Mammad Mammadli
  1. You are here:  
  2. Home
  3. Hekayələr

İki dünya arasında

Details
Written by: Məmməd Məmmədli
Category: hekayələr
Published: 09 April 2022
Hits: 0
  • Mammad Mammadli

Yerin mənzərəsini illüminatordan seyr edirdi. Ağappaq, seyrək buludlar süd kimi dağlara, dənizlərə dağılırdı. Gözlərinin qarşısından keçib gedən yaşıl meşələr, mavi okeanlar, sapsarı qumlu səhralar gerçək bir nağıla bənzəyirdi. Bu gözəlliyi seyr edincə sevincindən gözləri yaşardı. Qəfildən Yer ondan aralandı və o qədər uzaqlaşdı ki, sonda ağappaq ulduza dönərək gözdən itdi. Ulduzların arasında Günəşi aramağa başladı. Görəsən, harda idi, geriyə yolu necə tapacaqdı? Özünü toparlayıb baxışlarını kainatın bölgələrində gəzdirdi. Ulduzlar buradan nöqtə kimi görünmürdü, əksinə daha şiddətlə sayrışırdılar. Hərəsi bir rəngdə, bir çalarda görünüşlərilə sanki zülmətə meydan oxuyurdular. Və ona elə gəldi ki, ulduzlar o qədər də uzaqda deyil. Bu zaman sürət artdı, gözünün qarşısındakı mənzərə sanki rəssamın qarışıq boyalarla kətan parça üzərində yaxdığı anlaşılmaz bir rəsminə bənzədi. Gözləri torlandı, heç nəyi ayırd edə bilmədi. Ona elə gəldi ki, qarşısında nə vardısa ondan uzaqlaşır, amma qalaktikanın kiçildiyini ayırd edəndə hardan gəldiyini anladı… və insanlardan bu qədər uzaqda olmasından xoflandı. Tənhalığın vahiməsi canına üşütmə saldı. Bu zaman arxadan çiyninə dördbarmaqlı bir əl qondu:

– Narahat olma, biz səni olduğun yerə aparacağıq.

Arxaya çevriləndə baxışları boz rəngə çalan bir cüt iri gözlə qarşılaşdı. Gözlər bu yalqız insan övladının ürəyindəkilərdən xəbərdarmış kimi, onda səyahətin maraqlı keçəcəyinə əminlik yaradırdı…

Bu dəfə isə illüminatordan baxanda qarşısında tam başqa bir mənzərə açıldı. Mavi ulduzun sehrinə düşdüyündən qamaşan gözlərini ondan çəkə bilmirdi. Bu, Deneb idi. Bir qədərdən sonra gözləri gur işığa alışdı. Daha sonra kosmik aparat ona doğru uçmağa başladı. İndi ulduz elə nəhəng görünürdü ki! Ətrafa saçdığı od-alovun işığı üzünə çökmüş vahimə qarışıq təbəssümü aydınlatdı. Deyəsən, arzusuna çatmışdı, ancaq nədənsə, Denebin orbitində canına yenidən qorxu düşdü. Az keçmiş maraq bu əcaib qorxunu üstələdi və özündə güc hiss etdiyindən hədsiz bir acgözlüklə tamaşasına davam etdi. Mavi ulduzun səthindəki tünd ləkələrdən gözünü çəkə bilmirdi. Amma yaxınlaşdıqca bu ləkələrin dağlar, dərələr olduğunu gördü. Necə də əsrarlı bir mənzərə idi! Bu mənzərəni heç nə əvəzləyə bilməzdi! Yavaş-yavaş ulduzun atmosferinə daxil oldular. Uçduğu kosmik aparatda uğultuya qarışan cırıltılar beynini elə sancırdı ki, az qala qulağının pərdəsi deşiləcəkdi. Çox keçmədən hərarət endi və bədəni soyumağa başladı. Büzüşüb bir küncə qısıldı. Bayıra baxmağa cürət etmirdi. Kosmik aparat dərələrin birinə enəndə boz rəngli gözlər yaxınlaşaraq ona şüuraltı məlumat ötürdü:

– Qalx ayağa, çatmışıq. İndi bayıra çıxa bilərsən.

Əyninə əcaib bir skafandrı təzəcə geyindirmişdilər ki, ayaqlarının altında balaca bir dəlik açıldı və getdikcə genişlənməyə başladı. Nəhayət o, dəlikdən keçib yavaş-yavaş aşağıya endi. Ayağını ulduza basan kimi dəlik kiçilib yox oldu. Özünü itirmiş halda ətrafa göz gəzdirdi. Ucu-bucağı görünməyən dərə sanki onu sonsuzluğa buraxmışdı. Ayağıyla yeri yoxladı. Bura ilk baxışda möhkəm, sərt təsir bağışlasa da bəzi yerlərdə çatlar yaranmış və ulduzun qaynayan nüvəsindən özünə yol tapmış mavi rəngli maye axıb çökəklikləri doldurmuşdu. Buralar çox soyuq idi. Şaxtalı havanı yararaq dərədə gəzişməyə başladı. Əyildi ki, yerdən bir nümunə götürsün, ancaq alınmadı. Yer düşündüyündən də möhkəm idi. Əllərini qoşalayıb civəyə oxşar mavi mayeni ovcuna aldı. Ovcunda öz əksini görəndə yaddaşını itirmiş kimi oldu, kimliyini, hardan gəldiyini unutdu. Haldan-hala düşdü, bu müəmmalı maddə sanki ruhunu canından sovururdu. Birdən yerin çatları aralanmağa başladı. Maye qaz ətrafı bürüdü və o, dizə qədər qalxan bu sehrli maddənin içində var-gəl etdi. Hərarət durmadan artırdı. Canına istilik gəldi. Hər yan oda büründü. Cəhənnəm alovu ətrafı külə çevirirdi. Qəflətən baş verən güclü partlayış hər şeyi göyə sovurdu… Təyyar qışqırıb yerindən dik atıldı. Anası hövlnak özünü içəri atdı:

– Nə oldu sənə, qadan alım, yuxu görürdün?

– İşığı yandır! – Təyyar həyəcanla səsləndi.

– A bala, səhərdi, hər tərəf işıqlıdı.

– Ana, mən görmürəm…

– Allah məni öldürsün, ay oğul, niyə görmürsən?

Təyyar gözlərini ovuşdurdu:

– Narahat olma ana, keçib gedər.

Təyyarın gözündə hər yer zülmət idi. Amma təlaşı çox sürmədi. Bir qədərdən sonra gözlərinə yavaş-yavaş işıq gəldi. Bədəni tər içindəydi. Anasının yanından sivişib hamam otağına keçdi. Soyuq duş qəbul etdikdən sonra əlini telefona atdı. Xəttin o biri ucunda Emin dəstəyi götürdü:

– Alo!

– Salam! Gəl Malakan bağına, sənə deyiləsi sözüm var…

Dostlar tez-tez görüşdükləri Malakan bağındakı kafedə menyunu vərəqləyirdilər. Təyyar pivə sifariş etdi. Nədənsə, mətləbə keçmək onun üçün çox çətin idi. Bilmədi, sözə hardan və nədən başlasın. Nəhayət Emin dilləndi:

– Bilirsən təqvim oğrusuna məhkəmədə neçə ay iş verdilər?

– 12 ay.

Təyyar belə əyləncəli sualları dostundan tez-tez eşidirdi, odur ki, eyni ahənglə məzəyə keçdi:

– Bəs sən bilirsən qatil əylənmək istəyəndə nə edir?

– Vaxt öldürür?

– Əhsən! Yaxşı bəs ona neçə il düşür?

– Bax bunu hakimdən soruşmaq lazımdı.

Ofisiant Təyyarın sifarişini gətirdi, şüşənin qapağını ehmalca açıb, pivəni bakallara süzdü və onlardan aralandı. Emin bir siqaret alışdırdı, Təyyarsa çəkib qurtardığı siqaretin kötüyünü külqabına basaraq yenisini yandırdı. Həyəcanını gizlədə bilmirdi.

– Emin, zarafat qalsın bir yana, amma inanmazsan, dəhşətli bir yuxu görmüşəm – deyib, alnının tərini sildi.

– Nə yuxu?

– Bilirsən, elə bir yerdəydim ki… – dərindən ah çəkib, yuxusunu birnəfəsə danışdı.

