikisi qonaq otağın yumşaq mebelində əyləşdilər. Alvaro ondan bir şey içmək istədiyini soruşdu. Kasares mədəni şəkildə onun təklifini rədd etdi. Alvaro qonşusunun üzündə gətirdiyi sıxıntını yumşaltmaqdan ötrü yaxınlarda olacaq yay məzuniyyətindən söhbət açdı. Kasares yüngülcə onun sözünü kəsdi. Artıq keçirdiyi sıxıntını gizlətmirdi.

-Yaxşı olar ki, mətləbə keçək. Səninlə səmimi olmaq istəyirəm, –Alvaro öz-özündə düşündü ki, onun bu ailəyə “siz” deyə müraciətdə davam etməsinə baxmayaraq onlar artıq “sən” deməyə öyrəşmişdilər. Bu onu narahat etmirdi-. Mən bura gəlmişəmsə… çünki çaşqınlıq içindəyəm və sənə inanıram. Sözün düzü, mən bunu etməzdim, əgər sən məndə etibar hissi oyatmasaydın.

Kasaresin gözlərində səmimiyyət sezilirdi. Alvaro boğazını arıtdı. Onun bütün diqqəti qonşusunda idi. Enrike Kasares izah etdi ki, çalışdığı kompaniya idarə işçilərinin sabit heyətini müəyyənləşdirməyə başlamışdır. İş yerlərinin ixtisara salınması onun üçün heç də yaxşı olmamışdır. Artıq onun işdən azad edilməsi prosesinə başlanmısdır. Qəzetlərdə işçilərin tətilə çıxdığını oxumuşdu. Həmkarlar ittifaqı müəssisə və nazirliklə əlaqəsini kəsmişdir. Bu cür ölçülərə məruz qalmış işçilərin şəraiti həddən artıq acınacaqlı idi. Onun vəziyyəti ancaq fərqli idi. Kasares öz vəziyyətini fərdiləşdirmək üçün xırda detallarla danışdı. Dedi ki, ərizənin geri götürülməsinin nə dərəcədə mümkün olduğunu bilmirdi. Saysız-hesabsız qanun və göstərişlərin arasında itib batmamaqçün vəkilə ehtiyacı var idi. Bunları deyib sonda əlavə etdi:

-Əlbəttə nə qədər lazımdırsa ödəyərəm.
Alvaro hər hansı razılıq yaxud təgzib jesti ifadə etmədən oturduğu kresloda səssiz qaldı. Onun qonağı çiyinlərindən ağır daş atmış kimi görünürdü. Dedi ki, əvvəl ona təklif etdiyi pivəni içmək istəyir. Alvaro mətbəxə keçdi və iki pivə açdı. Bir yerdə içdilər. Kasares daha da rahatlaşaraq dedi ki, zavoddan aldığı maaş saxladığı ailənin yeganə maddi gəlirini təşkil etməsəydi məsələni bu cür qaldırmazdı. Xahiş etdi ki, söhbəti heç kimə danışmasın. Arvadını narahat etmək istəmirdi. Alvaro onun işinə ətraflı baxacağına söz verdi və əmin etdi ki, hər hansı bir nəticə əldə edən kimi həmin dəqiqə ona xəbər verəcək. Sağollaşdılar.

5

Bir müddət novellanın yazılması ləngidi. Alvaro Enrike Kasaresin məsələsinə baxmaq üçün bütün gücünü səfərbər etməli oldu. Bütün lazımi informasiyanı əldə etdikdən sonra diqqətlə onu öyrəndi, bir daha nəzərdən keçirdi, digər analoji hallarla tutuşduraraq müqaisələr etdi. Ən pis halda işdən çıxmalı olsa belə müəssisənin ona verəcəyi kompensasiya onun qonşusuna təyin etdiyi kiçik məvacibdən iki dəfə artıq olardı.

Vəziyyəttə aydınlıq gətirdikdən sonra hərtərəfli düşünməyə başladı. İki yol seçdi:
a) Əgər ərizəni geri gaytarsa ola bilər ki, işini saxlasın və ya ən azı çox kiçik bir maddi ziyan dəysin, –bu fərziyyəyə görə müəssisə işdən azad edilmiş işçini geri götürmə məcburiyyətində olmadığını göstərən qanunu

əsas tuta bilər-. Belə olan halda, –Alvaro davam etdi- mən Kasaresin minnətdarlığını qazanaram, ancaq bu- nunla bərabər pul və vaxtımı itirmiş olaram. Və bununla belə xırda zəhməthaqqı almaq niyyətim yoxdur.

b) Əgər hadisələrə müdaxilə etməsə, onların təbii yolla cərəyan etməsinə şərait yaratsa, yenə də öz gonşusunun hörmətini və dostluğunu qazanardı. Belə ki o, Alvaronun onun probleminə göstərdiyi diqqətin natamamlığını başa düşüb qiymətləndirmişdi. Bundan əlavə Alvaro ürəyi açıqlıqla qonşusuna sərf etdiyi bütün vaxtına görə ondan bir qəpik də olsun almazdı. Digər tərəfdən əmin idi ki, qonşusunun yeganə gəlir mənbəyi olan işini itirməsi sözsüz ailənin münasibətlərinə də öz təsirini göstərəçək və korlanmış münasibətlərin neqativ əksin izləməsinə imkan yaradardı. Novellasına görə o bunu əldən buraxmazdı. Belə bir hal Alvaronun işini qeyri-adi bir formada asanlaşdırardı və əsəri işləyib sona çatdırmasına böyuk şans verərdi.

Kasareslə görüş vaxtı təyin etdi. Ona gördüyü işləri izah etdi, nazirlikdə və həmkarlar ittifaqındakı araşdırmaları ortaya qoydu, məsələyə analoji misallarla aydınlıq qətirdi, bəzi hüquqi xırdalıqları başa saldı, sonda bu yalantəhər səslənsə də fikrini tamamladı:

-İnanmıram ki, şikayətin qəbul edilməsinə bir şans ola.
Enrike Kasaresin sifətində intizar sezilirdi, ancaq tezliklə bu emosiya ümidsizliyə çevrildi. Qalstukunun

düyününü boşaltdı. Dirsəyini dizinə söykəmiş, cətinliklə nəfəs alırdı. Araya sakitlik çökdü. Kasaresin gözləri qaşındı. Alvaro bütün ona dəstək olacağını söylədi, baxmayaraq ki aralarında münasibət yenicə qurulurdu. Dedi ki heç vaxt olmadığı kimi sakit qalmalıdır. Kişinin mərdliyi elə, belə vaxtlarda üzə çıxır və həyəcanlanmağa dəyməz. Qonşusunu ruhlandırmaq üçün fikrini -həyatda hər şeyə çarə tapılır- cümləsiylə bitirdi.

Kasares mətbəxin pəncərəsindən baxırdı. Pəncərənin altına bir göyərçin gondu. Alvaro fikir verdi ki, qonşusu sarsıntı keçirir. Kasares ona verdiyi əziyyətə görə üzr istəyib minnətdarlığını bildirdi və qapıya doğru irəlilədi. Alvaro alicənablıqla ona heç bir minnətdarlığın gərək olmadığını söylədi. Qapıda dostcasına əlini onun çiyninə qoyub möhkəm olmasını tapşırdı. Kasares oranı başı aşağı tərk etdi.
Həmin anda Alvaro əlüzyuyanın yanına balaca bir masa, oturacaq və maqnitofon gətirdi. Onu masanın üzərinə qoydu. Orada həmçinin dəftərlə qələm var idi. Ayaq üstə qalmasın deyə özünə oturacaq gətirdi. Nə vaxt ki, qulaqasma seansına başlayırdı, bina sanki səs-küylü qarışqa yuvası idi. Bu səs-küydən bir şey anlamaq üçün bu səsə öyrəşmək gərək idi. İndi qonşu ailədəki bütün səsləri çox aydın eşidirdi. Kişi qadına vəziyyəti başa salırdı. Deyirdi ki artıq çıxış yolu yoxdur və onlar bununla razılaşmalıydılar. Hansısa bir vaxtda su boru- sundan yayılan səs dialoqu kəsdi. Alvaro kaseti saxalayıb ağzında bir söyüş işlətdi. Sükut bərpa olunduqdan sonra aparatı yenidən işə saldı və qadının ərinə necə təskinlik verdiyini eşitdi: “Hər şeyin çarəsi var həyatda”. Kişi mızıldadı ki, Alvaro da bu sözlərlə onu sakitləşdirmişdi. Qadın Alvaronun bütün bunlara nə aidiyyətı olduğunu soruşdu. Kişi etiraf etdi ki, gonşusundan məsləhət almağa getmişdi. Bilirdi ki o vəkildir və buna görə də ondan kömək istəyirdi. Qadın buna etiraz etmədi. Dedi ki, Alvaro onda etibar hissi doğururdu. Kişi onun ürəyiaçıq olduğunu söylədi, onun işinə bu cür maraq göstərdiyinə görə, ona başağrısı verdiyinə görə. Özü də bu işdə ondan bir qəpik də istəməmişdi. Qonşu mənzildən bir musiqi buxarı çıxdı. Üzü sızanaqlı qəzet müxbiri Bryus Sprinqstinə qulaq asırdı, özü də nəyi var qulaq asırdı.

