Yad təfəkkürdən doğma düşüncəyə

Məqalənin müəllifi Əli Rza Xələfliyə xüsusi təşəkkür. Bu mənim haqqımda yazılan ilk yazıdır.

YAD TƏFƏKKÜRDƏN DOĞMA DÜŞÜNCƏYƏ,

yaxud gənc yazıçı Məmməd Məmmədlinin ilk tərcümə kitabı haqqında

Gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin imzası ilə «Ay işığı» kitabını vərəqləyirəm. İspan dilindən tərcümədir. Qürurvericidir. Milli dilin daşıyıcısı ispan dili üzrə mütəxəssisdir. Düşünürəm ki, «Ay işığı» adı ilə nəşr olunan nəsr kitabı onun ilk uğuru kimi yadda qalacaq. Əlbəttə, bir çox cəhətlərinə görə. Əvvəla, tərcümə işinə gəncliyindən başlamaqla bu sahənin ustadına çevrilmək imkanları hələ qarşıdadır. Üstəlik də hələ bu işə sevərək, öyrəndiyi dilin incəliklərinə bələd olaraq və bu dilin cazibəsilə sahəyə gəldiyi üçün gələcəkdə daha böyük əsərləri və demək, daha qüdrətli sənətkarları Azərbaycan dilində danışdıra biləcək.

Məmməd Məmmədli müstəqqillik dövrünün yetirməsidir. 2004-cü ildə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsini bitirib. Əməli fəaliyyət dövründə isə ispan xalqının mədəniyyətini, tarixini və ən başlıcası, ədəbiyyatını sevə-sevə öyrənib, inadla sahə bilgilərinin dərinliklərinə can atıb.

Burada yerinə düşür ki, geniş imkanlar açılmasına baxmayraq tərcümə problemləri ilə bağlı bir-iki məqama diqqət yetirək.

Kimsəyə sirr deyil ki, bizim nəsil  – öz həmyaşıdlarımı nəzərdə tuturam – dünya ədəbiyyatına rus dili vasitəsilə daxil olub. Başqa sözlə, dünya ədəbiyyatının şah əsərləri (və demək olar ki, bütün əsərləri) rus dilindən Azərbaycan dilinə çevrilib. Don-Kixotu da, Jan Valjanı da, Ovodu da, Qorio Atanı da… bu yolla tanımışıq. Məşhur əsərlərin qəhrəmanlarını görkəmli tərcümə ustadları Azərbaycan dilində elə danışdırıblar ki, biz onları sevmişik. Həmin əsərlər haqqında ədəbi düşüncələrimizi də doğmsalıqla ifadə etməyə çalışmışıq. Təəssüf ki, bu zaman az qala katorqa əməyi qədər çətin olan tərcümə işinin ustadlarını bircə xoş sözlə də yad etməmişik, yaxud nəsə deyəndə də xəsislik göstərmişik.  Nəhayət, zaman dəyişdi… Sovet düşərgəsi sərt qadağaları ilə tarixə gömüldü. Xalqlar bir-birinə qapı açdılar. Çox sevirinəm ki, bu gün nəinki artıq həyatımıza daxil olmuş Avropa dillərindən, hətta Çin, yapon, hind, eləcə də digər bizə çox yad olan Asiya xalqlarının dillərindən bədii tərcümələr Azərbaycan dilində işıq üzü görür.

Öndə olan əsgərin öz səhvlərini düzəltməsi çətin olur. Amma bu səhvlər onun fədakarlığının üzərinə kölgə sala bilmir. Ola bilsin ki, ispan dilindən tərcümələrlə təcrübəsi olan yazarlarımız var. Ancaq hər halda hər bir gəncin bu sahəyə gəlişi yeni addımdır və yeni təfəkkürdən xəbər verir.

Məmməd Məmmədlinin yaradıcılıq istəyi ilə tərcümə fəaliyyəti göstərir ki, bu işə yaradıcılıq zövqü ilə yanaşma daha üstün fayda verər.