Bu qarışıq, çarpaşıq yuxudan bir şey anlamayan Emin soyuq, laqeyd halda əlini yellədi:

– Hə, nə var burda, yuxudu də. Bircə o maraqlıdı ki, bu boyda əhvalatı yadında necə saxlamısan. Adətən, yuxular yaddaşdan tez silinir.

– Bu adi yuxu deyil, gerçəklikdi… eh, səni necə başa salım. Bilirsən nə var, gəl Xaçmaza gedək.

– Xaçmazda nə ölümümüz var?

– Sənə möcüzə göstərmək istəyirəm.

Təyyar yol boyu hələ də ötən gecə gördüyü yuxunun təsirindən ayıla bilmirdi. Nədən danışırdısa, yenə mövzunu o əsrarlı yuxunun üstünə gətirirdi.

– Sən lap kino görmüsən ki… – Eminin diqqəti yolda olsa da bir gözü Təyyarda idi. – mənə sarı çön görüm, elə bil gözündə çəplik var.

– İndi görürsən bəyəm? Bu, anadangəlmədi. Sağ gözüm dartmır…

Onlar Xaçmaza gecəyarı çatdılar. Emin maşını yolqırağı “Meşəli” istirahət mərkəzinə sürdü. Özlərinə rahat bir ev tutdular. Otağa girən kimi çarpayıya sərələndilər, ancaq çəyirtkələrin cırıltısı, bir də mələfələrə hopmuş meşənin nəmişliyi yuxularına zəhər qatırdı. Təyyar yerinin içində bir siqaret yandırıb tüstünü hərisliklə içinə çəkdi. Emin də əlini alışqana atdı. Adda-budda nə danışırdılarsa, söhbət yenə möcüzəvi yuxunun üstünə gəlirdi.

Bir anda şüşələr çilik-çilik oldu. Səbəbini anlamayan dostlar yerlərindəcə qurudular. Bəbəklərinə nüfuz edən fotonlar bütün beyin hüceyrələrini yerindən oynatmışdı. Handan-hana gözlərinə işıq gəldi. Qorxu içində baxışdılar...

– Bu nədi ə? Nə baş verir burda? – Emin əlləri ilə başını tutdu.

– Mən sənə demişdim axı...

Bayırdan gələn işıq dalğası pəncərələri yerindən qoparmışdı. Hər yer şüşə qırıntıları içindəydi. Emin yan-yörəsinə baxıb:

– Bu, necə ola bilər, axı?

Təyyar yerindən sıçrayıb, özünü bayıra atdı.

Aralıda ağacların arasından boylanan ağ rəngli iri bir şar nəzərini cəlb etdi. Şar o qədər böyük idi ki, qaranlıq meşənin səssizliyində insanı vahimələndirirdi. Təyyar yadplanetlilərin ondan ötrü gəldiyini zənn etdi və şara doğru qaçmağa başladı. Canında xof olsa da hansısa bir qüvvə onu şara sarı çəkirdi. Uzaqdan əcaib məxluqları görən kimi “Mavi ulduz! Yay üçbucağı! Deneb!” – deyə, qışqırmağa başladı. Ancaq yadplanetlilər ona əhəmiyyət vermədən kosmik aparatlarına mindilər. Təyyar sürətini artırıb onlara çatmağa çalışırdı, “bir dayanın, məni də götürün” – deyib, elə hey qışqırırdı. Bu vaxt ayağı büdrəyib üzüqoylu gölməçəyə yıxıldı. “Mavi ulduz! Mavi ulduz!” – əlini onlara sarı uzadaraq dedi. Amma gec idi. Şar sürətlə göyə qalxıb, bir göz qırpımında havada itmişdi. Təyyar sevimli oyuncağını itirmiş uşaq kimi məyus oldu. Kim bilir, belə bir fürsətlə bir də qarşılaşacaqdımı… Təngnəfəs halda ayağa qalxıb üst-başını çırpdı və suyu süzülə-süzülə geriyə döndü.

Otağa girər-girməz Emin suallarını uc-uca caladı:

– Dostum, nə baş verir burda? Sən məndən nəyisə gizlədirsən, danış.

Təyyarın arzusu bir anda içindən tüstüsü çıxan çürümüş qoz kimi puç olmuşdu. Heysiz halda mızıldandı:

– Eh...

Həmin gecə kəlmə kəsmədilər. Hərə öz fikirlərinə qərq oldu, nə vaxt yuxuya getdiklərindən xəbərləri olmadı. Axşamdan cırıldaşan çəyirtkələr də səslərini kəsdilər...

Hava küləkli idi. “Əlif Hacıyev” elmi tədqiqat gəmisi dalğaların arasında yırğalanırdı. Xəzri göyün üzünü alan qara buludları ora-bura qovur, buludlar da sanki buna etiraz olaraq hirsini şimşəklə çıxarırdılar. Gəminin göyərtəsində qapıdan bərk-bərk yapışıb qəzəblə yağışı seyr edirdi. Bədəni titrəsə də soyuğu hiss etmirdi. Yırğalandıqca gözləri dalğalanır, ürəyi ağzına gəlirdi. Ancaq ona verilən tapşırıq narahatlığını bir bal artırdı. Kapitanın göstərişilə batmış sualtı qayığı tədqiq etmək üçün arxası üstə dənizə kəllə vurdu. Yavaş-yavaş Xəzərin dərin qatlarına dalmağa başladı. Su bulanıq olduğundan üç-beş metrdən o yanı görmək mümkün deyildi. Yan-yörəsindən balıqlar şütüyüb keçirdi. Onların gümüşü pulcuqları bulanıq suda sanki ay işığının altındaymış kimi bərq vururdu. Balıqlar o qədər yaxında idilər ki, hətta, əllə onlara sığal çəkirdi. Balıqlar da onun nəvazişini duyurmuş kimi onunla oynaşırdılar. Dərhal suda itir, sonra da kabus kimi qəfildən peyda olurdular. Qolundakı cihaza baxdı – 130 metri göstərirdi. Hələ bir qədər də enməli idi, çünki bu ərazidə suyun dərinliyi 240 metrə çatırdı. Dərinliyə daldıqca suyun hərarəti yavaş-yavaş aşağı düşürdü, o isə buna əhəmiyyət vermir, “görəsən sualtı qayıq hansı səbəbə batıb? Onu tapmaq mümkün olacaqmı?” – sualları ilə beynini yükləyirdi. Nəhayət, dənizin dibi göründü. Başındakı fənəri yandırıb ətrafa göz gəzdirdi. Su o qədər bulanıq idi ki, bir neçə metrdən qabağı görmək olmurdu. Əlini qumun üzərində gəzdirdi. Lil səhrada qopan fırtına təki suyu bulandırdı. İrəliyə doğru üzməyə başladı. Qayığı tapmaqda israrlıydı. Ziqzaqvari üsulla axtarışına davam etsə də qayığın qırıntılarına belə rast gəlmədi. Bu zaman kütüm sürüsü onu əhatəyə aldı. Başının üstündə, ətrafında fırlanan balıqlar əvvəlcə ona yaxınlaşmağa cürət etməsələr də sonradan oğlanın kombinezonunu dartışdırmağa başladılar. Təkləndiyini görəndə əl-qol atıb onları özündən kənarlaşdırmağa çalışdı. “Bəlkə məni yemək istəyirlər?”, – bir anlıq ağlından keçirdi. Ancaq balıqlar pərən-pərən olub, yenidən sürü halında ona doğru üzəndə yəqin etdi ki, bu dilsiz-ağızsızlar ona nəyisə göstərmək istəyir. Dərhal arxalarınca üzməyə başladı. Xeyli üzmüşdü ki, relyefin dəyişdiyini hiss etdi. Dənizin dibində şiş qayalar gördü. Balıqlar onu qayalıqların arasıyla aparırdılar. Qarşıda üstü lillə örtülmüş böyük, dəyirmi bir lövhə gördü. O, torpağın səthində üfüqi şəkildə quraşdırılmış olsa da ağzı bağlı idi. Özünə yol açmaq üçün qaynaq aparatını işə saldı və bir metr enində olan dəmir plitəni kəsdi. Açdığı yerdən içəri sivişdi. Bura beş-altı metr uzunluğunda otaqvari bir yer idi. “Dənizin dibində ağzı bağlı dəmir otaq kimə lazımmış görəsən?” – düşündü. Bu zaman gözü divardakı qırmızı düyməyə sataşdı. Altında “скачивание воды” sözü yazılmışdı. Bildi ki, burada daha bir keçid olmalıdır. Barmağı ilə düyməni bassa da gözlədiyi baş vermədi. Dərhal bölmənin divarlarını, döşəməsini nəzərdən keçirdi. Döşəmə tərəfdə dairəvi bir qapı gördü və nə qədər güc verdisə də ağzını aça bilmədi. Tələsirdi. Qolundakı saata baxdı. Vaxtına az qalmışdı, qayıtmaq məcburiyyətində qalsa da, “bir bunu da aç” – deyə yenidən qaynaq aparatını işə saldı. Qapını kəsib növbəti otağa daxil oldu. Burada divarın yan tərəfində daha bir qapı gördü. Eyni hərəkətlə özünə yol açıb içəri sivişdi. Geniş dəhlizlə irəliyə doğru üzdü və sonda növbəti bir qapı ilə rastlaşdı. Bu dəfə də qapını kəsib növbəti məkana keçəndə gözləri torlandı. O, böyük, hərbi bazanın içinə girmişdi. Su bazanı basmışdı. Bir az da irəlidə düşündüklərinin doğruluğuna əmin oldu. Qarşıda bir-birinin ardınca şaquli vəziyyətdə düzülmüş qitələrarası, nüvəbaşlıqlı raketləri görəndə buranın radioaktiv bir yer olduğunu anladı. Tez ayaqlarını işlədib bazanı tərk etməyə çalışdı. Qapıya çatanda havanın azaldığını hiss etdi. Təşviş içində gəldiyi yolla üzməyə başladı. Dəhlizdə isə havası tamamilə qurtardı. Hava udmaq ümidilə bir neçə dəfə dərindən nəfəs aldı. Boğula-boğula yerində çabalayırdı ki, Emin onu yüngülcə silkələyib ayıltdı:

– Deyəsən pis yuxu görürdün. Danış görək, bu dəfə başımıza nə gələcək?

Təyyar gözünü açdı, zəndlə dostuna baxdı, harda olduğunu anlamağa çalışdı. Özünə gələn kimi:

– Bu dəfə dənizdə olacaq, – dedi.

– Nə olacaq? Yadplanetlilərdi yenə?

Təyyar əynini geyindi və bir siqaret yandırdı:

– Axşamtərəfi sahilə gedərik.

Çimərlikdə iki nəfər xilasedici özlərini axşam günəşinə verirdilər. Dostlar da isti qumun üstündə oturub hadisələrin gedişatını gözləyirdilər. Emin astaca dedi:

– Başlayanda xəbər eləyərsən.

Sahildən bir az aralıda böyük bir gəmi suyun üzərində ləngər vururdu. Emin baxışlarını gəmiyə fokuslamışdı ki, Təyyar yerindən dik atıldı:

– Ora bax! Balıqları görürsən?

Emin nəzərlərini sahilə cırmaq atan dalğaların üzərində gəzdirdi. Balıqlar sudan sıçrayıb özlərini qumun üstünə elə atırdılar, elə bil duzlu su onların məskəni deyilmiş. Təyyar başa düşdü ki, balıqlar ona hərbi bazanın yerini göstərmək istəyir. O, irəli yeriyib, özünü dənizə atdı.

– Dayan, hara gedirsən? – Emin arxasınca qışqırdı.

Təyyar ona əhəmiyyət vermədən dalğaların arasında ağır-ağır irəliləyib, suya kəllə vurdu. O, özünü sahilə yan alan gəmiyə çatdırmaq istəyirdi. Gəmi yaxında olsa da məsafə Təyyarın əhədini kəsirdi. Ona elə gəlirdi ki, “Əlif Hacıyev” ondan uzaqlaşır. Sahildə var-gəl edən Emin isə dostunu gözdən qoymurdu. Təyyar əl-qol atıb dalğaların arasında itəndə Emin onun boğulduğunu başa düşdü və dərhal özünü xilasedicilərə yetirdi. Onlar motorlu qayıqla Təyyarın itdiyi əraziyə üzdülər. Köstəbək kimi o tərəf-bu tərəfə boylanır, ərazini gəzirdilər. Sahildə dayanıb hadisəni izləyən Emin də səbirsizlikdən dırnağını çeynəyirdi. Bu zaman dalğaların arasında ləngər vuran Təyyarın yaşıl köynəyini gördülər. Amma tapdıqları yalnız köynək oldu. Təyyar itmişdi. Hər tərəfi yoxladılar, nəhayət, gözləri Təyyarın suda yırğalanan qollarını aldı. Qayıqdakılar onu qarmağa keçmiş balıq kimi sudan çıxarıb sahilə gətirdilər, qumun üstünə uzadıb, süni nəfəs verdilər. Təyyar palçıq vulkanı təki daxilindəki mayeni qusdu.

Yol boyu heç biri danışmadı. Evlərinə çatanda bir dəstə polisin dünən gecə baş vermiş partlayışla bağlı adamları sorğu-suala tutduğunu gördülər. Vəziyyətin dəyişəcəyini anlayan dostlar tez maşına minib aradan çıxdılar…

Qürub çağı qaranlıq bir məkana daxil oldu. Hər tərəf zülmət içində idi. Əl fənərini yandıranda bu yerin kiçik bir mağara olduğunu anladı. İşığı mağaranın divarlarına tutdu. Yuxarıdan aram-aram tökülən su damcılarının əks-sədası səssizliyi pozurdu. Damcılar hər dəfə yerə düşdükcə ürəyində saymağa başladı. Bir, iki, üç... Ayağını gölməçəyə basıb irəliyə doğru bir-iki addım atıb dayandı. Fənərini üzüyuxarı tutaraq nəm tavandan sallanan damlaların qopub-düşən rəqsinə bir qədər tamaşa etdi. Mağaranı kəşf etmək həvəsinə düşdü. Damcı səsləri addımlarında itdi. Qarşıda daş-qayaya dirəndi. “Mağara elə bura qədər imiş”, - deyə düşündü. Gözü balaca bir oyuğa sataşdı. Əlini uzadanda oradan sərin mehin əsdiyini hiss etdi. Bildi ki, mağaranın ikinci çıxışı da olmalıdır. Deşiyi böyütmək istəyəndə hörülmüş divar soyuqda ayaq altda qalan donmuş gölməçə kimi çatladı. Buzqıran gəmitək özünə yol açdı. Uçurduğu divarın arasından keçəndə arxadan gələn səs elə bil onu yerə mıxladı:

– Getmə, dayan! Geriyə qayıt!

Bu, çəp gözlərlə ona baxan başqa bir Təyyar idi.

– Sən kimsən? – qorxacaq səslə soruşdu.

Özünü tanısa da gözlərinə inanmadı.

– Qayıt geriyə! – yerində fır-r eliyib gözdən itdi.

Fənərin işığında ora-bura göz gəzdirdi, amma bir ins-cins gözə dəymədi. Gördüyü Təyyar qeybə çəkilmişdi… İnadkarcasına yerə tökülmüş daşların arasından keçib dar bir dəhlizlə irəlilədi. Bura o qədər nəmişlik idi ki, lap ürəyi sıxılırdı. Gözləri qaraldı. Özünü toparlayıb birtəhər yoluna davam etdi. Mağaranın bu hissəsi nisbətən aşağıya doğru gedirdi. Dar boğazdan sivişib ayağını yerə basanda sürüşüb qurşağadək suya batdı. Fənərini ətrafda gəzdirdi və buranın çox geniş bir yer olduğunu gördü. Üzə-üzə irəli keçdi. Gur işığın altında bərq vuran mərmər çıxıntılar mağaranı əlvan rənglərə boyadı. Bayaqdan canında gəzdirdiyi xof sovrularaq bir anda yox oldu. Mağaranı kəşf etməsinə çox sevinirdi. Elə oradaca düşündü ki, bu yer haqqında heç kəsə danışmayacaq. İrəlidə üst-üstə yığılmış iri sandıqlar gördü. Maraq ona güc gəldi. Cəld sandıqlardan birinin ağzını açdı. Daş-qaşları, qızıl sikkələri görüncə gözləri qamaşdı. Ağzı açıla qalmışdı, sevincindən az qala bayılacaqdı. Vaxt itirmədən ciblərini doldurub, aradan çıxmaq istədi. Ancaq düşdüyü yerdən qalxa bilmədi. Hər dəfə çıxmaq istəyəndə sürüşüb suyun içinə düşürdü. Ha çalışdı, ha cəhd elədi, düşdüyü yerdən çıxa bilmədi ki, bilmədi.

