MƏMMƏD MƏMMƏDLİ

Pólvora de un solo tiro.

Navigation panel
January 2025
M T W T F S S
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Telman üçün şapalaq

,

Dekabrın ilk həftəsi sərt başlamışdı. Xəzri aramsız yağan yağışı adamların düz üzünə çırpırdı. Sinoptiklər qar yağacağına söz vermişdilər. Bu zəhlətökən havada yağışda islanmışların tək istəyi tez evlərinə çatıb isti otaqlarına təpilmək idi. Küləyin başdan “qapaz” vuracağından qorxan Telman da papağından bərk-bərk yapışıb, iti addımlarla işlədiyi xəbər agentliyinə tələsirdi. Binaya daxil olan kimi papağını çıxarıb əlilə suyunu çırpdı. Həmkarı Araz onu görən kimi yanladı:

–Telman müəllim, Akademik Milli Dram Teatrında “Qeyrətini itirənlər” tamaşasının premyerasına getməlisiniz. Tamaşa axşam saat 16:00-da başlayır. Telman duruxdu, zəndlə Arazın üzünə baxdı və uzun fasilədən sonra xəbər aldı:

–O nə tamaşadır elə, “Qeyrətini itirənlər”, başqa ad tapmadılar?!

–Bilmirəm, Telman müəllim, onu bilirəm ki, bu axşam tamaşanın premyerasıdır.

O, paltosunu çıxarıb asılqana keçirdi, stolun arxasında yerini rahatlayandan sonra kompüterini açıb xəbər portallarında günün baş xəbərlərinə nəzər saldı. Gözü “Ölkədə benzin bahalaşdı…” başlıqlı yazıya sataşanda elə bil kefinə soğan doğradılar.

–Görürsən? Qiymətlər qalxır, saytlar yazır. Xaraba qalsın bu ölkəni! – deyib, dişi ilə “Camel” qutusundan qırmızı filtrli siqareti çəkib çıxartdı. Pencəyinin yan cibindən Rusiya istehsalı olan “Roketa” şəkilli kibrit qutusundan son 3 dənədən birini götürüb yandırdı. Əllərini qoşalayıb bir-iki dəfə “padsos” verəndən sonra dərindən bir qullab alıb nəzərlərini tavana dikdi. Otağı tüstü bürüdü…

Telman bəstəboy, kök bir kişi idi, 45 yaşını təzəcə adlamışdı. Binə Ticarət Mərkəzindən aldığı yeni kostyumu, uzun güllü qalstuku, qarsılmış bığları və qabağa çıxmış qarnı ona əsl müdir görkəmi verirdi…

Telman işini görə-görə Arazdan gedəcəyi tədbirin vaxtını bir də dəqiqləşdirdi. Redaksiyanın fotoqrafı Seymur qapıdan içəri boylandı:

–Mədəniyyət şöbəsinə eşq olsun!

Telman arxaya söykənib əli ilə qarnını sığalladı. Seymur otağın küncündə kompüterə başı qarışan Məmmədə işarə etdi:

–Yeni əməkdaşımız necədi, işə uyğunlaşa bilirmi?

Məmməd kompüterdə nəsə yazırdı.

–Salam, ay Məmməd, vəziyyət necədi?

Məmməd barmaqlarını klaviaturanın üstündə gəzdirərək başı ilə təsdiqləyici bir işarə cızdı. Onun bu hərəkəti “mən məşğulam və hər şey əladır” anlamına gəlirdi.

Telman qarnını qabağa verdi:

–Ay Seymur, özün görürsən də, necə bahalıqdı, amma maaş artımından bir söz demirlər. Dünən 400 qram çörəyi 1 manata aldım. Yeyə bilmədim, boğazımdan keçmədi, elə bil mədəm kiçilmişdi.

