- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayə
- Hits: 84
“SpaceX” Mars planetinə göndəriləcək bütün missiyaları ləğv edib. İlon Maskın bu qərarı ABŞ vətəndaşlarından çox mütəxəssisləri məyus edib. Belə ki, ölkənin aparıcı astrofizika alimləri Marsdan imtina səbəbini heç cürə anlaya bilmirlər. Küçələrdə etiraz aksiyaları günü-gündən artır. Sakinlər əllərində “Back to the Mars Matter” plakatları ilə öz etirazlarını bildirirlər. Daha bir qrup gənc “Mars şokoladı ilə başımızı aldatmayın” şüarı ilə divarları yazıq-yazıq edərək ictimaiyyətin diqqətini çəkməyə çalışırlar. Səkilərdə, yollarda, dükanların qarşısında “Mars”, “Snickers”, “Milky Way” şokoladları ayaq altında tapdalanır. Bunun qarşılığında İlon Mask heç də narahat görünmür.
Ohayo ştatına ezam olunmuş xüsusi müxbirimiz Eypril Onil yeni filmlərin təqdimatına toplaşan holivud ulduzları arasında İlon Maskı görüb. “Sentrum” hotelindən canlı bağlantı yaratmağa çalışaq:
– Eypril, buyurun.
(Müxbir əlində mikrofon, fonda isə İlon kino ulduzları arasında rəqs edir.)
– ...Son zamanlar İlon Maskın verdiyi açıqlamalar ümidverici səslənmir. Belə ki, “SpaceX”in yaradıcısı uçuşların nə zaman bərpa olunacağı sualına “Zaman nisbidir, məndən yox, Enşteyndən soruşun” kimi qeyri-adekvat cavablar verir. Bəzən isə o, media ilə ünsiyyətdən tamamilə yayınır. Biz indi “Sentrum” hotelində təşkil olunan ziyafət zalındayıq. Ümid edirik rəqs meydançasını ələ alan İlon bizimlə səmimi olacaq və hansısa bir dəqiq məlumatı bölüşəcək.
– Cənab İlon, siz “Mars İncorporated” şirkətinə zərbə vurmaq üçün bunu edirsiz, yoxsa? Amma məsələyə ciddi yanaşsaq... Yəni, doğurdan biz heç zaman Marsa gedə bilməyəcəyik?
İlon Mask baxışlarını yuxarı, bir qədər də sola çəkərək 5 saniyəlik fikrə gedir sonra üzünü müsahibinə tutur:
– Mən sizə bir söz demək istəyirəm. Amerika film sənayesi son onillikdə inanılmaz dərəcədə fərqli kontent yaradıb. Əlbəttə, bu insanların məhsuludur. Amma biz süni intellektin köməyi ilə kinonu elə bir səviyyəyə qaldıracağıq ki, orada qəhrəmanlar siz olacaqsız. Filmin çəkilişləri artıq başlayıb. Odur ki, sizə premyeranı gözləməyi tövsiyə edərdim.
Eypril Onil üzünü kameraya tutaraq: “Görəsən premyera sözünün arxasında nə gizlənir? Ümid edirik söhbətin filmdən getmədiyini yaxın zamanlarda hamımız biləcəyik. Hələlik bu qədər. Söz yenidən sizdədir”.
Mayor Hümbətov televizoru söndürüb zalda əyləşən qara kostyumluları bir-bir gözdən keçirdi:
– Nə düşünürsüz, cənablar? Adam doğrudan Marsa getmək istəmir. Kim öldü, kim qaldı, şirkətə maraqlı deyil. Yəqin başa düşürsüz də, premyera məsələsi diqqəti yayındırmaq üçündür.
– “SpaceX” pul xərcləmək istəmir? Yoxsa... – çiyinlərinin üstünə kəpəyi tökülmüş El-İlan maraqlandı. Digərləri ortada gedən söhbətə qulaq asırdı.
Mayor Hümbətov kreslosuna yayxanaraq:
– Bu vaxta qədər Marsa robotlar uçurdu, indi isə insan göndəriblər. Məncə ora getməyin heç bir nəticə verməyəcəyini anladıqları üçün xərcləri kəsiblər, – dedi.
– Bəlkə qorxurlar? Yadınızdadırsa, bundan əvvəlki missiyada gəminin yaxınlığında bir UNO fırlanırdı. Yol boyu obyekt gəmidən əl çəkmirdi. Buna baxmayaraq robotlardan ibarət heyət təhlükəsiz eniş etdi.
– Ola bilsin hansısa bir xəbərdarlıq alıblar, buralar sizlik deyil, yaxud da buna bənzər başqa bir şey.
– Sizlik deyil, nə mənada?
– Bax elə mən də sizin kimi bu suala cavab tapmaq istəyirəm, – deyib əlində tutduğu qələmin düyməsini tez-tez sıxıb buraxdı: “çık-çık-çık”.
El-İlan barmaqlarını saçlarında gəzdirdikcə tüklərinin dibindən tökülən kəpək dənələri qar kimi qara pencəyinin üstünə ələnirdi.
– Biz özümüz uçsaq necə, mümkündür?
Mayor Hümbətov “AzərSpace”in hazırladığı “Dan ulduzu” kosmik gəmisinin maketinə baxdı; düz qarşısında idi
– Vəziyyət Marsın səthinə enib sonra da geri qayıtmağı tələb edir. İlon Maskda olan texnologiya bizdə yoxdur. Bundan başqa bizim o qədər yanacağımız hardandı...
– Bəs, bizim “SpaceX”lə əlaqələrimiz necədir? Xahiş etsək, onlar falkonlardan birini bizə icarəyə verər? Necə bilirsiz, bəlkə maraqlanaq?
– Güman ki pulun müqabilində razılaşarlar, amma əvvəlcə ora gedə biləcək qəhrəmanı tapmaq lazımdı.
Qara kostyumlu çiynindəki kəpəyi əli ilə təmizləyərək:
– Bəs, ekipaj iki nəfərdən ibarət olsa necə? – deyə, soruşdu.
– Yox, ikinci adama ehtiyac yoxdur.
– Mən adam nəzərdə tutmuram. Siçan ola bilər, ağzı yağa bulaşmış siçan, yaxud da suilanı, it. Başqa sözlə, bioloji varlıq.
Qara kostyumlular təəccüblə bir-birlərinin üzünə baxıdlar.
– Siçan nəyimizə gərək?
– Biz həqiqəti öyrənməyə çalışırıq, elə deyilmi? Bilmək lazımdır ki, bu məsələ tək insanla bağlı olan şeydir, yoxsa bütün canlılara şamil olunur?
– Fikrinizlə razıyam.
– Özü də bu məsələni elə bir adam çözməlidir ki, elmdən anlayışı olsun.
Kapitan qələmi barmaqlarının arasında fırladıb ayağa qalxdı. Tapşırıq aydın idi. Daha heç bir suala ehtiyac qalmamışdı.
– Cənablar, hələlik bu qədər. Fikirləşin, ağlınıza bir ideya gəlsə deyin. Amma unutmayın ki, vaxtımız məhduddur, qısa zamanda bir qərara gəlməliyik.
Mütəxəssislər arasında El-Yalan kod adında boz kostyumlu da əyləşmişdi. Zaldakılar bir-bir otaqdan çıxanda mayor Hümbətov boz kostyumlunu saxladı:
– El-Yalan, siz qalın.
Növbəti gün El-Yalan Elmlər Akademiyasının qarşısındakı skamyada oturub əlindəki planşetlə dosyeləri vərəqləyirdi. Bir-bir Beynəlxalq Kosmik Stansiyasında tapşırıqda olanların tərcümeyi-halını oxuyurdu. Bir nəfər göstəricilərə tam uyğun idi. Özü də əsl alim. Ona da məhz beləsi lazım idi ki, vəziyyəti elmi tərəfdən analiz edə bilsin. Diqqətlə Kapitan Musabəyovun dosyesini oxumağa başladı.
Musabəyov həmin vaxt divanda oturub televizorda bir-bir kanalları çevirirdi. Axşam süfrəsi açmış arvadı iri buluddakı aşla buğlana-buğlana təzəcə otağa girmişdi ki, mobil telefona zəng gəldi. Kişi ağır-ağır yerindən qalxıb, “mən götürərəm əziyyət çəkmə”, deyərək əlini telefona atdı. Gözünü ekranda tanımadığı nömrəyə zilləyib fikirli-fikirli düyməsin basdı.
Xəttin o biri ucunda ciddi, bir qədər də cır səslə danışan şəxs özünü təqdim etmədən birbaşa mətləbə keçdi:
– Kapitan Musabəyov, adımı deyə bilmərəm, amma hardan zəng vurduğumu təxmin edə bilərsiz. Yoldaş kapitan, siz məni xatırlamalısınız. Beynəlxalq Kosmik Stansiyada baş verən bir məsələni müzakirə etmək istəyirəm. Zəhmət deyilsə, işlədiyiniz müəssisənin qarşısındakı parka gəlin.
Kapitan Musabəyov dərhal vəziyyəti anladı. Ona kapitan deyə müraciət etmişdilərsə, demək köhnə iş yerindəndi. Yenə kosmik uçuşlar, aylarla Yerin başına dolanmaq. Çoxdandır bu peşənin daşını atmışdı, daha ayağını yerdən üzmək istəmirdi. Elmi dərəcə alandan sonra yerdə qalan həyatını yeni işinə və ailəsinə həsr etmək istəyirdi. Bununla belə başa düşürdü ki, yaxasından yapışdılarsa əl çəkməyəcəklər.
– Nə vaxt, saat neçədə?
– Elə indi gəlin, gecikməyin!
Musabəyov narazı-narazı mobil telefonu masanın üstünə fırıldatdı, qara “sportivni”sini soyundu və tələm-tələsik şalvarını əyninə keçirdi. Sonra mavi zolaqlı köynək, üstündən də pencək. Hazır.
– İmkan verməzlər də! Otur ye, televizora bax, bir azdan qayıdıram.
Qapıdan çıxanda yoldaşı səslədi:
– Telefonun qaldı...
Gecə vaxtı, müəmmalı bir zəngdən sonra tanımadığın insanla görüşmək qaranlıqda kanalizasiya lyukuna düşmək kimi bir şeydi. Quyunun nə dərəcədə dərin olduğunu təxmin etmək mümkün deyil.
Ekranda kontaktlara baxa-baxa pilləkənləri enən Musabəyov özünü sığortalamaqdan ötrü köhnə tanışlardan birinə zəng vurmaq istədi, ancaq nə düşündüsə, dayandı. Fikirləşdi ki, orbital uçuşlar barədə kiminləsə məsləhətləşmək elə də yaxşı fikir deyil. O, çalışdığı idarənin məxfi qurumlarla əlaqəli olduğunu düşünüb əvvəlcə vəziyyəti öyrənməyi münasib bildi.
Binadan çıxanda tünd kostyumlu bir nəfərin ona doğru addımladığını hiss edib dayandı. Başa düşdü ki, nəzarətdədir.
– Kapitan Musabəyov, uzağa getməyə ehtiyac yoxdur, maşın burdadır, – deyib əlinin işarəsi ilə ona yolu göstərdi.
Onlar həyətin başındakı “Şevrolet”ə olan qırx addımlıq məsafəni kəlmə kəsmədən qət etdilər.
Yol boyu naməlum kostyumlu maşını ağzına su alıbmış kimi idarə edirdi. Musabəyov da arabir orğun-orğun adamın kostyumuna baxıb fikrə gedirdi: “Bu, məndən nə istəyir görəsən? Harda səhv etmişəm, nəyi düz eləməmişəm ki, məni sorğu-suala tuturlar? Bəlkə işləri düşüb mənə? Hə, yəqin onlara lazımam. Amma pencəyi tam qara deyil, işıq düşəndə rəngi daha çox boza çalır”.