– Bu dəfə səninlə gedirəm. Dost deyilik, xəzinəni aramızda bölərik. – Emin onun yuxusuna qulaq asdıqca şirniklənirdi.

– Xəzinə o qədər böyükdü ki, hamısını apara bilməyəcəyik.

– Yaxşı, bəs bu xəzinə harda, hansı mağarada gizlədilib?

– Şahdağda.

– Sən buna əminsən?

– Əlbəttə. Mən yuxularımda səyahət edirəm.

– Necə yəni səyahət edirsən?

– İnsan yuxuda paralel dünyaya keçir və ruhu bədənindən ayrılandan sonra uzaq məsafələr qət edir. Yəni, bizim yaşadığımız gerçəklik eynilə paralel dünyada da mövcuddur. – deyib, zəndlə Eminin gözlərinə baxdı.

– Sənə inanıram.

– Bilirsən, mən bu dünyada olarkən paralel dünyaya keçməyə çalışıram. Bu iki dünya arasında təmas yarananda birindən o birinə adlamaq olur.

Araya sükut çökdü. Dostlar hələ bir qədər skamyada oturub, yemə toplaşan göyərçinlərə tamaşa etdilər.

Səhər obaşdan Emin qapının ağzını kəsdirdi. Təyyar vaxt itirmədən bel çantasını götürüb evdən çıxdı. O, ürəyinə gələnləri dostundan gizlətmədi:

– Hiss edirəm ki, bu dəfə paralel dünyaya keçə biləcəm.

– Mənə də elə gəlir…

Dağın yamacında maşını saxlayıb yoxuşla təzəcə qalxmağa başlamışdılar ki, göyün üzündə süzən nəhəng bir qartal başlarının üstünü kəsdirdi. Ancaq dostların başı söhbətə qarışmışdı.

– Görəsən, xəzinəni orada gizlətmək kimin ağlına gəlib? – Emin soruşdu.

Təyyar böyük bir sirr açırmış kimi pıçıltıyla dilləndi:

– Xəzinə Qacarlar dövründən qalıb. Düşmən əlinə keçməsin deyə, mağarada gizlədiblər.

– Yaxşı, bəs sən o yeri necə tapacaqsan?

– Mağaranın girişində, hər iki tərəfdə iri qaya parçası qoyulub. Ora yaxınlaşanda görəcəksən.

Qarşıda sıldırımlı qaya yolu kəsdiyindən dostlar onu yan tərəfdən keçməli oldular. Yandırıcı günəş başlarına döysə də dostlar dayanmadan qan-tər içində dikdiri dırmaşırdılar. O qədər hündürə qalxmışdılar ki, başları gicəllənirdi.

Bu yerlərdə otlar susuzluqdan saralıb solmuş, tək-tük görünən ağaclarda isə quşlar yuva qurmuşdu. Dönüb arxaya baxdılar, gözlərinin qarşısında gözəl bir mənzərə açılmışdı. Bir-birindən aralı, nizamsız tikilmiş kənd evləri, gül kələminə bənzəyən hamar meşələr, onlardan da o yana alçaq dağlar… Bayaqdan başlarının üstündə dövrə vuran qartal qəflətən qıyya çəkib onların üstünə şığıdı. Dostlar yırtıcı quşun caynağına keçməsinlər deyə, hərəsi bir tərəfə çəkildi.

– Mən onu görürəm, ora bax! – Təyyar əliylə dostuna mağaranın girişini göstərdi.

– Mən də gördüm. Gəl, tez... – Emin onun yaxasından yapışıb özünə tərəf çəkdi.

Bu zaman qartal qırıcı təyyarətək yenidən onlara tərəf şığıdı, bir göz qırpımında Təyyarı caynağına alıb, havaya qaldırdı. Qartalla əlbəcaynaq olan Təyyar quşun boğazından yapışdı. Vəziyyətin dəyişdiyini görən yırtıcı şikarını caynağından buraxdı, ancaq Təyyar tutduğu yerdən bərk yapışmışdı. Və ikisi də göydə vurulan təyyarə kimi “tüstüləyə-tüstüləyə” yaxınlıqdakı sal qayanın üstünə çırpıldılar. Emin bir mağaraya baxdı, bir də yerdə zarıyan dostuna… Cəld dağı enməyə başladı. Təyyar ağrıdan canını dişinə tutaraq qıvrılmışdı. Emin dostunu çiyninə aldı və asta-asta dağı enməyə başladı. Təyyarı maşının arxa oturacağına uzadıb vaxt itirmədən rayon xəstəxanasına çatdırdı.

Təyyar dörd qabırğasını sındırmışdı. Həkim ilk yardım kimi ona ağrıkəsici iynə vurub palataya yerləşdirdi. Sonra Eminə xəbərdarlıq etdi:

– Dostun hələ bir neçə gün burda qalmalı olacaq.

Emin bütün gecəni Təyyarın çarpayısından aralanmadı. Gecənin səssizliyində Təyyar üz-gözü sarıqlı halda baş verənləri zarıya-zarıya Eminlə müzakirə edirdi:

– Mən ba-şa düş-düm. Ay-y-y… – Təyyar ağrıdan qırıq-qırıq danışırdı – Hər şeyi indi başa düşdüm. Paralel dünya ilə yaşadığımız gerçəklik arasında bir sədd mövcuddur. Mən onu neçə dəfə aşmağa çalışdım, arzularımın arxasınca düşdüm. İndi özümü sanki iki dünya arasında asılmış kimi hiss edirəm…

Təyyar o səddi aşa bilməsə də əmin idi ki, yuxularında arzuladığı yerə səyahət edib. İnanırdı ki, paralel dünyada ayağını ulduza basıb, Xəzərin dibindəki hərbi bazada olub, mağarada xəzinə tapıb. İnanırdı ki, röyalarında yenə ora qayıdacaq. O, buna inanırdı…

“ULDUZ” jurnalı – mart 2022

MƏMMƏD MƏMMƏDLİ

İşıqdan gözləri qamaşanlar

Details
Written by: Məmməd Məmmədli
Category: hekayələr
Published: 08 September 2021
Hits: 2
  • Mammad Mammadli

Həmin yay rayonda iki nəfərin müəmmalı ölümü hamını dəhşətə gətirmişdi. Camaat danışırdı ki, cəsədlərin üzündə donmuş vəhşət, onların qorxunc bir məxluq tərəfindən öldürüldüyünün nişanəsi idi. Amma kim bilir, bəlkə bu cinayəti sıradan bir insan törətmiş, meyitlərini də dağda, meşədə gizlətmişdi. Həm də onu deyirdilər ki, ölən adamların üstündə tüfəng vardı. Yəqin ovçuymuşlar.

Bu əhvalatı keçən il İsmayıllının Qoşakənd kəndində dincələndə eşitmişdim. Gecələr ovçuların əllərinə fənər alıb şikara çıxdığını isə öz gözlərimlə görmüşdüm. Qaldığım ev dağın başında olduğundan buradan ətraf əl içi kimi aydın görünürdü. Kənddə cürbəcür söz-söhbət dolaşsa da bu qorxunc caninin haradan gəldiyini görüb-bilən yox idi.

* * *

Səhərdən təzəcə ötmüşdü. Coşqun telefonun zənginə ayılıb gözlərini açdı. Yuxulu-yuxulu əlini telefona atdı:

– Eşidirəm.

– Salam, sizi ovçu mağazasından narahat edirəm. Dediyiniz tüfəng artıq satışdadır. Gəlib baxa bilərsiz.

– Lap yaxşı – deyib, gözünü tavana zillədi.

Coşqun qalxıb əl-üzünü yumadan soyuducuya yaxınlaşdı. Oradan yağ və İsmayıllı bazarından aldığı cökə balını götürdü. Çörəyin üstünə yağ-bal çəkib yeyə-yeyə çaydanı qızdırdı. Səhər yeməyini bitirən kimi hamama keçdi və isti duşun altında üzünü qırxmağa başladı. Kefi kök idi, dodaqaltı zümzümə edirdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Balaca dairəvi güzgüdə üzünün hər yerinə göz gəzdirərək yuyunub tələsik qurulandı. Paltarını geyinib evdən çıxdı.