Alvaro buna heç qıcıqlanmadı da. Əksinə, mahnı ona ləzzət elədi. Fikirləşdi ki, təzəcə yazdığı lent yazısından novellasında istifadə edə bilər. Müəyyən parçaları işləyib təkmilləşdirdikdən sonra dialoq canlı olmasıyla, öz pauzalarıyla, tərəddüdlərilə çox əla alındı. İlk uğurunu davam etdirmək üçün hamamda səsyazan aparat quraşdıracağını qərara aldı. Və düşündü ki, evdə olmadığı vaxtlarda bütün danışıqları qeydə alacaqdır. Özü də gələn həftə söz-söhbət daha da qızışmalıydı.

Növbəti gün yenidən novellanın redaktəsinə başladı. Ailə barəsində olan süjet xəttini heç bir çətinlik çəkmədən beynində qururdu. Hadisələr indi asanlıqla yazılırdı. Ancaq qoca Montero tərəfdən belə optimist düşünməyə əsas tapmaq olmurdu. Cavan ailədən fərqli olaraq, Alvaro burada hər hansı bir çıxış nöqtəsindən məhrum idi. Bunlarsız onun təxəyyülü bataqlıqda çabalayırdı. Hadisələr kimi personajları da sona çatdırmaq üçün reallığa ehtiyac vardı. Bununla belə qocayla mümkün qədər tez əlaqəyə girmək lazım idi. Bu yaranacaq çətinlikləri malalayacaqdı. Ancaq əsas problem onunla dostluq əlaqəsi qurmaqdan ibarət idi. Düzdür, onunla tez-tez aşağıda, supermarketdə üz-üzə qəlirdi və onların əlaqəsi yalnız “salam” sözüylə bitirdi. Onun sərt xarakteri mülayim söhbətə başlamağa imkan vermirdi.

Zəng səsi eşidildi. Madyan qapıda göründü. Alvaro dedi ki məşğuldur. Qapıçı kişnədi və Alvaro onun evə keçməsinə mane ola bilmədi.

-Çoxdandır bir-birimizi görmürük, –qapıçı dərindən ah çəkərək dedi. Üzünə yalançı təbəssüm qondu. İstədi olub keçənlərə zarafatyana iradını bildirsin, ancaq bu onda elə də yaxşı alınmadı-. Sən məni bir az unutmusan deyəsən.

Alvaro bir az yumşaldi. Qadın şirin dillə soruşdu:
-İşlərin necə qedir?
-Pis, –Alvaro ağır-ağır cavab verdi.
Qapıçı artıq diqqətini ondan çəkmişdi. Evi ötəri nəzərdən keçirərkən mexaniki şəkildə davam etdi: -Niyə?

-At iyi qəlir -Alvaro mızıldandı.
Ayaq üstə dayanmışdı, narahat. Bədənin ağırlığını növbəylə gah bir, gah da o biri ayağının üstünə salırdı.

Özünü elə aparırdı ki, güya Alvaronun kobud cavablarını eşitmirdi. Elə dayanmışdı guya fikir dağının zirvəsindən qayıdırdı. Təəccüblənmiş bir tərzdə soruşdu:

-Qulaq as, sənin mənzilin nə gündədi! Mənə elə gəlir ki, burada qadın əli çatışmır. -Dalınca əlavə etdi: -İstəyirsən sənə yardım əlimi uzadım?

-Bundan savayı məni heç nə narahat etməz, –Alvaro etiraz etdi, açılan şampan qapağı kimi. Bu sözlərdə elə bil süni və həddən artıq duyulan mülayimlik ifadəsilə təhqir və heyvani qorxu hissi gizlənmişdir.

Qadın ona təəccüblə baxdı:
-Sənə nəsə olub?
-Hə.
-Yaxşı belə olma, de görüm.
-Day cana yığılmışam, –qışqırdı.
Qapıçı əvvəl ona təəccüblə, sonra isə bulanıq hiddətlə baxdı və:
-Mənə elə gəlir ki, belə davranışa layiq deyiləm, –dedi-. Sadəcə olaraq səninlə mülayim olmaq istədim. Bir

də istədim ki, bacara bildiyim işdə sənə kömək edim. Əgər məni görmək istəmirsənsə sadəcə olaraq bunu mənə deyə bilərdin.

Qapıya tərəf getdi. Sol əli ilə qapının tutacağından yapışıb, artıq yarıaçıq qapıdan qayıdıb, az qala yalvarışla:

-Əminsən ki, heç nə istəmirsən?
Səbrini yığaraq ağzındakı söyüşü cilovlayıb dişinin dibində alçaq səslə:
-Əminəm.
Qapıçı qapını çırpdı. Alvaro otağın ortasında ayaq üstə qaldı; onun sol ayağı əsirdi.

Həyəcanlı-həyəcanlı iş otağına qayıtdı. Bir neçə dəfə dərindən nəfəs aldı və tez bir zamanda sakitləşdi. Qapıçıyla ikinci görüşündə arvadın ona qoca Monteronun şahmata olan həvəsindən danışdığını xatırladı.

Alvaro öz-özünə de ki, bu istiqamətdə hücuma keçmək lazımdır. Ömründə bir dəfə də olsun şahmatla maraqlanmamışdı və heç oyun qaydalarını da bilmirdi. Ancaq bu səhər yaxınlıqdakı kitabxanaya üz tutdu. Bir neçə kitab əldə etdi. Novellanın redaktəsini arxa plana atmalı oldu. Götürdüyü kitabları bir neçə gün ərzində tər basa-basa oxudu. Daha sonra peşəkar şahmat oyunçuları üçün nəzərdə tutulmuş kitablara baş vurdu. Müəyyən nəzəri biliklərə nail oldu. İndi ona yalnız təcrübə çatmırdı. Artıq çoxdan bəri əlaqəsi kəsilmiş

dostlarıyla bir neçə görüş vaxtı təyin etdi. Onlar bu təklifi məmnuniyyətlə qəbul etdilər. Çünki heç bir səbəb olmadan kəsilmiş dostluq münasibətlərini bərpa etmək üçün şahmat yaxşı bir bəhanə idi.

Alvaro görüşə gələndə əlində bir çamadanla gəlirdi. Çamadanın içində müxtəlif şeylər var idi: qələmlər, ağ kağızlar, müxtəlif kitablar, etdiyi qeydlər. Ancaq görüş vaxtı Alvaro onlarla nə bir kəlmə kəsirdi, nə də yanına qoyulan qədəhdən su içirdi. Adi musiqiyə də qulaq asa bilmirdilər. Çünki Alvaro deyirdi ki səs, fikrini cəmləməyə qoymur. Aralarında yalnız “salam” sözləri olurdu ki, bu da oyundan əvvəl eşidilirdi. Bir də ki, “sağol”. Oyun bitən kimi Alvaro hər hansı bir bəhanə gətirib onlarla tələsik sağollaşırdı.
Görəndə ki, artıq rəqibləri ona müqavimət göstərə bilmirlər, necə deyərlər dostları daha ona lazım olmadı. Və öz oynunu təkmilləşdirməkdən ötrü özünə yeni rəqib axtarmağa başladı. Bunun üçün o, yeni bir kompüter aldı. Səhərdən axşamacan, hətta gecənin ən ucqar vaxtlarında ekranın qabağından çəkilmirdi. Çox az və pis yatırdı. Gecədən yarımçıq qoyduğu oyunu davam etdirməkçün səhər tezdən durmalı olurdu.

6

Bu gün yenə də həmişəki kimi saat səkkizdə qalxıb soyuq duş qəbul etdi və qocanı görmək ümüdü ilə supermarketə düşdü, ancaq onu görmədi. Meyvə şöbəsində xırda oğurluqlar edə-edə portağallara, armudlara, zəmbillərdəki kiçik limon təpəciklərinə baxdı. Satıcıdan çiyələyin nə vaxt gətiriləcəyini soruşdu. Bu anda gocanı gördü. Satıcının cavabı elə ağzındaca qurudu. Çünki Alvaro artıq kassaya doğru irəliləyən Monteronu qaralamışdı. Dükandan çıxarkən onunçün qapını açdı. Evə qayıdan başı yapışdı qocaya, saqqız kimi. Ha- vadan danışdı, pilləkənlərin çirkli olmasından, bütün binanı bezdirərək sifarişlrəri evə çatdıran satıcılardan mırt vurdu. Mövzunu yaman tez-tez dəyişirdi. Onun simpatiyasını qazanmaqçün qapıçının dalınca danışdı, zarafatyana. Qoca əvvəl ona soyuq baxışlarla baxdı, sonradan onun ev işlərinə kömək edən qapıçını təriflədi. Bundan əlavə dedi ki, öz pilləkənini həmişə təmiz hesab etmişdir. Binanın girişinə çatanda Alvaro söhbəti dəyişdi. Aldığı kompüterdən danışdı və dedi ki, ondan şahmat oynamaq üçün istifadə edirdi.

-Özünü tərifləmək olmasın, ancaq mən doğrudan orta səviyyəli oyunçudan yaxşı oynayıram, –Alvaro özündən razı tərzdə dedi.

Qocanın sifətinə ağır bir gülünc çökdü.
-Yaxşı görək! –qoca dilləndi.
Alvaro qısa şəkildə, ən belə terminoloji dillə özünün bəzi qələbələrini elan etdi, lovğalanaraq. Onları qazanmaq üçün hələ bir neçə başqa variantları da şərh etdi. Kompüterində şahmat oynunun on beş mərhələdən ibarət olduğunu və onbeşinci mərhələdə ona hansısa cüzi müqavimət göstərməsindən fəxrlə danışdı. Qonşusunun belə razı danışmasından az təəccüblənən və çox qıcıqlanan Montero özünün də şahmat oynadığını elan etdi. Alvaro buna çox məmnun olduğunu bildirdi (əslində onunla yaxınlıq etdiyinə sevinirdi). Növbəti gün üçün qoca Monteronun evində görüşməyə razılaşdılar.

Evə daxil olduqda Alvaro özünü qane olmuş və narahat hiss etdi. Qane idi ona görə ki, nəhayət qocanın evinə daxil oldu, öz məqsədinə catdı. Narahatçılığın səbəbi isə, bəlkə də özünü lazım olduğundan da artıq tərifləməsi idi. Və bu da bütün qurduğu əməliyyatı təhlükə altına qoya bilərdi. Belə ki, əvvəlcədən demək ol- maz. Qoca daha parlaq oyun nümayiş etdirirdi və əgər qoca onun işini bitirsəydi, o sadəcə məhəllənin gopçu- su çıxacaydı. O zaman nəinki şahmatın öyrənilməsinə və ümumiyyətlə novellanın yazılmasına sərf etdiyi vaxtı, eyni zamanda qocanın etibarını da itirmiş olardı, onunla bütün əlaqələri kəsərdi və hətda novellasının yazılması təhlükə altında qalardı.

Uduzmaq təhlükəsindən qorxaraq yadında qaldığı oyun açılışlarını təkrarlamağa başladı. Bu vaxt qapı döyüldü. Qapıçı olmasını güman edib heç yerindən belə qalxmadı. On dəqiqə sonra qapı yenə də həyasızcasına döyülürdü. Əsəbi-əsəbi gözlükdən belə baxmadan qapını açdı.

-Salam! –sızanaqlı müxbir idi-. Bura bax narahat etdiyimə görə üzr istəyirəm, ancaq evdə özümə yemək hazırlayırdım birdən gördüm ki, kartofum qurtarıb. Gec olduğu üçün əminəm ki supermarket bağlıdır. Və öz- özümə dedim ki, məncə Alvaro mənə bir neçəsini verə bilər. Çünki o elə ehtiyatlıdır ki!

Alvaro sakit qaldı. Hiss elədi ki, mədəsi ağrıyır. Ağrı həmişə onun mədəsini nişan alırdı. -Alvaro, –müxbir yenidən tələb tonunda dilləndi-. Üç-dördü bəsimdi.
-Heç biri də yoxdu
-Bəs yağ?

-Yoxdu

-Yaxşı, onda mənə bir az duz ver.

Müxbir mətbəxə doğru özünə yol açdı. Alvaro bir paket duzu götürüb əlinə vermədən təklif etdi və qapıya doğru yönəldi. Bir əli qapıdan tutub otağın ortasında dayanmış qıza baxdı. Qızın üzündəki ifadə eynilə qədim roma xarabalıqlarını görən adamın ifadəsinə bənzəyirdi. Bir anlıq qız onun gözündə bu vaxta qədər düşündüyündən də cavan göründü. Yaşlı qadın davranışına baxmayaraq cavan idi. Hardan ağlına gəldi ki, bu qız müxbirdir? Onda əmin oldu ki, bu qız hələ təhlsil alır, çünki ona iyirmidən artıq yaş vermək olmazdı. “On veut bien être méchant, mais on ne veut pas être ridicule.” Onu gülünc yerinə qoymaq, onun etiq normalara sığmayan evə sırtıqcasına soxulmalarına qarşı əla bir antidot olardı.

-Bura bax –kinayəylə-, sən axır vaxtlar utanmazlıqda yaman üstələmisən haaa.
Qız dərindən nəfəs aldı və təzyiqlə nəfəsini buraxıb gülümsünəntəhər oldu.
-Səndən fərqli olaraq mən vaxtımı evdə öldürmürəm.
Alvaro qızardı. Müxbir ona qapını açmaqda kömək etdi və sağollaşdı. Alvaro yarıaçıq qalmış qapıda qaldı, sol əli qapının tutacağında, sağ əlində isə duz paketi. Duzu vurdu başına. Sonradan onu boşaltdı ayaqyolu çanağına. Boşaldan kimi suyu buraxdı. Yenidən öz yazı masasının arxasına oturarkən birdən fikirləşdi ki, o da qapıçı kimi yarıaçıq qapıda sol əlilə tutacaqdan yapışıb qalmışdı. Belindən soyuq tər axdı. Yuxuda gördüyü yaşıl çəmənlikdəki qızıl tutacaqlı ağ qapı yadına düşdü. İçində güldü və fikirləşdi ki, bütün bu uyğunluqlardan işlədiyi novellada istifadə edəcəkdir.

Yenidən qapının zəngi çalındı. Bu dəfə qapıya gizlincə yaxınlaşdı. Nəfəsini saxlayıb gözlükdən baxdı. İrene Kasares təkərli bazarlıq zənbiliylə yüklənmişdi. Alvaro dəhlizdəki güzgünün qabağında qarışıq saçını qay- daya saldı, qalstukuna düyün vurub boynuna keçirtdi.

Qapını açdı və hər ikisi gülərüzlə salamlaşdılar. İrene Kasares etiraz etsə də, Alvaronu narahat etmək istəmədiyini bildirsə də axırı evə keçməyə dəvət aldı. Üzbəüz oturdular. Uzun bir fasilədən sonra qadın dedi ki, ərinə etdiyi köməyə görə minnətdarlığını bildirməyə gəlmişdir. Dedi ki, əri ona hər şeyi danışıb və bunun əvəzində heç bilmir ki, zəhmət haqqını necə ödəsin (Alvaro əlilə ürəkaçıqlıq jesti göstərdi. Bunu elə elədi ki, elə bil pul barəsində o qətiyyən belə düşünməmişdir.), yaxın qonşu və dost kimi ona etibar edə biləcəklərini bildirdi. Bu zaman, o qadının mülayim sakitliyinə nəzər saldı: onun gözləri iri və mavi, səsi aydın idi və bütün bədənindən təravət yayılırdı. Paltarları ilə kasıb şahzadəni xatırladırdı.

Alvaro gəldiyinə və dediyi sözlərə görə ona öz minnətdarlığını bildirdi. İnandırmağa çalışdı ki, onun yerində başqa adam olsaydı o da belə edərdi. Alvaro onun qəbul etmədiyi siqareti ona təklif etdi. Özü isə birini yandırdı. Siqaretin yaratdığı təhlükədən, tütünə qarşı çıxan kompaniyalardan söbət etdilər. Alvaro dedi ki, əvvəllər bir neçə dəfə tərgitməyə cəhd göstərmişdir. Nəticə isə göz qabağında idi. Köhnə vərdişlərdən əl çəkmək çox çətindir. Qadın isə onu artıq beş il bundan qabaq böyük inamla dəf etdiyini bəyan etdi. Sonradan getməli olduğunu dedi. Dedi ki, evdar qadın olması daha qalmağa imkan vermir. Ayağa qalxmış Alvaro öz növbəsində qeyd elədi ki, əmək bazarındakı vəziyyətdən xəbərdardır və öz əlaqələrindən istifadə edib xanımın əri üçün bir şey fikirləşər. Az gəlirli olsa da, işsiz qalmaqdan yaxşıdır. Qadın ona həyacan dolu səmimi gözlərlə baxdı. Dodaqlarının altında pıçıldadı ki, bu onların ailəsi üçün çox vacibdir. Qorxu onun zəmbildən yapışmış əllərində rəqs edən zaman qadın vəziyyətin nə dərəcədə çarəsiz olduğunu dərk etdi. Qapını açdı, sol əlilə tutacaqdan tu- tub yarıaçıq qalmış qapıda geriyə döndü, sanki nəyisə əlavə etmək istəyirdi. Alvaro isə öz növbəsində verdiyi vədləri tələsik təkrarladı, elə bil ki, qadının dalından dəymək istəyirdi. Və əlavə etdi ki, bir gün onları qonaq çağırar. Alvaronun bu sonuncu cümləsi ona görüş vaxtının müəyyənləşdirilməsində tam sərbəstlik verirdi. Senyora Kasares onun bu təklifini qəbul etdi.