Şəhər qırağında ucqar bir göydələn. Burada nə zaman olduğunu xatırlamırdı. Binanı da deyəsən yeni inşa etmişdilər.
Maşından düşüb girişə doğru addımladılar. Boz kostyumlu Musabəyovdan heç nə soruşmadığı üçün Musabəyov da artıq suallar vermirdi. Amma əsas sualın cavabını elə girişdəki lövhənin üzərində qızılı hərflərlə həkk olunmuş qurumun adında tapdı: Orbital Qüvvələr Komandanlığı. Altında isə Departament-2 yazılmışdı. “Bu adam tapşırığı icra edəndi. Böyüklərinin biri ilə məni görüşdürmək istəyir”, – deyə düşündü.
Liftlə 5-ci mərtəbəyə qalxdılar sonra dəhlizdən sağa burulub uzunsov və alaqaranlıq bir otağa daxil oldular. Konfrans zalı idi. Musabəyov dərhal 180 dərəcəlik baxışlarla məkanı beyninə yazdı. Yuxarıda nəzarət kamerası, sol tərəfdə şüşəbənd, qarşıda masanın üzərində kosmik gəmi maketi, sağda isə təlimat cədvəlləri. Elə Musabəyovun düşündüyü kimi oldu, içəridə onu gözləyən vardı. Mülki geyimdə, üzü yenicə taraş olunmuş bir şəxs Musabəyovu görən kimi “buyurun, çəkinməyin yoldaş kapitan”, – deyib ortalıqdakı müəmmalı ab-havanı dağıtmaq məqsədilə ən yaxındakı oturacağı qabağına çəkdi, özü isə əvvəlki yerinə qayıtdı.
– Əyləşin, yoldaş kapitan.
Musabəyov ürəyində fikirləşdi: “Elə bil məktəb partası arxasında oturub. Qollarını da birinci sinif şagirdləri kimi masada qoşalaşdırıb, mövzuya necə giriş verəcəyini fikirləşir”.
– Mənim adım... siz məni mayor Hümbətov çağırın. Bu yoldaş isə köhnə əməkdaşlarımızdandı. O, sizi tanıyır, birlikdə layihələrdə iştirak etmisiz.
Boz kostyumlu mayora dəstək verirmiş kimi sözlərini təsdiqlədi:
– Bəli, bəli, biz 15 il əvvəl Beynəlxalq Kosmik Stansiyada birgə olmuşuq.
Boz kostyumlunun nitqi həmin saniyə Musabəyovun yaddaşını təzələdi.
– Bayaq mənə zəng vuran siz idiniz. Səsinizdən tanıdım. Amma Beynəlxalq Kosmik Stansiyada siz deyildiz.
– Bəs kim idi? – mayor Hümbətov xəbər aldı.
– Çox pinti, həftələrlə bədəni su görməyən qəribə bir tip idi. Saçları həmişə yağlı olardı. Təəssüf ki, adını unutmuşam.
– Stansiyada nə işlər görürdüz?
Musabəyov danışdıqca mayor onun üz cizgilərinə, əl hərəkətlərinə göz qoyurdu.
– Yadımdadır, o zamanlar Yerin maqnetik sahəsi üzərində elmi araşdırmalar aparırdım.
– Cənab kapitan, yaxşı pula nə deyərsiz? – Mayor əsas mətləbə keçdi, – Bir təklifimiz var sizə. Marsa missiya hazırlanır, xilasetmə əməliyyatıdır. Ora uçub sıradan çıxmış robotları Yerə çatdırmaq lazımdı. Bizə kömək etməyə razılıq versəniz yüksək məbləğdə mükafat alacaqsınız.
Musabəyov qolundakı saatın elektron siferblatına baxıb, dərindən köks ötürdü. Rəqəmlər 22:15-i göstərirdi.
– Gecə vaxtı elə buna görə məni evimdən dartıb gətirmisiz?
Əlinə qələm oynadan mayor Hümbətov gülümsəyərək dedi:
– Bəli.
– Robotlara noolub ki, onları Yerə gətirmək elə vacibdir?
– Təfərrüatlara siz razılıq verəndən sonra vararıq. Amma unutmayın, razılıqdan sonra geri çəkilmək olmaz! Həbs olunacaqsız.
Müsabəyov köhnə peşəsindən uzaqlaşsa da gündəmdə olan kosmik xəbərləri izləyirdi.
– Təsadüfən “SpaceX”lə bağlı deyil ki?
Mayor Hümbətov onun sualına təbəssümlə cavab verdi. Musabəyov başını yellədi:
– Yaxşı, mən sizə ancaq bir neçə gündən sonra cavab verə bilərəm.
– Mümkünsə bizə sabah deyin. Vaxt məhduddur.
Musabəyovu gətirdikləri kimi maşınla da evinə ötürdülər. O, içəri keçər-keçməz pencəyini soyunub tir-tap çarpayısına uzandı. Ertəsi gün səhər arvadına bir söz demədən hazırlaşıb işinə getdi.
Musabəyov Elmi Tədqiqatlar İnstitutunda aparıcı mütəxəssislərdən idi. Elektromaqnetizm sahəsində ideyaların tətbiqinə görə ona “Enşteyn Musabəyov” deyirdilər. Kefinin kök vaxtı arvadı da onu Enşteyn müəllim, deyə, çağırırdı.
– Enşteyn müəllim, aşağıda bir nəfər sizi gözləyir, – iş yoldaşlarından forslu-fasonlu bir xanım gülümsəyərək dedi.
Dünənki gecə Musabəyovun yaddaşından silinmişdi, işdəki ab-hava o qatmaqarışıq məsələni tamamilə unutdurmuşdu ona. Amma binadan çıxan kimi, lent elə bil geriyə fırlandı.
– Hə, bu sizsiz?
Boz kostyumlu əlində planşet amiranə şəkildə “qısa söhbətimiz var, gedək” deyib Musabəyovu tələsdirdi. Onlar dünənki “Şevrolet”ə minib, dünənki yerə getdilər...
Gündüz vaxtı Badamdar qəsəbəsi elə də vahiməli görünmürdü. Bir də Musabəyov məsələdən qismən xəbərdar olduğu üçün narahat deyildi. Boz kostyumlu binanın qarşısında dayandı və onlar maşından düşdülər.
Söhbət mayor Hümbətovun otağında davam etdi:
– Nə qərara gəldiniz?
– Əgər missiya dediyiniz kimi, robotları yerə çatdırmaqdan ibarətdirsə mən razı.
– Bir sualım var. Dini görüşləriniz bizə maraqlı gəlir. Allaha inanırsız?
Musabəyov şablon cavab verdi:
– Bir elm adamı kimi mən ilahi qüvvələrə inanmıram və hər şeyin səbəbini yalnız elmdə axtarıram. Amma nə üçün soruşursuz? Sizi başa düşmədim.
– Ona görə soruşdum ki, maraqlıdır. Görəsən, bir müsəlman özünü Yerdən kənarda necə hiss edə bilər? Amma deyirsiz ki, ateistsiniz.
– Bəli.
– Yenə də fikrinizi öyrənmək istərdim. Bir müsəlman Yerdən kənarda özünü necə hiss edər?
– Əgər onunçün qiblə vacib deyilsə, yaxşı, Yerdəki kimi hiss edər.
Mayor Hümbətov əli ilə çənəsini ovuşduraraq fikrə getdi: “bir ateistin verdiyi cavab elə belə olmalıdır”. Sonra isə ciddi-ciddi mətləbə keçdi:
– Siz Qəmli və bığlı ilə birlikdə uçacaqsız.
– Lap yaxşı. Üç nəfərlik heyətlə.
– Qəmli və bığlı siçanın adıdır. Yanınızda bir siçan olacaq.
Kapitan Musabəyovun dodağı qaçdı.
– Bəs o biri siçan harda olacaq?
Gözlənilməz sual mayor Hümbətovun da içəridən qarnını qıdıqladı.
– Yanınızda.
– Cənab mayor, siz mənimlə zarafat edirsiz?
– Yox, bura zarafat yeri deyil. Qəmli və bığlı iki deyil, bir siçanın adıdır.
– Əcəb ad qoymusuz siçana. Niyə məhz siçan, adam bəs eləmir ki? – soruşanda elə dediyi sözə də tutuldu. – Hm... din, ateizm, siçan. Görəsən, o mənə niyə belə suallar verir? – ildırım sürətilə ağlından keçirdi.
Mayor Hümbətov baş barmağı ilə qələmini daha sərt şəkildə çıkkıldatmağa başladı: “çık-çık-çık-çık...”
– Siz mənə vəziyyəti izah edə bilərsiz? Gəmi ilə əlaqə kəsilib? Yoxsa...
– Xeyr əlaqə kəsilməyib.
– Yaxşı. Gəmidə neçə robot var?
Kapitan Musabəyov sözləri elə bil onun ağzından kəlbətinlə çəkib çıxarırdı.
– İki robot və... – deyib tez də fikrini redaktə etdi, – iki robot.
– Hiss etdim robotdan başqa da orda kimsə var.
– Nə yalan deyim, missiyada iki robot və Əfqanıstandan bir astronavt iştirak edirdi.
– Əfqanıstan?!
– Bəli. Ola bilsin Tanrıya inamı güclü olduğu üçün onu bu layihəyə cəlb ediblər. Siz əslində onu xilas etmək üçün burdasız.
– O, sağdır?
– Necə deyim sizə. Həm hə, həm də yox.
Musabəyov hər vəchlə onu tapşırıqla yükləməyə çalışan mayorun düz gözünün içinə baxdı:
– Siz mənə deyə bilərsiz orda nə baş verir?
– Həmin astronavt hiperyuxu altında Marsa göndərilmişdi. Obrazlı dildə desək məsafəni qısaltmaq üçün o, yatıb-durmalı idi. Amma ayılanda səhhətində problemlər yarandı.
– Hansı problemlər?
– Bilirsiz, izah etməyə bir az çətinlik çəkirəm, necə deyim?
– Elə olduğu kimi deyin.
Kapitan Müsabəyov diqqətlə mayorun sözün ardını gətirməsini gözlədi.
– Həmin o əfqan ekranda bir qədər şəffaf görünür.
– Nə mənada şəffaf?
– Şəffaf da, şəffaf.
Musabəyov bir qədər fikrə getdi.
– Siz onun şəffaflığını necə təyin etdiniz? Dalğada interferensiya var, yoxsa siqnal kəsilir?
– Xeyr, siqnal kəsilmir. Yanındakı robotlar ekranda aydın təsvir olunur, amma o adam elə biləsən ruhdur, ona baxanda arxasındakı şeylər görünür. Tez-tez də qışqırır. Hiss olunur ki, əziyyət çəkir.
– Ünsiyyət var?
– Xeyr.
– Bilmək olar, bu məlumatlar sizdə hardandı?
– Nə gizlədim, bizim “SpaceX”lə əlaqələrimiz var. Belə qərar qəbul olunub ki, budəfəki ekspedisiyada biz iştirak edəcəyik. Biz, yəni siz. Biz tərəfimizdən təşəbbüs göstəririk. Onlar öz raketlərini bizə verməyə hazırdır. Bu, həm də elmimiz üçün vacibdir. Bilirsiz?..
Mayorun nitqində həyəcan hiss olunurdu. Musabəyov onun üzünə baxa-baxa düşüncələrə daldı.
– İndi bu fenomenin izahını vermək çətindir.
– Siz planetdəki vəziyyəti araşdırıb təcili o adamı Yerə çatdırmalısız. Üstünüzdə bütün lazımi avadanlıqlar olacaq.