Dükanda bir nəfər ov tüfənglərilə maraqlanırdı. Müştəri məzmunsuz suallarıyla satıcını bezdirmişdi. Xeyli çənə-boğazdan sonra o, balıqtutan alıb getdi. Bundan sonra Coşqun satıcıya yaxınlaşdı:

– Salam, sizə “Remington” qırma tüfəngi sifariş vermişdim. Deyəsən gətirmisiz. Səhər zəng etmişdiniz mənə, – piştaxtaya dirsəklənərək çənəsini qabağa verdi.

Satıcı oğlanın sifarişini gətirdi. Coşqun tüfəngi əlinə alıb orasına-burasına baxdı və sonra onu satıcıya tuşladı:

– Mən bunu harda yoxlaya bilərəm?

Satıcı başının işarəsilə ona dükanın arxa tərəfini göstərdi. Coşqun da onun dediyi kimi arxa qapıdan meydançaya keçdi. Bir neçə dəfə atəş açdıqdan sonra silahı bəyəndi.

Coşqun hündürboy, arıq, qıyıqgöz bir oğlandı. Şalvar belindən düşməsin deyə, kəmərini həmişə bərk sıxırdı. İdman ayaqqabısı ilə göy köynəyi onun adi seçimi idi. Coşqunu tanıyanlar onun sakit təbiətli bir oğlan olduğunu düşünürdü. Ancaq o, heç də sakit deyildi. Daxilində özünün də baş açmadığı bir qəzəb tüğyan edirdi…

Dərə təpə düz yüz getmişdi ki, maşını yol qırağı restoranların birində saxladı. Həyətdəki masada yerini rahatlayandan sonra əlinin işarəsilə ortalıqda gəzişən ofisiantı çağırıb, lüləkabab sifariş verdi. Coşqunun gözləri yol çəkirmiş kimi uzaqlara dikilmişdi. Səfərini necə başa çatdıracağı fikri beynini məşğul etmişdi… Ofisiant ona yaxınlaşıb, nimçədəkiləri səliqə ilə masanın üstünə düzdü. Müştəri ofisianta baxmadan dodaqaltı mızıldandı:

– Sizdə qaban əti var?

– Bəli var.

Coşqun bərk əsəbiləşdi, amma əhvalını büruzə vermədən yeməyini bitirib, pulu masanın üstünə atdı. Qalxıb pivədən içə-içə restorandan çıxdı. Maşına minib tələsmədən, arxayın halda yoluna davam etdi.

İsmayıllıya az qalmış çayın üstündəki körpüdən keçərək yolun qırağında dayandı. Maşından düşüb o baş-bu başa gəzişdi, sonra çayın sahilinə endi. Vaxtilə bol sulu Girdimançay indi ömrünü yaşamış qoca bir vadiyə çevrilmişdi. Coşqun çayın məcrasına enib, hamar daşların üzərində gəzdikcə xəyalında belibükük bir qoca canlandı. Yırğalana-yırğalana irəliləyib vadinin düz mərkəzində dayandı. Yerdən bir daş götürüb, var gücü ilə uzağa tulladı. Bu zaman ona elə gəldi ki, qəfil gələn sel onu qamarlayaraq gəncliyinə aparacaq və o, bir vaxt düşdüyü avtomobil qəzasının qarşısını alacaq…

Günəş üfüqdə gözdən itəndə Coşqun yuxudan oyanıbmış kimi yenidən sükan arxasına keçdi. Bir qədər yol getdikdən sonra maşını ağacların arasında saxladı. Gecə saat on ikini gözlədi. Fikri qarışıq olduğundan heç nə haqqında düşünə bilmirdi. Özünü uçurulmuş bir evin xarabazarlığındaymış kimi hiss edirdi. Xeyli var-gəl etdikdən sonra nəhayət, dağa qalxmağa başladı və bələdlədiyi dalda bir yerə çəkilib gözlədi. Hövsələsizlikdən siqareti uc-uca calayırdı. Elə bu arada dağın ətəyindən bir maşının qalxdığını gördü. Dərhal özünü meşənin sıxlığına verdi. Hə, bu həmən Nivadır, qırmızı Niva. Brakonyer düz dağın başına qalxdı. Az bilmirdi, bura açıqlıq olduğundan heyvanları ovlamaq rahat idi.

Brakonyer maşınının işıqlarını söndürdü və əlindəki fənərlə şikar axtarmağa başladı. Ağacların arxasında gizlənmiş Coşqun onu gözdən qoymurdu. Əyilə-əyilə arxadan ona yaxınlaşaraq məsafəni qısaltmağa çalışırdı. Onun fənərinə tuş gəlməsin deyə, aradabir yerə uzanır, kolun arxasına keçirdi.

Birdən sol tərəfdən qaban donqultusu eşidildi. Brakonyer səsə tərəf bir-iki addım atıb, fənərini yandıranda üzündə sarsaq bir təbəssüm yarandı. Əlinə yaxşı bir ov düşmüşdü. İşıq gözlərini qamaşdırdığından qaban yerindəcə donub qalmışdı…

Bir göz qırpımında ardarda atəş səsləri gəldi. Və hər tərəf sükuta büründü.

Coşqun kefi saz halda asta addımlarla dağdan enərək pəsdən zümzüməyə keçdi: “Sudan gələn sürməli qız, çox incidir kuzə səni balam, çox incidir kuzə səni…” Ağacların arasında gizlətdiyi Mersedesinə çatan kimi qapını açıb, tüfəngini arxa oturacağa qoydu. Maşın Bakı yoluna istiqamət aldı…

Gecənin yarısı xəyal onu uşaqlıq çağlarına apardı. Coşqun məktəbdə oxuyanda atası onu yay tətillərində kəndə aparardı. Babası məktəb direktoru idi. O, hər səhər işə gedəndə Coşqun onun tir tüfəngini götürər, həyətdə göyərçinləri vurardı, ağaca çıxıb quş yuvalarındakı yumurtaları yerə çırpardı, gah da “raqatka” ilə sərçələri öldürərdi. Bir dəfə də dənə yığışan toyuqlardan birini tutub boğmuşdu. Bir sözlə, bu balaca oğlan heyvanlara qənim kəsilmişdi. Amma böyüdükcə təbiəti sevməyə başladı. Bu istək onda elə gücləndi ki, ağacların, heyvanların, hətta ən xırda cücülərin belə xilaskarına çevrildi. Bir qarışqanı belə ayaqlamağa ürəyi gəlmirdi…

Yol boyu xəyallar onu elə çulğamışdı ki, Bakıya nə vaxt çatdığını hiss etmədi. Maşını qaraja saldıqdan sonra binanın həyətindəki kiçik marketdən pivə alıb evə qalxdı. İçəri keçən kimi paltarlı halda çarpayıya sərələndi. Çox yorğun idi. İki saata yaxın mürgülədi, sonra qalxıb soyuq duş qəbul etdi.

Coşqunun musiqiylə arası saz idi. Məktəb illərində anası onu piano dərslərinə qoymuşdu. Nədənsə, pianoda çalmaq Coşqunun xoşuna gəlmirdi. Üç il məşğul olduqdan sonra özü gitara dərslərinə yazıldı. Anası oğlunun bu alətə həvəsini görüb, ona 70 manata klassik gitara aldı. Coşqun da məşqlərinə klassikadan başladı. Amma Sebastian Bax, Alonso Mudarranın musiqisini kiçik yaşlarında dərk edə bilmədiyindən tez də həvəsdən düşdü. Sonradan bluz və rok janrları ilə maraqlandı. Bu musiqi onun ürəyincə oldu. İndi də musiqi qruplarına qulaq asırdı. Daha çox Qərb musiqisini dinləyirdi. Bütün məşhur gitara ifaçılarını əzbərdən tanıyırdı…

Yataq otağına keçib, qapının arxasında divara söykədiyi gitarasını götürdü. Onu səsgücləndiriciyə qoşub, çarpayıda özünə yer elədi. Stratokasterini kökləyib ən çox sevdiyi ifaçılardan – Robert Kreyin “Right next door” mahnısını çalmağa başladı. Əlinə gitara alanda özünü sanki səhnədə tamaşaçılar qarşısında çıxış edirmiş kimi hiss edirdi. Belə gərginlikdə düz iki saat məşq elədi.

