Yaddaşımızdan heç vəchlə silinməyən o müdhiş, vahiməli şənbə gecəsinin gətirdiyi faciəni, ağrıları xalq bir yerdə yaşadı. Hər kəs soydaşının, qanıbir qardaşının başına gələn hadisələri öz dərd-səri, acısı kimi öz canında-qanında duydu…

1990-cı ilin soyuq qış gecəsində qəfil fəlakət hərəni bir yerdə yaxaladı – küçədə, həyətdə, yolda, maşında… Üç gün təbiətin özü şəhidlərə yas tutdu. Bozardı, qaraldı, tufan elədi, ağladı. Evlərin pəncərələrindən qara bayraqlar asıldı. Adamlar matəm libası geyindilər. Ürəklər qan ağladı, gözlər qan-yaş tökdü, bütün Azərbaycan şəhidlərinə yas tutdu.

Yaddaşımın ağrıyan, göynəyən o yanvar günlərini hələ də unutmamışam. Əslində, heç vaxt yaddaşımdan silinməyən o çağlar əzilən taleyimizin qara oyanışıydı. Şəhidlərimizin sinəmizə çəkilən dağı, müsibəti əsrlər boyu təklənən xalqımızı bir yerə cəm elədi. Dərd yaxınlaşdırdı bizi. Sanki nə zamandı bir-birimizdən ayrı düşmüşdük. Bəlkə də günahsız insanların, müstəqilliyimiz naminə canlarından keçən igidlərimizin tökülən qanlarını görməsəydik, bir-birimizin taleyinə hələ də biganə qalacaqdıq, şəhidlərin ruhu anda çəkdi bizi…

O gecə səhərə qədər vahimənin, qara-qorxuların içində evdə var-gəl edirdim. Eşidib-bildiyim, filmlərdə gördüyüm müharibə səhnələrində olduğu kimi, mənə elə gəlirdi ki, düşmənlər indicə mənzilimizə soxulub hamımızı, iki məktəbli övladımı da yatdıqları yerdə qanına qəltan edəcək. O gecə uşaqlardan yana ürəyim əsirdi. Bu faciəni görən bütün analar kimi övlad məhəbbəti, analıq hissi bütünlükdə qəlbimi çulğamışdı. Hər ikisini elə yuxunun içindəcə bərk-bərk köksümə sıxdım. Saçlarını, nəfəslərini qoxladıqca özümə qayıdırdım. Sonradan biləndə ki, həmin gecə nə qədər insan – yaşlı, cavan, uşaq şəhid olub, ürəyim param-parça oldu. Fikirləşirdim, məgər ölənlər atamın, qardaşımın, balalarımın biri deyildimi?

Evimizdən uzaqda atılan güllələrin, yeriyən tankların səsini eşidirdim. 20 Yanvara açılan sabaha ölü bir səssizlik çökmüşdü. Ertəsi gün səhər tezdən 7 yaşlı qızımı da yanıma alıb küçəyə çıxdım. Küçələr bomboş idi. Handan-hana yanımızdan keçən bir maşına əyləşib “Neftçilər” metrosuna gəldik. Sürücü bizdən pul almadı. Həmin gün metro da pulsuz xidmət göstərirdi. Biz 28 May (o vaxt 28 Aprel adlanırdı) stansiyasından çıxdıq. Qızımın əlindən tutub küçələri bir-bir ötəndə gözlərimlə gördüklərimdən dəhşətə gəldim. İlahi, bu Bakıydımı? Mən Bakının küçələrindəmi gəzirdim? Yollar boyu telefon köşkləri qırıq-sökük, binaların divarları, eyvanların yan-yörəsi dəlmə-deşik, küçələrdə qan izləri… Küçələrin birində dayanmış əsgərlər əllərindəki avtomatı qabağa tuşlanmış vəziyyətdə saxlamışdılar. Bir anlıq ötəri bir baxışla, hiss olunmadan üzlərinə baxdım. Sərt, qəzəbli, qaniçən, başkəsən cəlladlarda azacıq da olsa mərhəmət hissi yox idi. Qorxudan ürəyim əsdi, ötüb-keçdikcə fikirləşirdim, bax, indicə atacaqlar, lap indicə bir atəşlə ikimizi də yerə sərəcəklər…

Qara Yanvar günlərində kimi dindirib danışdırırdın, hamı qəzəbin, kədərin içində sanki alışıb-yanırdı. İnsanlar bir gecənin içində şəhid olmuş oğullarımızın taleyinə yanır, gördüklərindən qəhərlənə-qəhərlənə danışırdılar. Sonralar kimə o gecədə başına gələnləri söylədirdin, hamısı da o günlərin ab-havasını, topunu, tüfəngini, qan qoxulu gecələrini, boz səhərlərini söhbətlərində elə canlandırır, elə odlu-odlu danışırdılar ki, elə bilirdin o qanlı müharibənin içindəsən. Sanki, o günləri təzədən yaşayırdıq. Binaları, adamları, ağacları dəlmə-deşik edən gülləbaran hələ də qulaqlarımızda əks-səda verirdi. Bütün bunlar necə də əzablıydı!

Həmin günlər çoxları ilə o gecədən, onun ağrı-acılarından danışır, qanlı hadisələrin şahidlərini dinləyir, bütün bunlara hər kəsin münasibətini bilmək istəyirdim. Həmsöhbət olduğum adamların arasında müxtəlif zümrədən insanlar vardı: həkim, fəhlə, mühəndis, mətbuat işçisi…

Faciələrimizin anası o məşum şənbə gecəsi, sonrakı matəm günləri Bakı sakinlərinin gözlərinin qarşısında iki rəngin mövcudluğu ilə müşayiət olundu: qara və qırmızı. O gün minlərlə vətəndaşımız kimi mənim də müşahidələrim göz yaddaşımda iki rənglə çəkilmiş, heç vəchlə hafizəmdən silinməyən tabloda yaşayır. Hər dəfə 20 Yanvar haqqında düşünəndə ilkin olaraq yadıma xalqın ağrısını, naləsini müşayiət edən qara geyimlər və dağüstü parka uzanan yollara, qəbirlərin üstünə səpilmiş qırmızı qərənfillər düşür. Bir də o tarixi vəsf edən neçə-neçə poetik nümunələrin arasında çox sevdiyim şair Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirindəki sızıltılı sətirləri xatırlayıram…

ŞƏFƏQ NASİR

Leave a Reply

You cannot copy content of this page