Bu axşam ofisdən qayıdanda Alvaro özünü yorğun hiss etdi. Şam yeməyi hazırlaya-hazırlaya öz-özündə düşündü ki, ola bilsin son vaxtlar gərgin işləyir. Bəlkə də bir neçə günlük məzuniyyət onun xeyrinə olardı. Şam elədi və televizorun qarşısında əyləşdi. Yerinə girməyə hazırlaşanda, təxminən gecə saat on ikidə, kiminsə gonşusunun qapısını qurdaladığını eşitdi. Daha sonra zərbə səsləri gəldi. Bu səs daxildən qapı zəncirinin bayır tərəfdən təzyiqə məruz qaldığını göstərirdi. Alvaro tez qapısının arxasında gizlənmiş kimi gözlükdən baxdı. Kasareslər ailəsi yarıaçıq qapının hər iki tərəfində dayanıb mübahisə edirdilər. Söhbətin aşağı tonda davam etməsinə baxmayaraq Alvaro söhbətin heç olmasa müəyyən bir parçasını aparata yazmağı ürəyindən keçirdi.

Tələm-tələsik maqnitofon axtarışına başladı. Onu tapdı və girişdəki elektrik açarına birləşdirdi. Boş lent qoy- du və onu işə saldı.

Qadın yavaş səslə davam etdi ki, onun evə belə gec gəlməsindən yığılmışdı boğaza və əgər özünü belə aparırsa qoy gedib başqa yerdə gecələsin. Kişi şərab iyi verən səsilə, az qala yalvararaq onu evə buraxmağı xahiş etdi (dili damağına yapışırdı, sözləri də əzə-əzə ağzından tökürdü). Boynuna aldı ki, dostları ilə oturub içmişdilər. Deyirdi ki, məgər onu bütün günü evdə boş-bekar televizorun qarşısında oturmasını istəyir? Donuz kimi yeyib bundan da artıq kökəlməsini arzulayır? Bir müddət səs-səmir gəlmədi. Alvaroya yalnız aldıqları nəfəs səsləri çatırdı. Bu sakitlikdən sonra qadın qapını açdı.

Alvaro maqnitofonu elektrik cərəyanından ayırdı, əlinə alıb dəhlizdən hamam otağına keçdi. Çanaqda oturub lenti işə saldı. İndi yorğunluq artıq çıxmışdı. Onun bütün əzələləri gərginlikdə idi.

Kişi səsinin tonunu qaldırı, elə bil ki dirçəldi. Qadın tələb etdi ki, belə tonda danışmasın, cünki uşaqlar yatırdılar. Həm də qonşular eşidə bilərdilər. Kişi qışqırdı ki, onun vecinə deyil, nə qonşular nə də ki onları doğan fahişə. Deyirdi ki artıq bezib, onun giç-gic məsləhətlərinə qulaq asdığı üçün belə bir vəziyyətə düşüb. Əgər onunla evlənməsəydi, əgər əfəllənib onun toruna düşməsəydi, ona bu sözləri başqa birisi deyərdi. Zəhləsi getdiyi bu şəhərə gəlməsəydi, sevdiyi bir işlə məşğul olardı. Zəhrimara qalmış bu ailəsini saxlamaq üçün, zəhrimara qalmış pula görə hər işin altına girməzdi.

Kişi səsini kəsdi. Fırlanan lent səsinin pozulduğu sakitliyində qadın iniltisi eşidildi. Alvaro diqqətlə qulaq asırdı. Fırlanan kaset səsinin eşidiləcəyindən qorxub öz bədəniylə üstünü örtdü. Qadın otağın səssizliyində ağlayırdı. Bu zaman xırda nəfəslikdən gələn inilti gecə vaxtı kiminsə qulaq asdığı radio səsinə qarışdı. An- caq kimsə daha möhkəm zarıyırdı. Bu kişi idi. Pəltək kimi qeyri-aydın sözlər danışırdı. Alvaroya bu səslər başadüşülməz pıçıltı kimi çatırdı.

Daha sonra oxşamalar, təskinlik səsləri eşidildi. Tamaşanın axırı idi.
Maqnitofonu şəbəkədən ayırdı, əlinə alıb qonaq otağına keçdi və lenti başa yığdı. Mədəsindən gələn səs-küy ona aclığıdan xəbər verdi. Mətbəxə keçdi. Özünə çörəkarası katlet hazırladı, bir az da pendir və yağ götürdü. Hamısını məcməyiyə qoyub bir pivə açdı. Gətirdi maqnitofonun yanına. Elə ac idi ki, heç yediyini tam çeynəmirdi. Tezbazar yeyib lentə bir neçə dəfə qulaq asdı. Əla bir material əldə etdiyini düşündü. Borcunun yerinə yetirilməsindən qane olub uzandı çarpayıya. Uzanan kimi söndü, düz yeddi saat.

Bu gecə o, yenidən yaşıl çəmənlikdə gəzirdi. Orada ağ atlar kişnəyirdi. Onlar elə ağ idilər ki, Alvaro hatta bir az qorxdu. Uzaqda bir təpə gördü və ona elə gəldi ki, böyük bir mağaranın içindədir. Çünki səma elə bil daşdan idi. Ayaqlarına güc vermədən təpənin yamacıyla qalxırdı. Orada heç kim yox idi, nə bir quş, nə də adi bulud. Dəhşətli bir külək qalxdı və onun uzun saçları üzünü və gözlərini tutdu. Birdən ona çatdı ki, çilpaqdır. Bununla belə soyuğu hiss etmirdi. İstədiyi ancaq heç bir quş olmayan təpənin yaşıl zirvəsindəki qızıl tutacaqlı ağ qapıya çatmaq idi. Gördü ki nəm otun üzərində bir qələm, bir kağız, xarab olmuş yazı makinası və tıqqıltı səsi verən bir maqnitofon var. Qapını açanda artıq başa düşdü ki, bu qapıdan keçə bilməyəcəkdir. Və buna baxmayaraq qapının o biri tərəfində nəyi axtarıb güddüyünü bilirdi. Ancaq kimsə onu geri dönməyə sövq etdi.

Ayaq üstə yarıaçıq qalmış qapıda, üzü yaşıl çəmənliyə doğru çönərək sol əli qapının qızıl tutacağında qaldı.

7

Növbəti gün qocanın evinə gəldi. Solğun divarları olan otaqda masanın üzərində qəhrəman fiqurlarla yerbəyer düzülmüş şahmat lövhəsi göründü. Montero onu deyəsən çoxdan gözləyirdi. Alvaro evə daxil olan kimi taqətdən düşmüş rəqib əlini sıxanda bir anlığa özünə əminliyini itirdi. Qoca ona içməyə bir şey təklif etdi. Alvaro minnətdarlıq jestilə onun bu təklifini yumuşaqlıqla rədd etdi.

Hər ikisi masanın qarşısında əyləşdilər.

Bilirdi ki, öz niyyətinə çatmaq üçün çətinliklə də olsa tarazlıq yaratmalıdır: bir tərəfdən onun oyunu qocanı darıxdırmamaq üçün nəinki kifayət qədər səviyyəli olmalı idi –qocanın gözlənilməz qələbəsi Alvaronun bütün ümidlərini puça çıxarardı- eyni zamanda onu bütün oyun ərzində şah vəziyyətində saxlamalı, ondan üstün olmasını nümayiş etdirməli idi. O bunu elə etməli idi ki, qocada onunla yenidən mübarizəyə girişməyə həvəs qalsın. Digər tərəfdən uduzmalı idi, eynini açmaq üçün və bu yolla aralarında xoş bir münasibətin qurulması naminə uduzmalı idi, ən azı bu birinci görüşdə.

Qocanın vəziyyətdən çıxması onu təəccübləndirmədi. Alvaro düşünərək oynadı; ilk gedişlər gözlənilməz olmadı. Qoca dərhal öz qurduğu hücumunu ortaya goydu. Bu manevr Alvaroya tələsmiş kimi görünsə də fikrini cəmləməkdə kifayət qədər ləngitdi. Müdafiə olunmağa çalışdı, ancaq daxilində tüğyan edən hirs onu sərbəst oynamağa qoymurdu. Rəqibinin özündə əminlik tapması oyununda da büruzə verirdi və bu Alvar- onu daha da qıcıqlandırırdı. Bundan təlaşa düşərək, çətin vəziyyətdə olan atını xilas etmək üçün onu geri çəkib əvəzində bir piyadanı qurban verməli oldu. Özünü çox narahat hiss edirdi, Montero isə fürsəti əldən buraxmırdı. Qoca laqeyd bir tərzdə şərh etdi ki, onun bu sonuncu gedişi çox riskli oldu və ona baha başa gələ bilərdi. Qocanın belə əminliyindən yaxa qurtarmaq üçün Alvaro “ayağa qalxmağa” çalışdı. Qocanın bir neçə təhlükəsiz gedişlərindən sonra Alvaro nəhayət dərindən nəfəs almağa macal tapdı və hətta öz fiqurlarını yerbəyer etdi. Monterodan bir piyada qopardı və oyunun tarazlığını bərpa etdi. Bu vaxt Montero səhvə yol verdi: sıxışdırılmış ağ fil artıq Alvaronun əlində idi. Güman etdi ki, bu fiqurun ona verdiyi üstünlük onu səthi oynamağa vadar edəcək -əgər sonradan pis vəziyyətə düşmək istəmirdisə- və bununla qoca bu gedişi Alvaro- nun hücumu kimi deyil, adi bir təsadüf kimi qiymətləndirə bilərdi. Alvaro qəsdən elə oynadı ki, fil vəziyyətdən çıxsın. Oyun artıq sabitləşmişdi.

Bu dəfə Alvaro ünsiyyət qurmağa çalışdı; qoca suallara başı ilə cavab verirdi. Cavablar aydın deyildi. On- lar yalnız sualları başdan etmək üçün edilirdi. Qoca gördü ki, bu heç də asan rəqib deyil. Və bu səbəbdən onun bütün diqqəti oyuna yönəldilmişdi. Bir də ki, qocaya tələsmək sərf etmirdi. Əgər rəqibi ona belə diqqət yayındırıcı suallar verirdisə də, onun müdafiəsinin ikiqat möhkəmləndirilməsi heç bir təəccüb doğurmurdu.

Qoca oyunu uddu. Məmnunluğunu gizlədə bilmirdi. Çox səmimiyyətlə mat vəziyyətində qalan fiqurların mövqelərini şərh etməyə başladı. Qurduğu son hücumunu bir daha göstərmək üçün fiqurları yenidən düzdü. Bəzi xırdalıqları müzakirə etdilər və mümkün olan bir neçə variantlar irəli sürdülər. Qoca onu pivə içməyə dəvət etdi. Alvaro düşündü ki, alkaqol adamı dilləndirən bir şeydi və insanın bütün sirrini açır. Yadına düşdü ki, bura gələndə ehtiyyatlı olacağına söz vermişdi. Uduzduğuna görə pis olduğunu bəhanə gətirdi və növbəti həftə üçün yeni görüş təyin etdi. Getdi.

8

Həmin gündən etibarən bütün əlavə məşğuliyyətlərini novellanın yazılmasına qurban verməli oldu. Tez qurtarmağa can atdığı işi yalnız ailədə tez-tez baş verən söz-söhbətlər üzündən durdurulurdu. Bu mübahisələri yaradan gecəyarı evə sərxoş halda gəlmələrin arxasınca nəvazişli sözlər, mülayim cümlələr eşidilirdi. Alvaro bu səs yazmada elə bacarığa yiyələnmişdi ki, üzücü və çox zaman təkrarlanan mübahisələrdə “iştirak” etməyə ehtiyac duymurdu. Sadəcə öz otağına qayıdıb işini davam etdirmək üçün səsyazan aparatı işə salmaq kifayət edirdi. Digər tərəfdən onların münasibətlərinin belə korlanması Kasareslər ailəsinin xarici görkəmində öz izini goymuşdu: qayğısız görkəm verən Enrikenin dolu bədəni indi donuza oxşayan əcaib formaya düşmüşdü; qadının təravətli yanağı yorğunluq təsüratı yaradan rəngi qaçmış sifətə bənzəyirdi.

Alvaro müxbirin ondan bir də kartof və duz istəməməsinə təssüflənmirdi. Ancaq qapıçı ilə əlaqənin kəsilmə təhlükəsindən qorxsa da onunla üzləşmək düşündüyü kimi təhlükəli olmamalı idi. Bunun üçün də onunla yenidən barışmalıydı.

Ona baş cəkmək üçün aşağı düşdü. Başa saldı ki, bəzi anlarda insan özündən çıxır və bu zaman özünə nəzarəti itirir. Belə hallarda insanın humanizm pərdəsi arxasında gizlənən ən murdar cəhətləri üzə çıxır. Bu- nun üçün də onu bağışlamasını istəyirdi. O, kişiyə yaraşmayan hərəkət etmişdir.

Qapıçı onun xahişini böyük məmnuniyyətlə qəbul etdi. Alvaro tələsik dedi ki, son vaxtlar şəxsi karyerasında həddindən artıq gərgin günlər keçirir. Düşdüyü vəziyyət nəinki onun əhvalsızlığının səbəbi olmuşdur, eyni za- manda işinə son dərəcə diqqətlə yanaşmağı tələb edirdi. Buna görə də aralarındakı münasibəti davam etdirmək mümkün olmamışdır. Heç bir şey onu belə kədərləndirməzdi, ancaq gərginlik azalmayınca dostluğu arxa planda saxlamağa məcburdur. Və fikrini tamamlayaraq söylədi ki, aralarındakı münasibət səmimi olduğuçün onlara heç nə mane ola bilməz. Alvaronun bu gözəl nitqindən məftun qalan qapıçı olub-keçənlərin hamısını bağışladı.

Çempionat qoca Monteronun evində davam etdi. Alvaro fikir verirdi ki, hər şey qocanın nəzarəti altında baş verir: ağ və ya qaralarla oynadığını o qərarlaşdırır, hücumunu o qurur və oyundakı üstünlük daima onun tərəfində olur. Qələbələrin sayca çoxluğu da onda idi. Alvaronun əldə etdikləri isə yalnız məğlubiyyətlər idi. Elə onları bir-birlərilə görüşdürən də məhz məğlubiyyətlər olmuşdu. Etdikləri söhbət yavaş-yavaş öz sərhədlərini genişləndirərək şahmatdan kənar, digər mövzuları da əhatə etməyə başladı. Təəccüblənmədən, fikir verdi ki, qoca öz yaşına görə həddən artıq içkili idi. Alkaqolu bu miqdarda qəbul etməsi onun danışığında hətərəm-pətərəmliyə gətirib çıxarırdı. Alvaro intizarda qaldı.

Qoca əsasən siyasətdən danışırdı. Deyirdi ki, həmişə sağ partiyaya səs vermişdir. İnanırdı ki, demokratiya zəif xalqların yoluxduğu xəstəlikdir. Cünki tələb edir ki, aparıcı qüvvələr sayılan elita xalqın formasız çoxluğunda öz cavabdehliyindən imtina etsinlər. Və elitasız xalq itib-batmış bir xalqdır. Bir də ki, qeyri real bir fikri əsas tuturdu: ictimai səs vermə hüququ; qapıçının verdiyi səs hansısa bir vəkilin verdiyi səslə bir ölçülmürdü. Alvaro razılaşırdı və bu zaman qoca dövləti tənqid etməyə başladı. Azğınlıqla sağ partiyaları hədəfinə almışdı. Hesab edirdi ki, tutduğu prinsipləri unutmuşdular, öz məqsədlərini tərk etmişdilər. Onun məzəmmətlərindəki ədavət hissi Alvaronu hərdən sarsıdırdı.

Özünün hərbi keçmişindən də danışırdı. Brunete və Ebra döyüşlərində vuruşmuşdu. Həyəcanla qəhraman şəhidləri, mərmilərin yaratdığı toz dumanlarını və qəhramanlığı yada salırdı. Dedi ki, bir gün uzaqdan general Valeranı görmüşdür; başqa bir gün hələ hərbi təhsilini bitirməmiş kiçik leytenant qucağında necə öldüyünü

xatırladı. Onu ön cəbhə xəttindən təhlükəsiz məntəqəyə çatdırdıqları zaman qanaxmadan dünyasını dəyişmişdi. Hətta gözlərinə yaş da gəldi.