Başının üstündən asdığı Azərbaycanın xəritəsinə baxdı. Barmağını şimal rayonlarının üstündə gəzdirərək Gədəbəydə dayandı. Bildiyinə görə Gədəbəyin meşəli dağlarında vəhşi heyvanlar çox olur. Ovçular pul qazanmaq xətrinə təbiətin yaraşığı olan heyvanları ağına-bozuna baxmadan məhv edirdilər. Yaylağa gedən çobanlar da tez-tez dağ keçilərini ovlayırdı. Elə buna görə son illər dağ keçilərinin populyasiyası xeyli azalmışdı.

Səhər obaşdan yola düşəcəkdi. Bu dəfə meşədə gecələməyi qərara almışdı. Bəri başdan “palatkanı” götürüb maşının baqajına qoydu. Evə qalxmazdan əvvəl marketdən iki şüşə pivə aldı. Elə oradaca birinin ağzını açıb, içə-içə yuxarı qalxdı. Mənzilə girən kimi bel çantasını yığmağa başladı. Yol tədarükünü bir-bir gözdən keçirdi. Hər şey yerində idi.

Günəş üfüqdən boylananda tüfəngini və bel çantasını götürüb evdən çıxdı.

Axşamın düşməsinə hələ vardı. Yolu Gəncədən keçdiyindən maşını şəhərin məşhur “Nərgiz” kafesinə tərəf sürdü. Kafenin qarşısındakı bağda səki boyu salınmış qızılgüllərin ətri adamı bihuş edirdi. Coşqun kölgəlikdə boş masaların birində əyləşən kimi ofisiant ona yaxınlaşdı. O, başını qaldırıb oğlanı başdan-ayağa süzdü:

– Nəyiniz var yeməyə?

Oğlan yeməklərin adını sadaladı. Əvvəlcə qazan xörəklərindən başladı:

– Bozartma, çığırtma, dolma, – deyib, delikates yeməklərə keçdi – qaban, turac, qırqovul…

Çöl quşlarının adını eşidəndə Coşqun bərk əsəbiləşdi:

– Yox, onları istəmirəm!

– O zaman sizə yarpaq dolması gətirimmi, əladır, ağıza qoyan kimi əriyir.

Coşqun dolma sifariş etdi. Acığını alışdırdığı siqaretin tüstüsündən çıxdı. İki dəqiqə keçmədi ki, xörək dəsgahı süfrəyə düzüldü. Coşqun yarımçıq qalmış siqaretini söndürüb yeməyi qarşısına çəkdi. O qədər iştahla yedi ki, sonda çörəklə boşqabı sıyırdı.

Kafedən həmişəki kimi damağında siqaretlə çıxdı. Üzünü aydınladan axşam günəşində gözlərini qıyıb bir-iki qullab aldı, sonra da maşına oturub yoluna davam etdi.

Maşın üzü yoxuşa hərəkət edirdi. O, münasib bir yer tapıb özünü ağacların arasına verdi. Yaxınlıqda gəzişərək gecənin düşməsini gözlədi. Yenə siqareti uc-uca calamışdı. Artıq şər qarışır, ətrafa qaranlıq çökürdü. Coşqun tüfəngi götürüb dağa qalxmağa başladı.

Buralarda bir kimsə belə gözə dəymirdi. Hərdən çaqqal ulartısı eşidilirdi. Elə bu arada gözü işığa sataşdı. Gecə vaxtı, dağın başında işığın nə üçün yandığını bilirdi. Şübhəsiz brakonyer idi, özü də tək gəlmişdi. Fənərini bir istiqamətdə tutub, uzun fasilələrlə söndürüb yandırırdı. Amma Coşqun təcrübəli brakonyer ovçusu idi. Odur ki, nə edəcəyini əvvəlcədən planlamışdı.

Vicdansızdan yüz metr aralıda arxayın hərəkətlə özü ilə gətirdiyi çırağı yandırdı. Çırağın işığı brakonyeri çaşdırdı. Maraq ona güc gəldi və o, işığa sarı addımladı. Əyilib çırağı yerdən götürəndə canına vicvicə düşdü. Yan-yörəsinə boylandı... heç kim. Coşqunun tüfəngi hazır vəziyyətdə idi. Çırağın işığı ovçunu aydın görməyə imkan verirdi. Atəş! Güllə hədəfi tutdu. Çıraq brakonyerin əlindən yerə düşən kimi alovlandı. Coşqun yaxınlaşıb, yerdə zarıyan brakonyerə bir qədər tamaşa etdi. Sonra tətiyi çəkib kontrol atəşi açdı.

Tələsik dağdan endi. Ağacların arasında saxladığı maşınına çatıb tez özünü içəri atdı. Gecənin səssizliyində rahat, arxaya baxmadan yoluna davam etdi. Amma bu arxayınçılıq uzun sürmədi. Yuxarıdan bir işığın ona tuşlandığını duydu. Güzgüdən geriyə boylandı, arxa bomboş idi. İşıq get-gedə gücləndi və ətraf bir anda aydınlığa qərq oldu. Başını pəncərədən çıxarıb yuxarı baxanda maşının düz üstündə, ondan beş metr aralıda bir lopa işığın düz üzünə vurduğunu gördü. Gözləri qamaşdığından bir şey ayırd edə bilmədi. Vahimə onu basdı. Ətrafda səs kəsildi. Ona elə gəldi ki, qulaqları tutulub. Sonra xışıltı eşitdi. Səs gücləndikcə bədənini soyuq tər basdı. Əlini sükandan çəkib barmaqları ilə qulağını tutdu. Səs isə kəsilmək bilmirdi. Köməksiz və qorxaq vəziyyətə düşmüş Coşqun özünü itirdiyindən pedalı axıra qədər sıxdı. Maşın böyük sürətlə yolu ağzına aldı. Güclü işıq isə ondan əl çəkmək istəmir, eyni sürətlə maşını izləyirdi. Nəhayət, yadplanetli, insan irqinə tanış olmayan qurğu ondan aralandı. Və hər şey əvvəlki qaydasına düşdü. Bundan sonra Coşqun rahat nəfəs aldı.

Axır ki, gecələmək üçün münasib yer tapdı. Maşını yoldan bir qədər kənarda saxladı. Baqajdan çadırı götürüb özünü ağacların arasına verdi. Bura dincəlmək üçün rahatdır. Yavaş-yavaş, tələsmədən “palatkanı” qurdu. Bir qədər aralıda ocaq qaladı. Köz düşən kimi özü ilə gətirdiyi sosisləri nazik şişlərə keçirərək qızartmağa başladı. Yeməyini yeyəndən sonra bir pivə açıb qurtaqurtla başına çəkdi. İndi yuxu ona güc gəldi. Uzandı və az keçmədi ki, dərin yuxuya getdi…

Gül-çiçəklə örtülü düzəngahda mavi geyimdə, xurmayı saçları kürəyinə tökülmüş bir qadın ona əl eləyirdi. Coşqun ona sarı qaçdı. Aralarındakı məsafə qısalanda anasını tanıdı. Sürətini artıranda anası da ondan uzaqlaşdı. Bu zaman qarşısında dar, ensiz bir yol açıldı. Ətraf zülmətə qərq oldu. Coşqun var gücü ilə doğmasını səslədi: Ana! Öz səsinə ayıldı. Həmin anda harada olduğunu ayırd edə bilmədi. Səhərin aydınlığı gözlərini qamaşdırınca özünə gəldi. Cəld yerindən qalxıb yır-yığış etdi və Bakıya yola düşdü…

Coşqun adətən vaxtının çoxunu evdə keçirir, dostu olmadığından heç kimlə görüşmürdü. Tək yaşayırdı. Günləri monoton keçsə də həyatına rəng qatmağı bacarırdı. Tez-tez təbiət qoynunda olur, balıq tutur, dağlara çıxırdı. Adamayovuşmaz olduğundan günlərini insanlardan uzaq olan yerlərdə – meşədə, çayda, düzlərdə keçirirdi. Bir də əlacı nəydi ki! Bir yaxını, doğması, qayğısına qalanı yox idi. Darısqal, ikiotaqlı bir mənzildə yaşayırdı. Pintinin də biriydi, evi zibilin içindəydi. Mənzil elə çirkli olurdu ki, it də başını içəri salmazdı. Köhnə, uçulub tökülən evin dib-dəhnədən təmirə ehtiyacı vardı. Ancaq bu, onun vecinə deyildi. Ona elə gəlirdi ki, ən təmiz və ən geniş evdə yaşayır…