Ancaq tərcümə işinə dövləti əhəmiyyəti olan bir sahə kimi diqqət göstərilməsi də vacibdir. Gənc tərcüməçilərə sərbəst işləmək üçün şərait yaradılması dövrümüzün tələbidir. Doğrudur, dövlət təminatında olan Tərcümə Mərkəzi fəaliyyət göstərir. Ancaq bu işi sırf yaradıcılıq istəyi ilə öz üzərinə götürmüş gəncləri də diqqətdən kənarda qoymaq olmaz. Sərbəst tərcüməçilik fəaliyyətilə məşğul olan gəncləri istiqamətləndirmək, onların tərcümə kitablarının təqdimatlarını keçirmək, müzakirələrini təşkil etmək də fayda verərdi.

«Ay işığı» kitabında toplanmış povest və hekayələr məndə belə bir təsəvvür yaratdı ki, Məmməd insan psixologizminin dərinliklərinə varmağa çalışır. Xüsusilə, fəlsəfi təfəkkürü qabarıq olan yazıçıların əsərlərinə üstünlük verir. «Ay işığı» kitabında Xavier Serkasın «Təhrik» povesti, Qustava Adolfa Bekkerin «Ay işığı», İ.Ayendenin «Ümidsiz sevgi məktubları», B.B.İbanyezin «Məhkum olunmuş qadın», «Mavrin qisası», «Dənizdə», X.Rulfonun «Alovlu gecə» hekayələri yer alır. Bir müşahidəmi də qeyd etmək istərdim; bu nəsr əsərləri bir ümumi xətdə birləşir – həyatın fəlsəfi dərki məsələsində. Bu da Məmmədin seçdiyi yolda çətinlikdən çəkinməməsi, özünə inamı ilə bağlıdır. Xaviyer Serkasın «Təhrik» povestinin əvvəlində belə bir epiqraf verilir: «Latınca belə bir ifadə var: «Zibillikdən dişi ilə qızıl çıxartmaq». Bu, alverçilərin işlətdiyi təsviri bir ritorikadır. Mən də onlar kimiyəm. Məqsədimə çatmaqdan ötrü heç bir maneə məni yolumdan döndərə bilməz». (Qustave Flaubertin Louis Koletə məktubundan). Bu epiqrafı nə üçün diqqətə çəkirəm? Yəqin ki, elə əsərin əvvəlində də bu epiqraf var. Ancaq mən burada tərcüməçinin öz işinə inadlı münasibətini, inamıni və qətiyyətini də görürəm. «Təhrik» povestində təqribən belə bir fikir ifadə olunur ki, insan öz həyatını təzədən yaşaya bilməz. O, yaşadığı həyatdakı səhvləri ilə bütövdür. Ancaq hər halda yaşanmış həyatdan çıxarılan nəticələr insanın gələcəyə ötürdüyü ibrət elementləridir. Müəllif əsərin fəlsəfi mahiyyətini qabarıq verdiyi üçün çox güman ki, aborigen dildə də yazısını ağır üslubda təqdim edir. Oxudan sonra məndə belə bir qənaət yarandı ki, tərcüməçi də bu ağırlığı öz işində qoruyub-saxlaya bilib: «Alvaro öz işinə ciddi yanaşırdı. Hər gün düz saat səkkizdə yuxudan qaldırdı. Soyuq duş qəbul etdikdən sonra çörək və qəzet almaq üçün aşağı – supermarketə düşürdü. Qayıdan kimi cemlə yağ, kofe və qızardılmış çörək hazırlayır, radioya qulaq asa-asa qəzet oxuyur, mətbəxdə səhər yeməyi yeyirdi. Saat doqquzda isə o, artıq işdə olurdu…»