Alvaro başa düşdü ki, başqalarına olan acıq qocada konkret insanlara deyil bütün dünyaya qarşı idi. Mərdliyinə qarşı edilən xəyanətin onda bu cür reaksiya verməsi labüd idi.

Onun yeganə qızı Argentinada yaşayırdı. Arabir ona yazırdı. O isə öz növbəsində bütün həyatı boyu yığdığı pulları nəvələri üçün saxlayırdı. Bir gün sərxoşluğunun ən sevincli anında varislərinin adlarını çəkdikdən son- ra qürurla dedi ki, bu sadə həyatında heç kimin təsəvvür edə bilməyəcəyi qədər var-dövlətə malikdir. Ucadan bildirdi ki, banklara etibar etmir. Bu vaxt qəfil qalxdı və üzərində təbiət mənzərəsi əks olunan şəklin arxasında, bacarıqla divarın içində hörülmüş, içi pulla dolu olan gizli dəmir qutunu göstərdi. Qocanın gözlərində parıltı sezilirdi.

Alvaro yerindəcə sarsıldı.
Bir neçə saniyədən sonra Alvaronun donu açıldı və dedi ki, artıq çoxdannan bəri pulunu bankdan çıxarıb möhkəm bir yerə goymaq barədə fikirləşir. Ancaq heç cür qərara gələ bilmir, çünki təhlükəsiz olacağına əmin deyil. Qoca böyük bir vəcdlə qutunun üstünlüklərindən danışdı, elə bil mal satırdı və onun idarə olunma mexanizminin asan olmasını nümayiş etdirirdi. Əmin etdi ki bu, bankdan qat-qat etibarlıdır və qutunun ağzını yalnız evdən çıxanda bağlayır.

Məhz elə həmin günü Alvaro Kasareslər ailəsini şam etməyə çağırdı.
Düz saat doqquzda gəldilər. Yaman geyinib-kecinmişdilər. Qadın bənövşəyi, dəbdən düşmüş paltar geyinmişdi.

Ancaq onun saç düzümü zərif və zövqü oxşayan idi. Yanağına vurduğu boya dərisinin solğun olmasından xəbər verirdi. Kişi isə özünü dar şalvara dürtmüşdü. Qarnı elə iri idi ki, pencəyinin yuxarı düyməsini açmışdı. Elə açmışdı ki, güllü-güllü köynəyi tamam üzdə idi.

Kasareslərə tamaşa edib Alvaro gülməkdən özünü güclə saxladı. Ancaq həmin anda başa düşdü ki, Kasareslər özlərinin ən dəbdəbəli paltarlarını geyinməklə öz maddi durumlarını nümayiş etdirmirdilər, onlar sadəcə olaraq qonşunun dəvətini qəbul edib qonaq qismində qəlmişdilər. Alvaronun hətta onlara yazığı da gəldi. Qonaqlar Alvaronun hazırladığı içkini içə-içə, musiqiyə qulaq asan zaman, utancaq narahatçılığı aradan qaldırmaq üçün mövzu axtarmağa başladı. Masa arxasına əyləşənə qədər demək olar ki, hər şeydən danışdılar. Alvaro fikir verdi ki, qadın əsəbdən titrəyən barmaqlarıyla siqareti bir-birinin arxasınca yandırır, hər hansı bir fikir söyləməkdən çəkindi.

Yemək vaxtı kişi danışırdı və gülürdü, ucadan. Alvaroya bu qeyri-təbii göründü, çünki onun yaşadığı vəziyyəti nəzərə alsa, bu elə də gülməli deyildi. İrene ərinin yoluxduğu bu əhval ruhiyyənin qarşısında na- rahat görünmürdü. Buna baxmayaraq Alvaro onların qarşısında hörməti olduğunu bilib, dialoqun ipini boş buraxmamağı qərara aldı və söhbətin istiqamətini lazımi tərəfə yönəltdi. Məhəllələrindən danışdı, qonşular arasında olan münasibətlərdən söhbət açdı. Məzəli formada qapıçıların dalınca acı zarafatlar etdi. Son- radan söhbəti qoca Monteroya gətirdi: uzun çəkən oyunlardan, onunla etdiyi söhbətlərdən sonra aralarında sərt etibarsızlıqla başlayan soyuq münasibət yumşalmağa başlamışdı; həmçinin onu bir qədər əcaib edən xüsusiyyətlərini göstərdi. Masa arxasında kofe və konyak içdikləri zaman dolayısı yolla, hiss edilmədən qonşusunun iş durumunu öyrənməyə çalışdı. Ər-arvad yenidən qəm quyusuna yıxıldılar. Senyor Kasares əmin etdi ki, heç nə dəyişməmişdir, əvvəlki kimi davam edir. Çəkdiyi əziyyətə görə ona necə minnətdar olduqlarını heç deyə bilmirdilər. Alvaro bildirdi ki, öz qonşu və bir dost borcunu yerinə yetirmişdir. Dedi ki, işlə bağlı bir neçə axtarışlar etmişdir, ancaq nəticə hələ ki, sıfır idi. Onun fikrincə məsələ hələ bir müddət yaxşılığa doğru qetməyəcəkdir, ancaq hər hansı bir vakant yer tapsa mütləq xəbər verəcək.

Hələ bir müddət söhbət etdilər. Növbəti çərşənbə axşamı üçün razılaşdılar. Sağollaşdılar.

9
Bu həftə ərzində bütün iş-gücünü atıb işlədiyi novellanı sona çatdırmağa çalışdı. İndi artıq gecələr də

yazırdı. İşdən qayıdan kimi duş qəbul edib, yüngül bir yemək yedikdən sonra yenidən iş otağına çəkilirdi. Novella sona yaxınlaşdıqca yazılma ritmi yavaş-yavaş ləngiyirdi. Ləngiyirdi, ancaq tutduğu istiqamətin yalnış olmamasına heç bir şübhə qalmırdı. Qocanın evinə qalxdığı günlərdə səhərlərini itirməməkçün yerinə tez gir- irdi və səhəri günü tez qalxırdı. Onun belə erkən qalxması şahmat masası arxasına oturana qədər ona beş saat işləmək imkanı verirdi. Kasareslər ailəsində baş verən mübahisələr günü-gündən daha da şiddətlənirdi və hər dəfə onları görəndə Alvaro üçün bunu hiss etmək heç də çətin olmurdu. Alvaronun mənzili onların arasındakı ədavəti daha da artırmışdı. Bu axşam onlar həmişəki kimi təmtəraqla geyinməmişdilər. Əksinə, onların sadə geyimi aralarında olan dostluğun daha da möhkəmlənməsinə dəlalət edirdi və Alvaroya, davranışında nəinki təbii olmasına şərait yaradırdı, eyni zamanda özlərilə gətirdikləri qəzəbi əritməyə imkan verirdi. Alvaro yenidən dialoqun ipini əlinə aldı, ancaq onu istədiyi istiqamətə yönəltmək üçün xeyli güc sərf etdi. Söhbətin mövzusu yenidən Montero oldu. Yenidən onun qəribəliklərinə toxundu, xırda detallarla gizli dəmir qutunun yerini dəqiqləşdirdi və onun mexanizminin sadəliyini qeyd etdi. Əmin etdi ki, içində heç kimin təsəvvür edə bilməyəcəyi qədər pul var. Sonradan qocanın sağlamlığının zəif olmasından, onun ətrafdan tam təcrid olub tənha yaşamasından danışdı. Onun evdən çıxdığı və qayıtdığı vaxtı göstərdi, gündəlik həyat tərzinin saat əqrəbi kimi dəqiq işlədiyini vurğuladı. Və sonda dedi ki, dəmir qutunun kilidini yalnız evdən çıxanda bağlayır.

Dediklərindən sonra ailədən gözlədiyi reaksiyanı görmədi. Alvaronun monoton danışıqlarında fasilə yaranan kimi mövzunu o dəqiqə dəyişirdilər. Əvvəl fikirləşdi ki, buna zaman tələb olunmur, ancaq nə vaxt ki onları qonaq çağırır söhbəti bu mövzuya gətirirdi. Kasareslərin etinasızlığı təmkinsizliyilə əvəz olunmağa başlayırdı. Bir gün ona zarafatyana yalvardılar ki, bu kişidən əl çəksin. Alvaro gülərək pərt oldu və üzr istədi:

“mənə elə gəlir ki, bu çox cəlbedici bir işdir” deyərək marağını gizlədə bilmədi. Bir dəfə onu “təqibetmə maniyası” çağıraraq həminki mövzuya işarə etdilər və o, ələ salındığını zənn edib acı istehza ilə cavab verdi, elə bil hücumu dəf edirdi. Başqa bir gün ailə, sızanaqlı müxbiri özlərilə gətirdilər. Gətirdilər ki, onların bu kiçik yığıncağına yenilik qatsın. Ancaq Alvaro onu heç həzm eləmirdi və demək olar ki, onunla bir kəlmə də kəsmədi. Qapıdan çıxarkən Kasareslər bir müddət pilləkəndə müxbirlə söhbət etdilər. Alvaroya görə nara- hat olduqlarını söylədilər, xüsusilə də son zamanlar heç yaxşı deyildi, gözlərinə pis dəyirdi. Bu cür tənhalıq hamını bu vəziyyətə salar.