Gərginlikdən ağzı quruyan Musabəyov qollarını masaya uzadıb baxışlarını boşluğa zillədi: “Robotlar cansızdı, cansızdısa demək insanla bağlıdır... Bəlkə din, yoxsa... yoxsa nə? Sərhəd. Hə, Yerin üst qabığı! Son təbəqə...”
Musabəyov quyunun dibinə endiyini indi başa düşdü.
– Siz mənə öz vəziyyətimi götür-qoy etməyə vaxt verə bilərsiz?
– Əlbəttə, rahat olun.
– Su versəniz pis olmaz.
Mayor Hümbətov üzünü köməkçisinə tutdu:
– El-Yalan, bizə su gətir, – ardınca da əlavə etdi, – qazlı olsun.
– El-Yalan?!
Otaqdakıların üzünə gülüş qondu.
Çox keçmədi El-Yalan əlində bir şüşə su ilə otağa qayıtdı və nəzakətlə onu Musabəyovun qarşısına qoydu.
– Yeri gəlmişkən, sizin dosyenizi oxuyanda heç bir kod adınıza rast gəlmədim. – Mayor Hümbətov davam etdi.
Musabəyov masanın altında şüşənin qapağını astaca açaraq qazını boşaltdı, sonra suyu stəkana süzüb birnəfəsə başına çəkdi.
– Dosyedə qeyd olunmayıb. Siz mənim kod adımı heç yerdə tapa bilmərsiz.
– Sirr deyilsə kod adınız nədir? – mayor Hümbətov maraqlandı.
Musabəyov astadan dedi:
– El-Zefs.
– Çox gözəl, ümid edirik Marsın sirrini aça biləcəksiniz.
Müsabəyov dərindən nəfəs aldı və son sözünü dedi:
– Mayor Hümbətov, mən Marsa getməkdən imtina edirəm.
Mayor üçün cavab gözlənilməz və sərt oldu. O, içindəki qəzəbini boğaraq dedi:
– Təəssüf edirəm, sizi həbsə almaq məcburiyyətindəyik.
– Yaxşısı, məni həbs edin.
Mayor Hümbətov masanın altındakı qırmızı düyməni sıxdı. Bir dəqiqədən sonra içəri iki qoluzorlu girdi.
– Aparın Kapitan Musabəyovu atın zirzəmiyə, – deyib üzünü məhbusa tutdu. – Əlvida, Enşteyn müəllim. İnciməyin, mən də hamı kimi tapşırıqları icra edirəm.
Kapitan Musabəyovu apardılar, mayor Hümbətov isə asta bir tərpənişlə pəncərəyə yaxınlaşıb üfüqdə közərən günəşin son şəfəqlərinə tamaşa etməyə başladı. Dəniz heç zaman olmadığı kimi qızılı rəngə boyanmışdı. Gözünün qabağında yanmış kürənin ölümünə şahidlik edən mayor fikirli-fikirli üzünü çevirib yerinə qayıtdı. Şüşədə yarımçıq qalmış suya baxa-baxa əli ilə masanın altındakı qırmızı düyməni sıxdı. Çox keçmədi köməkçisi içəri daxil oldu.
– El-Yalan, buraxın onu...
Məmməd Məmmədli
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayə
- Hits: 64
Bir dəfə həqiqət axtarışına çıxan bir qarapaltarlı ağacın kölgəsində sake içən yaşlı bir samuraya yaxınlaşıb yerin mərkəzinə gedən yolu soruşub. Samuray onun səsindəki qəzəbi hiss etsə də üzə vurmayıb, zarafatca əlini elə gəldiyi istiqamətə tutaraq deyib ki, həqiqət arxada qaldı. Sən onu ötüb keçibsən. O, samurayın sözlərini özünə təhqir sayıb bir göz qırpımında ayağı ilə sakeni dağıdıb və qolunda gizlətdiyi kusunqobusunu dirəyib qocanın boğazına. Samuray əlini katanasına atsa da qınından çıxarmayıb. O, qorxmadan, sakit tərzdə deyib, “madam ki, sən bu qədər iddialısan, sənə həqiqətin yerini göstərəcəm. Yerin mərkəzində nüvə deyilən bir kürə var. Qaz, qaz, dayanmadan qaz və sonda o həqiqəti görəcəksən”. Qarapaltarlı qocanın yalan danışıb-danışmadığını dəqiqləşdirmək məqsədilə bir qədər də onu sorğu-suala tutub. Uzun-uzadı dialoqdan sonra, qocadan əl çəkib.
Orbital Qüvvələr Komandanlığının ikinci mərtəbəsində, alaqaranlıq bir otaqda idilər. Samuray missiya rəhbərinin uzun monoloqunu dinlədikdən sonra dedi:
– Sonra nə oldu?
– Bir neçə ildən sonra samuray eşidib ki, dərin bir quyudan həmin o adamın yanmış sümüklərini tapıblar. Əlbəttə ki, samuray ona həqiqəti tam söyləməyib. Yazıq, həqiqəti başa düşmədən ölüb. Heç lazım idi ona belə həqiqət? Amma, gör o bizə nə verir? Təmiz hava, yaşıllıq, su. Yaxşı düşünsəydi nüvənin yerini və nəyə xidmət etdiyini anlayardı. Bilərdi ki, həqiqətin bir ucu Ayda o biri ucu isə Günəşdədir.
– Cənab mayor, nağıl danışma. Gəlin keçək əsas məsələyə. Məni bura niyə çağırmısız?
Divara proyeksiya olunan Mars planetinin daşlı-dərəli relyefi qımışa-qımışa bığlarını tumarlayan mayorun üzündə naxış çəkirdi. O, ayağa qalxaraq:
– Mən Günəş sisteminin maqnit sahəsindən danışıram, – dedi.
Samurayın düyünlənmiş qaşları açıldı.
– Yaxşı, cənab mayor. Belə başa düşdüm ki, məni qırmızı planetə yollamaq fikrindəsiz.
– Hə, Samuray, hə. Sən Marsa uçacaqsan, özü də tək. – deyib qapıya tərəf getdi və otağın işığını yandırıb əvvəlki yerinə qayıtdı, – Təfərrüatları deyə bilmərəm. Tapşırıqları yerində alacaqsan. Yol uzundur. Hələlik get dincəl. Üç gün vaxtımız var. Söz verirəm tapşırığın öhdəsindən gəlsən Marsda sənin heykəlini ucaldacam.
Samurayın üzünə gülüş qondu:
– Mən öləndən sonra?
– Hər iki halda. Öldün, ölmədin, hesab elə ki, sənin üçün Marsda bir yer var.
Samuray məzəyə keçdi:
– Endiyim kraterə adımı verərsiz?
Mayor Hümbətov üzündəki qeyri-ciddiliyi necə yığışdırdısa Samuray əlavə sual verməyə ürək etmədi. Eləcə, “oldu cənab mayor” deyib, otaqdan çıxdı.
Samurayı liftlə birinci mərtəbəyə ötürdülər. O, binanın qarşısında saxladığı köhnə mersedesinə minib üzü Bakıya qayıtdı.
Sahil rayonu, köhnə binaların birində yaşayırdı. Tək yaşayırdı, çünki gördüyü iş onu insanlarla ünsiyyətdən məhrum etmişdi. Heç kimlə dostlaşmaq olmaz. Sevgili olmaz, yalnız bir gecəlik. Ən vacibi heç bir sirr vermək olmaz!
Evə qalxmazdan əvvəl o baş-bu baş sahil boyu gəzdi. Bulvar parkında üç-üç, iki-iki deyib-gülənlərin yanından ötərək bir anlıq xəyala daldı. Düşündü ki, necədə paxıl adam imiş. O, da başqaları kimi həyatın o biri üzündən bixəbər ola bilərdi.
Özündən asılı olmayaraq fikirlərini missiyaya yönəltdi. Fikirləşdiqcə beyni qara dəliyin nüvəsi kimi sıxılmağa başladı. Son həddə çatanda iti addımlarla evə sarı döndü.
Növbəti iki gününü pivəxanalarda və masajxanalarda keçirdi.
***
Mayor Hümbətov masaya düzdüyü qırmızı planetin maqnitosfer, hidro-geoloji xəritələrini nəzərdən keçirirdi ki, qapı döyüldü. Başını qaldıranda Samurayın inamlı baxışlarına tuş gəldi. Diqqətini işindən ayırmadan “yaxın gəl” deyib, Samurayın qarşısına planetin formasız peyklərinin fotoşəkillərini atdı.
– Bunu NASA-nın kəşfiyyat peyki çəkib.
– Çox gözəl. Mənim işim nədən ibarətdir?
Mayor Hümbətov tələsmədən çəkəcəkdə saxladığı şərab şüşəsini çıxardı və bir qədər üzərindəki etiketə tamaşa etdi: “Savalan”. Bir neçə saniyədən sonra otağa pıqqıltı səsi yayıldı. Ürəklər məst oldu, sonra şırıltı səsi və:
– İçək bunu Marsın sağlığına! – Qurtaqurtdan sonra üzünü turşudub sözünə davam etdi, – Yeri gəlmişkən, yunan mifologiyası haqqında nə bilirsən?
– Bircə onu bilirəm ki, Fobos və Deymos müharibə allahlarının adıdır.
– Elə bunu bildin bəsindi, – əlini dodağına çəkib sözünə davam etdi. – Sən Deymosu öldürməlisən.
– Başa düşmədim, necə yəni öldürməliyəm.
– Elə sözün həqiqi mənasında məhv etməlisən. Dağıtmalısan onu.
– Siz yəqin zarafat edirsiz. Deymos əfsanədir. Olmayan bir şeydi.
– Fərz elə ki, o diridi. Və sən gedirsən onunla vuruşmağa.
Bu dəfə Samuray lap özündən çıxdı:
– Cənab mayor, bilirsiz nə var?!
– Hazırlaş, gedirik Beyləqana. Yolda hər şeyi izah edəcəm.
Maşın onları binanın həyətində gözləyirdi. Samuray hələ Hümbətovun sözlərinin ciddiliyinə inanmırdı, buna görə də mayor bir az izahat verməli oldu:
– Yadındadır sənə yerin nüvəsi ilə bağlı bir əhvalat danışmışdım.
– Yadımda.
– Planetin nüvəsini isti saxlayan peykdir. Marsın iki peyki var. Fobos və Deymos. Fobos çox sürətlə fırlanır. Marsda olsaydın sən onu sutka ərzində iki dəfə görərdin. Amma Deymos hər şeyi qatıb-qarışdırır. O bir tərəfdən qardaşını sürətləndirir, digər tərəfdən yavaşladır. Fobos ona yaxınlaşanda sürət yığır, ötüb keçən kimi tormozlanma baş verir.
– Cənab mayor, tam başa düşmürəm sizi.
Mayor pəncərəni qaldırıb sözünə davam etdi:
– Fərz edək ki, Marsın nüvəsi maqnitin müsbət tərəfidir, peyklərin mənfi qütbləri isə planetə yönəlib. Onların üçü də bir-birlərini cəzb edir. Fobos yaxındadır, amma çox sürətlə fırlanır. Təbii ki, fırlanma momenti onu planetə düşməyə qoymur. Fobosun müsbət tərəfi, yəni arxası Deymosun mənfi qütbü ilə cəzb olunur. Marsın peyk sistemi, əgər belə demək olarsa, dinamo aparatı kimi işləyir. İndi başa düşürsən?
Samuray bir qədər fikrə gedib:
– Marsın maqnit sahəsində anomaliyalar buna görədir, – dedi.
– Bəli.
– Deymosu öldürməyin səbəbini indi anladım. – Samuray pəncərədən boylanan axşam günəşini seyr edərək əlavə etdi, – Deymos planetdə hərarətin qalxmasına maneçilik törədir.