Məmməd Məmmədlinin tərcüməçi kimi imzası çoxdan görünür. Mən deyə bilmərəm ki, ilk tərcümələri necə olub, ədəbi mühit necə qarşılayıb?.. Ancaq hiss olunur ki, «Ay işığı» kitabına toplanmış hekayələrin dilində artıq bir səlistlik var. Sanki söz-sözü çəkib gətirir. Qustava Adolfo Bekkerin «Ay işığı» hekayəsi belə bir cümlə ilə başlayır: «Bilmirəm, danışacağım əhvalat hekayəyə, yoxsa, əksinə, hekayə əhvalata oxşayır. Bircə onu deyə bilərəm ki, bu əhvalatın kökündə kədərli bir həqiqət dayanır».  Sanki yazıçının özü danışır. Sözlər nitqdə ilişmir. Və məntiq cümlənin quruluşunda öz hökmünü qoruyur. Tərcüməçi müəllif şərhinə o qədər doğma, istiqanlı yanaşır ki, sanki biz bir-birinə qovuşmuş ruhların səsini dinləyirik: «Başqası bu ideyanı götürüb bəlkə də, kədərlə dolu fəlsəfi bir kitab yazardı. Mən bu əfsanəni o adamlar üçün yazdım ki, mahiyyətinə varmasınlar, sadəcə, bir az əylənib vaxt keçirə bilsinlər». Şübhəsiz, burada müəllifin məqsədi oxucusunu əsəri qavramağa hazırlamaqdır. Tərcüməçi də yazıçının məqsədini başa düşdüyündən onun şərh üslubunu qoruyub saxlaya bilmişdir.

Biz həmin düşüncə tərzini yazının sonunda da, tərcüməçinin dil yumşaqlığında da görürük: «Manrike dəli olmuşdu. Ən azından hamı onun barəsində belə fikirləşirdi. Ancaq mən belə düşünmürəm. Hesab edirəm ki, o, yuxudan ayılmışdır». Məmməd Məmmədli tərcümə üçün seçdiyi əsərlərdə o ideyanı görür ki, onun özü də bu ideyanı cəmiyyətə ötürmək istəyir. Və bu da ona imkan verir ki, düşüncəsini kompleks şəkildə hərəkətə gətirə bilsin, yazıçının düşüncə sisteminə vara bilsin. Onun düşüncəsinin alt qatlarına enə bilsin.

İsabel Ayendenin «Ümidsiz sevgi məktubları» hekayəsi də maraqla oxunur. Başlanğıca diqqət edək «Analia dünyaya gələndə anası qızdırmadan vəfat etmişdi. Və iki həftədən sonra atası buna dözməyərək özünü tapança ilə sinəsindən vurdu». Ancaq mənə elə gəlir ki, müəllif cümlənin əvvəlindəki zaman mahiyyətini sonunda da qorumalı idi. Yəni «vurdu» yox, «vurmuşdu» şəklində yazmalı idi. Bu hekayədə də müəllif dəst-xətti tərcüməçinin seçimində öz yerini alır.

Məmməd Məmmədli «Ay işığı» kitabında Visente Blaska İbanyezin üç hekayəsinə yer verib.

«On dörd aydı ki, Rafael həbsxananın bir dar otağında cəza çəkirdi». Bu, «Məhkum olunmuş qadın» hekayəsinin ilk cümləsidir. Bizdə də beləcə işlənir. Bir ildir ki, gözə dəymir, on ildir ki, görmürəm… yəni tərcüməçi ispan dilindən aldığı informasiyanı Azərbaycan dilinin canlı ifadə tərzinə oturda bilir.

Məmməd öz tərcüməsində səhnəni canlandıra bilir. Müəllif təhkiyəsi ilə obrazların nitqi bir-birinə qarışmadan aydın düşüncə elementi kimi görünür: «Qadın göz yaşlarını sildi. Onun gözləri nifrət dolusu baxışlarla parladı.

– Yaxşı, öldürməyin onu… İndi rahatam. O, xilas olundu, bəs mən?

