İspan dili ilə Azərbaycan türkçəsi arasında bağlılıq diqqətimi çoxdan çəkmişdi. Amma mən bu əlaqəyə başqa yöndən yanaşıram.

Diqqət yetirsək görərik ki, Azərbaycan dilində bəzi sözlər tərsinə yazıldıqda yeni məna kəsb edir. Misal: Mələk – kələm, Babək – kəbab, yaz (fəsil) – zay. İspanlar bunu bilirmiş kimi bizdən bəzi sözləri mənimsəyərək, öz dillərində işlədib, bəzən də onları tərsinə yazıblar. Misal: Araz (çay) – Zara (geyim brendi), Otaq – qato (pişik), Anar – rana (qurbağa).

Yazılışı eyni, mənaları fərqli olan sözlərə də rast gəlirik. Vida ispanca həyat deməkdir. Bu söz bizim “vidalaşmaq” sözündən götürülüb. Yaxud da Vida mərasimi deyəndə heç də həyatı nəzərdə tutmuruq. Başqa bir misal:

Qapaz – qədim Azərbaycanda istifadə olunan təsirli bir tərbiyyə metodudur. Qarşı tərəf öyrədilən şeyi başa düşməyəndə başına qapaz vurulur. İspanca isə “capaz” (tələffüz edəndə kapaz), nəyəsə qadir olmaq mənasını verir.

Alma deyəndə ilk növbədə ağlımıza Adəmlə Həvvanın qadağan olunmuş ağacdan qopardığı meyvə gəlir. Ancaq ispanlar bu sözü də bizdən oğurlayıb mənasını dəyişdiriblər. Tam ciddi deyirəm – “alma” ispanca qəlb deməkdir. Yazılışı və oxunuşu da tamamilə eynidir.

Azərbaycan dilində “paz” sözünü dilimizdə tez-tez işlədirik. Paz vurmaq, paz yeritmək. İspanca “paz” sülh mənasını daşıyır. Başqa bir misal: Bakının yaxınlığında Puta qəsəbəsi var. İspan dilində “puta” fahişə deməkdir. İman (imana gəlmək sözündən) ispanca maqnit mənasında işlənir. Bildiyimiz Elmar adı ispanca dəniz deməkdir (“el” burada artikldir). “Mar” sözünü tərsinə oxusaq Azərbaycan dilində “ram” etmək mənasını verir.

Ərəb sözü tərsinə oxunanda “bərə” alınır. Deyilənlərə görə ərəblər bərələrdə yaşadığı üçün bu adı qazanıblar. Türk dilində “para” sözünün də ərəbin (arap) tərsinə variantına oxşadıram. Amma ispan dilində “para” üçün deməkdir. Para ti, yəni sənin üçün. Məncə, ərəblərə adı biz vermişik, çinlilərə və ruslara verdiyimiz kimi… Fikirləşə bilərsiniz, ispanların ərəblərlə nə əlaqəsi? Məlumdur ki, bir vaxtlar İspaniya Ərəb xilafətinin müstəmləkəsi altında olub.

Afaq adı mənə həmişə ziyalı bir insanı xatırladıb. Bu, yəqin ispan dilini bildiyim üçün belədir. Nə qədər qəribə səslənsə də Afaqın da ispan dili ilə dolayısı bir əlaqəsi var. Bu adı tərsinə oxuyun – qafa. İspan dilində bu söz digər dillərdə olduğu kimi cəmdə yazılır. “Gafas” (qafas) ispanca eynək deməkdir.

Axtarış etsək daha çox söz tapıb ortaya çıxarmaq olar. Hələ ki bildiyim bu qədər…

Leave a Reply

You cannot copy content of this page