– Bəli.
– Biz indi hara gedirik?
– Kosmik platformanın tikintisi bitmək üzrədir. Amma uçuş etmək olar. Gəmi də hazırdır, səni gözləyir.
Maşın Haramı düzündə yenicə salınmış asfalt yolla bir qədər gedib birmərtəbəli binanın qarşısında dayandı. Onlar maşından düşüb uçuş zolağına doğru addımladılar.
Günəşin son şəfəqləri 100 tonluq “Dan ulduzu”na sığal çəkirdi. Kosmik gəmi NASA-nın üçmərhələli “Şatl” sistemini xatırlatsa da uçuş şaquli deyil, təyyarələrdəki kimi üfüqi formada havaya qaldırılırdı.
Mayor Hümbətov skafandr geyinmiş Samuraya baxıb son tapşırıqlarını verdi:
– Bu həbi indi iç. Yuxuya qarşıdır. Sən ora çatana qədər yatmamalısan! Maqnit mühərrikləri səni 1 aya Marsa çatdıracaq. Yerlə əlaqəni kəsmə! Uğurlar...
Samuray pilot kabinəsində yerini tutdu. Sistem hazır vəziyyətə gətiriləndən sonra mühərriklər işə düşdü. Oksigenlə qarışan hidrogen necə alışdısa “Dan ulduzu”nu formula-1 bolidi kimi irəli atdı.
Gəmi artıq havanı yarıb qırx beş dərəcəlik bucaq altında səmaya qalxırdı. Ağır tonnajlı çənlər atılandan sonra gəminin burnu bir qədər də səmaya yönəldi. İkinci mərhələnin yanacağı bitəndə isə kənarlara bərkidilmiş qanadlar çənlərlə bərabər lazımsız əşya kimi kənara tullandı. “Dan ulduzu” artıq tam şaquli vəziyyətdə orbitə üz tutmuşdu. Bir neçə dəqiqədən sonra tam çəkisizlik yaranacaqdı.
– Samuray, qəbul. Vəziyyət necədi?
– Samuray qəbulda. Hər şey qaydasındadır.
– Yeri gəlmişkən, sənin adını niyə Samuray qoyublar?
– Atam qoyub, yapon mədəniyyətini sevdiyi üçün.
– Yeddi samuray filminə baxmısan?
– Xeyr.
– Qayıdanda baxarsan.
– Oldu cənab mayor.
– Marsa yaxınlaşanda ola bilsin gəminin naviqasiya sistemi işləməsin. Kompüterlərə çox etibar eləmə. Pilot-kabinədə kosmik kompas var, ondan istifadə et. İndi isə sağollaşırıq, üç günlük fasilə.
Samurayın yuxusu ərşə çəkilmişdi. İkinci gündən sonra beyninə qara-qura fikirlər dolmağa başladı. Üçüncü gün o, Yerlə əlaqə qurmağa cəhd etdi, amma sorğusuna cavab verən olmadı. Həmin gün Samurayın ən ağır günü oldu.
Mayor Hümbətov tapşırığı yerində alacaqsan demişdi. Bəs indi hardadır o? Nə üçün sorğuya cavab vermir? Belə vəziyyətdə nə etsin? Geri qayıtsın, yoxsa...
Sonrakı günlərdə öz-özüylə söhbət etməyə başladı. Çünki tənhalığın ən yaxın dostu adamın elə özüdür. 20 gündən sonra Yerdən siqnal gəldi. Mayor Hümbətov şəxsən onunla əlaqəyə girmişdi. Amma ənənəvi rabitə ilə yox...
İlk dəfə bunun necə baş verdiyini anlayanda Samuray bir qədər şok keçirdi. Amma rabitə gücü artanda bütün şübhələr aradan qalxdı. Telepatik rabitə, şüurun oyanışı zamanı baş verən beyin əlaqəsi, insan varlığının ən yüksək nöqtəsi...
– İndi sən əmin oldun ki, radio olmadan belə əlaqə qurmaq mümkündür?
– Sözün açığı mən bilmirəm, özümlə danışıram, yoxsa sizlə.
– Sən mənimlə danışırsan, mayor Hümbətovla.
– Mənə bir işarə verin.
– Oturacağın altına bir məktub yapışdırılıb.
Samuray cəld kəmərlərini açıb yerindən qalxdı və əyilərək mayorun dediyi məktubu tapdı.
Samurayın əlləri titrəyirdi. O, boğazını arıtlayıb konverti yavaşca açdı. İçində bir fotoşəkil vardı. Mayor Hümbətovla yanaşı oturmuş gülərüz bir kişi ona baxırdı. Şəklin arxasında isə “Sənin atan sağdır” sözləri yazılmışdı.
– İndi mənə inandın? Sən atan haqqında heç vaxt danışmamışdın. Amma o, indi mənim yanımdadır və sənin gəlişini gözləyir.
Bu zaman Samurayın vücuduna rahatlıq çökdü. Günlərlə içində daşıdığı qorxusunu bir ürək döyüntüsü ilə qovdu.
– Atam mən uşaq olanda anamı atmışdı. Hər halda anam belə deyirdi. Ancaq böyüyəndə başa düşdüm ki, atamda heç bir günah yoxdur.
Mayor Hümbətov bir qədər susdu, Samurayın qəlbindəki rahatçılığını pozmaq istəmirdi. Amma tapşırığı yerinə yetirmək lazım idi. O bir qədər ürək-dirək verəndən sonra davam etdi:
– Sənin missiyan Deymosu Marsın orbitindən uzaqlaşdırıb kosmosda itirməkdən ibarətdir.
– Yaxşı. – deyib əlini saçlarına çəkdi.
Samuray bir qədər fikrə getdi. Sonradan yadına düşdü ki, missiyadadır:
– Bəs, mən bunu necə edəcəm?
– Təsəvvür elə ki, Deymos iri bir dəmir parçasıdır. Maqnitləşmiş dəmir parçası. Sən onu beynin gücünə itələməlisən. Sən onu inandırmalısan ki, o formasız peyk Marsın maqnetik sahəsində artıqlıq edir.
– Mən 7 günə ərazidə olacam. Kosmik kompas artıq işə düşdü. Gör, Deymosun necə güclü maqnetik sahəsi var ki, kompas indidən onu tutur.
– Yadında saxla ki, şüur maqnitdən güclüdür.
Samurayın fikirləşməyə vaxtı bol idi. Ssenari get-gedə ona aydın olurdu. Hətta bir anlıq düşündü ki, mayorun verdiyi tapşırıq o qədər də ağlabatan deyil.
“Dan ulduzu” tormozlanma rejiminə keçmişdi. Mars gözünün qabağında o qədər böyümüşdü ki, səthindəki relyefini ayırd etmək mümkün idi. Hətta bir anlıq Samuraya elə gəldi ki, kraterlərə su dolub.
Samuray köməkçi mühərrikləri işə salaraq planetin orbitinə qondu. Fobosun yanından ötüb, istiqaməti Deymosa sarı götürdü. Bir anlıq içinə elə bir üşütmə doldu ki, tükləri yerində oynadı. Gəmi Deymosa yaxınlaşdıqca qorxu da çoxalırdı. Samuray isə gözünü qırpmadan ona baxırdı. Ürəyində deyirdi “Deymos, mən səndən qorxmuram. Yaxın gəl!”
Samuray bütün zehni ilə müharibə allahını danışığa tuturdu. Saatlara gözünü ondan çəkmirdi. Get-gedə fikirləri gerçəkliyə çevrilməyə başladı. Hiss etdi ki, qorxu ondan çəkilir, Deymos isə yaxınlaşırdı.
Bu zaman dövrəni başa vuran Fobosdan siqnal gəldi. Arada sanki bağlantı yaranmışdı, maqnetik bağlantı. İkinci dövrədən sonra Fobos Marsdan uzaqlaşdı, Deymos isə əksinə yaxınlaşaraq öz orbitində daha da sürətlənməyə başladı. Üçüncü dövrədən sonra hər iki peykin hərəkəti mexanizmdə yerinə oturan detal kimi sinxronlaşdı.
Samurayın beynində elə bir qıjıltı başlamışdı ki, özündən asılı olmayaraq panikaya düşdü. Fikirləşə bilmirdi, damarlarında təzyiq artmışdı, ayaqları ağrayırdı, ürəyi partlamaya düşmüşdü. O qədər gərgin idi ki, maqnetizmi saçlarında hiss edirdi.
– Cənab mayor, mən onların cazibəsindən çıxa bilmirəm. Mənə kömək edin. Vaxtım daralır.
Növbəti 3 dəqiqə Samuray üçün əzablı oldu: Psixoloji test, dözümlük imtahanı...
Kabinədə həyəcan işıqları yananda ortalıqda ləngər vuran və özünə qapanan Samuray gözlərini açdı. Qadın səsilə danışan bələdçi-robot avto-pilot rejiminin işə saldığını dedi:
– Kəmərlərinizi bərkidin! İstiqamət Yer. Köməkçi maqnit mühərrikləri sizi maqnit burulğanından çıxaracaq.
Mayor Hümbətov Samurayın həyəcanını duymuşdu. Samuray bunu sonradan hiss etdi. İndi vücuduna rahatlıq yayılmışdı.
Qayıdanda Yeri zülmət içində gördü. Gecənin səssizliyində mürgü vuran şəhərlərdə işıq yox idi. Radio ilə əlaqə qurmağa cəhd etdi, amma cavab verən olmadı. Cihaz sanki xarab olmuşdu. Bir saatdan sonra aydınlığa çıxan şəhərlərin lampaları domino daşları kimi yenidən yanmağa başladı.
– Mayor Hümbətov, dan ulduzu sizi çağırır, qəbul.
O başdan Mayor Hümbətovun xırıltılı səsi eşidildi:
– Qəbulda...
Samuray bəd xəbəri duyurmuş kimi dedi:
– Nəsə olub?
– Heç nə olmayıb, – o, bir qədər susdu. – Əsas odur ki, sən sağsan.
– Atam yanınızda?
Mayor Hümbətovdan səs çıxmadı...
Samuray donuq baxışlarla Yerə baxırdı. Üfüqdən boylanan Günəş də yavaş-yavaş qaranlığı qovaraq planeti öz işığına qərq edirdi.
Məmməd Məmmədli
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayə
- Hits: 359
Dekabrın ilk həftəsi sərt başlamışdı. Xəzri aramsız yağan yağışı adamların düz üzünə çırpırdı. Sinoptiklər qar yağacağına söz vermişdilər. Bu zəhlətökən havada yağışda islanmışların tək istəyi tez evlərinə çatıb isti otaqlarına təpilmək idi. Küləyin başdan qapaz vuracağından qorxan Telman da papağından bərk-bərk yapışıb, iti addımlarla işlədiyi xəbər agentliyinə tələsirdi. Binaya daxil olan kimi papağını çıxarıb əlilə suyunu çırpdı. Həmkarı Araz onu görən kimi yanladı:
– Telman müəllim, Akademik Milli Dram Teatrında “Qeyrətini itirənlər” tamaşasının premyerasına getməlisiniz. Tamaşa axşam saat 16:00-da başlayır. Telman duruxdu, zəndlə Arazın üzünə baxdı və uzun fasilədən sonra xəbər aldı:
– O nə tamaşadır elə, “Qeyrətini itirənlər”, başqa ad tapmadılar?!
– Bilmirəm, Telman müəllim, onu bilirəm ki, bu axşam tamaşanın premyerasıdır.
O, paltosunu çıxarıb asılqana keçirdi, stolun arxasında yerini rahatlayandan sonra kompüterini açıb xəbər portallarında günün baş xəbərlərinə nəzər saldı. Gözü “Ölkədə benzin bahalaşdı...” başlıqlı yazıya sataşanda elə bil kefinə soğan doğradılar.
– Görürsən? Qiymətlər qalxır, saytlar yazır. Xaraba qalsın bu ölkəni! – deyib, dişi ilə “Camel” qutusundan qırmızı filtrli siqareti çəkib çıxartdı. Pencəyinin yan cibindən Rusiya istehsalı olan “Roketa” şəkilli kibrit qutusundan son 3 dənədən birini götürüb yandırdı. Əllərini qoşalayıb bir-iki dəfə “padsos” verəndən sonra dərindən bir qullab alıb nəzərlərini tavana dikdi. Otağı tüstü bürüdü...
Telman bəstəboy, kök bir kişi idi, 45 yaşını təzəcə adlamışdı. Binə Ticarət Mərkəzindən aldığı yeni kostyumu, uzun güllü qalstuku, qarsılmış bığları və qabağa çıxmış qarnı ona əsl müdir görkəmi verirdi...
Telman işini görə-görə Arazdan gedəcəyi tədbirin vaxtını bir də dəqiqləşdirdi. Redaksiyanın fotoqrafı Seymur qapıdan içəri boylandı:
– Mədəniyyət şöbəsinə eşq olsun!
Telman arxaya söykənib əli ilə qarnını sığalladı. Seymur otağın küncündə kompüterə başı qarışan Məmmədə işarə etdi:
– Yeni əməkdaşımız necədi, işə uyğunlaşa bilirmi?
Məmməd kompüterdə nəsə yazırdı.
– Salam, ay Məmməd, vəziyyət necədi?
Məmməd barmaqlarını klaviaturanın üstündə gəzdirərək başı ilə təsdiqləyici bir işarə cızdı. Onun bu hərəkəti “mən məşğulam və hər şey əladır” anlamına gəlirdi.
Telman qarnını qabağa verdi:
– Ay Seymur, özün görürsən də, necə bahalıqdı, amma maaş artımından bir söz demirlər. Dünən 400 qram çörəyi 1 manata aldım. Yeyə bilmədim, boğazımdan keçmədi, elə bil mədəm kiçilmişdi.
– Peşəni dəyiş! Müxbir çörəyi üstünə şəkər tozu səpilmiş bulkaya bənzəyir. Başımızı aldadırlar...
Telman yerindən qalxıb pəncərədən çölə boylandı, xəzrinin qovduğu qara buludlara tamaşa edərək dodaqaltı pıçıldadı: “kişmişli bulka...”
Fikirli-fikirli sonuncu tüstüsünü ciyərlərinə çəkib, kötüyünü çölə atmaq istəyəndə pəncərənin petləsi yerindən çıxdı. Bayırdakı dekabr özünü içəri necə soxdusa kağız-vərəq yerlə bir oldu. Seymurun qara saçlı pariki küləyin vıyıltısına dözməyib başından qopdu. O, özünü yerə atıb saçlarını qamarladı. Bütün bunlar bir neçə saniyənin içində baş verdi. İçəridəkilər özlərini saxlaya bilmədi. Telman elə bir şaqqanaq çəkdi ki, yazığın beli sərpdi. Rüsvayçılığa dözməyən Seymur otaqdan çıxdı.
Birtəhər pəncərəni sıxıb bağladılar. Bu dəm daxili telefona zəng gəldi. Telman özünü dəstəyin üstünə tulladı. Xəttin o biri ucunda agentliyin sədri axşamkı premyeranın çox mühüm bir tədbir olduğunu bildirdi və xəbəri yazarkən diqqətli olmasını tapşırdı. Telman “baş üstə” – deyib dəstəyi asdı.
Otaqda yeni mövzu açılmışdı:
– Görəsən, təbii parikdi, yoxsa süni? – Telman qımışa-qımışa dedi.
Araz fikirləşmədən cavab verdi:
– Təbiidir, Telman müəllim.
– Hardan bilirsən, yoxlamısan?
Otaqdakılar parik söhbətinə uğunub getmişdilər.
– Amma zalım oğluna yaman yaraşır ha, azı bir on yaş cavan göstərir. – Telman nöqtəsin vurdu.
Günortadan təzəcə keçmişdi. Telman işdən çıxıb teatra yollandı. Tədbirə gecikməsin deyə, yolu gah qaçır, sonra da tövşüyə-tövşüyə iti addımlara keçirdi. Nəhayət, özünü Akademik Milli Dram Teatrına çatdırdı. Zalın bir küncündə paltosunu və xüsusi dəyər verdiyi papağını çıxarıb qarderoba təhvil verdi. Sonra teatrın geniş foyesində tez-tez tədbirlərdə rastlaşdığı mədəniyyətin qaymaqlarına göz gəzdirdi.
Xəbəri müftə yazmazdı, dost-tanışın xahişini də nəzərə almazdı. Mədəni ictimaiyyət onu dollar Telman kimi tanıyırdı. O, kimin tədbirinə gəlibsə adam əlini mütləq cibinə salmalıdır. Yalnız bu halda tədbir saytda dərc olunacaq. Yəni dollar Telman pul qazanmağın yolunu bilirdi. Odur ki, Səlimşah Vəzirovun bir neçə ziyalılarla söhbət etdiyini görən kimi yanını kəsdirdi. Əl verib onunla görüşdü, yeni kitabının işıq üzü görməsi münasibətilə yazıçını təbrik etdi. Səlimşah Vəzirov da Telmanın qoluna girdi və onlar söhbətləşə-söhbətləşə kənara çəkildilər.... Bu an Telmanın gözünə elə bil işıq gəldi. Ortalıqda fotoçəkiliş edən Seymuru görən kimi yanına çağırdı.
– Seymur, çək bizim şəklimizi!
Tədbir başladı. Çıxış edənlər səhnədə müəllifin yaradıcılığından danışır, ünvanına xoş sözlər deyirdilər. Bildirirdilər ki, yazıçı ictimai problemləri əsərlərində işıqlandırdığına görə yaradıcılığı diqqətdən kənarda qalmamış, çoxsaylı mükafatlarla təltif olunmuşdur. Çıxışlar bitəndən sonra səhnənin ağır pərdəsi qaldırıldı. Yazıçının “Qeyrətini itirənlər” komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşa başladı...
Tamaşanı axıra qədər izləməyə səbri çatmayan Telmanın ürəyi sıxılırdı. Odur ki, astaca yerindən qalxıb əyilə-əyilə zalı tərk etdi və birbaş paltosunu, papağını almaq üçün qarderoba düşdü.
Seymuru paltarların arasında dayanmış qarderobçu ilə söhbət edən yerdə gördü. Amma yaxınlaşanda hiss etdi ki, elə bil mövzunu dəyişdilər. Qarderobçu qız tezcə onun üst geyimini məhəccərin üstünə qoydu. O da barmaqlarını şaqqıldadıb, paltosunu əyninə keçirdi. Seymuru gözləməyib aram addımlarla binanı tərk etdi.
Yol boyu heç nə haqda fikirləşmədi. Elektrik dirəklərinə baxa-baxa işıq lampalarını sayırdı. Üzünə yağış damcısı düşəndə asta yerişinə haram qatmalı oldu. Redaksiyaya təzəcə çatmışdı ki, leysan başladı...
Araz otaqda ətirlənirdi. Müdirin iydən məst olduğunu görəndə ondan xoşu gəlib-gəlmədiyini soruşdu, sanki təsdiq cavabı gözləyirdi. Telman da başının işarəsi ilə bəyəndiyini bildirdi və kompüterini açıb, yağışın şırıltısında premyeranı yazmağa başladı.
– Sabaha bizim nəyimiz var? – deyib üzünü Araza tutdu.
– Sabah “Cırtdan” tamaşasıdı, axşam da İbrahim Tatlısəsin konserti.
– Onları qoy kənara. Sabah 19:00-da Gülçöhrə Xatirənin yeni kitabının təqdimatı olacaq. Sənə pul verəcəklər, qayıdan başı məni görərsən.
– Axı Telman müəllim... – deyib, hirsini boğdu.
Telman işini bitirəndən sonra paltosunu götürdü. Papağı başına basıb otaqdan çıxdı. Yolda hiss etdi ki, papaq ona bir az böyükdür. Ürəyində fikirləşdi: “Elə bil hansısa yekəbaşın başından çıxıb.”
Araz evə getməyə hazırlaşırdı. Qalın gödəkcəsini geyinib güzgüdə özünə baxdı, əli ilə telini daradı sonra paltar dolabına göz gəzdirdi. Papaq orda yox idi. Kimsə onu götürmüşdü. Otağı ələk-vələk edən Araz əlacsız qalıb evə başıaçıq qayıtdı.
Üç gün yağış ara vermədən yağdı, küçələri sel-su apardı. Üç gün də Telman işə papaqla, Araz isə papaqsız gəldi. Nəhayət, dördüncü gün Araz dözmədi, qəzəblə Telmana dedi:
– Telman müəllim, bu sizin papağınız deyil axı, mənimkidi!
– Ola bilməz! Bu mənim papağımdır, səninki özündədi!
Mübahisə başladı, nə başladı! İş o yerə gəldi ki, bir-birinə keçdilər. Telmanın sifəti pörtmüşdü.
– Ay səni yekəbaş, özündən böyüyə əl qaldırırsan! – deyib Arazın başından şillə vurdu.
Onların tutuşmasına tamaşa edən Seymur yerindən sıçrayıb Telmanın qolundan yapışdı. Telman “çəkil qırağa!” – deyib, bir qapaz da Seymurun başına ilişdirdi. Şillə necə tutdusa Seymurun pariki yerindən çıxdı. Seymur hirsini güclə boğdu.
Ara bir qədər sakitləşdi. Araz təmkinlə papağın ölçüsündən və üzərinə qoyduğu nişandan sübut etdi ki, papaq ona məxsusdur. Həmən də papağı Telmanın əlindən qapıb öz başına basdı:
– Gördüz, Telman müəllim, papaq başımın ölçüsündədir. Halalca papağımdır.
Birdən Telmanın yadına düşdü ki, papağını keçən həftə Səlimşah Vəzirovun tamaşasında unudub. Vaxt itirmədən əynini geyinib Akademik Milli Dram Teatrına yollandı. Qaça-qaça pilləkənləri qalxıb qarderoba yaxınlaşdı və başına gələn əhvalatı qıza danışdı. Qarderobçu qız bir-bir asılqanları gəzdi, ancaq... qızın üzündəki ifadədən hər şey aydın oldu.
– Üstündən dörd gün keçib, niyə indi gəlmisiniz?
– Çünki indi yadıma düşüb... Hardan tapırsız tapın, qaytarın mənim papağımı! Telman əsəbi halda söylənir, az qala qızı divara dirəyirdi. Biləndə ki, qız papağı ona verə bilməyəcək tez direktorun otağına qalxdı. Həmən, Xanlar İbrahimova bu barədə məlumat verildi və o, Telmanı yanına çağırdı.
– Xanlar müəllim. Mən gəlmişəm, burdayam. – Telman utana-utana dedi.
– Buyurun keçin, nə məsələdir? Nə baş verib? – Direktor xəbər aldı.
Telman təmkinlə başına gələnləri təfərrüatı ilə ona danışdı. Ancaq özünü nə qədər sıxsa da həyəcanını gizlədə bilmirdi. Onun üçün papağını itirmək qeyrətini itirməyə bərabərdi. Xanlar İbrahimov alnını tər basmış tösmərəyi dinlədikdən sonra əlini telefonun dəstəyinə atdı və qarderob işçilərinin hamısını otağına yığdı. Onlar bir-bir içəri keçib əsgər manqası kimi sıraya düzüldülər. Xanlar müəllim yaxınlaşıb əlini Telmanın çiyninə qoydu və üzünü qızlara tutub amiranə səslə dedi:
– Bu kişinin papağını tapın!
Telman papağın tapılacağına inanırdı. Odur ki, teatrın direktoruna təşəkkürünü bildirdi. Ardınca papağın onun üçün əziz olduğunu təkrarən direktorun nəzərinə çatdırdı. Xanlar İbrahimov da itən əşyanın tapılacağına söz verib, Telmanı arxayın etdi.
– Sabah gəlib papağınızı götürərsiniz, – deyib Telmanın əlini sıxdı.
– Bir daha çox sağ olun, Xanlar müəllim.
Telman otaqdan çıxdı. Direktorun əminliklə dediyi sözlər ürəyinə rahatlıq gətirdi. Hava soyuq və küləkli olsa da o, bunu hiss etmirdi.
Ertəsi gün çovğun başladı. Hərarət hiss olunacaq dərəcədə endi. Deyəsən qar yağacaqdı. Şaxtalı havada Telman yolunu yenə teatrdan saldı. Qapıdan keçib qarderoba yaxınlaşdı. Qarderobçu qız onu görən kimi özünü itirdi:
– Papağı axtardıq, amma hələ tapmamışıq...
Hirsini boğa bilməyən Telman birbaş ikinci mərtəbəyə qalxdı. Seymurun direktorun otağından çıxdığını görəndə duruxdu. Seymur bir söz demədən yanından ötüb keçdi. Özünü itirən Telman fikirli-fikirli içəri girdi. Bu dəfə söhbətləri uzun çəkmədi.
Qanıqara görsənirdi. Direktor ona möhlət verməsini istəmişdi, odur ki, suyu süzülə-süzülə teatrı tərk etdi.
Mısmırığı yerlə gedirdi. İş otağına qalxanda Arazla kəlmə kəsmədi, paltosunu çıxarmadan birbaş kreslosuna çökdü. Kövrəlmişdi, boğazında titrəyən qəhərini güclə boğurdu, elə bil sevdiyi qadınını itirmişdi... Amma özünü toparlayıb kompüterini yandırdı. Bu vaxt Seymur gəldi.
– Nə qəşəng ətir vurmusan, Araz!
Arazın üstünə fısqırtdığı “El Paso” otağı sanki gözəgörünməz rəngə boyamışdı. Araz xasiyyətcə mülayim adam idi, ancaq papaq məsələsindən sonra Telmanla arası dəymişdi, küsülü idilər.
– Telman, niyə kefin yoxdu? Olmaya havalar sənə pis təsir edir? – Söhbətdən xəbəri yoxmuş kimi dedi:
– Yox ay Seymur, papağımı itirmişəm, – Telman xırıltılı səslə cavab verdi.
İçəri girəndən Seymurun bir gözü Məmməddə idi.
– Gənc əməkdaşımız yenə nəsə yazır.
Məmməd yazıdan aralanmaq istəməsə də bu dəfə Seymura cavab verməli oldu:
– Hekayə yazıram, Seymur müəllim.
– Nə barədədir?
– Heç, görüb-eşitdiklərimdən yazıram.
Səhəri gün sulu qar başladı. Səbirsizlikdən tıncıxan Telman başına qəzet tutub yenə teatra yollandı. Küçə boyu xanımların əlində tutduqları çətirə, kişilərin baş geyiminə baxdıqca dərindən köks ötürürdü. Papağının tapılacağına inanmasa da, ürəyində bir ümid közərirdi. Odur ki, yenə direktorun qarşısında dayanıb ondan cavab gözləyirdi. Xanlar İbrahimov ona baxıb:
– Nə məsələdir, Telman müəllim? – söhbətdən xəbəri yoxmuş kimi soruşdu.
– Mənim papağım tapılmadı! Onu mənə qaytarın! Tez olun! – Telman acıqlı-acıqlı hay-küy saldı.
Xanlar İbrahimov çənəsini ovuşdura-ovuşdura belə bir təklif irəli sürdü:
– Papağınızın qiyməti neçədir?
– 10 manat!
Direktor telefonun dəstəyini qaldırıb baş mühasibi yanına çağırdı. Otağa arıq, ovurdu-ovurdundan keçən, orta yaşlı bir kişi daxil oldu. O, qoltuğundakı qovluğu yerə qoymadan yanındakı qonağı görmürmüş kimi iri gözlərini qalın şüşəli eynəyin arxasından direktora zillədi. Xanlar İbrahimov izahat vermədən birbaşa əmrə keçdi:
– Büdcədən bu yoldaşa 10 manat verərsən, – sözünə bir qədər ara verib, fikrini yekunlaşdırdı, – ancaq iki gündən sonra.
Telman kor-peşman otaqdan çıxdı. Başı qazan kimi qaynayırdı. Dekabr şaxtası Telmanın qızmış bədəninə qalib gələ bilmirdi. İndi o, canındakı soyuğu hiss etmirdi, sazaq bircə onun ürəyini üşüdürdü.
Agentliyin qarşısında Arazı görəndə gözü başındakı papağına sataşdı. Özünü görməzliyə vurub telini duzəldirmiş kimi əlini saçlarına çəkdi. Düşdüyü vəziyyət Telmanı utandırdı, hətta otaq yoldaşına qibtə elədi.
Otağa qalxıb paltosunu çıxartdı. İşləmək həvəsində deyildi. Məmməd müdirin kefsiz olduğunu görüb soruşdu:
– Papağı tapa bildiniz?
Telman gənc əməkdaşın sualına cavab vermədi.
Seymur fotoaparatın ekranında son günlər çəkdiyi tədbirlərin şəkillərini nəzərdən keçirirdi. Yaddaş kartını boşaltmaq üçün sayta gedən şəkilləri bir-bir pozurdu ki, qarşısına ogünkü premyerada Telmanın Səlimşah Vəzirovla çəkdirdiyi şəkli çıxdı. Yaxınlaşıb fotonu ona göstərdi.
– Necədi?
Telman diqqətlə fotoya baxdı. Sağalmamış yarasına elə bil duz səpdilər. Bir söz demədən əlinin işarəsilə şəkli rədd elədi. Seymur yerində dikəlib xəbər aldı:
– Papağınız yenə tapılmadı?
Telman fikirli-fikirli siyirmədə saxladığı təzyiq dərmanını dilinin altına qoydu, ardınca da “Camel” qutusundan bir siqaret götürüb elə otaqdaca alışdırdı:
– Tapılmadı...
– Baho, nə pis oldu, – Seymur başını buladı, sonra da üzünü Məmmədə tutdu. – Dostumuz yenə nə yazır?
– Hekayəyə sonluq verə bilmirəm Seymur müəllim, düşünürəm...
Seymur dərindən nəfəsini çəkib, qayıdıb yerində əyləşdi.
Telman iki günü də belə yola verdi. Ertəsi gün teatra üz tutdu. Ancaq bu dəfə direktor məşğul olduğunu bəhanə gətirərək Telmanı qəbul etmədi, onu mühasibin otağına yönləndirdi. Telman həmən o, ovurdları batıq, çəlimsiz mühasibi görən kimi başladı:
– Papağı tapa bilmədiz, heç olmasa pulumu qaytarın.
Mühasib domba gözləri ilə islanmış beçə xoruzu kimi qarşısında dayanan Telmanı ayaqdan başa süzdü:
– Axşam gəlin, tamaşa bitəndən sonra.
Telmanın başına elə bil qaynar su tökdülər. Özünü təhqir olunmuş sayıb, içində qovurduğu qəzəbini püskürdü:
– Tüpürüm sizin teatra! – deyib, qapını çırpdı.
Axşam düşəndə külək artıq səngimişdi. Səma açıq və təravətli idi. Göyün üzündə sayrışan ulduzlar elə bil səssiz simfoniya çalırdı.
Telman baş götürüb harasa getmək, hamıdan uzaqlaşıb var gücü ilə qışqırmaq istəyirdi. Odur ki, avtobusa minib şəhərdən aralandı. Hündür bir təpənin başında göylərdən imdad diləyirmiş kimi ulduzlara sarı boylandı. Gör necə sayrışırlar… o, dərdini göylərə danışdı, ancaq ordan səs gəlmədi. Doluxsundu, qıvrılıb-açıldı, hönkür-hönkür ağladı...
Səmada bolidin axdığını görəndə ulduzların çox da uzaqda olmadığını zənn etdi. Ulduzlar sanki böyüdücü şüşə altında idilər. Azacıq da olsa fikri dağıldı. Gözünün yaşını silib, başının üstündəki mənzərəyə tamaşa etdi. Bu zaman ulduzlardan biri elə alışdı, elə coşdu ki, az qala qopub yerə düşəcəkdi. Telmanın daxilində anlaşılmaz bir vahimə baş qaldırdı. Ətrafda səs kəsildi, hətta ona elə gəldi ki, qulaqları tutulub.
Ulduz yavaş-yavaş göydə hərəkət etməyə başladı. Yerə yaxınlaşdıqca işığın gurluğu azalırdı. “Nə balaca ulduzdu!” – öz-özünə pıçıldadı. Sonradan onun naməlum bir möcüzə olduğunu düşündü. Möcüzə Telmanın dayandığı təpənin düz döşünə qondu. Bayaqdan canında gəzişən qorxu indi yoxa çəkilmişdi.
Möcüzəyə yaxından tamaşa etmək üçün asta addımlarla təpəni enməyə başladı. Göydən düşən naməlum obyektin iki addımlığında dayandı və ətrafa işıq saçan möcüzəvi ulduzun nazik bir pərdə ilə örtüldüyünü sezdi. Gözlərini bərəldib, zəndlə ona baxdı.
Obyektin içərisində spirala oxşar bir şey levitasiya olurmuş kimi boşluqda alovlanırdı. Gözlərini zilləyib sanki işığın mənbəyini görmək istəyirdi. Beyni yavaş-yavaş dumanlanırdı. Telman onun bir qarabasma olduğunu zənn etdi və dəli kimi paltosunu çıxarıb naməlum işığın üstünə atdı. Qorxusundan hələ ona bir yumruq da ilişdirdi.
Düşdüyü vəziyyət Telmana yuxu kimi gəlirdi. Əlini uzadıb paltosunu astaca özünə tərəf çəkdi. Anlayanda ki ulduz bildiyi lampanı vurub sındırıb özündən ixtiyarsız qəhqəhə çəkdi. Elə bu zaman paltosunun ətəyinə yapışmış dimdikli yun papağını gördü. Kimsə onu içəridən paltonun astarına tikmişdi. Fikirli-fikirli papağı dartıb ordan qopardı. Nəsə demək, danışmaq istədi, ancaq deyə bilmədi. Dil-dodağı sanki pərçimlənmişdi. Əlini ağzına aparıb dinməzcə durduğu yerdən aralandı.
Səhərisi qar yağdı. Yarım saatın içində hər tərəf dümağ oldu. Sevincinin yerə-göyə sığmadığı bu dəqiqələrdə Telman işlədiyi xəbər agentliyinə gedirdi. O, özünü gümrah hiss edirdi. İlk qar özü ilə hüzur gətirmişdi sanki. Havada uçuşan qar dənələri Telmanın sevincək gözlərinə dəydikcə göz yaşına çevrilirdi. Beləcə redaksiyaya qalxıb işçiləri bir-bir nəzərdən keçirdi. Hərə öz işi ilə məşğul idi. Seymur onun baxışlarına tuş gəlməsin deyə nəzərlərini tavanda gəzdirdi. Telmana vurduğu “şapalaq” onun üçün yaxşıca dərs olmuşdu. Telman daha bu mövzunun üstünə qayıtmadı. Həvəslə paltosunu çıxarıb paltar dolabından asdı, papağı isə ehtiyatla qarşısındakı masanın üstünə qoydu. Məmməd dimdikli papağı görüb gülümsündü. Deyəsən, hekayə sona çatmışdı.
MƏMMƏD MƏMMƏDLİ
17 dekabr 2024
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayə
- Hits: 418
Xəstəxanaya çataçatda şəhərə qaranlıq çökdü, günün gündüzündə günəş qeybə çəkildi, ətrafda səs kəsildi. Dünyanın sonu gəldiyini düşündülər. Nə baş verdiyini anlamırdılar, bir anlıq nitqləri tutuldu. Emin canındakı xofu qovub bərkdən qışqırdı:
– Hə, təbrik edirəm, Allahın qəzəbinə gəldin! Cəhənnəmə getmək istəyirsən mənsiz get! Həyatından bezmisən, mənim nə günahım var...
Coşqun mızıldandı, lakin heç nə demədi. Allahın günahkar bəndəsi başındakı qarma-qarışıqlığı sahmana salmağa çalışdı. Beynini ha çalışdırmaq istədi, heç nə alınmadı. Yazıq-yazıq onun üzünə baxdı, susdu.
Qarşıda yalnız beşmərtəbəli bir bina görünürdü. Aləm zülmətə dönsə də bulanıq, sarımtıl rəngdə bərq vuran xəstəxananı seçə bildilər. Gördüyü mənzərənin sehrinə düşən Coşqun “biz ora getməliyik!” – deyib, dostunun qolundan dartdı.
Xəstəxananın qapıları bağlı idi, ancaq hansısa qüvvə onları maqnit kimi içəri dartırdı. İzaholunmaz bir gücün qarşısında sanki hipnoz olurdular. Coşqun öz-özünə danışırmış kimi divardan yapışdı:
– Yuxarı çıxmaq lazımdı! – deyib, kərtənkələ təki dırmaşmağa başladı.
Coşqunun inadkarlığına etiraz edə bilməyən Emin də kərtənkələ yerişini aldı. Sanki fövqəltəbii bir varlıq ona görünməmiş güc verdi.
Xəstəxananın damında ürəkləri bulanır, canlarında yüksək hərarət hiss edirdilər. Coşqunun spontan hərəkətləri Emini özündən çıxarırdı. Həyatı elə bura qədər imiş... nə etdiyini anlamır, beynində pozuntular baş qaldırırdı. Düşüncələr içində kənara çəkilib, çarəsiz-çarəsiz hadisələrin gedişatını gözlədi. Bir dost kimi əlindən gələni etmişdi, bundan sonra artıq özü bilər...
Başlarının üstünü yadplanetli obyekt alanda qorxu canlarına elə sarmaşdı ki, yerlərində donub qaldılar. Nə gizlənə, nə də qaça bilirdilər. Təslim oldular...
Arada yaranan çəkisizlik ayaqlarını binanın damından üzdü. Onlar burula-burula naməlum obyektin içinə sovruldular...
* * *
Cimi Hendriksə qulaq asırdı. Payız günəşinin isitdiyi yarıqaranlıq otaqda boynunu büküb oturmuşdu. “Woodstock” festivalındakı konsertlərini dəfələrlə izləmişdi. Ən çox da 1969-cu ilin videoyazılarını dinləməyi sevirdi. Ağ stratokasterdə “Foxey Lady” mahnısını qıvrıla-qıvrıla ifa edən Hendriksi özü dəfələrlə dostlarının arasında təkrarlamışdı. Həmişə də Cimi Hendriks kimi şan-şöhrətli ifaçı olmağı arzulamışdı. Amma Coşqunu Bakının “Deja vu” rok-klubundan o yana tanımırdılar. Pis ifa etmirdi, musiqiyə ürəyini qoymuşdu, səhnədə özünü unudur, Hendriks kimi tamaşaçıların gözlərini qamaşdırırdı. Daha o qaradərilinin taleyini yaşamaq istəmirdi! Bu vaxt qapı döyüldü. Qalxmağa halı olmadığından elə oturduğu yerdən səsləndi:
– Gəl!
Emin içəri keçəndə gözlərinə inanmadı. Dostu onunla zarafat etmirdi. Coşqunun oturduğu divanın bir tərəfi al-qana boyanmışdı.
– Sən... Niyə özünü bu günə qoymusan?
– Emin, məni xəstəxanaya çatdır...
– Məsləhət görərdim əvvəlcə başını yoxladasan. Heç utanırsan? Bir qaradərilinin üstündə özünü öldürmək ancaq sənin kimi axmağın ağlına gələrdi, – Deyinə-deyinə ağıldan zayın qolundan tutub, ehmalca onu dikəltdi.
Xoşbəxtlikdən, xəstəxana yaxında idi. Yol boyu Emin ona həyatın astar üzünü başa salırdı.
– Sən bilirsənmi, insanın özünü öldürməsi Allah qarşısında işlətdiyi ən böyük günahıdır?
Coşqunun canından üşütmə keçdi.
– Sən bu hərəkəti eliyəndə heç ata-ananı düşündün? – Emin davam etdi. – Məlumun olsun ki, səndən fərqli, Cimi Hendriks özünü öldürməyib. Sən yaxşı ifaçısan, amma başqasının yolunu gedirsən. Bu, səni məşhur etməyəcək... bunu birdəfəlik qulağında sırğa elə...
Coşqun ağzına su alıbmış kimi yazıq-yazıq dostunun üzünə baxırdı.
– Spermatozoid olma! Sən ondan üstünsən...
Eminin dediyi söz dostunun qulağına şillə kimi dəydi.
Qəflətən hava qaraldı, günəş yoxa çıxdı. Küçələrdən insanlar, maşınlar qeybə çəkildi. Dostların canına vic-vicə düşdü...
* * *
Gitarasını səsgücləndiriciyə qoşub 70-ci illərin dəbdə olan rok mahnılarını çalırdı. Səsi o qədər qaldırmışdı ki, küçədəkilər səs gələn tərəfə baxır, narazı-narazı ötüb keçirdilər. Qonşularsa bu dəliqanlı gitaraçının musiqisinə çoxdan öyrəncəli idilər. Həftəsonu dostlarını başına yığan Coşqun 27 yaşını qeyd etmək üçün bu dəfə evində “parti” keçirirdi. Dostları da deyib-gülür, qızlı-oğlanlı oynayır, kresloda yayxanıb Xırdalan pivəsindən içə-içə Coşqunun ifasına qulaq asırdı. Kefləri saz idi... O qədər siqaret üfürmüşdülər ki, günəş işığı içəri düşməyə çətinlik çəkirdi. Coşqun da Hendriks kimi qıvrılır, gitaranı boyunun arxasında çalırdı, hərdən də simlərini dişi ilə tərpədirdi. Üç saatlıq “səs-küydən” sonra qonaqlar dağılışdı.
Coşqun günü “yaxşı” başa vurmağı planlamışdı. Görəsən həyatı bu gün bitsəydi, necə olardı? Odur ki, Cimi Hendriksin “Woodstock”dakı konsertlərini qoşub divanda özünə yer elədi. Damağında Marlboro, bir əlində də pivə şüşəsindən yapışan dəliqanlı gənc həyatını vərəqləməyə başladı. Öləndən sonra yaddaşlarda qalacağına inanırdı. “27-lər klubu”nun üzvü olmaq ümidi ilə cibindəki “lezvanı” çıxartdı. Kağızını cırıb qolun bükülən yerindən astaca sürtdü. Həmən dərisi açıldı... ağappaq damarı üzə çıxdı... İkinci cəhddən sonra içəridə axan tünd qırmızı mayeni azadlığa buraxdı. Qan fəvvarə təki elə fışqırdı ki, divanı, yeri, hətta tavanı belə qırmızı rəngə boyadı. Damağındakı siqareti buraxmadan qanı ilə çəkdiyi mənzərəyə tamaşa edirdi...
Qanın təzyiqi düşdü, fəvvarənin gücü azaldı, ancaq o, huşunu itirmədi... “Qəribədir niyə ölmürəm bəs?” – deyə ağlından keçirdi. Bir anda ölmək fikrindən daşındı. Anladı ki, ömür insana verilən taledir və o, bu taleni yaşamalıdır. “Görünür vaxtım hələ çatmayıb...” – öz-özünə dedi.
Mobil telefonla dostuna zəng vurdu.
– Emin, damarımı kəsmişəm, tez məni həkimə apar, – deyib, telefonu bağladı.
Televizorda “Foxey Lady” mahnısını ifa edən Cimi Hendriks ağ gitarası ilə tamaşaçıları coşdururdu, ancaq Coşqun üçün indi bunun heç bir əhəmiyyəti yox idi...
* * *
Coşqun yuxudan ayılıb adəti üzrə səhərin siftəsinə siqaretini yandırdı. Tüstülədə-tüstülədə başını pəncərədən çıxarıb yoldan keçən maşınlara, işə tələsən adamlara baxdı. Günəş düz gözünə düşürdü. Kefi kökdür. Necə də olmasın, axı bu gün 27 yaşı tamam olurdu. Özəl günündə valideynlərini qohumlarıgilə yollayıb “parti” keçirmək üçün dostlarını evə çağırdı. Yeyib-içmək, siqaret, bir də gitara... necə deyərlər, budəfəki ad günü yaddaqalan olacaqdı. Emini də unutmadı. Telefonla zəng vurub dəvətinin məqsədini açıqladı:
– Şimal maralı, necəsən? – o, dostunu belə çağırırdı. – Sənə bir sualım var. Sən “27-lər klubu” haqqında nə bilirsən?
– Coşqun, sən elə bir vaxtda zəng vurdun ki... əlimdə işim var, sonra danışarıq.
– Yox e, sən bilirsən ki, Cimi Hendriks, Cennis Coplin, Emi Vaynhaus, Morrison, Kurt Kobeyn...
– Hansı Kurt Kobeyn, “Nirvana” qrupundakını deyirsən?
– Bəli dostum, özüdür ki, var. Onların hamısı 27 yaşda ölüb. Mənim də bu gün 27 yaşım tamam olur. Odur ki, səni “parti”mə dəvət edirəm.
– Nəsə mənə tam aydın olmadı. Əvvəla təbrik edirəm, 100 yaşa. Amma sənin “27-lər klubu” ilə nə əlaqən? Bəlkə, kluba üzv olmaq istəyirsən?
– Bəli dostum, düz başa düşdün. Mən bu gün dostlarımla vidalaşıram.
– Nəsə gözümə “yaxşı” dəyirsən. Amma mən bu gün məşğulam. Sabah bir yerdə oturarıq, – deyib telefonu bağladı.
Coşqunun kefi saz idi, Hendriksin gitarası kimi... Odur ki, küncə qoyduğu ağ stratokasterini götürüb divanda yerini rahatladı. Gitarasını kökləyib, “Mi” simini “Re”yə endirdi. Bu gün “ağır parti” olacaqdı, bütün dostları ilə yaxşı əylənəcəkdi...
MƏMMƏD MƏMMƏDLİ
“ULDUZ” jurnalı – aprel 202
- Details
- Written by: Məmməd Məmmədli
- Category: hekayə
- Hits: 325
Əlində araq şüşəsi sahil boyu hara getdiyinin fərqində deyildi. Ayaqları dənizin qumuna dolaşır, bədəni dalğaların xışıltısında boşluğa yuvarlanırdı. Ölmək, torpağa qarışıb yox olmaq, lap elə cəhənnəmə getmək Aslan üçün ən yaxşı son olardı, əgər o, naməlum məxluqlarla üzləşməsəydi...