-Tənhalıq dəliliklə müşaiyət olunur. –kişi dedi, elə bil ki, əvvəlcədən nə deyəcəyini düşünmüşdür.
Bir qədər susdular. Qız gözlərini zilləyib onlara qulaq asırdı. Gözləri elə iri idi ki, iki mavi almaya

bənzəyirdi.
-Ona deyəsən nəsə olub, –qadın əlavə etdi.

Alvaro əvvəl ailəyə qarşı qurduğu planın baş tutmamasına görə narahat deyildi, onu qıcıqlandıran səbəb həm də onlar arasında olan münasibətlərin yaxşılaşması idi. Evlərində gedən dava-dalaşlar artıq kəsilmişdi. Onları qonaq çağırması isə ailəyə daha da təskinlik gətirirdi. Ancaq daha dəhşətli olan başqa bir şey var idi: öz novellasına uyğun bir sonluq verə bilmirdi; və belə bir finalı görmək istəyəndə müəyyən çətinliklər onu yazmaq həvəsindən salırdı. Mütləq bir çıxış yolu tapmalı idi.

Ancaq əksinə oldu. Çıxış yolu özü onu tapdı. Səhər tezdən nəsə yazmağa cəhd etdi, lakin heç nə alınmadı. Payız günəşinin altında xəzəllə örtülmüş küçələrlə gəzməyə çıxdı. Evə qayıdanda binanın girişində Kasareslərin lifti gözlədiklərini gördü. Bir neçə sellofan paket götürmüşdülər. Paketin birində kobud bir parçaya bükülmüş uzunsov bir əşya var idi. Əşyanın ucu gövdəsinə nisbətən daha enli idi. Nədənsə Alvaro həmin o əşyanın balta olduğunu düşündü. Belindən soyuq tər axdı. Alvaronu görcək, Kasareslər gülümsəyərək onunla salamlaşdılar. Bu cür mehribançılıq Alvaronu çaşdırdı və onların qeyri təbii olduqlarını zənn etdi. Dedilər ki şəhərdən, bazarlıqdan qayıdırlar. Pilləkəndə günün xoş olmasından danışdılar və sağollaşdılar.

Əsəbi-əsəbi tezbazar qapısını açdı. Evə girən kimi oturdu kresloya və əsəbdən titrəyən əllərilə bir siqaret yandırdı. Kasareslərin baltadan nə üçün istifadə edəcəklərinə heç şübhə etmirdi. Novellasının nə cür bitəcəyini də yəqin etmişdi. Bu zaman öz-özündən soruşdu ki, görəsən novellanı başa çatdırmaq qocanın ölümünə dəyərmi və onun qətlindən sonra artıq yüz faiz ailəni gözləyən həbsdən qaçmaq mümkün olacaqmı? Çün- ki bu işdə təcrübəsi olmadıqları üçün mütləq səhvə yol verəcəklər, bununla da polisin nəzərindən yayına bilməyəcəklər. Çiyinlərində və boğazında ağır sıxıntı hiss edirdi. Fikirləşdi ki, bu dəqiqə Kasareslərə zəng vurub onları niyyətlərindən çəkindirəcək və başa salacaq ki, bu sadəcə olaraq dəlilikdir. Deyəcək ki, bu maxi- nasiyada günahkar yalnız özüdür, Alvaro. Onları əmin edəcək ki, çox böyük səhvə yol verirlər, özlərinin və uşaqlarının həyatlarını korlayırlar. Çünki ən yaxşı halda belə, polis bu cinayətin üstünü aça bilməsə, onlar vicdan əzabı çəkməyəcəklər, məgər? Bundan sonra uşaqlarının gözlərinə necə baxacaqlar? Ancaq ola bilsin ki, artıq gec idi. Onlar buna artıq qərar vermişdilər. Yaxşı bəs o, Alvaro da görəsən öz qərarını qəbul etmişdi?

Yazdığı novellanın üzərindən xətt çəkməyə hazır idi? Və əgər özünü qurban verirsə, nəyə görə başqalarını da qurban verməsin? Nəyə görə qoca Monteroya, Kasareslərə qarşı özündən də artıq rəhmli olsun?

Bu zaman qapının zəngi çalındı. Hardasa günorta idi, o isə heç kimi gözləmirdi. Bu vaxtı kim onu axtara bilər, görəsən? Qorxudan sarsıldı. Çox yüngülcə oldu bu sarsıntı, elə bil ki, olacaq hadisə ilə razılaşdı. O, səhv etmişdi. Kasareslər qocanı yox, məhz onu öldürəcəydilər. Bir göz qırpımında fikirləşdi ki, bəlkə Kasareslər işdən qovulma ərizəsini vaxtında geri qaytarmağın mümkün olduğunu bilib, ancaq o isə müəyyən səbəbdən bunu etmək istəməyib, onların bütün həyatını dağıdıb və alçaqcasına qocanı öldürməyə vadar edib. Ancaq onlar Alvaronu öldürsəydilər, dağılmış həyatlarının yeganə səbəbkarından tək qisas almayacaqdılar, eyni za- manda onun puluna da sahib dura bilərdilər, bəlkə də halallıqla. Çünki beyninə yığışan qatı dumanı qovmağa çalışaraq indi yadına saldı ki, ailə ilə son görüşlərdə o da öz pulunu qoca Montero kimi möhkəm bir qutuda saxlamaq istədiyini etiraf etmişdir.

Qapının gözlüyündən baxdı. Həqiqətən də qonşusu pilləkəndə gözləyirdi, ancaq əlləri boş idi. Qapını açdı. Enrike Kasares qeyri aydın bir formada mızıldandı ki, evdə pəncərə düzəldirdi, bunun üçün də ona bir vin- taçan lazımdır. Xahiş etdi ki, əgər lazım deyilsə, bir-iki saatlığına ona versin. Bu axşam gec də olsa mütləq qaytaracaq. Alvaro içəri keçməyi təkid etdi və bir necə saniyədən sonra vintaçanla gayıtdı. Enrike Kasares onu götürəndə Alvaro nədənsə onun əllərinin titrədiyinə fikir vermədi.

Axşamtərəfi qadın vintaçanı qaytardı. Bir neçə dəqiqə söhbət etdilər. Çıxmaq istədikdə -mənzilin qapısı yarıaçıq vəziyyətdə idi və qadın sol əlilə qapının tutacağından yapışmışdı- çönüb sağollaşdı, elə bil ki bir- birlərini bir daha görməyəcəkdilər. Bu, Alvaroya həddən artıq təntənəli göründü:

-Hər şeyə görə çox sağ olun.

Heç vaxt iyin, nə də səsin olması barədə heç düşünməmişdi. Və yəqin bu dəfə onların mövcudluğu onu belə təəccübləndirdi. Ancaq ən maraqlısı bu qeyri müəyyən inam idi ki, heç kim və heç nə ona sona çatmağa mane ola bilməz. Yamyaşıl çəmənliklə addımlayırdı. Otların, meyvəli ağacların qoxusu ətrafa yayılmışdı. Hətta peyin iyi də gəlirdi. Ancaq buna baxmayraq nə ağac görürdü, nə də ki peyin, təkcə yaşıl ot. Bir də daşlı səmaya doğru kişnəyən ağ, mavi və qara rəngli atlar. Təpənin zərif yamacı ilə qalxırdı. Əsən quru külək onun çılpaq bədənindəki tükləri biz-biz etmişdi. Gəzdiyi yaşıl çəmənliyi artıq arxada goymuşdu. Təpənin yaşıl zirvəsində boz rəngli, metal səsi çıxaran quşlar uçuşurdu. Əslində isə onlar donmuş tikanlar idi. Təngnəfəs halda zirvəyə çatdı və onda bildi ki, artıq heç nə və heç kim ona o biri tərəfə baxmağa mane ola bilməz. Sol əlilə ağ qapının qızıl tutacağından yapışdı, açdı və baxdı.