–Peşəni dəyiş! Müxbir çörəyi üstünə şəkər tozu səpilmiş bulkaya bənzəyir. Başımızı aldadırlar…

Telman yerindən qalxıb pəncərədən çölə boylandı, xəzrinin qovduğu qara buludlara tamaşa edərək dodaqaltı pıçıldadı: “kişmişli bulka…”

Fikirli-fikirli sonuncu tüstüsünü ciyərlərinə çəkib, kötüyünü çölə atmaq istəyəndə pəncərənin petləsi yerindən çıxdı. Bayırdakı dekabr özünü içəri necə soxdusa kağız-vərəq yerlə bir oldu. Seymurun qara saçlı pariki küləyin vıyıltısına dözməyib başından qopdu. O, özünü yerə atıb saçlarını qamarladı. Bütün bunlar bir neçə saniyənin içində baş verdi. İçəridəkilər özlərini saxlaya bilmədi. Telman elə bir şaqqanaq çəkdi ki, yazığın beli sərpdi. Rüsvayçılığa dözməyən Seymur otaqdan çıxdı.

Birtəhər pəncərəni sıxıb bağladılar. Bu dəm daxili telefona zəng gəldi. Telman özünü dəstəyin üstünə tulladı. Xəttin o biri ucunda agentliyin sədri axşamkı premyeranın çox mühüm bir tədbir olduğunu bildirdi və xəbəri yazarkən diqqətli olmasını tapşırdı. Telman “baş üstə” – deyib dəstəyi asdı.

Otaqda yeni mövzu açılmışdı:

–Görəsən, təbii parikdi, yoxsa süni? – Telman qımışa-qımışa dedi.

Araz fikirləşmədən cavab verdi:

–Təbiidir, Telman müəllim.

–Hardan bilirsən, yoxlamısan?

Otaqdakılar parik söhbətinə uğunub getmişdilər.

–Amma zalım oğluna yaman yaraşır ha, azı bir on yaş cavan göstərir. – Telman nöqtəsin vurdu.

Günortadan təzəcə keçmişdi. Telman işdən çıxıb teatra yollandı. Tədbirə gecikməsin deyə, yolu gah qaçır, sonra da tövşüyə-tövşüyə iti addımlara keçirdi. Nəhayət, özünü Akademik Milli Dram Teatrına çatdırdı. Zalın bir küncündə paltosunu və xüsusi dəyər verdiyi papağını çıxarıb qarderoba təhvil verdi. Sonra teatrın geniş foyesində tez-tez tədbirlərdə rastlaşdığı mədəniyyətin qaymaqlarına göz gəzdirdi.

Xəbəri müftə yazmazdı, dost-tanışın xahişini də nəzərə almazdı. Mədəni ictimaiyyət onu dollar Telman kimi tanıyırdı. O, kimin tədbirinə gəlibsə adam əlini mütləq cibinə salmalıdır. Yalnız bu halda tədbir saytda dərc olunacaq. Yəni dollar Telman pul qazanmağın yolunu bilirdi. Odur ki, Səlimşah Vəzirovun bir neçə ziyalılarla söhbət etdiyini görən kimi yanını kəsdirdi. Əl verib onunla görüşdü, yeni kitabının işıq üzü görməsi münasibətilə yazıçını təbrik etdi. Səlimşah Vəzirov da Telmanın qoluna girdi və onlar söhbətləşə-söhbətləşə kənara çəkildilər…. Bu an Telmanın gözünə elə bil işıq gəldi. Ortalıqda fotoçəkiliş edən Seymuru görən kimi yanına çağırdı.

–Seymur, çək bizim şəklimizi!

Tədbir başladı. Çıxış edənlər səhnədə müəllifin yaradıcılığından danışır, ünvanına xoş sözlər deyirdilər. Bildirirdilər ki, yazıçı ictimai problemləri əsərlərində işıqlandırdığına görə yaradıcılığı diqqətdən kənarda qalmamış, çoxsaylı mükafatlarla təltif olunmuşdur. Çıxışlar bitəndən sonra səhnənin ağır pərdəsi qaldırıldı. Yazıçının “Qeyrətini itirənlər” komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşa başladı…

Tamaşanı axıra qədər izləməyə səbri çatmayan Telmanın ürəyi sıxılırdı. Odur ki, astaca yerindən qalxıb əyilə-əyilə zalı tərk etdi və birbaş paltosunu, papağını almaq üçün qarderoba düşdü.

Seymuru paltarların arasında dayanmış qarderobçu ilə söhbət edən yerdə gördü. Amma yaxınlaşanda hiss etdi ki, elə bil mövzunu dəyişdilər. Qarderobçu qız tezcə onun üst geyimini məhəccərin üstünə qoydu. O da barmaqlarını şaqqıldadıb, paltosunu əyninə keçirdi. Seymuru gözləməyib aram addımlarla binanı tərk etdi.

Yol boyu heç nə haqda fikirləşmədi. Elektrik dirəklərinə baxa-baxa işıq lampalarını sayırdı. Üzünə yağış damcısı düşəndə asta yerişinə haram qatmalı oldu. Redaksiyaya təzəcə çatmışdı ki, leysan başladı…

Araz otaqda ətirlənirdi. Müdirin iydən məst olduğunu görəndə ondan xoşu gəlib-gəlmədiyini soruşdu, sanki təsdiq cavabı gözləyirdi. Telman da başının işarəsi ilə bəyəndiyini bildirdi və kompüterini açıb, yağışın şırıltısında premyeranı yazmağa başladı.

–Sabaha bizim nəyimiz var? – deyib üzünü Araza tutdu.

–Sabah “Cırtdan” tamaşasıdı, axşam da İbrahim Tatlısəsin konserti.

–Onları qoy kənara. Sabah 19:00-da Gülçöhrə Xatirənin yeni kitabının təqdimatı olacaq. Sənə pul verəcəklər, qayıdan başı məni görərsən.

–Axı Telman müəllim… – deyib, hirsini boğdu.

Telman işini bitirəndən sonra paltosunu götürdü. Papağı başına basıb otaqdan çıxdı. Yolda hiss etdi ki, papaq ona bir az böyükdür. Ürəyində fikirləşdi: “Elə bil hansısa yekəbaşın başından çıxıb.”

Araz evə getməyə hazırlaşırdı. Qalın gödəkcəsini geyinib güzgüdə özünə baxdı, əli ilə telini daradı sonra paltar dolabına göz gəzdirdi. Papaq orda yox idi. Kimsə onu götürmüşdü. Otağı ələk-vələk edən Araz əlacsız qalıb evə başıaçıq qayıtdı.

Üç gün yağış ara vermədən yağdı, küçələri sel-su apardı. Üç gün də Telman işə papaqla, Araz isə papaqsız gəldi. Nəhayət, dördüncü gün Araz dözmədi, qəzəblə Telmana dedi:

–Telman müəllim, bu sizin papağınız deyil axı, mənimkidi!

–Ola bilməz! Bu mənim papağımdır, səninki özündədi!

Mübahisə başladı, nə başladı! İş o yerə gəldi ki, bir-birinə keçdilər. Telmanın sifəti pörtmüşdü.

–Ay səni yekəbaş, özündən böyüyə əl qaldırırsan! – deyib Arazın başından şillə vurdu.

Onların tutuşmasına tamaşa edən Seymur yerindən sıçrayıb Telmanın qolundan yapışdı. Telman “çəkil qırağa!” – deyib, bir qapaz da Seymurun başına ilişdirdi. Şillə necə tutdusa Seymurun pariki yerindən çıxdı. Seymur hirsini güclə boğdu.

Ara bir qədər sakitləşdi. Araz təmkinlə papağın ölçüsündən və üzərinə qoyduğu nişandan sübut etdi ki, papaq ona məxsusdur. Həmən də papağı Telmanın əlindən qapıb öz başına basdı:

–Gördüz, Telman müəllim, papaq başımın ölçüsündədir. Halalca papağımdır.

Birdən Telmanın yadına düşdü ki, papağını keçən həftə Səlimşah Vəzirovun tamaşasında unudub. Vaxt itirmədən əynini geyinib Akademik Milli Dram Teatrına yollandı. Qaça-qaça pilləkənləri qalxıb qarderoba yaxınlaşdı və başına gələn əhvalatı qıza danışdı. Qarderobçu qız bir-bir asılqanları gəzdi, ancaq… qızın üzündəki ifadədən hər şey aydın oldu.

–Üstündən dörd gün keçib, niyə indi gəlmisiniz?

–Çünki indi yadıma düşüb… Hardan tapırsız tapın, qaytarın mənim papağımı! Telman əsəbi halda söylənir, az qala qızı divara dirəyirdi. Biləndə ki, qız papağı ona verə bilməyəcək tez direktorun otağına qalxdı. Həmən, Xanlar İbrahimova bu barədə məlumat verildi və o, Telmanı yanına çağırdı.

–Xanlar müəllim. Mən gəlmişəm, burdayam. – Telman utana-utana dedi.

–Buyurun keçin, nə məsələdir? Nə baş verib? – Direktor xəbər aldı.

Telman təmkinlə başına gələnləri təfərrüatı ilə ona danışdı. Ancaq özünü nə qədər sıxsa da həyəcanını gizlədə bilmirdi. Onun üçün papağını itirmək qeyrətini itirməyə bərabərdi. Xanlar İbrahimov alnını tər basmış tösmərəyi dinlədikdən sonra əlini telefonun dəstəyinə atdı və qarderob işçilərinin hamısını otağına yığdı. Onlar bir-bir içəri keçib əsgər manqası kimi sıraya düzüldülər. Xanlar müəllim yaxınlaşıb əlini Telmanın çiyninə qoydu və üzünü qızlara tutub amiranə səslə dedi:

–Bu kişinin papağını tapın!

Telman papağın tapılacağına inanırdı. Odur ki, teatrın direktoruna təşəkkürünü bildirdi. Ardınca papağın onun üçün əziz olduğunu təkrarən direktorun nəzərinə çatdırdı. Xanlar İbrahimov da itən əşyanın tapılacağına söz verib, Telmanı arxayın etdi.

–Sabah gəlib papağınızı götürərsiniz, – deyib Telmanın əlini sıxdı.

–Bir daha çox sağ olun, Xanlar müəllim.

Telman otaqdan çıxdı. Direktorun əminliklə dediyi sözlər ürəyinə rahatlıq gətirdi. Hava soyuq və küləkli olsa da o, bunu hiss etmirdi.

Ertəsi gün çovğun başladı. Hərarət hiss olunacaq dərəcədə endi. Deyəsən qar yağacaqdı. Şaxtalı havada Telman yolunu yenə teatrdan saldı. Qapıdan keçib qarderoba yaxınlaşdı. Qarderobçu qız onu görən kimi özünü itirdi:

–Papağı axtardıq, amma hələ tapmamışıq…

Hirsini boğa bilməyən Telman birbaş ikinci mərtəbəyə qalxdı. Seymurun direktorun otağından çıxdığını görəndə duruxdu. Seymur bir söz demədən yanından ötüb keçdi. Özünü itirən Telman fikirli-fikirli içəri girdi. Bu dəfə söhbətləri uzun çəkmədi.

Qanıqara görsənirdi. Direktor ona möhlət verməsini istəmişdi, odur ki, suyu süzülə-süzülə teatrı tərk etdi.

Mısmırığı yerlə gedirdi. İş otağına qalxanda Arazla kəlmə kəsmədi, paltosunu çıxarmadan birbaş kreslosuna çökdü. Kövrəlmişdi, boğazında titrəyən qəhərini güclə boğurdu, elə bil sevdiyi qadınını itirmişdi… Amma özünü toparlayıb kompüterini yandırdı. Bu vaxt Seymur gəldi.

–Nə qəşəng ətir vurmusan, Araz!

Arazın üstünə fısqırtdığı “El Paso” otağı sanki gözəgörünməz rəngə boyamışdı. Araz xasiyyətcə mülayim adam idi, ancaq papaq məsələsindən sonra Telmanla arası dəymişdi, küsülü idilər.

–Telman, niyə kefin yoxdu? Olmaya havalar sənə pis təsir edir? – Söhbətdən xəbəri yoxmuş kimi dedi:

–Yox ay Seymur, papağımı itirmişəm, – Telman xırıltılı səslə cavab verdi.

İçəri girəndən Seymurun bir gözü Məmməddə idi.

–Gənc əməkdaşımız yenə nəsə yazır.

Məmməd yazıdan aralanmaq istəməsə də bu dəfə Seymura cavab verməli oldu:

–Hekayə yazıram, Seymur müəllim.

–Nə barədədir?

–Heç, görüb-eşitdiklərimdən yazıram.

Səhəri gün sulu qar başladı. Səbirsizlikdən tıncıxan Telman başına qəzet tutub yenə teatra yollandı. Küçə boyu xanımların əlində tutduqları çətirə, kişilərin baş geyiminə baxdıqca dərindən köks ötürürdü. Papağının tapılacağına inanmasa da, ürəyində bir ümid közərirdi. Odur ki, yenə direktorun qarşısında dayanıb ondan cavab gözləyirdi. Xanlar İbrahimov ona baxıb:

–Nə məsələdir, Telman müəllim? – söhbətdən xəbəri yoxmuş kimi soruşdu.

–Mənim papağım tapılmadı! Onu mənə qaytarın! Tez olun! – Telman acıqlı-acıqlı hay-küy saldı.

Xanlar İbrahimov çənəsini ovuşdura-ovuşdura belə bir təklif irəli sürdü:

–Papağınızın qiyməti neçədir?

–10 manat!

Direktor telefonun dəstəyini qaldırıb baş mühasibi yanına çağırdı. Otağa arıq, ovurdu-ovurdundan keçən, orta yaşlı bir kişi daxil oldu. O, qoltuğundakı qovluğu yerə qoymadan yanındakı qonağı görmürmüş kimi iri gözlərini qalın şüşəli eynəyin arxasından direktora zillədi. Xanlar İbrahimov izahat vermədən birbaşa əmrə keçdi:

–Büdcədən bu yoldaşa 10 manat verərsən, – sözünə bir qədər ara verib, fikrini yekunlaşdırdı, – ancaq iki gündən sonra.

Telman kor-peşman otaqdan çıxdı. Başı qazan kimi qaynayırdı. Dekabr şaxtası Telmanın qızmış bədəninə qalib gələ bilmirdi. İndi o, canındakı soyuğu hiss etmirdi, sazaq bircə onun ürəyini üşüdürdü.

Agentliyin qarşısında Arazı görəndə gözü başındakı papağına sataşdı. Özünü görməzliyə vurub telini duzəldirmiş kimi əlini saçlarına çəkdi. Düşdüyü vəziyyət Telmanı utandırdı, hətta otaq yoldaşına qibtə elədi.

Otağa qalxıb paltosunu çıxartdı. İşləmək həvəsində deyildi. Məmməd müdirin kefsiz olduğunu görüb soruşdu:

–Papağı tapa bildiniz?

Telman gənc əməkdaşın sualına cavab vermədi.

Seymur fotoaparatın ekranında son günlər çəkdiyi tədbirlərin şəkillərini nəzərdən keçirirdi. Yaddaş kartını boşaltmaq üçün sayta gedən şəkilləri bir-bir pozurdu ki, qarşısına ogünkü premyerada Telmanın Səlimşah Vəzirovla çəkdirdiyi şəkli çıxdı. Yaxınlaşıb fotonu ona göstərdi.

–Necədi?

Telman diqqətlə fotoya baxdı. Sağalmamış yarasına elə bil duz səpdilər. Bir söz demədən əlinin işarəsilə şəkli rədd elədi. Seymur yerində dikəlib xəbər aldı:

–Papağınız yenə tapılmadı?

Telman fikirli-fikirli siyirmədə saxladığı təzyiq dərmanını dilinin altına qoydu, ardınca da “Camel” qutusundan bir siqaret götürüb elə otaqdaca alışdırdı:

–Tapılmadı…

–Baho, nə pis oldu, – Seymur başını buladı, sonra da üzünü Məmmədə tutdu. – Dostumuz yenə nə yazır?

–Hekayəyə sonluq verə bilmirəm Seymur müəllim, düşünürəm…

Seymur dərindən nəfəsini çəkib, qayıdıb yerində əyləşdi.

Telman iki günü də belə yola verdi. Ertəsi gün teatra üz tutdu. Ancaq bu dəfə direktor məşğul olduğunu bəhanə gətirərək Telmanı qəbul etmədi, onu mühasibin otağına yönləndirdi. Telman həmən o, ovurdları batıq, çəlimsiz mühasibi görən kimi başladı:

–Papağı tapa bilmədiz, heç olmasa pulumu qaytarın.

Mühasib domba gözləri ilə islanmış beçə xoruzu kimi qarşısında dayanan Telmanı ayaqdan başa süzdü:

–Axşam gəlin, tamaşa bitəndən sonra.

Telmanın başına elə bil qaynar su tökdülər. Özünü təhqir olunmuş sayıb, içində qovurduğu qəzəbini püskürdü:

–Tüpürüm sizin teatra! – deyib, qapını çırpdı.

Axşam düşəndə külək artıq səngimişdi. Səma açıq və təravətli idi. Göyün üzündə sayrışan ulduzlar elə bil səssiz simfoniya çalırdı.

Telman baş götürüb harasa getmək, hamıdan uzaqlaşıb var gücü ilə qışqırmaq istəyirdi. Odur ki, avtobusa minib şəhərdən aralandı. Hündür bir təpənin başında göylərdən imdad diləyirmiş kimi ulduzlara sarı boylandı. Gör necə sayrışırlar… o, dərdini göylərə danışdı, ancaq ordan səs gəlmədi. Doluxsundu, qıvrılıb-açıldı, hönkür-hönkür ağladı…

Səmada bolidin axdığını görəndə ulduzların çox da uzaqda olmadığını zənn etdi. Ulduzlar sanki böyüdücü şüşə altında idilər. Azacıq da olsa fikri dağıldı. Gözünün yaşını silib, başının üstündəki mənzərəyə tamaşa etdi. Bu zaman ulduzlardan biri elə alışdı, elə coşdu ki, az qala qopub yerə düşəcəkdi. Telmanın daxilində anlaşılmaz bir vahimə baş qaldırdı. Ətrafda səs kəsildi, hətta ona elə gəldi ki, qulaqları tutulub.

Ulduz yavaş-yavaş göydə hərəkət etməyə başladı. Yerə yaxınlaşdıqca işığın gurluğu azalırdı. “Nə balaca ulduzdu!” – öz-özünə pıçıldadı. Sonradan onun naməlum bir möcüzə olduğunu düşündü. Möcüzə Telmanın dayandığı təpənin düz döşünə qondu. Bayaqdan canında gəzişən qorxu indi yoxa çəkilmişdi.

Möcüzəyə yaxından tamaşa etmək üçün asta addımlarla təpəni enməyə başladı. Göydən düşən naməlum obyektin iki addımlığında dayandı və ətrafa işıq saçan möcüzəvi ulduzun nazik bir pərdə ilə örtüldüyünü sezdi. Gözlərini bərəldib, zəndlə ona baxdı.

Obyektin içərisində spirala oxşar bir şey levitasiya olurmuş kimi boşluqda alovlanırdı. Gözlərini zilləyib sanki işığın mənbəyini görmək istəyirdi. Beyni yavaş-yavaş dumanlanırdı. Telman onun bir qarabasma olduğunu zənn etdi və dəli kimi paltosunu çıxarıb naməlum işığın üstünə atdı. Qorxusundan hələ ona bir yumruq da ilişdirdi.

Düşdüyü vəziyyət Telmana yuxu kimi gəlirdi. Əlini uzadıb paltosunu astaca özünə tərəf çəkdi. Anlayanda ki ulduz bildiyi lampanı vurub sındırıb özündən ixtiyarsız qəhqəhə çəkdi. Elə bu zaman paltosunun ətəyinə yapışmış dimdikli yun papağını gördü. Kimsə onu içəridən paltonun astarına tikmişdi. Fikirli-fikirli papağı dartıb ordan qopardı. Nəsə demək, danışmaq istədi, ancaq deyə bilmədi. Dil-dodağı sanki pərçimlənmişdi. Əlini ağzına aparıb dinməzcə durduğu yerdən aralandı.

Səhərisi qar yağdı. Yarım saatın içində hər tərəf dümağ oldu. Sevincinin yerə-göyə sığmadığı bu dəqiqələrdə Telman işlədiyi xəbər agentliyinə gedirdi. O, özünü gümrah hiss edirdi. İlk qar özü ilə hüzur gətirmişdi sanki. Havada uçuşan qar dənələri Telmanın sevincək gözlərinə dəydikcə göz yaşına çevrilirdi. Beləcə redaksiyaya qalxıb işçiləri bir-bir nəzərdən keçirdi. Hərə öz işi ilə məşğul idi. Seymur onun baxışlarına tuş gəlməsin deyə nəzərlərini tavanda gəzdirdi. Telmana vurduğu “şapalaq” onun üçün yaxşıca dərs olmuşdu. Telman daha bu mövzunun üstünə qayıtmadı. Həvəslə paltosunu çıxarıb paltar dolabından asdı, papağı isə ehtiyatla qarşısındakı masanın üstünə qoydu. Məmməd dimdikli papağı görüb gülümsündü. Deyəsən, hekayə sona çatmışdı.

17 dekabr 2024

MƏMMƏD MƏMMƏDLİ

Leave a Reply

You cannot copy content of this page