Gecəni məst edən ay işığında dayanıb Xəzərə tamaşa edirdi. Gözləri ağaran dalğalara qoşulub rəqs edir, arabir səmanın dənizlə birləşib itdiyi boşluğa zillənirdi. Birdən ona elə gəldi ki, suyun üzü alışıb yanır. Həmən sərsəmlədiyini sandı, bu ola bilməzdi. Zəhrimarı bu dəfə qədərindən artıq içib. O qədər içib ki, dəniz gözünün qabağında alışıb yanır. Başını silkələdi, gözlərini yumub açdı. Yox! Bu, qarabasma deyildi! Dəniz qaynayıb coşduqca içindən bir “Günəş” çıxırdı.
Günəşə bənzər naməlum obyekti görəndə sinirləri tab gətirmədi. Vahimə onu basdı, dizləri boşaldı və əlində bərk-bərk tutduğu araq şüşəsini yerə atıb qaçmağa başladı. Bəlkə mən yuxu görürəm? Ola bilməz... bu, mənim gözümə göründü! Bəs bu işıq topası hardandı?
Uzağa qaça bilmədi, arxadan elə bil onu maqnit kimi tutub saxladılar, taqətdən saldılar və o, çarəsiz-çarəsiz yerə çökdü.
– Getmə, dayan! Biz sənə zərər vermərik. – kimsə onun beyin hüceyrələrini tərpətdi.
Hipnoz olunmuş kimi yerindən qalxıb dənizə üz tutdu. Suya girəndə dərinliyi hiss etmədi. Ona elə gəldi yelkənli qayıq təki suyun üstü ilə şütüyür. Günəşə yaxınlaşdıqca cazibə qüvvəsi daha da artdı və o, huşunu itirib qırmızı kürənin içinə sovruldu.
– Siz kimsiniz, hardan gəlmisiniz? – Dərin yuxudan ayılırmış kimi dedi.
Qarşısında qaraltı kimi dolaşan əcaib məxluqlardan biri insan kimi danışdı:
– Biz sənə hardan gəldiyimizi söyləsək, bir şey anlayacaqsanmı?
– Məndən nə istəyirsiniz? – dili ağzında dolaşdı.
– Biz sənin dərdini bilirik. Səni 30 il çəkdiyin iztirabdan qurtarmaq istəyirik. Bizə etibar edə bilərsən. Qorxma!, – küt səslə dedi.
Bu zaman kosmik fəzada asılı qalmış astronavt kimi ayaqları yerdən üzüldü, başına torba keçirib harasa apardılar.
– Buraxın məni, Günəş balaları, köpək uşaqları...
Aradan nə qədər vaxt ötdüyünü, başına nə oyun açdıqlarını hiss etmədi. Təslim oldu...
Beləcə dəniz özünə lazım olmayanı sahilə atdığı kimi onu da qumun üstünə tulladılar. Bütün gecəni ölü kimi düşüb qaldı. Özünə gələndə hava artıq işıqlaşırdı. Ayağa qalxıb ətrafa göz gəzdirdi. Yaddaş qırıqlığına uğramışdı. Axı onun sahildə nə ölümü vardı? Anlamırdı. Üst-başını çırpıb evə qayıtdı...
Qapını açıb içəri keçəndə gördüyü mənzərədən çaşıb qaldı. O, anasının gözünün ağı-qarası, yeganə balası idi. Axşamdan oğlunun 35 yaşını qeyd etmək üçün hazırlıq görən ana balasının yolunu gözləyə-gözləyə başını masaya söykəyib yuxuya getmişdi. Əlini ehmalca anasının saçına çəkdi. Süfrədə aş, aşqara, cürbəcür salatlar, kəsilməmiş tort, hamısı onu gözləyirdi. Kefi duruldu. İştahla aş-qaradan götürüb boşqabı qabağına çəkdi.
Anası başını qaldırıb ağzını marçıldadan oğluna zəndlə baxdı.
– Hardaydın?
– Dənizdə.
– Yenə sərxoşluq edirdin, hə? Atanı fikirləşirdin? Bədbin olma, oğlum, gələcəyə bax.
Aslan heç nə olmamış kimi anasının üzünə gülümsədi:
– Hansı atanı?
Ana oğlundan bu cavabı gözləmirdi. Səsindəki soyuqluq beynində qarışıq fikirlər oyatdı.
Aslan bu vaxtadək elə bil quyunun dibində ömür sürürdü. Oradan çıxmağı düşünmürdü. Oğluna kömək əlini uzatsa da aralarındakı məsafə onu həyata qaytarmağa bəs eləmirdi. İki dünya arasında ilişib qalmışdı Aslan. Nə ölə bilirdi nə də... quyudan çıxmağa çalışırdı. Oğlunun bədbin fikirlərə qapılması, göz görə-görə “intihar” etməsi ananı üzürdü. İndi atası haqqında solaxay sualı ananı üşütdü:
– Necə yəni hansı atanı?! Şəkillərdə gördüyün, sevə-sevə xatırladığın atanı, – ana ağlamsındı.
Atasının yoxluğu, uzun illər qəlbində daşıdığı atasızlıq kimi ağır yük elə bil sovrulub yox olmuşdu. Dənizdə başına gələn hadisə onu büsbütün dəyişmiş, sanki quyunun dibindən dartıb həyata qaytarmışdı. İndi o, lili çökmüş suya bənzəyirdi. Bununla belə gözlərində bir qədər laqeydlik də sezilirdi.
– Mən atamı xatırlamıram.
Bu dəfə ana əməlli-başlı heyrətləndi. Gözlərini iri açıb narahat-narahat soruşdu.
– Sənə nəsə olub, oğlum?
Sakit baxışlarla düz anasının gözünün içinə baxdı:
– Heç nə olmayıb, ana, ciddi deyirəm, mən atamı xatırlamıram.
Anasının sualları ona bir az qəribə gəlirdi, elə bil “ata” sözünü həyatında heç vaxt dilinə gətirməmişdi.
– Bəlkə başına hava gəlib? Yalvarıram, o zəhrimarı daha içmə!
– Narahat olma, – ağzındakı loxmanı çeynəyib sözünə davam etdi. – Sadəcə atasız böyüdüyüm üçün yadıma düşmür. Yəqin sən deyən kimi içkinin təsirindəndi.
Bu sözlərdən sonra anası sakitləşdi. Üzündəki təbəssümü görüncə özündən ixtiyarsız 30 il əvvəl baş vermiş hadisədə balaca Aslanın gözlərində donmuş, anlaşılmaz ifadəni xatırladı...
* * *
Soyuq yanvar ayı idi. Şahnaz mətbəxdə yeməyə baxır, balaca Aslan da pedallı avtomobilini minib o baş, bu başa sürür, qabağına çıxanı vurub dağıdırdı. Sözəbaxan uşaq deyildi. Valideynləri onun heç bir arzusunu ürəyində qoymazdı, nadincliyinə görə bir söz deməzdilər. Atası ona hər ay yeni animasiya qəhrəmanı hədiyyə etsə də, oyuncağa olan sevgisi cəmi bir gün çəkirdi, səhərisi ya başı qopmalıydı ya da ayağı. Evdə o qədər oyuncaq avtomatı, təyyarələri vardı ki, yığıb-yığışdırmaq olmurdu. Atasına olan sevgisi də özünəməxsus tərzdəydi. Hamıdan tez durur, duran kimi, çarpayıya dırmaşıb atasının qulaqlarını dartışdırırdı. O, məhz oğlunun hesabına işə gecikmirdi. Canlı saat düz onun evində yaşayırdı. Aslan oyandısa evdəkilər yatmamalıydı. Əks halda nəsə düşüb sınacaq, yaxud da evi su basacaqdı.
– Aslan, get o biri evdə oyna, imkan ver işimi görüm. İndi ata gələcək, sənə gözəl bir hədiyyə gətirəcək. – Şahnaz toyuq budlarını çevirə-çevirə oğluna səsləndi.
Aslan pedala basıb maşını var gücü ilə yataq otağına tərəf sürdü. Qapını vurub təkərini şkafa dirədi. Bir-iki dəfə dala-qabağa verib dayandı, yoruldu.
Yataq otağı Aslanın gözündə bir avtodayanacaq idi. O, hər dəfə maşını park etmək istəyəndə bu otağa salırdı. Bununla belə nəyisə kəşf etmək hissi heç zaman onu tərk etmirdi. Odur ki, növbəti axtarışını elə həmin paltar şkafından başladı.
Paltarları töküşdürüb şkafın gözlərini gəzirdi. Hündür əlçatmayan yerlər Aslan üçün bir tapmacaydı. O, alpinist kimi elə hey yuxarı dırmaşmalıydı.
Budur, artıq şkafın başındadır. Heç vaxt görmədiyi əşyanı tapdığından maraq onu götürüb. Görəsən nə var bunun içində? Yaman ağırdı! Nə üçündü görəsən?
Oğlunu görməyə tələsən ata hələ də tıxacdaydı. Vaxtı öldürmək üçün mühərriki söndürüb radionu qoşmuşdu. 105FM dalğasında “Bakuba” qrupunu dinləyirdi. Cazı sevdiyindən vaxtın necə ötdüyünü hiss etmədi. Başını qaldıranda yol açılmışdı, hətta arxadakı sürücülər siqnal verirdi ki, sür də, nə durmusan. Mühərriki işə salıb yoluna davam etdi.
Yaşadığı binanın həyətində maşını saxlayıb, Aslanın hədiyyəsini götürərək tələsik evə qalxdı. Səbirsizlənir, həm də sevinirdi. Görəsən “transformer” oğlunun xoşuna gələcək? Yoxsa bu da birgünlükdü?
Liftdən çıxıb qapını döydü. Açan olmadı, bir də döydü. Harda qaldı bu Şahnaz? Nəhayət yoldaşı qapını açdı.
Evə girən kimi ucadan oğlunu səslədi.
– Aslanım mənim! Gör ata sənə nə alıb!? – deyib yataq otağına keçdi.
– Hardadı mənim vəhşi pişiyim?
Başını qaldıranda Aslanı gördü. Bir göz qırpımında evi sanki ildırım vurdu. Ata iki addım geriyə çəkilib çarpayının üstünə yıxıldı.
* * *
Məgər Aslan həmin gecəni xatırlamırdı? Bu vaxtadək özünü günahkar sayan həyatı boyu çəkdiyi iztirabları necə unuda bilərdi?! Nə baş verdi ki, uzun illər qəlbində daşıdığı acısını dənizdə qoyub gəldi? Şahnaz ürəyində sevinsə də bu sualın cavabını axtarırdı.
– Sən dənizdə neynirdin, oğlum? Nə gördün orda? Çalış yadına sal.
– Desəm inanmayacaqsan, – yeməyinə ara verib sözünə davam etdi. – Başqa ulduzdan gəlmələr məni tutub saxlamışdılar. Hiss edirəm onlar mənə nəsə edib. Amma tam xatırlamıram, dünənki gecə yaddaşımdan ən qorxunc xatirəni silib elə bil.
Şahnaz indi hər şeyi başa düşdü. Oğlu yarasını qaşımasın deyə bir daha atasıyla bağlı mövzuya qayıtmadı. Anladı ki, unutqanlıq insanı ən ağır dərddən belə azad edə bilər. İndi 30 il bundan əvvəl baş verən hadisənin sirrini yalnız Şahnaz bilirdi. Və o, bunu heç kəsə söyləməyəcəkdi.
Həmin gecə Şahnaz özünü otağa atanda ağlına gətirdiyi gerçək oldu. Aslan əlindəki ov tüfəngini bərk-bərk sıxıb donmuş baxışlarını düz atasına zilləmişdi...
MƏMMƏD MƏMMƏDLİ
“ULDUZ” jurnalı – noyabr-dekabr 2023