Uzun sürən sakitlikdən sonra öz-özünə danışırmış kimi əlavə etdi:

– İndi məhkum olunan bədbəxt mənəm…»

Təkcə elə bu bir parçanı Məmməd sanki həmin mənzərəni müşahidə edərək çevirib. Görünür, tərcümə işində əsas şərtlərdən biri də tərcüməçinin hadisələrin içərisinə psixoloji cəhətdən daxil ola bilməsi ilə də bağlıdır.

Nümunə gətirilmiş mətndə bir ifadə diqqətimi çəkdi. Düşünürəm ki, tərcüməçi «nifrət dolusu baxışlarla» yox, eləcə, «nifrət dolu baxışlarla» yazsaydı, daha dəqiq olardı. Doğrudur, «gözü dolusu» ifadəsi var dilimizdə. Amma «nifrət dolusu» ifadəsini işlətmirik, «nifrət dolu baxışlar» işlədirik. Belə səhvlər və xətalar təcrübənin müddətindən asılı olaraq zaman-zaman aradan qalxır. Həm də tərcüməçi daha iri, geniş həyat hadisələrini əks etdirən əsərlərə müdaxilə etdikcə, yəni tərcümə fəaliyyətini genişləndirdikcə, doğma dilin alt qatlarına enə bilir, dili bütün canlılığı ilə öz varlığında hiss edir. Əməli fəaliyyət zamanı qarşıya çıxan çətinlikləri fəhmi və düşüncəsi ilə həm də dəqiqliklə aradan qaldıra bilir.

Düşünmək olar ki, Məmməd Məmmədlinin daha irihəcmli əsərlərə nüfuz etmək imkanı və potensialı var.

«Mavrin qisası» hekayəsinin qəhrəmanı Marietanı müəllif müxtəlif vəziyyətlərdə tanıdır. Tərcüməçinin dilə bələdliyi ayrı-ayrı məqamlardakı ab-havanı obrazın təbiətinə uyğun verməsində özünü göstərir: «Marieta ilk baxışdan həyatından razı və sakit görünürdü. Əhvalı qəmgin olsa da, necə də gözəldi, sanki şahzadəydi. Onu görənlər qızın cazibədarlığı qarşısında heyran qalırdılar». Tərcüməçi Azərbaycan dilindən gələn emosiyanın təsiri ilə «sanki» sözünün yerinə «elə bil» ifadəsini də işlədə bilərdi. Bəlkə də, bu, mahiyyəti bir az da qabardar, obrazı bir az da canlandırardı.

Kitabda bu cür, yerində səslənməyə ifadələrə, sözlərə rast gəlmək olar. Ancaq bütün bunlar Məmmədin tərcümə işinin üstünə kölgə sala bilmir. «Uşağı hürkmüş qarınını qucağında alanda çox kövrəldi. – Yazıq balam, – deyərək körpəni öpdü».

«Hürkmüş» sözünün əvəzinə «səksənmiş, diksinmiş» sözləri də işlədilə bilərdi. Adətən, «hürkmək» sözünü azərbaycanlılar heyvanlarla bağlı işlədirlər.

«Dənizdə» hekayəsinin başlanğıcı: «Günorta saat iki idi ki, birdən qapı döyüldü». Az qala düşünürsən ki, ispan yazıçısı cümləni elə beləcə, Azərbaycan dilində yazıb. Xon Rulfonun «Alovlu gecə» hekayəsi demək olar ki, dialoqlar üstündə qurulub. Tərcüməçi dialoqların orijinaldakı lakonikliyini, yığcamlığını qorumağa çalışıb.

Kitab halında Məmməd Məmmədlinin tərcümə debütü… Gedişləri, düşüncə orijinallığı, seçdiyi dilə doğmalığı aydın görünən bir  debüt… Endşpiləcən hələ çox yol var… Və Məmmədin bu yolu uğurla gedəcəyinə inanmaq olar.

