Kuatrosieneqasdan 18 km məsafədə ağ quma bürünmüş ucu-bucağı görünməyən səhralıq uzanır. Mavi səma, ağappaq qum, mərkəzdə isə bir vahə. Tanış olun bura Meksikadır. Ancaq Maya və Azteklərin qədim diyarında görə biləcəyiniz şeylər tək bununla bitmir. Sarı şəhər, Kiriko dərəsi, səma rənginə boyanmış dənizi bədənizlə hiss edə biləcəyiniz Xel-Ha eko-parkı turistlərin sevdiyi istiqamətlərdəndir. Unutmayın ki, dünyanın ən cavan vulkanlarından biri də Meksikada yerləşir. Budəfəki yazımda Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edirəm.

Bakalar su hövzəsi

Bakalar yaxud da Rəngin 7 çaları su hövzəsi dibində yeddi qat əmələ gətirən torpağa, həm də günəş şüalarının düşmə bucağına görə suyun üzərində mavinin 7 çalarını əks etdirdiyi üçün belə adlanır. Bu laqun ətrafdakı mənzərəyə əlavə bir rəng qatmaqla insanın sanki ruhunu oxşayır. Dayaz və ellips formasında olan su hövzəsi 42 km uzunluğunda və onun da dördə biri qədər enində geniş bir sahəni əhatə edir. Burada üzmək insana enerji verir, ətrafında olan daxmalar da gecəni keçirməyə və mənzərədən zövq almağa imkan yaradır. Hövzəyə ən yaxın su limanı Çetumal (Kintana Roo ştatı) adlanır. Təyyarədən düşən kimi Bakalar istiqamətinə gedən avtobusa minmək lazımdır. Səyahət 1 saat davam edir. Əraziyə giriş pulsuz olduğundan rahatlıqla suda çimə bilərsiniz.

İzamal – Sarı şəhər

blank

Meridadan (Yukatandan ştatı) 60 km aralıda öz gözəlliyi ilə insanın gözlərini qamaşdıran İzamal adlı bir turistik məkan yerləşir. Bu, Meksikanın sehrli şəhrlərindən biridir. İzamal həmçinin üç mədəniyyəti – ipan işğalından əvvəl, işğal dövrü və müasir zamanı birləşdirən şəhər kimi də tanınır. Burada sarı fasadlar səmanın mavi rəngi ilə bir ahəng təşkil edir. İzamalda diqqəti çəkən ilk məqam şəhərin monoxrom olmasıdır. Burada hətta küçələr də sarı rəngə boyanıb. Ancaq bunun səbəbi sadədir. 1993-cü ildə buranı ziyarət edən Papa İkinci Xuan Pablonu qarşılamaq üçün şəhəri sarı rəngə boyamağı göstəriş veriblər. O zamandan da bəri şəhərin rəngi saralıb.

Qrutas de Tolantonqo

blank

Meksikanın Hidalqo ştatında İxmiqilpan şəhərindən heç də aralıda olmayan Las grutas de Tolantongo (Tolantonqo mağaraları) eko-parkı yerləşir. Bu park turistə termal hovuzların ilıq suyuna girmək və orada rahatlanmaq fürsəti verir. Əgər siz öz sevgilinizlə yaxud da ailənizlə səyahətə çıxmısınızsa Qrutas de Tolantonqo sizə bir neçə günlük vaxtınızı səmərəli keçirmək üçün müxtəlif növ əyləncələr təklif edir. Siz möhtəşəm mağaralardan, tunellər, çaylar, təbii və süni hovuzlardan, meşə-dağ gəzintisindən, körpü və şəlalələrdən həzz ala bilərsiniz. Qayaların arasında termal bir su mağarası var ki, ora tökülən ilıq şəlalənin altında əmələ gələn hövzədə üzmək və dincəlmək olar.

Real del Monte

blank

Hidalqo ştatından 15 dəqiqəlik məsafədə yerləşən Real del Monte ölkənin dəniz səviyyəsindən ən hündürdə yerləşən yaşayış məskənidir. Vaxtilə İngilis mədənçilərin ölkəyə girdiyi zamandan bəri Mədənlər məskəni kimi tanınan ərazi Amerikada ilk işçi tətilinin və Meksika futbolunda yaranan qığılcımın şahidi olub. Futbol üzrə ilk ölkə çempionatı da məhz burada keçirilib. Real del Montedə turistlər üçün müxtəlif növ əyləncə növləri mövcuddur. Bugünkü gündə Real del Monte Hidalqo ştatının ən məşhur turizm məkanlarından biridir. Dəniz səviyyəsindən 2700 metrdən yuxarıda olması Real del Montyə gözəl iqlim bəxş edib. Bu da sizə restoran, bar və digər görməli yerlərdən zövq almağa imkan verəcək.

Prismas Balsatikos

blank

Huaska (Hidalqo ştatı) mədənlər dağının düz arxasındakı düzəngahda səsli-küylü sularla yuyulan nizamsız bir formada kələ-kötürlü qaya ucalır. Bu gözəl əsər əfsanəyə görə elflər tərəfindən yaradılmışdır. Onlar hündürlüyü 40 metrə çatan bazalt daşını öz dimdiklərilə oyaraq ona qeyri-adi forma veriblər. Qayada əmələ gələn dirəklərə oxşar çıxıntılar uzunluq etibarı ilə bir-birlərindən fərqlənir. Üzərində düzəldilmiş astma körpülərdən ətrafı seyr etmək isə ayrı bir macəradır. Kvadrasikl, qayıq gəzintisi, futbol, basketbol, voleybol meydançaları səyahətin maraqlı keçəcəyini vəd edir.

Xel-Ha

blank

Xel-Ha Meksikanın Kintana Roo ştatında yerləşən bir eko-parkdır. O, Yukatan yarımadasının yeraltı sularının Karib dənizinə axdığı, dəniz və şirin suda yaşayan balıq növlərinin bir yerə toplandığı körfəz kimi xarakterizə olunur. Xel-Ha Karib dənizi sahil zolağının bir hissəsini təşkil edən Rivera Mayanın düz göbəyində turistlərə yaddaqalan anlar yaşadır. İstədiyiniz qədər snorkelinq edin və müxtəlif rəngli balıqları, eləcə də çaylarının, yeraltı göllərin və körfəzin şirin sularında yaşayan dəniz heyvanlarının müxtəlifliyini müşahidə edin. Siz burada səma rənginə boyanmış dənizi bədənizlə hiss edəcəksiniz.

Val Kiriko

blank

İspan dilində bu söz Valle Quirico, yəni Kiriko dərəsi adından götürülüb. Şəhər Mərkəz, Boskes, Laureles və Fresnosa məhəllələrinə bölünür. Əgər planlaşdırılmamış gəzintiyə çıxsanız siz bu məhəllələrin hər birində yerli mətbəxdən dadar, yaxud da əyləncə məkanlarını ziyarət edə bilərsiniz. Şəhərin daş küçələrilə gəzib dolaşdıqca qarşınıza nadir ağaclar çıxacaq. Hər kiçik detallara diqqət yetirin! Pəncərələrdəki dəmir işləmələr, böyük taxta qapılar, hər küncdə divara sarmaşan bitkilər, küçələrdə sallanan fənərlər. Val Kirikonu kəşf etməyin ən yaxşı yolu, velosiped və ya at sürməkdir.

Sumidero kanyonu

blank

Qayalıq və minerallardan ibarət Sumidero kanyonu 1000 metr yüksəklikdə yerləşir və Kueva de Kolores və Milad ağacı şəlaləsini əhatə edir. Sumidero kanyonu nənki Meksika ümumilikdə Amerika qitəsinin ən gözəl məkanlarından biri sayılır. Bu geoloji tapıntı təxminən on iki milyon il əvvəl Sierra Norte de Çiapasda üzə çıxıb. Landşaftdan əlavə Sumidero Kanyonu flora və fauna ilə zəngindir. Onun o qədər də sıx olmayan cəngəlliyində palıd ağacları və çəmənliklər görə bilərsiniz. Buralar hörümçək meymunların, qarışqa yeyənlərin, timsahların, naqqa balığının, ördəklərin, quşların, şahinlərin, qutanların və digər ekzotik heyvan növlərinin yaşayış məskənidir.

Parikutin vulkanının basdırdığı kilsə

blank

Miçoakanda Parikutin vulkanının püskürməsi nəticəsində qismən torpağın altına girmiş San Xuan Paranqarikutiro kilsəsi yerləşir. Bu vulkan 1943-cü il fevralın 20-də ilk dəfə olaraq lava püskürüb. Parikutin vulkanının doğulması milli və beynəlxalq əhəmiyyət kəsb edib. Onun təsiri vulkanşünasların, elm adamlarının, rəssam, kinorejissor və yazıçıların diqqətini çəkib. Hələ də salamat qalan bu kilsənin qalıqları möminlərin dua edib, şam qoymaq üçün üz tutduğu müqəddəs bir yer olmaqdan əlavə, fərqli dünyanı hiss etmək arzusu ilə alışıb yanan turistlər üçün də maraqlı məkanlardan biridir.

Kuatrosieneqasın vahələri və bulaqları

blank

Kuatrosieneqasdan 18 km məsafədə yerləşir. Buradakı səhralıq ağ qumdan ibarətdir. Bu, ölkənin ən vacib, Amerikada ilk üçlüyə düşən unikal bir yerdir. Ərazinin flora və faunası, ağ qumun səmayala uyuşması, təplərin özünəməxsus rəngi insanı sözün əsl mənasında valeh edir. Qumun ağ rəngə çalması tərkibində kalsium sulfat turşusunun miqdarına görədir. Bu maddə suda həll olunduğu üçün nadir hallarda qum şəklində rast gəlinir.

blank

Leave a Reply

You cannot copy content of this page