10

Növbəti gün qocanın supermarketdə görünməməsi onu heç təəccübləndirmədi. Bu səhər onunla bir oyunu vardı, ancaq Alvaro heç evindən çıxmadı. Soyuq kofe içə-içə siqaret çəkirdi ki, birdən qapını döydülər. Qapıçı idi. Üst-başı qana bulanmışdı. Onun zarıldamasından və üzündəki dəhşətli ifadədən qocanın cəsədini tapdığını başa düşmək Alvaro üçün çətin olmadı. Bilirdi ki, hər gün evini təmizləməyə qalxırdı. Onu kreslosunda otur- tdu və sakitləşdirməyə başladı. Sonra isə polisə zəng vurdu.

Bir azdan bir müstəntiq gəldi. Üç nəfər polis onu müşayiət edirdi. Onları Monteronun evinə apardılar. Al- varo cəsədi görmək istəmədi. Qapıçı dayanmırdı, elə hey danışırdı və zarıyırdı. Bir qədər sonra gələn nazik bığlı, orta yaşlı bir kişi əlindəki fotokamerayla otağı və hərəkətsiz cəsədi bir neçə rakursdan çəkməyə başladı. Bundan sonra meyidin üstünü dərhal ağ mələfə ilə örtdülər. Qonşular qapının ağzına yığışmışdılar. Bəziləri hətta dəhlizə qədər soxulmuşdu. Alvaro sarsıntı keçirirdi. Qapıçı bir az sakitləşsə də danışmaqda davam ed- irdi. Deyirdi ki, yazığı deyəsən bıçaqlamışdılar. Alvaro insan kütləsinin arasında Kasaresləri axtardı, tapmadı, lakin onu qəribə baxışlarla izləyən qorxmuş müxbir qızı gördü. Bir nəfər adamların arasından evə doğru özünə yol açdı. Lakin evin girişində posta qoyulmuş polis işçisi onu saxladı. Boz rəngli palto geyinmişdi bu cavan oğlan. Eynəyindən hiss olunurdu ki, ali təhsilli idi. Əmin etdi ki, müxbirdir. Onu içəri buraxmağı tələb etdi. Ancaq polis, ona heç kimi içəri buraxmamaq tapşırığı aldığını dedi. Bir az sonra müxbirin digər yoldaşları da gəldilər. Vəziyyəti onlara başa saldıqdan sonra pilləkəndə oturub və yaxud sürahıbəndə söykənərək ucadan danışa-danışa müstəntiqin işini qurtarmasını gözlədilər. Qonşular heç dağılışmaq istəmirdilər, elə bil ki dəfn mərasiminə gəlmişdilər.

On beş dəqiqədən sonra müstəntiq mənzildən çıxdı. Müxbirlər onu görən kimi itələşə-itələşə yığışdılar başına. Onlara hadisə yerində şəkillər çəkməyə icazə verdi, meyidin məruz qaldığı zərbələrə görə onun hansı növ olduğunu açıqladı, əmin etdi ki bədənin üzərindəki çoxsaylı yaralar vintaçanla edilmişdir. Müstəntiqin sözlərinə görə qətl dünən axşam radələrində törədilmişdir. Təhrik? Heç bir fərziyyə irəli sürmək istəmirdi, ancaq divarda, şəklin arxasında olan qutu açılmış və qarət olunmuşdu. Belə bir hal heç bir şübhə doğurmurdu. Çox güman ki, qatili bu addımı atmağa vadar edən səbəb qarət idi. Cəsədin qonaq otağında olması onu göstərmirmi ki, mərhum onu tanıyırdı? Çünki qoca qatilə evə girməyə şərait yaratmışdır. Müstəntiq təkrar etdi ki, əvvəlcədən hər hansı bir fərziyyə irəli sürmək yersiz olardı. Çünki deyilən bütün fərziyyələr fərziyyə olaraq qalır. Hələlik əlavə ediləsi bir şey yox idi.

Alvaro evinə qayıtdı. Qonaq otağında pəncərəyə söykənərək aşağı, həyətə baxdı. Bir siqaret yandırdı və sağ əlilə gözlərini ovuşdurdu. Bir az başı ağrıyırdı, ancaq bayaqkından daha sakit görünürdü. İstintaqın nə ilə qurtaracağını əvvəlcədən bilirdi. Müxbirin dediyi kimi, çox güman ki, mərhum qatili tanıyırdı. Yalnız qocanı tanıyan şəxs evin içinə belə asanlıqla daxil ola bilərdi. Binanın bütün sakinləri qocanın qaşqabaqlı, qaradinməz olmasından xəbərdar idi. Hamı, qapıçı, Kasareslər, müxbir qız, bəlkə də digər qonşular da yaxşı bilirdilər ki, yalnız o, qoca ilə belə yaxınlığa nail olmuşdu. Səhərlər bütün günü saatlarla onunla şahmat oynayırdı və söhbətləşirdilər. Qapıçı nəyə görə Alvaronun ondan informasiya çəkdiyini başa düşəcəkdi. İndi, Kasareslər nə üçün onun daima Montero barəsində danışdığını anlayacaqdılar. Elə, müxbir qız da qonşular arasında onun baxışlarının qəribəliyinə görə şübhələnib Kasareslərin dediklərini təsdiqləyəcəkdi. Bundan əlavə, orda vin- taçan var idi. Heç kim inanmaz ki, Kasareslər onu günahlandırmaqdan ötrü vintaçanı götürüblər, çünki ideya həddən artıq ağılsız idi. Bütün şübhə Alvaronun üstünə düşürdü. Etmədiyi cinayətdə günahlandırılacaqdı. Bu çox gülünc idi. Burda yadına düşdü: “On veut bien être méchant, mais on ne veut pas être ridicule”. Ancaq yox. Əgər kimsə polisə xəbər verəcəksə, bu o olmayacaq. Çünki Kasareslər bilirdilər ki, o, onları satmaz. Ondan vintaçan istəmişdilər. “Hər şeyə görə çox sağ olun” sözləri Alvaronun yaxşı yadında idi. Həyatlarını puç edən Alvaronun qurduğu planlarının üstünü açmışdılar. İndi bütün bunların əvəzini çıxırdılar. Elə buna görə Enrike Kasaresin işilə bağlı daha Alvarodan soruşmurdular. Onda başa düşdü ki, bu bir gizli ədalət idi, cinayətdə onun əli var idi və günahkar idi. Həqiqətən də ailə bir növ ondan asılı oldu, bir növ onun icra edən əli olmuşdu. Qocanın qətlində əsl günahkar o idi, Alvaro. İrene və Enrike Kasares onun əlində bir marionet idilər. İrene və Enrike Kasares onun personajları idilər.

Bunun artıq heç bir əhəmiyyəti yox idi. Gec-tez polis onu cinayətdə günahlandıracaq. Bunun da vaxtı çata- caq. İndi ən vacibi novellanı sona çatdırmaqdır, polis onu dindirib saxlamamış. Görəsən onun nə qədər vaxtı qalıb?

Yenidən pəncərədən bayıra baxdı. Günün altında bir uşaq yelləncəkdə yellənirdi. Üzünü çevirdikdə Alvaro Kasaresin kiçik oğlunu tanıdı. Ona elə gəldi ki, uşaq ona baxır.

Növbəti gün indiyə qədər yazdıqlarının hamısını yenidən başdan oxudu. Hesab etdi ki, ilk yazdığı variant səhvlərlə doludur. Üslubun seçimində, göstərdiyi nöqteyi-nəzər, personajlarından tələb etdiyi baxış, bunlar hamısı təhrif olunmuşdur. Ancaq özü-özündə dedi ki, əgər səhvlərini görə bilsə bəlkə gördüyü iş əbəs yerə getməz. Səhvləri üzə çıxarmaq, müəyyən mənada onları aradan qaldırmaq deməkdir. Topladığı materialları nəzərdən keçirdi və fikirləşdi ki, kifayət qədər çoxdur. Buna görə də novellanı bir növ yenidən yazmaq lazım idi. Ancaq bunu etmək üçün apardığı qeydləri, müşahidələri yenidən işləməyə ehtiyac olmayacaq. Sadəcə artıq işləmiş olduğu novellanı bir daha işləyəcəkdir. Bəzi fraqmentlər, misal üçün, giriş hissə indi çox xırdaçı görünürdü. Çünki yeni kontekstdə qurulmuş mətn əsərə yeni bir rəng qata bilərdi. Sonda başa düşdü ki, yazdığı materialla özünün əksini, parodiyasını qurmuşdur.

Onda başladı yazmağa:

“Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qalxırdı, soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaqçün aşağı, supermarketə düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asaraq qəzet oxuya-oxuya mətbəxdə oturub səhər yeməyi yeyirdi. Saat do- qquzda isə o, artıq işdə olurdu”.

İspancadan çevirdi

Məmməd Məmmədli

ULDUZ Jurnalı – 2007

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.