Dünən gecə yolda onu təqib edən gur işığı – yadplanetlini xatırladı və bu hadisənin ona bir işarə olduğunu düşündü. Bəlkə bu işin daşın atsın? Əgər, insanlar vəhşi təbiəti sevmirlərsə, ona qarşı bu qədər etinasız və qəddardılarsa, o zaman təbiətdəki heyvanları qorumaq naminə onun seçdiyi yol nə dərəcədə doğrudur? Bir də ki, ömrünü meşələrdə, dağlarda keçirməyəcəkdi ki?! Vəhşilərin yaşaması üçün brakonyeri – insanı öldürmək… bu nə vaxtacan davam edəcəkdi? Bu, onu məhvə aparmırdımı? Məgər o, başqaları kimi ola bilməzdimi? Yox! Vəhşi təbiət özünün qorxulu, əsrarəngiz gözəlliyini saxlamalı idi. O, tutduğu yoldan geri dönmək fikrində deyildi. Harda qırıldı, qoy qırılsın…

Aradan bir həftə keçdi. Bu dəfə yolu Masallıya idi.

Qatar kimi düzülən yük maşınları hərəkəti iflic etmişdi. Sürət azalır, yol xeyli uzanırdı. Coşqun səbrini basıb aşağı sürətlə də olsa yoluna davam etdi.

Axşam çağı rayona daxil oldu. Əlini alışqana atıb siqaretini yandırdı. Bir qullabla tüstünü hərisliklə ciyərlərinə çəkdi. Anasının qəzada həlak olduğu günü xatırladı.

O zaman Coşqunun 17 yaşı vardı. Maşının arxa oturacağında başını pəncərəyə söykəmişdi. Söhbətə müdaxilə etmədən valideynlərinin mübahisəsinə qulaq asmağa məhkum idi. Gecə vaxtı yağışlı havada uzaq səfərə çıxmışdılar. Qarşı tərəfdən şütüyən maşınların işığı düz gözlərinə vururdu. Amma onlar bunun fərqinə varmadan elə hey didişirdilər. Heç biri də geri durmaq istəmirdi. Anasının dərdi açılmışdı:

– Yaman günümə, uşağımın adına qır-qızıl almışdım. Mən onları evliliyimizin ilk illərindən, maaşımdan qırta-qırta, əyin-başımdan kəsə-kəsə yığmışdım. Altından vurub, üstündən çıxdın. Əlim boşda qaldı. Hələ bir təpə-qapaz elədin məni…

Atası bir əli sükanda, bir əlini də arvadının üstünə silkələyərək kükrədi:

– Beynimi çöndərmə! Qoy bir mənzil başına çataq, dilini boğazından çıxardajam. Çoxdandı kötək yemirsən!

Əslində Coşqunun anasına yazığı gəlirdi, gözünü açandan atasının qızışaraq onu döyüb-söydüyünü görürdü. Elə buna görə də zəhləsi gedirdi ondan. Həmişə də düşünürdü ki, görəsən, onları bağlayan nə olmuşdu ki, həyatlarını qoşalamışdılar...

Qarşıda yol sağa burulurdu. Amma atasının başı qızışdığından diqqətini cəmləyə bilmədi. Getdikləri zolaqdan çıxan kimi qarşıdan gələn maşınla üz-üzə gəldilər. O maşının gözlərini qamaşdıran gur işığı Coşqunun yaddaşında həmişəlik qaldı…

Maşını çınqıllıqla sürürdü. Ətraf yaşıllığın içindəydi. Hündür ağaclar, torpağı yaşıl rəngə boyayan otlar, təmiz hava Coşquna ləzzət eləyirdi. Quşların səs-səsə verib oxuması bu gözəlliyə gözəllik qatırdı. Ağacdələn yaxınlıqdakı çürümüş ağacın gövdəsində taqqataq salır, kirpi yarpaqların arasında gəzişərək özünə yem axtarırdı.

Hava qaralırdı. Coşqun qurumuş ağac budaqlarından ocaq qalamaq fikrinə düşdü. O, işini arxayın görürdü, bilirdi ki, brakonyerlər bu vaxtlar ova çıxmırlar. Nə qədər ki vaxt var, yaşıllığın qoynunda dincəlməyə, təbiətdən zövq almağına dəyər. Budaqları bir yerə topalayıb, cibindəki alışqanla aşağısından alanqı verdi. Ocaq tüstüləndi. Bir qədərdən sonra tüstü meşəni bürüdü. Coşqun anladı ki, belə getsə yerini bildirəcək. Dərhal odu söndürməyə çalışdı. Ayağı ilə tüstülənən budaqları ora-bura səpələyərək tapdalamağa başladı.

Gecənin bir yarısı tüfəngini götürüb maşından aralandı. Cığırla təzəcə getməyə başlamışdı ki, atəş səsi eşitdi. Səsin gəldiyi tərəfə qulaq verdi. İkinci atəşdən sonra brakonyerin yerini müəyyən etdi. İti addımlarla ona doğru getməyə başladı. Bir qədər sonra dayanıb, ətrafı dinşədi və meşənin sakitliyində ovçunun addım səslərini eşitdi. Asta-asta ona yaxınlaşdı və qəflətən əlindəki fənərlə gözünə işıq saldı:

– Əmioğlu, neynirsәn? – Brakonyer səsləndi.

Coşqun isə sakit və laqeyd halda:

– Gəlmişəm səni cəzalandıram, – deyib, tüfəngin tətiyini çəkmək istəyəndə qəflətən ürəyində ağrı hiss etdi.

Uzun illər görmədiyi, amma həyatının bir parçası olan insanla üz-üzə gəlmişdi. O, brakonyerin işıqdan qamaşan gözlərində keçmişini görmüşdü, heç zaman unutmadığı, anasını əlindən alan keçmişini. İndi onun qarşısında dayanan bu yaşlı kişi gözlərini qıyaraq nə üçün tüfəngin ona tuşlandığını anlamağa çalışırdı.

– İki dovşan vurmuşam, birini verirəm sənə. Mənə bu da bəsdi.

Coşqun atasının səsindəki doğmalığı hiss etsə də boğazınacan qalxan nifrət ona qalib gələ bilmədi və o, barmağını tətikdən çəkdi. Tüfəngi əlindən buraxıb geriyə çəkildi:

– Anam sənə görə öldü! – deyib, içindəki qəzəbi püskürdü.

Arxaya baxmadan qaçmağa başladı. Ağacların arasından elə şütüyürdü ki, sanki kabusdan yaxa qurtarmağa çalışırdı. Atası arxadan onu nə qədər səsləsə də Coşqun dayanmadı. Tələsik maşına minib onu dəli kimi qovmağa başladı. Yol boyu qarşıdan gələn maşınlar bu dəlisov sürücü ilə toqquşmasınlar deyə, kənara çəkilirdilər. Coşqun isə sel kimi axan göz yaşları içində atasını heç vaxt bağışlamayacağını düşünürdü. Yoldakı maşınları arxada qoyduqca tez-tez qəza vəziyyəti yaradırdı. Qarşıdakı “Opel”i ötüb keçmək istəyəndə üstünə gələn “Kamaz”ın işıqları gözlərini qamaşdırdı. Ətraf gözündə zülmətə döndü. Və bu zaman anasının buz əllərini hələ soyumamış ovcunda hiss etdi…

“ULDUZ” jurnalı – mart 2021

Məmməd Məmmədli

Get nağılını yaz – Şəfəq Nasir

Details
Written by: Məmməd Məmmədli
Category: hekayələr
Published: 01 March 2016
Hits: 3

Bir payız axşamı mətbəxdə arxayın-arxayın iş-güc görür, səliqə səhmanla məşğul idim. Uşaqlar sarıdan nigaran deyildim. Hərəsi öz oxu kitabını əlinə alıb bir küncə çəkilmişdi. Müəllimin tapşırdığı şeri əzbərləyirdilər. Bəhsə girmişdilər, hər kim tez qurtarsa ona “əhsən” deyib üz gözündən öpəcəkdim.

İşləyə-işləyə na vaxtdan başımda dolanan bir mövzunu qurub-quraşdırır, hazırlayırdım. Fikrim budu ki, işimi qurtarım, uşaqları yatırdım keçim iş stolumun arxasına. Beynimdə hər şey ardıcıl gedir, hadisələr bir-birini izləyir, yaddaşıma yazılırdı.

Quraşdırmanın şirin yerində evdə bir mərəkə qopdu ki, fikrimdə yazdıqlarıma nöqtə də qoya bilmədim. Heç bilmədim fikrim hadisənin hansı yerində qırıldı. Özümü otağa atdım.

– Nə olub, a bala, yenə niyə dalaşırsınız?

Məmməd bacısının qolunu arxaya qanırıb saxlamışdı. Afaq bir qıyya çəkirdi, gəl görəsən.

– Məmməd boşda qızın qolunu.

– Yox, qoy desin qorxaq özüdü, mən yox.

Afaqsa ağrıdan qışqırıb göyərsə də təslim olmaq istəmirdi.

Qıza yazığım gəldi.

– A bala, uşağın qolu qırılır, nə canı var ki, onu belə incidirsən, boşda yazıqdı.

– Yox, desin ki, qorxaq özüdü.

Neyniyim, qaldım mat-məətəl ki, bunları necə yola gətirim. İkisi də tərslik edir.

Birdən elə Məmmədim özü dadıma çatdı.

– Ana, bura bax, gəl sən bir nağıl yaz, orda göstərim, mən necə güjdüyəm. Qoçağam, heç zaddan qorxmuram. Heç ayıdan, canavardan da qorxmuram, amma Afaq dovşan kimi qorxaqdı. Heləmi?

Əlacım kəsildi. Qızı onun əlindən almaq üçün razılaşdım.

– Yaxşı, sən əvvəlcə bacının qolunu burax.

– Yox, denən, yazassan?

– Yazacam, yazacam, burax.

Axır ki, Afaqın canı qurtardı.

Səhəri gün dərsdən gələndən sonra Məmməd başımın üstünü kəsdirdi ki:

– Ana, nooldu, yazdın nağılı?

– Ay Məmməd, qoy bir fikirləşim də, elə bilirsən asandı yazmaq?

– Hə nə var yazmağa, qələmi götür əlinə, bir topa kağızı da qoy qabağına. Başla yazmağa.

– Gərək bir şey fikirləşim, başıma girsin ki, yazım də.

– Eh, mən sənin yerinə olsam elə yaxşı yazaram ki. Bu hələ fikirləşəcək. Nədi, özün nağıl qura bilmirsən? Bəs keçən il bütün yayı kənddə qalanda bizə nağıl danışırdın ha, onları da əvvəlcədən fikirləşmişdin?

– Yox, elə birdən ağlıma gəlmişdi.

– Bəs indi niyə gəlmir?

– Sən bir səbr elə, gələcək.

– Ana, noolar multik yaz də.

– Yazaram, qoy bir fikirləşim.

Məmməd əlini yellədi.

– Eh, buna da nə deyirsən, elə deyir qoy bir fikirləşim. Yazan ona deyərəm ki, otura yerində, qələmi də götürə əlinə, başdıya getməyə… ana, bizim oxu kitabımızda Laylay şeri vardı ha, bu gün onu keçmişik. Müəllim dedi ki, kim evdə anasınnan, nənəsinnən laylay eşidib, yazsın gətirsin mənə. Görüm kim çox bilir. Sən bizi balaca vaxtında yatızdıranda layla demisən?

– Hə, demişəm.

– Çox demisən?

– Çox.

– Lap çox?

– Əlbətdə lap çox.

– Yaxşı, de görüm, xoşuma gəlsə yazacam.

– Yaxşı, qulaq as.

Laylay dedim yatasan,

Qızıl gülə batasan

Qızıl gülün içində

Şirin yuxu tapasan.

Elə bu? Pah, bu bizim kitabda da var. Mən eləsin istəyirəm ki, təzə olsun, kitablarda yazılmasın.

– Oğul, bilirdim ey, yadımdan çıxıb. Yadıma düşəndə deyərəm.

– Bilib-eləmirsən… nə təhər anasan ki, çoxlu laylay bilmirsən. Bəs ikimizi də elə təkcə bu laylaynan yatırtmısan?

– Eh heç yuxu yatırdın ki, körpə vaxtı anamı ağlatmısan. Səhəri dirigözlü açmışam. Quş kimi 5-10 dəqiqə mürgüləyib başlayırdın çığırmağa.

– Çoxlu laylay deməmisən ona görə yatmamışam. Nətər yataydım ki. Bəs sənin anan sənə laylay demiyib?

– Deyib, lap çox.

– Onda sən niyə bilmirsən?

Duruxdum, bu Məmməddən yaxa qurtarmaq elə çətin di ki!

Bayaqdan bir qırağa çəkilib diznməzcə bizə qulaq asan Afaq yanıma gəldi:

– Kimin anası laylay bilmir, onun balası da yekəlib ana olanda bilmiyəcək, düzdümü, anacan?

– Düzdü, qızım, düzdü.

Sonra Afaq çarə tapmiş kimi qardaşına sarı çöndü.

– Ana kitablara baxacaq, harda layla olsa bizə oxuyacaq. Nədi, indi də öyrənə bilərik də.

Məmməd bacısına:

– Maa nə var? Sən örgən, mən ana olmuyacam ki, sən olassan. İstiyirdim biləm anam helə şeyləri bilir, yoxsa yox.

Bu yerdə kitablarımın arasında olan qədim folklor nümunələri toplanmış kitab yadıma düşdü. Onu axtarıb tapdim, gətirib verdim Məmmədə.

– Al oğul, nə qədər istiyirsən, burda layla, oxşamalar var, oxu, öyrən.

Afaq ağlamsındı.

– Bəs mən? Hardan örgənim?

İş yenə çətinə düşdü. Bildim ki, “mənim-sənin” deyib təzə bir mərəkə qopardacaqlar.

– Məmməd, sən həmişə özün də deyirsən ki, oxudan Afaq məndən yaxşıdı, eləmi?

Məmməd dolayısına cavab verdi.

– Tutaq ki, elədi soora? Noolsun, mən də yazıdan, riyaziyatdan, rəsmdən əlayam, hə, helə döyül?

– Elədi, elədi

– Qalmışdı da kəndə, nolofkanın ikinci sinfinə gedəcəydi. Gətirib mənnən bir sinfə qoydunuz. Toplama-çıxmanı da bilmir.

– Pis olub? Bir yerdə oxuyursunuz, yemək-içməyini götürür, tapıçkanı, idman paltarını aparıb-gətirir.

Məni özü əsas söhbətdən ayırdığını hiss edən kimi, təzədən qayıtdı ki:

– Hə, yaxşı, mən layla, bayatı oxuyuram, get işinə.

Afaq təzədən ağlamsındı:

– Bəs mən?

– Hə onu deyirdim axı. Məmməd, Afaq yaxşı oxuyur, qoy o oxusun, sən də ki, dəftər qələmi götür, Hansı xoşuna gəlsə yaz. Bu yaxşı olar, oğlum.

Xoşbəxtlikdən Məmməd daha höcət eləmədi. Razılaşdı. Həmişəki kimi qaşlarını düyüb üzümə baxdı.

– Sən də yeri get nağılını yaz. Axşam yatanda oxuyarsan. Bildin?

Bu dəfə oğlumun mənə yol göstərməyi lap yerinə düşmüşdü. Onsuz da bayaqdan ürəyim məni iş otağıma çəkirdi. Yazmaq həvəsi az qala məni uçururdu.

Bir azdan uşaqların otağında qızımın şirin-şirin ötüşməsi eşidilirdi.

Mən də ki, öz işimdəydim.

Şəfəq Nasir

“Beyləqanın güllü yazı” kitabından

Page 2 of 2

  • 1
  • 2

Main Menu

  • Home
  • Haqqında
  • Kitabları
  • Hekayələr
  • Tərcümələri
  • e-mail

Login Form

  • Forgot your password?
  • Forgot your username?