«Ay işığında» kitabının bədii tərtibatı gözoxşayandır. Şrift seçiminə diqqət edilsəydi, oxucunun gözünü oxşama tələbatını da ödəyərdi. Bir də onu qeyd etmək istəyirəm ki, tərcüməçi seçim elədiyi müəlliflər haqqında kitabın sonunda qısa məlumat-xronikaları versəydi Azərbaycandilli oxucu üçün maraq doğurardı. Şübhəsiz, tərcüməçi seçdiyi yazıçıların həyat və yaradıcılıq yolları haqqında kifayət qədər geniş məlumata malikdir. Nəzərə almalı idi ki, əsas oxucu kütləsi belə məlumatlardan xəbərsizdir.

Yaradıcılıqda bu da var ki, müəllifin həyatı və yaradıcılığı haqqında qısa məlumat onun əsərini dərk etməyə vəsilə olur, kömək edir.

Bütün bunları Məmməd Məmmədlinin gələcək işlərində diqqətdə saxlaması üçün deyirik.

İspan ədəbiyyatından örnəkləri dilimizə çevirmək zəhmətini öz üzərinə yaradıcılıq istəyi ilə götürmüş tərcüməçinin zəhməti, şübhəsiz, çox təqdirəlayiqdir.

Tərcüməçinin təqdim elədiyi kitaba «Ay işığı» hekayəsinin adını verməsini də təsadüfi hesab etmirəm. Həyat hadisələrinin sənətdə əks olunması, bir sözlə, sənətin həyatın güzgüsü olması haqqındakı fikir nə qədər qəbul olunmuş düşüncə olsa da, burada bir şərtilik görürəm. Çünki həyat o qədər zəngin, o qədər təkrarsız, bənzərsiz və çoxşaxəlidir ki, onun bütövlükdə bədii əsərə gətirilməsi, şübhəsiz, məcazi xarakter daşıyır. Sənət isə bir növ həyatdakıların ay işığında görünən tərəfləridir.

Düşünmək olar ki, Məmməd Məmmədli həyat və sənət qarşılaşmasında öz mövqeyini «Ay işığı»  adında ümumiləşdirə bilib. Kitab «Ulduzlu nəşrlər» seriyasındandır və Azərbaycan Yazıçılar Birliyi ilə «Ulduz» jurnalının birgə layihəsi olaraq işıq üzü görüb. Layihənin rəhbəri Qulu Ağsəs, kitabın redaktoru Həyat Şəmidir. «Təhsil» nəşriyyatında bu il işıqlığa çıxmış «Ay işığı» kitabı ilə Məmməd Məmmədli həm tərcüməçi, həm də nasir kimi inamlı addımını təsdiqləyib.

Əvvəldə qeyd etdiyim kimi, Məmmədin ədəbi dərgilərdə orijinaldan tərcümə müəllifi kimi imzası ədəbi mühitə kifayət qədər tanışdır. Və ədəbi mühit Məmmədin imkanlarından istifadə edə bilər. Ədəbi əlaqələrdə digər xalqların həyatına yazıçılarımızın müraciət etməsi təbiidir. Şübhəsiz, bədii əsərlərdə haqqında söhbət gedən xalqın koloritini qorumaq üçün dialoqların, ayrı-ayrı etnoqrafik qeydlərin həmin xalqın dilində verilməsi əsərin təsir gücünü daha da artırır. Və bu zaman, şübhəsiz, Məmməd kimi tərcüməçilər də yada düşür.

Məmməd ziyalı mühitində böyüyüb. Necə deyərlər, sözün əhatəsində dünyaya göz açıb və onun sözün qoxusunu bilməsini də təbii qəbul etməliyik.

Tərcümə yaradıcılıqdır, özü də ciddi yaradıcılıq! Kifayət qədər çətinliyi və əzabları ilə birgə.

Məmməd Məmmədlinin tərcüməçilik fəaliyyətinə təsadüfi gəlmədiyini «Ay işığı» təsdiq edir.

 

Əli Rza XƏLƏFLİ,

şair-publisist,

Beynəlxalq Rəsul Rza

mükafatı laureatı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloqqer bunu bəyənir: