Posted on

by

Avtomobillərdə olduğu kimi qol saatlarının istifadəsi də müəyyən xərc tələb edir. Nə qədər gülməli səslənsə, ən bahalı mexaniki saatın belə müəyyən vaxtdan sonra təmirə ehtiyacı olur.

Çoxları sevdiyi saatını özü təmir etməyə çalışır, lakin bu incə işi ustaya həvalə etmək daha məqsədəuyğundur. Çünki tutar qatıq, tutmaz ayran prinsipi ilə mexanizmə müdaxilə etmək çox güman saatın dayanmasına gətirib çıxaracaq. Söhbət daşı dəyişməkdən getmir (yaxşı başladım).

Nəzərə almaq lazımdır ki, saatı təmizləmək məqsədilə arxa qapağını açmaq əlinizdə olan zəmanət talonun ləğvinə gətirir. Başqa sözlə əgər bahalı markadan saat taxırsınızsa bu sizə baha otura bilər (Bahalı saat alıbsa demək yağlı müştəridir).

Bəs, nə üçün qol saatları ustaya göstərilməlidir? Hər bir saat korpusunun daxilində sürtünməyə məruz qalan 300-dək detal var. Onların sinxron şəkildə işləməsini təmin etmək üçün 3-4 ildən bir yağlamaq məsləhətdir (TISSOT saatımı 15 ildir işlədirəm və heç bir problemi yoxdur. Bir dəfə də olsun ustaya göstərməmişəm).

blank

Bəs, hansı əlamətlər saatın xarab olacağından xəbər verir? “Longines”, “Omega”, “Maurice-Lacroix” kimi bahalı saatlar illərlə, dayanmadan işləyə bilər, ancaq bəzi məqamlar var ki, onlara diqqət yetirmək mütləqdir. Onlardan biri şüşənin altında kondensasiya olunmuş su damcılarıdır. Bəli bu, həyəcan təbilidir! Çünki H2O qısa müddətdə detalların korroziya uğramasına səbəb olacaq (Suya girməzdən əvvəl birincisi arxa qapağın üstündəki dərinlik indikatoruna baxmaq lazım idi).

blank

Korpusdan gələn iy də çox vaxt saatın nasaz olmasından xəbər verir (İy çox zaman qoldakı tərlə bağlıdır. Saatdan pis iy gəlirsə onu suda yaxalamaq kifayətdir).

Saatın korpusundan cingilti səsləri gəlirsə bu, adətən zərbədən sonra hansısa bir detalın yerindən oynayıb çıxmasına görə ola bilər. Adi bir çarxın bütöv bir sistemdən kənarda “şaltay-baltay” vurması qonşu detalları sıradan çıxarar, odur ki, vaxt itirmədən servisə qaçmaq lazımdır.

Köhnə saatların təmirinə gəlincə məsələ daha da qəlizləşir. Problemin ən pis tərəfi odur ki, o detallar artıq istehsal olunmur və bu zaman saatsaz orijinal hissələrin axtarışına çıxır (Hə bilirəm, içini saxta detallarla doldurursan sonra da orijinalın pulun alırsan. Müştəri saatın içinə girmir ki…)

Köhnə saatların bərpası savad tələb edir. Belə ki, saatsaz ümumilikdə saat işinə və əlində tutduğu modelin mexaniki və dizayn tərəflərinə yaxşı bələd olmalıdır.

Quartz saatların təmiri

blank

Mexaniki saatdan fərqli olaraq Quartz tipli saatlar sadə mexanizminə görə elə bir qayğı tələb etmir. Bu cür saatlar vaxtı bilmək istəyənlər üçün gözəl seçimdir. Bir Quartz saatı dayanıbsa daşını dəyişmək problemi həll edəcək.

Düşünə bilərsiz məgər Quartz saatları təmir olunmur? Bütün saatlar təmir olunur, əgər siz onu saatsazın yanına aparırsınızsa. Çox zaman bir detalı təmir etmək, bütöv bir hissəni dəyişməkdən daha ucuz alınır (Tənbəl saatsazın işidir bu! Hissəni nənəm də dəyişər).

Mexaniki saatların təmiri

blank

Mexaniki saatlar vaxtı ölçmək üçün olduqca qəliz qurğudur. Belə saatların təmiri yüksək təcrübə və səbir tələb edir. Hər bir mexaniki saatda istifadə olunan çarxlar eyni marka daxilində belə modellər üzrə fərqlənir. Bundan əlavə belə saatların nizama salınması üçün xüsusi alətlər və avadanlıqlar lazımdır. İşin incəliyi saatın təmirini günlərlə bəzən həftələrlə uzada bilər. Hətta yekun məbləğin artmasına səbəb ola bilər.

Etiraf:

blank

Siz saatınızı özünüz də düzəldə bilərsiz, ancaq bu sahədə təcrübəniz yoxdursa adi bir ehtiyatsızlıq vəziyyəti daha da pisləşdirər. Nəticədə kefiniz pozulacaq. Amma sevimli əşyanızı peşəkara həvalə etsəniz əmin ola bilərsiniz ki, saatınız işləyəcək. Axı onlar da çörəkpulu qazanmalıdır.

blank

Leave a Reply

You cannot copy content of this page